Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-52/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,58 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və gəzdirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 13 iyul 2022-ci il tarixdə, saat 22:00 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, A.Əhmədov küçəsində saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına aparılması və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdən 01 ədəd qızıl rəngli kağıza bükülmüş 0,319 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, arabir narkotik vasitə “heroin” istifadə edir, tez-tez “şüşə”, “patı” kimi adlandırdığı psixotrop maddə “metamfetamin” qəbul edir. “Metamfetamin”-i falqa üzərinə düzüb altını yandırmaqla tüstüsü ilə nəfəs almaqla qəbul edib. “Metamfetamin” və “heroin”i 2017-ci ildən qəbul etməyə başlayıb. xx.xx.2022-ci il tarixində günorta saat 15 radələrində yaşadığı küçədə olan zaman siqaret kağızına bükülmüş büküm görmüş, həmin büküm qızılı rəngli siqaret kağızına bükülmüş və günəş işığında parıldadığı üçün onun diqqətini çəkmişdir. Həmin bükümü götürüb açdıqda içindəkinin “metamfetamin” olduğunu dərhal başa düşmüş, “metamfetamin”i tez-tez qəbul etdiyi üçün onu götürüb cibində saxlamışdır ki, sonra qəbul edər. xx.xx.2022-ci il tarixində saat 21 radələrində Gəncə şəhəri, A.Əhmədov küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitəni, psixotrop maddəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdə saxladığı psixotrop maddə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilmişdir. İçərisində “metamfetamin” olan həmin siqaret kağızının ümumi çəkisi, 0.58 (sıfir tam yüzdə əlli səkkiz) qram gəlmişdir. Sonra həmin kütlə zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş, o və digər iştirakçılar həmin zərfi imzalamışlar. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş kütlənin təmiz çəkisinin 0,319 qram olmaqla psixotrop maddə metamfetamindir. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. Həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 13 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, İ. Məmmədov küçəsi, ev 50-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, kiçik inspektor, polis nəfəri polis serjantı Şahid2 Sehruz oğlu ilə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyul 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs Gəncə şəhəri, A. Əhmədov küçəsində olmasını müəyyən edib Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüşlər. Ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Heydərov Nadimi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və ona təqdim olunmuş Nadim Heydərov tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın ön sağ yan cibinin üzərində olan kiçik ölçülü olan cibindən qızılı rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Daha sonra təhqiqatçı Heydər Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qızılı rəngli kağıza baxış keçirilən zaman kağıza bükülmüş ağ rəngli, kəskin iyli, ilk görünüşdən psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlənin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan “metamfetamin”-i qızılı rəngli kağız ilə birlikdə tərəzidə çəkilmiş, çəkisi 0.58 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində psixotrop maddə “metamfetamin” olan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış üzəri DİN-in 110 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı şahid - Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin kiçik inspektoru polis nəfəri polis serjantı, Şahid2 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 14 iyul 2022-ci il tarixli, 16/828 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2022-ci il tarixində şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,58 qram çəkidə metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,319 qram maddə, küstar üsulla hazırlanmış pisxotrop maddə-metamfetamindir. Həmin maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5116 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “opioidlərdən asılılıq” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 177.2.2,178.2.2, 180.1, 66.2-ci maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. “Şübhəli şəxs qismində tutma haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,319 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etməklə və üzərində daşıyaraq saxlamaqla, cinayət əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından, yəni təmiz çəkisi 0,319 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq psixotrop maddə əldə edib, saxlaması və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında 13 iyul 2022ci il tarixdə, saat 22:00 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, A.Əhmədov küçəsində saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdən 01 ədəd qızıl rəngli kağıza bükülmüş 0,319 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosialhüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayəthüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-152/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-922/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-152/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 5 noyabr 2021-ci il tarixlə çəkilməmiş 06 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının 06 ay azaldılması, məhkum Təqsirləndirilən şəxs hazırda cəzasının qalan hissəsini çəkib qurtardığından cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi qərara alınmışdır. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını 03 dekabr 2021-ci il tarixdə çəkib qurtardığı gündən iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yəni xx.xx.2022-ci il tarixdə yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədə müvafiqdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022ci il tarixdən 15 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,269 qram çəkidə kustar üsulla hazırlanmış pisxotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 (iyirmi iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,269 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 (yüz otuz iki) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-52/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-52/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver