Məhkəmə qərarları › İş №1(125)-57/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-57/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-57/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 İnqilab oğlunun iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Samux rayonu Nəbiağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 8,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında 26 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində həmin idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi “Sovxoz Nizami” dairəsi yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Sobiraniya” adlı siqaret qutusunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 8.28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saxlanılaraq polis idarəsinə gətirildikdən sonra idarədə 6-7 nəfər mülki geyimli şəxs onu döyərək narkotik vasitə marixuanı onun üstünə qoymuşlar, o, məcbur olub marixuananın onun olduğunu boynuna almışdır. Onu hədələdikləri üçün o, video çəkiliş zamanı müdafiəçiyə bu barədə heç nə deməmişdir. Onu 2 gün saxladıqdan sonra buraxmışlar, bundan sonra onun bu barədə şikayət etməyə vaxtı olmamışdır. Daha sonra onu 2 dəfə narkotik vasitə ilə tutmuşlar, həmin narkotiklər isə həqiqətən ona məxsusdur. Polis idarəsində istintaqı aparılan digər cinayət işi üzrə məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilərkən o, hər üç dəfə üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu demiş, birinci dəfə üzərindən aşkar olunan marixuananın ona aid olmadığını deməmişdir. Sonda o, dediklərini nəzərə alıb ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis kapitanıŞahid1 ifadəsində göstərmişdir ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 26 fevral 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Samux rayon sakini Ramin adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Savxoz Nizami dairəsindədir. Odur ki, daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən Sovxoz Nizami dairəsi deyilən yerin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-yə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi1 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Sobiraniya” adlı siqaret qutusunun içərisində narkotik vasitə marixuanaya bənzər kütlə çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, tutulmamışdan iki gün qabaq Sovxoz Nizami dairəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 12,83 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilərkən heç bir fiziki və psixoloji təzyiq göstərilməmiş, sonuncunun üzərinə heç kəs narkotik vasitə qoymamış, Təqsirləndirilən şəxs özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə X5 azad edilmişdir. - xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhəri BPİnin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X6, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1, həmin idarənin kiçik inspektoru X2, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X3 Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ yan cibində bir ədəd Sobiraniye adlı siqaret qutusunun içərisində “marixuanaya” bənzər kütləni çıxardıb təqdim etmiş, həmin kütlənin marixuana olduğunu, təxminən iki gün əvvəl Sovxoz Nizami dairəsi deyilən yerin yaxınlığından yerdən tapdığını, özü istifadə etmək üçün üzrərində saxladığını bildirmişdir. Aşkar olunmuş ilk görünüşdən narkotik maddə marixuanaya oxşar kütlə aptek tərəzidə çəkilmiş və 12,83 qram gəlmiş və həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/230 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “SOBRANİE” markalı siqaret qutusunda təmiz çəkisi 8,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.(Marixuananın təmiz çəkisi 8.28 qram tədqiqata sərf edilmiş, 0,08 qram qalıq 8.20 qram). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1122 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1 və 67-ci maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya Qərarına əsasən azad edilmiş və məhkumluğu ödənilmişdir. - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4431 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1920 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında yaşayır. Yaşadığı müddətdə o, özünü tərbiyəli insan kimi aparmış, faydalı əməklə məşğul olmuşdur. Şəhərin ümumi işlərində yaxından iştirak etmiş, hal-hazırda şəhər əhalisi arasında səmimi və xoşxasiyyət insan kimi xarakterizə olunur. Nümayəndəliyə onun barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. - Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 4(125)-236/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə şəhər prokuroru Azad Qarayevin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs döyüldüyünü bildirməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəhazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədəgöstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2022-ci il tarixdəilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alınarkən, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa ibtidai istintaqı aparılan digər cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini və ondan sonra daha iki dəfə narkotik vasitə saxlaması cinayətlərini törətdiyini etiraf etmiş və ona qarşı hər hansı təzyiq olması barədə fikir bildirməmişdir.Əgər Təqsirləndirilən şəxs polis idarəsində hər hansı təzyiq olmuşdursa, onun tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuş, lakin o, bunun üçün vaxtının olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Samux rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 8,20 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün və narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 8,20 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 İnqilab oğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar