Məhkəmə qərarları › İş №1(125)-52/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-52/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-52/2025 15.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan “metamfetamin”i xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,348 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib 22 yanvar 2024-cü il tarixdə saat 23:50 dəqiqədə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Dəmiryol Vağzalının yaxınlığında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilib xx.xx.2024-cü il tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı açıq mavi rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaret falqasına bükülmüş, təmiz çəkisi 0,348 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etsədə son vaxtlar istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə o, Gəncə şəhərində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı psixotrop maddə olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, Gəncə şəhərində Dəmir yol vağzalının yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və polis əməkdaşları xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona adlarını bilmədiyi 5-6 nəfər polis əməkdaşları fiziki və psixoloji təsir göstərib onun cibinə bir büküm psixotrop maddə qoymuş və ondan həmin psixotrop maddənin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. O da məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmış və bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan psixotrop maddəni cins şalvarının sağ cibindən çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Həmin kütləyə baxış keçirilmiş, və elektron tərəzidə çəkilmişdir. Sonra təqdim etdiyi kütlə bir ədəd zərfə qoyularaq, ağzı bağlanmış və zərfin üzəri imzalanmışdır. Bundan sonra ibtidai istintaq zamanı işin istintaqını aparan müstəntiqədə polis əməkdaşlarından qorxduğu üçün üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasına dair yalan ifadə vermişdir. Odur ki, ifadəsində göstərdiklərini nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 22 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yaşayan Fəqan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yanvar 2024-cü il tarixdə, saat 23-24 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Gəncə şəhəri Zülfü Hacıyev küçəsinin kəsişməsində “Dəmir yol Vağzalının” yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl onun hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Sonra şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm çəksinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Siqaret falqası bükümündə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,51 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin bükümü Gəncə şəhərində Dəmir yol vağzalının yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman ona polis bölməsində fiziki və psixoloji təsirlər göstərilməsi və üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi halların heç biri baş verməmişdir. Məhkəmə baxışında şahid - X9 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübut, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 23 yanvar 2024-cü il tarixli 16/121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,348 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi - 0,348 qram, tədqiqata sərf edildi- 0,05 qram qalıq - 0.298 qram. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 3166 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 2613 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 28 mart 2024-cü il tarixli 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il islah işləri və 900 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan “şübhəli şəxsin tutulması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 24 yanvar 2024-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin prokuroru, ədliyyə müşaviri X3 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunması və psixi təsir göstərilməsi barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 298-C-25 nömrəli material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı xeyli miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0,348 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, şahid ifadələri, maddi sübut və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı zamanı təqsirləndrilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmadığını və saxlanılarkən polis bölməsində polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsirlərə məruz qaldığını və məhz bu səbəbdən üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu etiraf etdiyini göstərsədə məhkəmə həmin ifadəni özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, işdə olan təqsirləndirilən şəxsin üzərinə videoçəklişlə aparılmış baxışın nəticəsinə dair protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etiraf ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” və işin digər halları ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi tam təkzib olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,348 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib 22 yanvar 2024-cü il tarixdə saat 23:50 dəqiqədə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Dəmiryol Vağzalının yaxınlığında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş xx.xx.2024-cü il tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı açıq mavi rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaret falqasına bükülmüş, təmiz çəkisi 0,348 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlandığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,298 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 36 (otuz altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla və 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində (xx.xx.2025-ci il tarixdən 11 manat) müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X7 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 246 (iki yüz qırx altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminin qalıq çəkisi, yəni 0,298 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 246 (iki yüz qırx altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar