Məhkəmə qərarları › İş №1(125)-57/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-57/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-57/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 7412 nömrəli, 7.62x51 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Mauzer konstruksiyalı sürgülü karabin, odlu yivli silah, bundan başqa 01 ədəd nömrəsi silinmiş əşyanın lülə qutusu və sürgüsü zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, lakin sonradan 5,45x39 mm kalibrli patronlarla atəş açmaq üçün kustar üsulla yivli lülə bərkidilmiş, sürgülü odlu yivli tüfəng formasında hazırlanmış texniki cəhətdən saz və atəş üçün yararlı silah, bundan başqa 03 ədəd, 1981-ci ildə zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, döyüş sursatları və atəş üçün yararlı olan patronu əldə etməklə qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, bu barədə Gəncə şəhər BPİ-nə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Fama” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin Gəncə şəhəri, X6 küçəsi 5 ünvanında yerləşən inzibati binasına gətirilmiş, Gəncə şəhər BPİ-nin inzibati binasındakı otaqların birində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd qara rəngli şalvarın sağ yan cibindən avtomat silaha məxsus bir ədəd SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli patron aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs bu patronun avtomat silaha məxsus olmasını bildirərək, bundan başqa 4-5 gün əvvəl Gəncə şəhərində yerləşən “Xaraba yeri” adlanan ərazidə sellofan torbada iki ədəd silah tapdığını, həmin silahları və əlavə iki ədəd patronu Gəncə şəhəri “Xaraba yeri” adlanan ərazidə basdırdığını etiraf etmiş, silah-sursatı saxladığı və basdırdığı yer kimi göstərdiyi Gəncə şəhəri 4-cü mkr-da yerləşən “Xaraba yeri” kimi tanınan əraziyə baxış keçirilərkən ərazidən 01 ədəd 7412 nömrəli, 7.62x51 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Mauzer konstruksiyalı sürgülü karabin, odlu yivli silah, bundan başqa 01 ədəd nömrəsi silinmiş əşyanın lülə qutusu və sürgüsü zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, lakin sonradan 5,45x39 mm kalibrli patronlarla atəş açmaq üçün kustar üsulla yivli lülə bərkidilmiş, sürgülü odlu yivli tüfəng formasında hazırlanmış texniki cəhətdən saz və atəş üçün yararlı silah, bundan başqa 02 ədəd, 1981-ci ildə zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, döyüş sursatları və atəş üçün yararlı olan patronlar aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar,ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı gün o, çayxanada olmuş və orada çay içən zaman polis əməkdaşları içəri daxil olaraq onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona 1 ədəd silah patronunu göstərək onu götürüb cibinə qoymasını bildirmişlər. Razı olmadığına görə polis əməkdaşları onu döymüş, daha sonra məcbur qalıb videoçəkiliş zamanı ona deyilənləri etmişdir. Daha sonra “Xaraba yeri” adlanan yerə gedərək orda polis əməkdaşları ona özlərinin əvvəlcədən basdırdıqları yerdə silah oldğunu guya orda basdırmasını demişlər. Qorxduğu üçün yenə də video görüntü zamanı silah basdırılan yeri göstərmişdir. Həmin zaman orda əvvəldən tanımadığı 4 nəfər şəxsdə olmuş və silahın yerini həmin 4 nəfər şəxs göstərmişdir. Silahların və patronların onunla heç bir əlaqəsi yoxdur. Səhhətində problemləri var. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəsifəsində xidmət edir. Rəşad adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş silah sursatları saxlaması və gəzdirməsi barədə Gəncə şəhər BPİ-nə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəflərindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur.Həmin idarənin kiçik inspektoru Şahid2 ilə birlikdə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs adlı şəxsi Gəncə şəhəri Poçt qəsəbəsi “Fama” adlı marketin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürərək, Rəşada yaxınlaşıb özlərini təqdim edib, qanunsuz olaraq odlu silah və döyüş silah sursatı saxlaması və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. İdarədə Rəşad adlı şəxsin kimliyi tam dəqiqləşdirilərək, Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs cibindən 1 ədəd avtomat patronu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin patronu haradan əldə etməsi soruşulduqda o, həmin patronu və digər bir neçə patronu iki ədəd silahla birlikdə 5-6 gün əvvəl Gəncə şəhəri 4-cü mikrarayonda “Xaraba yeri” adlanan yerdən tapdığını və tapdığı yerə yaxın ərazidə yerə basdıraraq üzərinə nişanə üçün mişar daşı qoyduğunu bildirmişdir. Bundan sonra məlumatın doğrulugunu yoxlamaq üçün birlikdə “Xaraba yeri” adlanan əraziyə gedən zaman Təqsirləndirilən şəxs orada odlu silah və patronları gizlətdiyi yeri göstərmişdir. Həmin yerə baxış zamanı oradan iki ədəd odlu silah və avtomat patronları aşkar edilərək götürülmüşdür. Silahlar və patronlar qablaşdırıldıqdan götürülmüş və Təqsirləndirilən şəxs həmin silahları hansı məqsədlə saxladığı soruşulmuş, o, həmin silahları və patronları maraq üçün saxladığını bildirmişdir.Bu barədə protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 09 iyun 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş və o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis mayoru Eldəniz Məmmədov bildirir ki, həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Fama” marketin yaxınlığında saxlayaraq, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X3 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd avtomat patronunu təqdim edir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomat patronunundan əlavə olaraq 2(iki) ədəd patron və 2 (iki) ədəd silah Gəncə şəhəri 4-cü mikrarayon ərazisində “Xaraba yeri” adlanan yerdən 5-6 gün əvvəl tapdığını və həmin ərazidə gizlətdiyini bildirir. Bundan sonra Gəncə BPİ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Eldəniz Məmmədov, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid2, müdafiəçi X3 və şübhəli şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər 4-cü mikrarayonda yerləşən “Xaraba yeri” adlanan əraziyə gedərək, orada torpağa bastırılmış və üzərinə nişanə olaraq mişar daşı qoyulmuş odlu silahların və avtomat patronların basdırıldığı yeri müəyyən edirlər. Daha sonra həmin yerdən iki ədəd odlu silah və 2 ədəd avtomat patronu aşkar edilərək, qablaşdırılıb götürülür və üzəri möhürlənərək imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. xx.xx.2024-cü il tarixli “Əməliyyat tapşırığına cavab” məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs odlu silah və patronları hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahları əldə etməsində ona kiminsə kömək etməsi, həmçinin onun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Məhkəmə-ballistik ekspertizasının 10 iyun 2023-cü il tarixli 23/433 R nömrəli rəyində göstərilmişdir ki: - Tədqiqata təqdim edilmiş 01 ədəd 7412 nömrəli silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7.62x51 mm kalibrli Mauzer konstruksiyalı sürgülü karabin, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş əşyanın lülə qutusu və sürgüsü zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuşdur, lakin sonradan 5,45x39 mm kalibrli patronlarla atəş açmaq üçün kustar üsulla yivli lülə bərkidilmişdir, sürgülü odlu yivli tüfəng formasında hazırlanmış siladır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş ümumi sayı 03 ədəd olan patron, 1981-ci ildə zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdır və atəş üçün yararlıdılar. - Tədqiqata təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli, 7412 nömrəli Mauzer konstruksiyalı karabindən və 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş sergele odlu yivli tüfəng formasında hazırlanmış silahdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: təqdim edilmiş 03 ədəd 5,45x39 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olundu. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30-da Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gələrək, özünü təqdim etmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında“ qərardan görünür ki, 01 ədəd 7412 nömrəli, 7.62x51 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Mauzer konstruksiyalı sürgülü karabin, odlu yivli silah, bundan başqa 01 ədəd nömrəsi silinmiş əşyanın lülə qutusu və sürgüsü zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, lakin sonradan 5,45x39 mm kalibrli patronlarla atəş açmaq üçün kustar üsulla yivli lülə bərkidilmiş, sürgülü odlu yivli tüfəng formasında hazırlanmış texniki cəhətdən saz və atəş üçün yararlı silah, həmçinin 01 ədəd, 1981-ci ildə zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu maddi sübut kimi tanınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ən son isə o, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun xx.xx.2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alnaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-8/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun xx.xx.2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alnaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-8/2022 saylı hökmündən görünür ki, onun cəzasını çəkib qurtardığı gündən 2 (iki) il müddət keçməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktubundan görünür ki, Azərbycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə Gəncə şəhər məhkəməsinə vermiş olduğu məlumatla bağlı həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş patronun və torpağa basdırılmış silah və patronların ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən patronun və torpağa basdırılmış silahların və patronun ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuşdur.xx.xx.2023-cü il tarixdə saat təxminən 15:30 radələrində Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Fama” marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra onu Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Etiraz etməyib Gəncə şəhər BPİ-nə gəlmişdir. Orada ona hüquqları izah olunmuş və Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. X2 onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Ondan vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində qanunla gəzdirilməsi və istifadəsi qadağan olunmuş hər hansı predmetin olub-olmadığını soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd avtomat patronunu çıxararaq təqdim etmişdir. Həmin patrondan əlavə iki ədəd odlu silah və əlavə bir neçə patronu Gəncə şəhəri, “Xaraba yeri” adlanan yerdən tapdığını və tapdığı yerdə basdırdığını etiraf etmişdir. Üzərindən aşkar edilmiş bir ədəd patron zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə silahı basdırdığı yerə yəni Gəncə şəhəri “Xaraba yeri” adlanan yerə getmişlər. O polis əməkdaşlarına silahın yerini bilmək üçün əvvəlcədən işarə məqsədi ilə qoyduğu mişar daşını və silahı basdırdığı yeri göstərmişdir. Həmin yerdən torpağın altından iki ədəd silah və iki ədəd patron aşkarlanaraq qablaşdırılaraq götürülmüşdür. Silahı heç kimdən almadığını xaraba yerindən tapdığını bildirmişdir. Patronu nə üçün üzərində saxladığı soruşulduqda o silahı gizlətdiyini patronu isə maraq üçün üzərində saxladığını qeyd etmişdir. Silah-sursat satışı ilə məşğul olmadığını, evində və ya digər saxlanc yerində silah-sursat saxlamadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq ibtidai istintaq zamanı ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş cavab məktubundan görünür ki, Azərbycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə məhkəməyə vermiş olduğu məlumatla bağlı həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(044)-8/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun xx.xx.2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alnaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2022-ci il tarixli olmuşdur. Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-8/2022 saylı hökmündən, yəni cəzasını çəkib qurtardığı gündən 2 (iki) il keçmədən yəni xx.xx.2023-cü il tarixdə yeni cinayət törətmişdir. Həmin cinayət isə az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs həmin cinayəti törətdiyi vaxtdan iki il keçmədiyinə görə məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Odur ki, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutuluduğu iki gün müdət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 7412 nömrəli, 7.62x51 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Mauzer konstruksiyalı sürgülü karabin, odlu yivli silah, bundan başqa 01 ədəd N-si silinmiş əşyanın lülə qutusu və sürgüsü zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, lakin sonradan 5,45x39 mm kalibrli patronlarla atəş açmaq üçün kustar üsulla yivli lülə bərkidilmiş, sürgülü odlu yivli tüfəng formasında hazırlanmış texniki cəhətdən saz və atəş üçün yararlı silah, həmçinin tədqiqata sərf edildikdən sonra qalan 01 ədəd, 1981-ci ildə zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 33 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 198 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd 7412 nömrəli, 7,62x51 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Mauzer konstruksiyalı sürgülü sürgülü karabin, odlu yivli silah, bundan başqa bir ədəd nömrəsi silinmiş əşyanın lülə qutusu və sürgüsü zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, lakin sonradan 5,45x39 mm kalibrli patronlarla atəş açmaq üçün küstar üsulla yivli lülə bərkidilmiş, sürgülü odlu yivli tüfəng formasında hazılanmış texniki cəhətdən saz və atəş üçün yararlı silah, həmçinin təqdiqata sərf edildikdən sonra qalıq qalmış 01 ədəd, 1981-ci ildə zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 198 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar