Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-66/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi - Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.661 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 14 nömrəli tam orta məktəbin arxa tərəfində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 1.661 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, baxış protokolu, maddi sübutlar, ekspertiza rəyləri, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə heç bir əlaqəsi olmamışdır. Belə ki, polis əməkdaşları tərəfindən tutulan gün ona polis əməkdaşları tərəfindən hədə qorxu və şiddət göstərilərək həmin psixotrop maddə üzərinə qoyulmuşdur. Tanımadığı polis əməkdaşları isə saxlanıldığı gün üzərinə videoçəklişlə baxış keçirməzdən əvvəl polis idarəsində ona təsir göstərmişlər. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq, psixotrop maddə qəbul etməsi və üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs Gəncə şəhəri, 14 nömrəli orta məktəbin yaxınlığında olmasını müəyyən edib, həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürərək, yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, barəsində qəbul edilmiş, təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə və psixotorp maddə saxlamasında şübhəli olduğunu bildirib, onu Gəncə şəhər baş polis idarəsinin 1-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin cibindən 01 ədəd kağızına bükülmüş büküm çıxarıb təqdim etmişdir. Şübhəli şəxs X1 təqdim etdiyi bükümə baxış zamanı bükümdə ilk görünüşdən psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs X2 üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 01 ədəd kağzı zərfin üzəri möhrü ilə möhürlənib, üzəri iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Onlar tərəfindən saxlanılan zaman X3 qarşı hər hansı formada qanunsuz bir hərəkət edilməmişdir. Məhkəmə baxışı zamanı Şahid2 oxşar ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır . “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalınmasından ötrü əməliyyat qurupunun yaradılması və Təqsirləndirilən şəxs müəyyən olunduğu təqdirdə onun üzərinə baxış keçirilməsi qərara alınmışdır . “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və video çəkilişə baxış keçirilməsi haqqında protokoldan görünür ki, vətəndaş X4 xx.xx.2023-cü il tarixdə, saat 14:00-da Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 14 nömrəli tam orta məktəbin arxa tərəfində 1-ci Polsi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə baxış zamanı üzərindən təmiz çəkisi 1,83 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək, materiala əlavə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barədə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs barədə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:15-də Gəncə şəhər BPİ-nin inzibati binasına gələrək könüllü təslim olmuşdur. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Gəncə şəhər Məhkəməsinin 1(125)-66/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi həmin tarixdə CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-57-1/2-8508/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2023-cü il tarixli 16/327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə..” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümdə təmiz çəkisi 1,661 qram maddə kustar üsulla hazırlanmış psxitrop maddə– metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixoloji ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “ŞƏXSİYYƏTİN ŞİZOİD POZUNTUSU” XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni hardan əldə etməsini, kiməsə psixtrop maddə satması, o cümlədən psxitrop maddələrin satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədilə işin istintaqını aparan müstəntiq tərəfindən əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs psxiotrop maddəni haradan əldə etməsi barədə müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 162 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə həmi dispanserə müraciət etmiş və ona “Şizotik şəxsiyyət pozuntusu” diaqnozu” qoyulmuş və o, dispanserdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2232 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinə əlavə olunmuş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2011 tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci M. 1 His. ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə islah işləri cəzasına daha sonra isə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən 08 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, xx.xx.2022-ci tarixdə cəza müddətinin sonu ilə cəzadan azad edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(044)-49/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub, götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,611 qram çəkidə psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınan videogörüntü iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Gəncə şəhər Prokurorluğundan daxil olmuş 07 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma ilə Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 1.661 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edildiyi müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sonradan özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pisxotrop maddə metamfetamindən, yəni “patı” kimi tanınan maddədən uzun müddətdir ki, istifadə edir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında 14 nömrəli orta məktəbin yaxınlığında yerdə gümüşü rəngli siqaret kağızında büküm görmüş və açıb baxdıqda həmin kütlənin “patı” kimi tanınan maddə olduğunu görmüşdür. O, onun istifadəçisi olduğu üçün özü istifadə etmək üçün həmin maddəni götürmüş, elə həmin gün və ertəsi gün azaz həmin maddədən gizlincə istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Gəncə şəhər 14 nömrəli orta məktəbin yaxınlığında olanda mülki geyimli şəxslər onu saxlamış və özlərini polis əməkdaşları kimi təqdim edərək ona üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu özləri ilə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə aparmışlar. Orada ona müdafiəçi dəvət olunmuş, hüquqları izah edilmişdir. Bundan sonra üzərində videoçəkilişlə və müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ondan həmin psixotrop maddə, yəni “patı” aşkar edilmiş və elektron tərəziyə qoyularaq, çəkilmişdir. Həmin kütlənin ümumi çəkisi 1,83 qram təşkil etmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq, qablaşdırılmış, möhürlənmiş və zərfin üzərində qeydlər aparılaraq, iştirakçılar tərəfindən imzalanmışdır. O, ifadəsində həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını və heç kəsə satmadığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Həmçinin onu saxlayan polis əməkdaşları tərəfindən heç bir zorakılıqla rastlaşmadığını qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Gəncə şəhər Prokurorluğundan daxil olmuş 07 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2023-ci il tarixədək qüvvədə olan 234-cü maddəsinin 1-ci hissəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanununun 1.3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əvvəlki redaksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğu halda, qanunvericilikdə edilmiş dəyişiklikdən sonra həmin maddənin dispozisiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə anlayışını ehtiva etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 1,661 qram miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində daşıyaraq, saxlamış və polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin psixotrop maddə olan metamfetamin üzərindən aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs “ŞƏXSİYYƏTİN ŞİZOİD POZUNTUSU” XBT-10 xəstəliyindən əziyyət cəkməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işinə əlavə olunmuş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-cü maddəsi ilə 08 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, xx.xx.2022-ci tarixdə cəza müddətinin sonu ilə cəzadan azad edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(044)-49/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məclləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər cəzasını çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(044)- 49/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və o, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(044)-49/2022 saylı hökmü ilə təyin edilmiş cəzasını çəkib qurtardığı gündən 2 (iki) il keçmədən yəni xx.xx.2023-cü il tarixdə yenidən hazırki cinayət əməlini törətmişdir. Həmin cinayət isə az ağır cinayət hesab olunur. Həmin cinayəti törtədiyi vaxtdan iki il keçmədiyinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Odur ki, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2024-cü il taixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 1,611 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X5 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 22 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 132 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,611 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.FT Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - "Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-66/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-66/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver