Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-51/2023 01.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi 197, ev 38, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,25 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin NMB-yə daxil olmuş məlumat əsasında 30 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində Gəncə şəhər BPİnin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında saxlanılaraq Polis İdarəsinin inzibati binasına aparılması və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın ön sağ kiçik cibindən 01 ədəd tünd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,214 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, ibtidai istintaq tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitənin kakos deyilən növündən istifadə edirmiş və heroini iynə vurma yolu ilə qəbul edirmiş. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri Füzuli parkında piyada gəzən zaman yerdə siqaret falqasına bükülmüş bir ədəd büküm diqqətini cəlb etmişdir. O, həmin bükümü yerdən götürüb içərisində baxmışdır və içərisində narkotik vasitə kimi tanıdığı kakosun olduğunu görmüşdür. Belə ki, o özü də narkotik vasitə heroin istifadəçisi olduğu üçün həmin bükümdə olan kütlənin narkotik vasitə olmasını bilmişdir və əynində olan göy rəngli cins şalvarın ön sağ kiçik cibinə qoymuşdur ki, ehtiyacı olanda özüdə istifadə edər. Həmin günü gecə saat 23 radələrində Gəncə şəhəri Mərkəzi Univermağın yanında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və NMB-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Daha sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu Gəncə şəhər BPİ-yə dəvət etmişdirlər. Polis idarəsində vəkilinin iştirakı və video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Sonra Baş Polis İdarəsində polis əməkdaşları ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməyini, əsk təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da artıq polislərin üzərində narkotik vasitə saxlamağından məlumatları olmasını başa düşmüş və əynində olan göy rəngli şalvarın ön sağ cibində saxladığı 01 gümüşü rəngli kağıza bükülmüş formada narkotik vasitə kakos kimi tanıdığı heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş kütlə rəsmiləşdirilərək saxlanca verilmişdir. O həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq niyyəti olmamışdır. Məhkəmədən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi çərçivəsində ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 32-ci küçədə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra NMB-nin kiçik inspektoru, polis nəfəri polis serlantı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Mərkəzi univermaqın qarşısında olmasını müəyyən etmiş həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmişdirlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BP-nə aparmışdırlar. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş kütlə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı Elçin Vəliyevin tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli falqaya baxış keçirilən falqanın içərisindən sellofan pükümə bükülmüş sarı rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs gəzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “heroin”-i həmin gün yəni xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Füzuli parkında yerdən tapdığını bildirmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “heroin”-i gümüşü rəngli falqa ilə birlikdə tərəzidə çəkilərək çəkisi 0.25 qram müəyyən olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “heroin” olan bir ədəd falqa zərfə qoyularaq qablaşdırılıb rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin NMBnin kiçik inspektoru polis nəfəri polis seryantı, Şahid2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə əməliyyat qrupu yaradılmış və onun üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 01 iyul 2022-ci il tarixli 16/747 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə ...” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd kibrit qutusunun içərisində olan, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə olan 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0, 214 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi — 0,214 qr, tədqiqata sərf edildi — 0,05 qr, qalıq - 0,164 qr. Məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 1141 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qeydə alınmış video çəkilişə məhkəmə istintaqında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı X6 NMB-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 və həmin bölmənin kiçik inspektoru, polis seryantı Şahid2 və Gəncə şəhər BPİ-nin KTB-nin inspektoru kriminalisti polis kapitanı X5, Müdafiəçi Tanrverdi oğlu və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş kütlə aşkar olunur. Daha sonra təhqiqatçı Elçin Vəliyevin tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli falqaya baxış keçirilən falqanın içərisindən sellofan bükümə bükülmüş sarı rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin olması məlum olur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “heroin”-i bu gün yəni xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Füzuli parkında yerdən tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “heroin”-i gümüşü rəngli falqa ilə birlikdə tərəzidə çəkilərək çəkisi 0.25 qram müəyyən olunur, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “heroin” olan bir ədəd falqa zərfə qoyularaq qablaşdırılır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər: - Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 234.3 maddəsi ilə 02 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuş; -Moskva şəhər Kuzminsk rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CMnin 228.1, 68.2-ci RF maddələri ilə 02 il azadlıqdan məhrum etmə; -Ağır Cinayətlərə Dair X9 Respublikası məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.4.2-ci maddəsi ilə 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş; -Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş; - Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-ci il tarixli 1(101)- 852/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-87/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin antenn dairələri barədə məlumatları özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:06-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Natiq qaqa hələ gəlmə, qapıya polislər gəlib, indi mənim dalımca gəliflər, hələki buralara hərlənmə” tipli, xx.xx.2022-ci il tarixdə şaat 16:40-da “ Brat danışa bilmirəm yanımda başqa adam var, kəndə gedirik mal söz verif, onun dalınca gedirik” tipli və xx.xx.2022-ci il tarixdə saat 17:27-də “Məni burda ağrıda gözdədirsən, sonra mənə deyirsən ki, mən getdim E və ....Sağ ol halaldı” tipli, xx.xx.2022-ci il tarixdə saat 00:45-də “Natiq dostluğumuz sona çatdı, birde məni mala görə narahat eləmə, yaxsi ay brat, mən belə sey görməmişəm, vapsey başa düşdün da qaqa” tipli smslərin göndərilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloii dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs narkolojidispanserdə qeydiyyatda yoxdur. 14 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsində 234.2-ci maddəsinə tövsif edilmiş, üzərində aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.164 qram heroin Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq çəkidə, yəni ümumi təmiz çəkisi 0,25 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıyaraq saxlamışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitələri heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan əlavə, cinayət işi materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarın mətnindən görünür ki, daxil olmuş əməliyyat məlumatı narkotik vasitənin satışı ilə deyil, onun qəbul edilməsi və gəzdirilməsi ilə bağlı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər də əməliyyat məlumatının məhz bu məzmunda olmasını təsdiq etmişlər. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini, yəni narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə etməsini Bakcell MMC-dən əldə edilmiş diskdəki SMS mətnləri ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, həmin SMS mətnlərində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat əks olunmamışdır. Təqsirləndirilən şəxs ünvanlanmış SMS-lərdən biri, “Məni burda ağrıda gözdədirsən, sonra mənə deyirsən ki, mən getdim E və ....Sağ ol halaldı” mətnli SMS Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitə vəd etməsi nəticəsinə gəlməyə əsas verir. Lakin, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu SMS-lə bağlı sualı cavablandırarkən narkotik vasitə (vermək istəmədiyindən ona cavab vermədiyini) əvəzsiz verdiyini bildirmiş, onun bu məzmunlu ifadəsini təkzib edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini narkotik vasitə olan tiryəki əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən təhlükəli residivin mövcudluğu onun məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda bu cinayətlərin təhlükəli residivini yaradır. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzaların onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təhlükəli residivin mövcudluğu, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 30 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 02 iyul 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad olunmuşdur.. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun yekun cəzasından çıxılmalıdır. Cəzasının əvvəli məhkəmə zalında həbs olunduğu gündən, yəni 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.164 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 26 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 156 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, eskpertiza tədqiqatından sonra qalıq qalmış 0.164 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlansın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat 40 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 156 (yüz əlli altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-51/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-51/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver