Məhkəmə qərarları › İş №1(125)-60/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-60/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-60/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Hüseynova (İsmayılova) Könül Cümşüd qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (İsmayılova) Könül Cümşüd qızına ödənilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 15360 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Hüseynova (İsmayılova) Könül Cümşüd qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hüseynova (İsmayılova) Könül Cümşüd qızı ilə 2002-ci ildən faktiki ər-arvad münasibətində olsada, 2003-cü ildə evlənib rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X11 adında övladları anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə onun xasiyyətləri düz gəlməmiş və ayrılmaq qərarına gəlmişlər, 2010cu ilin noyabr ayında Zərərçəkmiş şəxs boşanmaq və uşaqların saxlanılması üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (İsmayılova) Könül Cümşüd qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə üzrə icra vərəqəsi yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, ona alimentin ödənilməsi barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin aylıq ödəməli alimenti ödəməmişdir. Bununla əlaqədar icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilmiş, lakin ödəməli olduğu aylıq alimenti ödəməmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibinin başlanması haqqında təqdimat verilən xx.xx.2022-ci il tarixədək 15360 manat məbləğində aliment borcu yığılıb qalmışdır. O, əvvəl ailəsinə və uşaqlarına baxmış, maddi cəhətdən köməklik etmiş, lakin sonradan keçmiş arvadı Zərərçəkmiş şəxs ona uşaqları ilə görüşməyə imkan verməmiş və bu səbəbdən inciyərək sonuncuya alimenti ödəməmişdir. Onun hazırda daimi iş yeri yoxdur, fəhlə kimi işləyərək günə 10 manat qazancı olur və onu da öz ehtiyaclarına xərcləyir. Sonda o, əməlindən peşman olduğunu, azadlıqda qalacağı təqdirdə işləyib hissə-hissə alimenti ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Hüseynova (İsmayılova) Könül Cümşüd qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2002-ci ildən faktiki ər-arvad münasibətində olmaqla 2003-cü ildə evlənib rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü X11 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs qazandığını yeyib-içməyə xərclədiyi üçün sonuncudan ayrılmaq qərarına gəlmişdir. Ayrılandan sonra Təqsirləndirilən şəxs övladlarının saxlanılması ilə əlaqədər ona heç bir maddi köməklik göstərməmiş, o, övladlarını tək başına saxlaya bilmədiyindən 2010-cu ildə sonuncuya qarşı məhkəmədə boşanma və aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Samir oğlunun yaşadığı yer üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, lakin sonuncu aylıq ödəməli alimenti ödəməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə, ödəməli olduğu aylıq alimenti ödəməmiş, nəticədə Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 15360 manat aliment borcu yığılıb qalmışdır. Bu müddət ərzində N.İsimayılov övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Təqsirləndirilən şəxs istəsəydi hər ay alimenti ödəyərdi, çünki işləyərək yetərli qədər gəlir əldə edirdi. Təqsirləndirilən şəxs həm evli olduqları müddətdə, həm də hal-hazırda fərdi əməklə alverlə məşğuldur və yetərli qədər gəlir əldə edir, lakin qazancını öz ehtiyaclarına xərcləyir, aylıq qazancı 700-800 manat olmuş, alimenti bilərəkdən və qərəzli olaraq ödəmir. Sonda o, Təqsirləndirilən şəxs aliment borcunu tələb etdiyini, lakin sonuncuya ağır cəza istəmədiyini, azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Hüseynova (İsmayılova) Könül Cümşüd qızı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona 15000 yaxın aliment borcu olduğunu, həmin pulu tələb etdiyini, lakin sonuncuya ağır cəza təyin edilməsini istəmədiyini, cəza hissəsində sonuncunu bağışladığını bildirərək azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1893/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü Sabir və xx.xx.2006-cı il təvəllüdlü Raul adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat alınaraq Hüseynova (İsmayılova) Könül Cümşüd qızına verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2011-ci il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin ödənilməsini yerinə yetirməmişdir. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən sonuncu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs edildikdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə borcunun ödənilməsi üçün yeni müddət verilmiş və işə düzəlməsi üçün isə aidiyyəti Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xx.xx.2022-ci il tarixdə təklif verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 6 saylı Ərazi Məşğulluq Mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs tövsiyə məktubu göndərildiyi, əlaqə saxlanıldığı təqdirdə Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun olaraq lazımi köməklik göstəriləcəyi bildirilmişdir. Borclu etdiyi bu kimi hərəkətlərlə icra sənədinin icrasından yayınmış və borcun ödənilməsindən boyun qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə işlə bağlı müraciət etməsi təklif olunsada inzibati qaydada həbs edildikdən sonra tələbkara ödənişlər etməmiş və məşğulluq mərkəzinə işlə bağlı müraciət etməmişdir. İcra zamanı cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə borcundan ödəniş etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, borclu borcunu ödəmək iqtidarında olsa da, etdiyi bütün hərəkət və hərəkətsizliklərlə hər fürsətdə öhdəliyindən boyun qaçırır, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır. Belə ki, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbi qanunla müəyyən olunmuş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış və iş üzrə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs iş üzrə tələbkar X4 cəmi 15360 manat borcu qalmaqdadır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010cu il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (İsmayılova) Könül Cümşüd qızına verilməsi qət edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən qəbul edilmiş xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2011-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - icra məmuru R.İ.İbrahimovun xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraatda hal şahidləri X12, X2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, ev 10 ünvanında olmuşlar, borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı və orada borcluya məxsus tələbin yönəldilə biləcəyi dəyərli əmlak aşkar olmadığı müəyyən edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-75/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edənədək məhdudlaşdırılmışdır. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(043)-32/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icra məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli işə qəbul edilməsi barədə təklifdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1893/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs 07 gün ərzində 6 saylı Ərazi Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək işə qəbul olunma barədə arayış təqdim etməyi təklif edilmiş, müraciət etməyəcəyi halda borcun ödənilməsindən boyun qaçırma kimi qiymətləndiriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında 6 saylı ərazi Məşğulluq Mərkəzinin tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs telefon nömrəsi qeyd olunmadığı üçün filialın əməkdaşı tərəfindən əlaqə saxlanılması mümkün olmamış, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli **********1 nömrəli tövsiyyə məktubu göndərilmiş, Təqsirləndirilən şəxs filialla əlaqə saxladığı təqdirdə qanunvericiliyə uyğun olaraq ona lazımı köməklik göstəriləcəkdir. - xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemi üzrə yoxlama aparılmış və xx.xx.1966-cı il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə xx.xx.1979-cu il təvəllüdlü İsmayılova (Hüseynova) Könül Cümşüd qızı ilə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və qeyd edilən nikah xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. - Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ünvan 3 ünvanında yaşayır. Onun barəsində qonşular və sakinlər tərəfindən Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə nzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 01 ay 20 gün hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 03 ay 14 gün çıxılaraq ona qəti cəza təyin edilməlidir. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 20 gün müddət, hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 03 ay 14 gün çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar