Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-66/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 2, mənzil 37-də qeydiyyatda olmaqla Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, mənzil 23də yaşamış barəsində həbs gətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 1.212 qram psixotrop maddə olan metamfetamini, 4.498 qram narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib eyni məqsəd ilə bükümlərə ayırıb üzərində saxlayaraq daşıyarkən Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 13:30-da Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Grand Qafqaz” Ticarət Mərkəzində saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarın ön sağ cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlayaraq daşıdığı 1 ədəd qara sellofan bükümdə olmaqla kustar üsulla hazırlanmış, təmiz çəkisi 1,212 qram olan psixotrop maddə metamfetamın, 1 ədəd bükümsüz və 1 ədəd gümüşü kağız bükümdə olmaqla xaşxaş bitkisindən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni, ayrı-ayrılıqda təmiz çəkiləri 1.919 qram, 2.579 qram, ümumi təmiz çəkisi 4.498 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə olan Üryəkdən və "patı" kimi tanınan psixotrop maddə metamfetamindən təxminən 6-7 aydır istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni “+90 *** *** ** **” saylı Whatsapp mobil nömrəsi olan, adını bilmədiyi və üzünü görmədiyi şəxsdən metamfetaminin 1 qramı üçün 30 manat, tiryəkin 1 qramı üçün isə 5 manat olmaqla pul müqabilində almışdır. Belə ki, həmin şəxsin bank kartına ödəniş etməklə onun Bakı şəhərində atdırdığı yerdən götürür və istifadə edirmiş. Təxminən bir həftə əvvəl Bakı şəhərinə gedib qeyd etdiyi şəxsin Bakı şəhəri, H.Aslanov ərazisində divarın yanına atdırdığı yerdən öz istifadəsi üçün pul müqabilində “patı” və narkotik vasitə olan tiryək alıb özündə saxlamışdır. Onların hərəsinin, üzərindən az miqdarda götürüb istifadə etmişdir. Qalan hissəsini isə üzərində saxlayırmış ki, nə vaxt lazım olsa istifadə edər. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Gəncə şəhərində "Təzə Bazar" deyilən yerdə olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitə əldə etməkdə, saxlamaqda, satmaqda və daşımaqda şübhəli olmağını bildirərək onu şaxlamış və özləri ilə xidməti avtomobilə əyləşdirib Regional Narkomaniya adlanan yerə aparmışlar. İnzibati binada onun üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Axtarışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan olunmuş başqa predmet varsa təqdim etməsi təklif edilmişdir. O da həmin vaxt əynində olan şalvarının sağ yan cibində saxladığı narkotik vasitə tiryəki və "patı" kimi tanınan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına tədim etmişdir. Həmin maddələr bir ədəd sellofan torbacıqda imiş. Həmin kütlələrə onun iştirakı ilə baxış keçirilmiş, sonra elektron tərəziyə qoyulub ayrı-ayrılıqda çəkilərək, müvafiq qaydada rəsmiləşdirilmiş və saxlanca qəbul olunmuşdur. Onun üzərində şəxsi axtarış zamanı özünün təqdim etdiklərindən başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Həmin narkotik vasitələr ona məxsusdur, şəxsi istifadəsi üçün əldə edib daşımışdır. Əməlindən peşmandır, məhkəmədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QRBŞ-nin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, DİO-da 2009-cu ildən, tutduğu vəzifədə isə 2021-ci ildən etibarən xidmət edir, polis kapitanı xüsusi rütbəsini daşıyır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, mənzil 23-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur, Həmin məlumatla bağlı tərəfindən müvafiq qərar qəbul edilməklə onun, eləcə də DİN-nin BNMİ-nin QBRŞ-nin operator polis nəfəri, polis baş serlantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirilməyə başlamışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhərində Təzə Bazar ticarət mərkəzində tərəflərindən saxlanılmış və özlərini Təqsirləndirilən şəxs təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, satmasında və üzərində gəzdirməkdə şübhəli olduğunu izah edib Təqsirləndirilən şəxs özləri ilə birlikdə BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, operator polis nələri Şahid2 və müdafiəçisinin iştirakı ilə axtarış keçirilmişdir. Axtarış zamanı Xəqan Abdullayev əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbacığı və sol yan cibindən isə bir ədəd Samsung markalı mobil telefonu çıxarıb otaqda olan stolun üzərinə qoyub təqdim edərək torbacığın içərisindəki bükümlərdə olan kütlələrin narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və tiryəkə bənzər iki ədəd kütlələrin çəkisi, ümumilikdə 4,59 qram, metamfetaminə bənzər kütlələrin olduğu bir ədəd bükümün çəkisi 1,88 qram olmuşdur. Həmin kütlələr müvafiq zərfin içərisində qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənərək onların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QRBŞ-nin operator polis nəfəri, polis baş serjantı Şahid2 da ifadəsində baş əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə əməliyyat qrupu yaradılmış və onun üzərinə şəxsi axtarış keçirilməsi, nəzarət qaydasında narkotik vasitənin alınması tədbirinin keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin aparılmasının görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə çıxış edən şəxs DİN-in BNMİnin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X3, görüntüdə olan digər şəxslər isə DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin idarənin operator polis nəfəri, polis baş seryantı Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs Nizamı oğlu və Müdafiəçidur. Videogörüntüdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın, o cümlədən narkotik vasitə və psixotrop maddənin olub-olmadığı soruşulur, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan torbacığı təqdim edərək həmin kütləni Bakı şəhərindən internet vasitəsilə tanımadığı şəxsdən əldə etdiyini, içərilərində tirtək və metamfetamin olmasını bildirir.Aşkar edilmiş 1 ədəd sellofan bükülünün içərisindəki gümüşü rəngli bükülülər kütlə ilə birlikdə elektron tərəzidə çəkilir və həmin kütlələrin gümüşü rəngli bükümlə birgə ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq metamfetaminə bənzər kütlənin çəkisi 1,88 qram, tiryəkə bənzər kütlələrin çəkisi isə ümümilikdə 4.58 qram, təşkil edir. Bundan başqa, şübhəli şəxs X. Abdullayev sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoyaraq təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzrərində şəxsi axlarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Bundan sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/683 nömrəli rəyinə əsasən, tədqiqata təqdim olunmuş, üzərində “X1 üzərindən aşkar olunmuş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen paketdə olan 1 ədəd kağız bükümdəki 1 ədəd qara sellofan bükümdə təmiz çəkisi 1.212 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs Nizamı oğlunun üzərindən aşkar olunmuş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen paketdə olan 1 ədəd bükümsüz və 1 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.919 qram, 2.579 qram, ümumi təmiz çəkisi 4.498 qram olan maddələr, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Əşyaya baxış keçirilməsi haqqında” 22 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A51” markalı mobil telefona baxış keçirilmiş, lakin mobil telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən başqa hansı yazı, zəng, video, şəkil və digər məlumat aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli, 1281 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən və psixotrop maddə metamfetamindən epizotik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, 120-30725-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini kimdən və hansı məqsədlə alması, satıb-satmaması, əvəzsiz veribverməməsi, əvvəlcədən kiminləsə sövdələşərək qanunsuz dövriyyəsi ilə məşğul olması faktlarını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin antenn dairələri barədə məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olmuşdur ki, orada 08 ədəd fayl var. Onlardan ilk ikisi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə və digər mobil nömrələrdən həmin mobil nömrəyə göndərilmiş mesaj mətnlərini özündə ehtiva edir. Birinci faylda olan mesai mətnlərindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:04 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Bu nə hərəkəti eləirsən bilirsən axşama ağriyagam özündə bilirsən” məzmunda və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 11:00 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Cox sagol mənim gardaşim sən özün bilirsən mən nə vəziyətəyəm” məzmunda mesaj mətnləri aşkar edilmişdir. CD diskdə əks etdirilmiş digər fayllarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. 24 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1.132 qram psixotrop maddə olan metamfetamin və 4.298 qram narkotik vasitə olan tiryəkin ekspertiza tətqiqatından sonra qalıq qalmış hissəsi, o cümlədən “Samsung A51” markalı mobil telefon Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş, içərisində X1 üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD disk, "xxxx" ASC-dən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 1.212 qram psixotrop maddə olan metamfetamini, 4.498 qram narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib eyni məqsəd ilə bükümlərə ayırıb üzərində saxlayaraq daşıyaraq saxlamışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitələri heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini, yəni narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə etməsini aşkar edilmiş narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması ilə əsaslandırmışdır. Halbuki, təqsirləndirilən şəxsin ifadələrindən məlum olur ki, o, həmin bükümləri özü hissələrə ayırmamış, ayrı-ayrı bükümlər şəklində almışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin digər şəxslərə yazdığı mesajları əks etdirən CD diskdəki “Bu nə hərəkəti eləirsən bilirsən axşama ağriyagam özündə bilirsən” və “Cox sagol mənim gardaşim sən özün bilirsən mən nə vəziyətəyəm” məzmunlu mesajlar onun narkotik vasitə və psixotrop maddələrin satışından çox istifadəsi ilə məşğul olması təəssüratı yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan metamfetamini və tiryəki satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini narkotik vasitə olan tiryəki əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı və növləri onun şəxsiyyəti mənfi xarakterizə edir. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 4(043)-153/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu 18 iyun 2022-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə qalma müddəti işin məhkəmədə baxılmasınadək uzadılmış, məhkəmə tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbiri iş üzrə yekun məhkəmə aktı çıxarılanadək qüvvədə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu gündən, yəni 18 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli, 1281 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1.132 qram psixotrop maddə olan metamfetamin və 4.298 qram narkotik vasitə olan tiryəkin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X1 üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD disk, "xxxx" ASC-dən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanmalı, “Samsung A51” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra həqiqi sahibinə qaytarılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 26 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 156 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, eskpertiza tədqiqatından sonra qalıq qalmış 1.212 qram psixotrop maddə olan metamfetamin və 4.298 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X1 üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 01 ədəd CD disk, "xxxx" ASC-dən təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlansın, Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd “Samsung A51” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 60.80 (altmış manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 156 (yüz əlli altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-66/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-66/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver