Məhkəmə qərarları › İş №1(125)-60/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-60/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-60/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri - Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, 16 avqust 2004-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 23 aprel 2023-cü il tarixdə saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında Şahid3 istifadəsində olan **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin Qanunun 73-cü maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sutkanın qaranlıq vaxtı, yəni saat 21 radələrində idarə etdiyi avtomobilin faralarının yaxın və ya uzaq işıqlarının yanılı vəziyyətdə idarə etməli olduğu halda, həmin qaydalara əməl etməyərək ön faraları nasaz vəziyyətdə Gəncə şəhəri, İsaq Cəfərov küçəsindən Dədə Qorqud küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “2.5 dayanmadan keçmək qadağandır” yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda, həmin tələblərə riayət etməyərək idarə etdiyi avtomobili dayandırmadan İsaq Cəfərov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsinə daxil olmuş, sağ tərəfdən Dədə Qorqud küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ-2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dalağın cırılması ilə müşahidə olunan qarının qapalı küt travması, sol dirsək, sol diz nahiyələrinin sıyrıqları sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, sürücülük vəsiqəsi olmasa da avtomobil idarə etməyi bacarır. 23 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində bir az avtomobil sürmək qərarına gələrək, bu məqsədlə dostu Aqşinə zəng edib ona məxus “VAZ-2106” minik markalı avtomobili idarə etmək istədiyini bildirmişdir. Aqşin də ona etiraz etməmiş və avtomobilinin yaşadıqları binanın qarşısında olduğunu, açarının isə avtomobilin içərisində olduğunu bildirmişdir. Bundan sonra o, təxminən saat 18 radələrində tək Aqşinin yaşadığı binanın qarşısına gedərək Aqşinə məxsus “VAZ-2106” minik markalı **-MO-*** dövlət nömrə nişanlı avtomobilin açarını avtomobilin içərisindən götürərək mühərriki işə salmış və avtomobili hərəkətə gətirib avtomobillə yaşadığı məhləyə gəlmişdir. Təxminən 2-3 saat o, avtomobillə yaşadıqları məhlədə olmuş, avtomobilin mühərriki işə salan sistemində problem olduğu üçün dostu Rüstəmdə olan mühərriki işə salan sistemi götürmək üçün Rüstəmin yaşadığı “Pasyolka” adlanan əraziyə getmişdir. O, Gəncə şəhər 39 nömrəli orta məktəbin yaxınlığında Rüstəm ilə görüşmüş, Rüstəm hal-hazırda yaşadıqları evdə heç kəs olmadığı üçün, qapının bağlı olduğunu, bu səbəbdən də mühərriki işə salan sistemi ona verə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Rüstəmlə birlikdə idarə etdiyi avtomobillə təxminən 15-20 dəqiqə şəhərdə gəzmiş, sonra isə İsaq Cəfərov küçəsində olan zaman avtomobilin mühərriki sönmüşdür. Mühərriki işə salmaq istəyəndə sistem işləmədiyi üçün o, Rüstəmlə avtomobili itələyərək mexaniki ötürücü qutusunun köməyi ilə avtomobilin mühərrikini işə salmışdır. Daha sonra Rüstəm ona işinin olduğunu bildirmiş və getməli olduğunu söyləmiş, o, saat təxminən 21 radələrində Rustəm ilə sağollaşdıqdan sonra mühərriki işlək vəziyyətdə olan idarə etdiyi avtomobilə əyləşmiş və yaşadığı evə getmək üçün hərəkətə başlamışdır. O, hərəkətə başladıqdan sonra avtomobilin mühərriki sönmək istəmiş, onun həmin zaman diqqəti yayınmış və o, sağ tərəfdən avtomobilin gəlib-gəlməməsinə diqqət yetirməmiş və yolu tez keçmək istəyən zaman sağ tərəfdən gələn avtomobillə toqquşmuşdur. Toqquşma ani bir vaxtda baş vermiş və toqquşmanın təsirindən digər avtomobil arxası üzərinə çevirilmişdir. O, avtomobildən düşərək digər avtomobilə yaxınlaşmış, ətrafa toplaşan insanlardan soruşan zaman digər avtomobildə olan şəxslərin xəsarətinin olmadığını öyrənib ciddi bir hadisənin baş vermədiyini düşünərək, qorxduğu və həyəcanlandığı üçün oradan taksiyə minib uzaqlaşıb yaşadığı ünvana getmiş, idarə etdiyi avtomobil isə hadisə yerində qalmışdır. Hadisə zamanı o hər hansı xəsarət almamışdır. Onun gözləri zəif gördüyü üçün hadisə zamanı yolda “STOP” nişanını görməmiş və dayanmadan hərəkətini davam etdirmişdir. Həmçinin qorxduğu üçün hadisə barədə aidiyyəti orqanlara məlumat verməmişdir. O, hadisə zamanı spirtli içki qəbul etməmişdir. Toqquşma anında onun surəti təxminən 20-25 km/saat olmuşdur. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, sağlamlığında ciddi problemlərin olmasını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, onun müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və VAZ 21074 minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobili var. 19 aprel 2023-cü il tarixdə işlədiyi MN-nin “N” saylı Hərbi Hissəsindən 15 gün müddətinə məzuniyyətə çıxmışdır. O, məzuniyyətə çıxdıqdan sonra yaşadığı Gəncə şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Kəlbəcər qəsəbəsində yaşayan yeznəsi Xəyyamgilin evinə qonaq getmişdir. Bir qədər Xəyyamgildə söhbət etdikdən sonra yeznəsi Xəyyam, onun azyaşlı Ayan adlı qızı və o, ona məxsus VAZ 21074 minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Cavadxan qəsəbəsində yerləşən evə getmək istəmişlər. Həmin vaxt o, avtomobili idarə edirmiş, yeznəsi Xəyyam ön sağ oturacaqda əyləşmiş, bacısı qızı Ayan isə arxa oturacaqda əyləşmişdir. O, Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə 45-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Hərəkətdə olan zaman İsaq Cəfərov küçəsi istiqamətinə çatan zaman o, fit səsi eşitmiş, başını çevirib sol tərəfə baxan zaman sol tərəfdən ani bir məqamda işıqları sönülü vəziyyətdə olan bir “VAZ-2106” markalı avtomobil idarə etdiyi avtomobillə toqquşmuşdur. Toqquşmanın təsiri nəticəsində onun idarə etdiyi “VAZ-21074” minik markalı avtomobil arxası üstünə çevirilmiş və təxminən 5-10 metr məsafədə arxası üzərində getmişdir. Avtomobil dayandıqdan sonra o, avtomobildən çıxmış və avtomobildə olan bacısının azyaşlı qızı Ayanı avtomobildən çıxarmışdır. Sonra ətrafa toplaşan insanların köməyi ilə Xəyyamda avtomobildən çıxmışdır. Ətrafda olan şəxslər təcili tibbi yardım çağırmış və ona ilkin tibbi yardım göstərdikdən sonra səhhəti yaxşı olmadığı üçün onu xəstəxanaya aparmışlar. Hadisə zamanı o qarın nahiyyəsindən xəsarət almış, yeznəsi Xəyyam baş və qol nahiyyəsindən xəsarət almış, bacısının azyaşlı qızı Ayanda isə gözlə görünən xəsarət olmamışdır. Digər avtomobildə olan şəxsin isə xəsarət alıb-almamasını bilməmiş və həmin avtomobilin sürücüsünü də orada görməmişdir. Toqquşma anında onun avtomobilinin sürəti təxminən 45-50 km/saat olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və müalicəsi üçün çəkdiyi xərclər ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 Elbrus oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. xx.xx.2023-cü il tarixdə qaynı Eltac onun yaşadığı evə qonaq gəlmişdir. Bir qədər onlarda oturub söhbət etdikdən sonra o, azyaşlı qızı Ayanla birlikdə Eltaca məxsus VAZ 2107 minik markalı **-TV-*** nömrə nişanlı avtomobillə Eltacın yaşadığı Cavadxan qəsəbəsində yerləşən evinə getmək qərarına gəlmişlər. Onlar Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə təxminən 50-55 kilometr sürətlə hərəkətdə olmuşlar. O, avtomobilin ön oturacağında əyləşmiş, azyaşlı qızı Ayan isə arxa oturacaqda əyləşmişdir. Onlar avtomobillə İsaq Cəfərov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsinə çatan zaman gözlənilməz bir anda sol hərəkət hissəsindən, yəni İsaq Cəfərov küçəsindən işıqları sönülü vəziyətdə gələn avtomobil onların hərəkət etdikləri avtomobillə gəlib dəyərək, sol tərəfdən onların olduğu avtomobillə toqquşmuşdur. Toqquşmanın təsiri nəticəsində onların olduğu avtomobil arxası üzərinə çevirilmiş və təxminən 10 metr getmişdir. Avtomobil dayandıqdan sonra Eltac təhlükəsizlik kəmərini açaraq avtomobildən çıxmış, daha sonra o, arxada olan azyaşlı qızı Ayanı qırıq pəncərədən Eltaca vermişdir. Daha sonra özü avtomobildən çıxmışdır. O, qızını yaşadığı evə aparmış və özü təkrar hadisə yerinə qayıtmışdır. O, qayıdıb hadisə yerinə gələn zaman Eltacı təcili tibbi yardım avtomobilinin xəstəxanaya apardığını öyrənmişdir. Daha sonra o, başında ağrılar olduğu üçün xəstəxanaya getmişdir. Hadisənin baş verməsinə səbəb VAZ 2106 minik markalı avtomobilin “STOP” nişanının tələblərinə əməl etməyərək hərəkətini davam etdirməsi və işıqlarının sönülü vəziyyətdə olması olmuşdur. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən zaman o, Gəncə şəhər DYPŞ-də yol-patrul xidməti əməkdaşı vəzifəsində işləmişdir. 23 aprel 2023cü il tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, həmin gün xidmətdə olan zamanı saat 21 radələrində Növbətçi Hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri Dədə Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal hadisə yerinə getmişdir. Həmin yerə çatanda hadisə yerində tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Hadisə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsi ilə hərəkətdə olan “VAZ-2106” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan keçmək qadağandır yol nişanının tələblərinə riayət etmədən hərəkətini davam etdirmiş, nəticədə Dədə Qorqud küçəsi ilə hərəkətini davam etdirən “VAZ-2107” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsiri nəticəsində “VAZ-2107” minik markalı avtomobil arxası üstə çevrilmişdir. Həmçinin hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən öyrənmişdir ki, “VAZ-2107” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa bir uşaq və bir kişi, “VAZ 2106” minik markalı, **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə sürücü tək olmuşdur. Həmin vaxt maraqlananda “VAZ 2106” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə yerindən getdiyini öyrənmişdir. Daha sonra onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş və protokolu imzalamışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonra avtomobillərin DYPŞ-nin cərimə meydançasına aparılması təmin edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3104 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3257 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2023-cü il tarixli 640 nömrəli məhkəmə-tibbi ekspertizası haqqında ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – dalağın cırılması ilə müşahidə olunan qarnın qapalı küt travması, sol dirsək, sol diz nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsiviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 05 iyun 2023-cü il tarixli, 8/1436 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 3,4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2106 markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5”Dayanmadan keçmək qadağandır” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərində uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs toqquşmadan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2106 markalı avtomobili sutkanın qaranlıq vaxtı işıqları nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddənin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Gəncə RQİ və TBŞdən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-3135/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “VAZ-2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2004-cü il tarixdən X3 adına qeydiyyata alınmış və Təqsirləndirilən şəxs sözügedən avtomobilə dair etibarnamə verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş xəstəxana xərcləri ilə bağlı zərər tam ödənilmişdir. Ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. “X6”nın xx.xx.2022-ci il tarixli müayinə çıxarışından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs “Sfenoid sinusun sağ yarısında 14 mm ölçüsündə retenziya kistası” aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında Şahid3 istifadəsində olan **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin Qanunun 73-cü maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sutkanın qaranlıq vaxtı, yəni saat 21 radələrində idarə etdiyi avtomobilin faralarının yaxın və ya uzaq işıqlarının yanılı vəziyyətdə idarə etməli olduğu halda, həmin qaydalara əməl etməyərək ön faraları nasaz vəziyyətdə Gəncə şəhəri, İsaq Cəfərov küçəsindən Dədə Qorqud küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “2.5 dayanmadan keçmək qadağandır” yol nişanının olmasını nəzərə alaraq idarə etdiyi “VAZ- 2106” markalı avtomobili yolayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda, həmin tələblərə riayət etməyərək idarə etdiyi avtomobili dayandırmadan İsaq Cəfərov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsinə daxil olmuş, sağ tərəfdən Dədə Qorqud küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ- 2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ- 2107” minik markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dalağın cırılması ilə müşahidə olunan qarının qapalı küt travması, sol dirsək, sol diz nahiyələrinin sıyrıqları sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin məhz 263-1.2 və 264-cü maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Digər tərəfdən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin İV bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə baxışında aydın olmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus avtomobil ilə toqquşduqdan sonra hadisə yerindən qaçması, zərərçəkmiş şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırmadan, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirmədən, hadisə barədə aidiyyəti qurumlara məlumat vermədən, o cümlədən tibbi yardım göstərilməsi məsələsini həll etmədən zərərçəkmiş şəxsi qəza baş vermiş yerdə köməksiz vəziyyətdə qoyaraq yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yəni, hadisənin “VAZ-2106” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilməsi həmin avtomobilin hadisə yerində qoyulması nəticəsində müəyyən edilmiş və həmin avtomobili idarə edən sürücünün Təqsirləndirilən şəxs olması isə sonradan müəyyən olunmuşdur. Bu hal isə özü-özlüyündə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerini tərk edib getməsini bir daha sübut edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 263-1.2 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, xəstəliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu normalarının tələblərinə və yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını və xəstəliyini nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsi zərurəti yoxdur və ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalıdır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2106” minik markalı, **-MO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və Gəncə şəhər BPİ-nin DYPŞ-nin duracağında saxlanılan “VAZ 2107” minik markalı, **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 (iyirmi üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2106” minik markalı, **-MO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və Gəncə şəhər BPİ-nin DYPŞ-nin duracağında saxlanılan “VAZ 2107” minik markalı, **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə sahibinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar