Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-65/2025 23.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, müdafiəçi -Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 21 avqust 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində hazırkı iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.496 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 07 may 2024-cü il tarixdə saat 20:00 radələrində Gəncə şəhər 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələr əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 256 ünvanında yerləşən Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılması zamanı əynində olan sarı rəngli cins şalvarın ön sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş, təmiz çəkisi 0.496 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən Mərkəzi Univermağın yaxınlığında olarkən tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmiş və onu şöbəyə aparmışlar. Orada Devran adlı polis əməkdaşı onun həbs olunacağını bildirib üzərində psixotrop maddə olan metamfetmaninin olması barədə ifadə verilməsini tələb etmiş, daha sonra isə ona fiziki zor tətbiq etmiş, həmçinin ona elektroşok cihazı ilə cəryan vermişdir. Psixotrop maddəni üzərinə götürməyəcəyi təqdirdə külli miqdarda psixotrop maddə ilə sənədləşdirəcəklərini bildirmişlər, məsuliyyətinin daha da ağır olmasından qorxaraq məcbur həmin psixotrop maddənin ona məxsus olmasına dair ifadə vermişdir. Eyni zamanda hadisə baş verən gün onu hazırkı iş üzrə şahid olan əməliyyatçılar- Şahid1 və Şahid2 deyil, İlyas adlı və başqa adını bimədiyi əməliyyatçı saxlamışdır. Odur ki, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilidir. 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektindəki Mərkəzi Univermağın yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri, BPİ-nin 1-ci PŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və Tofiq ona təqdim olunmuş Nofəl adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya, yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarın sağ ön cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə yaşadığı yerin yaxınlığından tapdığını bildirmişdir. Onun üzərindən aşakar edilmiş bükümün çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmişdir. Ağ rəngli kağıza bükülmüş kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 3 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli kağıza bükülmüş kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxsə saxlanılan zaman və ondan sonrakı dövrdə hər hansı fiziki və psixi təzyiq tətbiq edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsi həmin gün başqa polis əməkdaşları deyil, o və Şahid2 saxlayıb polis şöbəsinə aparmışlar. Şahid Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilən zaman təqsiləndirilən şəxs həmin görüntüdəki şəxsin özü olmasını qeyd etsə də, lakin məhkəmə iclasında psixotrop maddənin özünə məxsus olmadığını bildirmişdir. Həmin görüntüdən də görünür ki, Təqsirləndirilən şəxs həmin vasitəni könüllü şəkildə üzərindən çıxardaraq vəkilin iştirakı ilə təqdim edir. “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 08 may 2024-cü il tarixli 16/528 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 3 qram psixotrop vasitə metamfetaminə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,496 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (Metamfetaminin təmiz çəkisi- 0,496 qr, tədqiqata sərf edildi- 0,05 qr, qalıq- 0,446 qr). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4366 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 3273 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli blinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 04 gün müddət 10 ay azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilərək qəti olaraq 10 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, aparılan araşdırma nəticəsində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunması və psixi təsir göstərilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 29 iyun 2024-cü il tarixli 1139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,446 qram çəkidə psixotrop maddə olan metamfetamin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk sübut növü kimi tanımışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-451/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Bu baxımdan məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs bu dəlilləri ilə bağlı (ona polis əməkdaşları tərəfindən zor tətbiq olunması) Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunması və psixi təsir göstərilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmiş və sözügedən qərar mübahisələndirilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmə vaxtını mübahisləndirsə də, Gəncə Şəhəri BPİ-nə ünvanlanmış soruğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında ittiham aktında qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixdə saat 20:30-da gətirilmişdir. Eyni zamanda onun bu dəlilləri şahidlərin ifadələri, ekspertizanın rəyi, dindirmə protokolları və iş materialları ilə təkzib edildiyindən, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməməsi həmin dəlillərin yalnız özünümüdafiə xarakterli olmasını və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, o cümlədən yaxa qutarmaq məqsədi daşımasını göstərir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarekteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminin miqdarı nəzərə alınmaqla təqsirli bilindiyi cinayət əməlinə görə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndiriən şəxsin şəxsiyyətini, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024cü il tarixdən 09 may 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Onun başqa iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq hissəsi, yəni 0.446 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2 hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabından 550 (beş yüz əlli) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 23 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,446 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 550 (beş yüz əlli) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-65/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-65/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver