Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-58/2025 11.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Umud oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xurşudov Nadir Şahin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının və müdafiəçi-Gəncə Regional Vəkil Bürosunun vəkili X8 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Bərdə şəhəri, Cavanşir küçəsi, ev 57-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 26 yanvar 2024-cü il tarixdə bacısı X3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Apelyasiya Məhkəməsində baxıldıqdan sonra ictimai yer olan Gəncə Apelyasiya Məhkəməsinin inzibati binasının həyətində saat 17 radələrində həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs həyətə çıxmasını görüb, sonuncunun onun bacısından şikayət etməsini bəhanə edib Zərərçəkmiş şəxs “itin qızı...səni öldürəcəm...” deyərək iki əli ilə Zərərçəkmiş şəxs saçlarından tutub dartmaqla irəli-geri hərəkət etdirib, sonra bir əli ilə saçından tutub o biri əli ilə başına bir neçə dəfə zərbə endirərək sonuncuya kəllə-beyin travması, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq, həmin niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs yenidən hər iki əli ilə saçlarından tutub irəli-geri hərəkət etdirə-etdirə sonuncunu yerə yıxıb sol əlin İV barmağının İ falanqasının arxa səthinin qançırı və sıyrığı, sağ almacıq nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, həmçinin ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ayağı ilə zərbələr endirib fiziki ağrı yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə bacısı X3 barəsində zərərçəkmiş şəxsin şikayəti əsasında başlanılmış cinayət işinə Gəncə Apelyasiya Məhkəməsində baxıldıqdan sonra həmin məhkəmənin həyətində gözləyərkən saat 17 radələrində Zərərçəkmiş şəxs həyətə çıxmasını görüb ona “sən bizdən nə istəyirsən?” deyə sual etmiş və aralarında sözlü mübahisə olmuşdur. Lakin hadisə vaxtı Zərərçəkmiş şəxs vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxslə dalaşması və hər iki əli ilə onun saçından yapışıb onu yerə yıxması ilə bağlı verdiyi ifadə ilə bağlı onu bildirir ki, həmin vaxtı hamilə olduğu üçün və səhhəti normal olmadığı üçün ifadəsini oxumadan imza etmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxsin bacısı X3 ona məxsus əmlakı oğurlamasına dair zərərçəkmiş şəxs qismində tanındığı cinayət işinə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən təxminən saat 17 radələrində proses yekunlaşmış və qarşı tərəf məhkəmə iclas zalından çıxmış, qardaşı ilə o isə zalda qalmışdır. O, məhkəmə iclas katibindən işinin gedişatı ilə bağlı bir-iki məsələni dəqiqləşdirdikdən sonra onların arxası ilə zaldan çıxıb dəhlizə oradan da həyətə çıxan zaman Nəsibənin bacısı X1 ona “itin qızı...səni öldürəcəm...” deyərək anidən üzərinə hücum çəkib hər iki əli ilə saçlarından tutub dartmaqla irəli-geri hərəkət etdirmiş, sonra bir əli ilə saçından tutub o biri əli ilə başına bir neçə dəfə zərbə endirmiş, ardınca isə yenidən hər iki əli ilə saçlarından tutub irəli-geri hərəkət etdirə-etdirə onu yerə yıxmışdır. O, yerə yıxıldıqda sol əli ilə özünü saxlamağa çalışsa da, barmağı yerdəki daşa dəyib əzildiyi üçün tam şəkildə özünü tarazlaya bilməmiş və başı yerə dəymişdir. Bu zaman Tünzalə hərəkətlərinə davam edərək onun qarnına və kürəyinə təpik zərbələri endirmişdir. Həmin vaxt qardaşı Şahid1 və digər şəxslər onları aralamışlar. Bundan sonra orada xidmətdə olan polis əməkdaşının köməyi ilə məhkəmənin giriş qapısının yanına gedib özünü toparladıqdan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra Gəncə şəhər 1-ci polis şöbəsinin əməkdaşları oraya gələrək, onları polis şöbəsinə aparıb orada müvafiq araşdırma aparmışlar. Məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunan xəsarətləri təqsirləndirilən şəxs Tünzalə Ədilova ona yetirmişdir. Həmin xəsarətləri yetirərəkən Tünzalə hər hansı bir alətdən istifadə etməmişdir. Sözügedən hadisəyədək Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisə zamanı orada kənar şəxslərdən məhkəməyə gələn tanımadığı şəxslər olmuş, ondan başqa heç kəs xəsarət almamışdır. Hadisə ümumilikdə təxminən 3-4 dəqiqə müddətində davam etmişdir. Həmin hadisə zamanı onu sadəcə Tünzalə vurmuş, ona heç kəs köməklik etməmişdir. O, Tünzaləyə heç bir xəsarət yetirməmiş, bacardığı qədər Tünzalənin əlindən qurtulmağa çalışsa da yaşı və səhhətilə əlaqədar buna tam nail ola bilməmişdir. Hazırda Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 26 yanvar 2024-cü il tarixdə X3 bacısı Ağgülə məxsus əmlakı oğurlamasına dair zərərçəkmiş şəxs qismində tanındığı cinayət işinə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən təxminən saat 17 radələrində məhkəmə prosesi yekunlaşmışdır. Gəncə Apelyasiya Məhkəməsinin həyətində anidən səs-küy eşitmiş və biraz irəli gəldikdə görmüşdür ki, Tünzalə bacısı Ağgülün saçından tutaraq dartır və ona zərbələr endirir. Bu zaman o, Tünzaləni bacısından ayırmaq üçün onlara tərəf getmişdir. Oraya çatanadək Tünzalə hərəkətlərini davam etdirərək Ağgülə təpik zərbələri endirmiş və onu yerə yıxmışdır. O, kənardakı şəxslərin köməyi ilə onları ayırmışdır. Hadisə zamanı orada kənar şəxslərdən məhkəməyə gələn tanımadığı çoxlu şəxs olmuş və onlarda hadisənin şahidi olmuşlar. Həmin dalaşma zamanı bacısı Ağgülü sadəcə Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı vurmuş, ona başqa heç kəs köməklik etməmişdir. Məhkəmə baxışında Şahid2 ifadəsində göstərdi ki, X10 İdarəsində polis nəfəri işləyir və hadisə baş verən gün Gəncə Apelyasiya Məhkəməsinin inzibati binasında xidmətdə olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Gəncə Apellyasiya Məhkəməsinin həyətində məhkəməyə gəlmiş tərəflər arasında dava-dalaş baş vermiş, o, həmin davanı şəxsən görməmiş, lakin həyətə çıxdıqda adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs saçları dağınıq vəziyyətdə ona yaxınlaşaraq adı ona sonradan məlum olan Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının onun saçlarını yolaraq döydüyünü bildirmişdir. Həmin vaxt Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı da məhkəmənin həyətində olmuş və o, Zərərçəkmiş şəxs mühafizəsini təmin edərək təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızını saxlamış və dərhal hadisə barədə Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə məlumat vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özü də DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bir qədər sonra gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməliyyat qrupu oraya gələrək müvafiq sənədləşmə aparmışlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 26 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi” protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının həyətidir. Baxış zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4442 nömrəli arayışdan görünür ki, Şamayeva (Ədilova) X7 şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4605 nömrəli arayışdan görünür ki, Şamayeva (Ədilova) X7 şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 29 yanvar 2024-cü il tarixli 74 nömrəli “canlı şəxsin ekspertizası” barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – 29 yanvar 2024-cü il tarixli 74 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - kəllə-beyin travması, beyin silkələnməsi, sol əlin İV barmağının İ falanqasının arxa səthinin qançırı və sıyrığı, sağ almacıq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə baxışı zamanı Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı ifadəsində ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və ibtidai istintaq zamanı zərərçəkmiş şəxslə dalaşması, hər iki əli ilə onun saçından yapışıb onu yerə yıxması ilə bağlı verdiyi ifadəni hamilə olduğu və səhhəti normal olmadığı üçün oxumadan imza etdiyini göstərsədə məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Tərəflər arasında münaqişənin ictimai yerdə baş verməsi, münaqişənin gedişatında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai qaydalara qarşı etinasızlıq göstərilməsi, əxlaq normalarını və cəmiyyətdə hamılıqla qəbul olunmuş davranış qaydalarının kobud surətdə pozulması halları şahid ifadələri ilə kifayət qədər təsdiq olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının CM-nin 59-cu maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə hesab edir ki, Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının cinayəti qoca şəxsə qarşı törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Şamayeva (Ədilova) Tünzalə Rövşən qızına cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Şamayeva (Ədilova) Tünzalə Rövşən qızına məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir və bununla bağlı Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmiş və ona 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut,mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Bütün yuxarıda göstərilənlərin məcmusu olaraq məhkəmə qeyd edir ki, Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı Azərbaycan Respublikası CM-in 221.1-cİ maddəsi ilə özünü təqsirli bilməməsinə dair gətirdiyi dəlilləri məhkəmə müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının öhdəsində azyaşlı uşağının olmasını, əvəllər məhkum olunmamasını nəzərə alaraq cərimə növündə cəza təyin etməklə də onun islah olunmasının mümkünlüyü qənaətindədir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Şamayeva (Ədilova) Tünzalə Rövşən qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası təqsirləndirilən şəxs Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının yaşayış yeri üzrə probasiya qurumuna tapşırılsın. Şamayeva (Ədilova) Tünzalə Rövşən qızının barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Şamayeva (Ədilova) Tünzalə Rövşən qızına məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X9 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz manat) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-58/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-58/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver