Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-67/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 2002-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 18, mənzil 7-də müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ictimai yer olan Gəncə şəhəri, Bayraq Meydanı parkı adlanan yerdə kafenin qarşısında bir yerdə işlədiyi Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək yumruqla qəsdən Zərərçəkmiş şəxs sol göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən iki-üç gün, Ramin adlı şəxsi isə uzun müddətdir ki tanımışdır. Eltun və o, Gəncə şəhəri Bayraq Meydanı parkı adlanan yerdə Raminin kafesində işləmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Ramin Eltunu kofe alması üçün mağazaya göndərmiş, o isə kofe əvəzinə ketçup aldığı üçün Ramin ona əsəbləşərək ketçupu yerə tökmüşdür. O, kafenin mətbəxində olan zaman Eltun ketçupu təmizləmək üçün ondan su qabı istəmişdir. O, Eltuna qabı gec verdiyi üçün aralarında mübahisə başlamış və zarafatçasına Eltunun sol göz nahiyəsindən yumruq zərbəsi vuraraq yerə yıxmışdır. Aralarında mübahisə yaranan zaman onlar kafedə olmamışlar, sadəcə mətbəxdən kafenin qarşısına çıxmışlar. Hadisəni Eltunun dostu Qismət görmüşdür. Kafenin qarşısında onlar dalaşarkən ətrafda kənar şəxslər olmamışdır. Daha sonra Qismət bu barədə kafenin sahibi Raminə demiş, Ramin də həmin yerə gələrək Eltunu vurduğu üçün onu danlamış, sonra X5 taksi ilə evlərinə yola salmışdır. İfadəsinin sonunda isə o, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını əsas gətirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu Eldar Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdidir. Ramin və Elman adlı şəxsləri iki gündür tanımışdır. Ramin Gəncə şəhəri Bayraq Meydanı parkı adlanan yerdə kafe işlətmişdir. Maddi imkanı zəif olduğu üçün vaxtı olan zaman Raminin işlətdiyi kafeyə gedərək kafenin işlərində köməklik etmişdir. Elmanı Raminin vasitəsilə tanımışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Ramin onu kofe almağa göndərmiş və o, fikirli olduğu üçün kofe əvəzinə ketçup almışdır. Ramin isə ketçupu görüb əsəbləşərək həmin ketçupu yerə vurub dağıtmış və ondan həmin ketçupu təmizləməyini istəmişdir. O, ketçupu təmizləmək üçün su götürmək istəmişdir. Həmin vaxt Elman mətbəxdə olmuş və qabı nə üçün istədiyini soruşmuşdur. O, əvvəlcə demək istəməsə də, sonradan nə üçün istədiyini demiş, Elman isə qabı gec verdiyi üçün əsəbləşmiş və onunla kobud danışmışdır. Aralarında mübahisə yaranmış, onlar mətbəxdən kafenin qarşısına çıxmışdırlar. Bir qədər sonra mübahisə böyümüş və Elman üzərinə gələrək yumruq zərbəsi ilə sol gözünün alt hissəsindən vurub ona xəsarət yetirmişdir. O, yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Bir qədər sonra Elmanın tanışı Ramin ora gələrək Elmanı danlamışdır. Hadisə vaxtı ətraflar kənar şəxslər olmamışdır. Dostu Qismət isə sonradan gəlmişdir. Daha sonra Ramin ona 10 (on) manat verib onu və dostu Qisməti taksi ilə yola salmışdır. Evə gəldikdən sonra baş vermiş hadisədən atası xəbər tutmuş və onu Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmışdır. Orada ona ilkin tibbi-yardım göstərilərkən polis əməkdaşları xəstəxanaya gəlib müvafiq sənədləşmə aparmışdırlar. O, ifadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Gəncə şəhəri bayraq meydanı parkında icarəyə kafe işlətdiyini, Eltun və Elman adlı şəxslər hərdən kafeyə gələrək kafenin işlərinə köməklik etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Eltun kafedə olan zaman onu kofe almağa göndərmiş, Eltun isə kofe əvəzinə ketçup almışdır. O, da həmin vaxt əsəbləşərək ketçupu işlədiyi kafenin yanına tökmüş və çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Eltunun dostu X6 vurduğunu demiş, o, isə həmin yerə gedərək Elmanı danlamış, sonra Eltun və Qisməti evlərinə yola salmışdır. O, hadisəni görməmiş, bu barədə ona Qismət məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində övladı Zərərçəkmiş şəxs gözündən xəsarət almış halda yaşadıqları evə gəlmişdir. O, oğlundan nə baş verdiyini soruşan zaman Eltun tanıdığı Elman adlı şəxs ilə aralarında yaranmış mübahisə zamanı baş verdiyini bildirmişdir. Sonra o, övladını Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmış, orada ilkin tibbi yardım göstərilərkən polis əməkdaşları xəstəxanaya gəlib müvafiq sənədləşməni aparmışdırlar. Hadisə Gəncə şəhəri Bayraq meydanında yerləşən Ramin adlı şəxsin işlətdiyi kafenin önündə baş vermiş, hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxsla zarafatlaşması olmuşdur. İfadəsinin sonunda o, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını bildirmişdir. İş materiallarından aydın olur ki, (iş.vər.12) təhqiqat zamanı o, izahatında oğlu Eltunu Ramin adlı şəxsin yumruqla göz nahiyyəsindən vurması barədə izahat vermişdir. Məhkəmə iclasında isə başqa cür ifadə verməsinin səbəbini həmin vaxt içkili olması ilə əlaqələndirmiş və səhvən oğlunu vuran şəxsin adını Ramin olmasını bildirmişdir. Lakin istintaq zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ilkin izahatı və sonrakı ifadələri arasında verdiyi ziddiyyətli məqamlar aydınlaşdırılmamış və ilk dəfə izahat verən zaman onun sərxoş olub olmaması ilə bağlı sərxoşluq müayinə aktı iş materiallarına əlavə edilməmişdir. Qeyd olunmalıdır ki, ittiham aktı üzrə hadisənin yeganə şahidi Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bununla bağlı şahidin və onun qanuni nümayəndəsinin məcburi gətirilməsi haqqında məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, lakin qərar icra olunmamışdır. Qərarın icrası barədə Samux rayon Polis Şöbəsinə və Göygöl rayon Polis Şöbəsinə dəfələrlə (xx.xx.2023cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə) xatırlatma məktubları göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında şahid Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur və X7 parkında Ramin adlı şəxsin kafesində işləmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Gəncə şəhəri, Bayraq Meydanı parkı adlanan yerdə Elman yumruqla Eltunu vurmuşdur. Həmin vaxt Eltun yerə yıxılmış, o isə hadisə barədə Raminə məlumat vermişdir. Ramin isə hadisə yerinə gələrək Eltunu vurduğu üçün Elmanı danlamış, sonra onları taksı ilə evlərinə yola salmışdır. (iş.vər 55-56) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında HK-1/562 saylı məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılmışdır (iş. vər 3); - 4-cü PB-nin 16 iyul 2023-cü il tarixli HK-2/1146 raportundan görünür ki, 16 iyul 2023-cü il tarixdə saat 01:50-də Zərərçəkmiş şəxs gözünün altının gematomiyası xəsarəti ilə bağlı Gəncə şəhəri 3 saylı xəstəxanaya müraciət etmişdir (iş. vər. 9); - hadisə yerinə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Bayraq Meydanı adlanan yerdə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, Təqsirləndirilən şəxs hadisənin təfərrüatlarını yerində göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (iş.vər. 19-21); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixonevroloji Dispanseri”-in 29 iyul 2023-cü il tarixli, 4799 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur ((iş. vər 25); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Narkoloji Dispanseri”-in 02 avqust 2023-cü il tarixli, 4969 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur ((iş. vər. 26); - Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat və şikayət daxil olmamışdır (iş vər 28); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 avqust 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər 29); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 25 iyul 2023-cü il tarixli 1091 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyın edilmiş xəsarətlər – sol göz nahiyyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sol gözün ağlı qışası qansızma – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 15 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (iş vər. 31-32); - zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır iş vər. 34); - cinayət işinin icraata qəbul edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, CM-nin 221.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (iş vər 95); - cinayət işi üzrə icraatın dayandırılması haqqında 20 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilən şəxs müəyyən edilmədiyindən dayandırılmışdır (iş vər 118); - cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilərərk ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (iş.vər. 121,128); - qətimkan tədbirinin seçilməsi barədə 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (iş.vər. 148); - sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (iş.vər. 170-175); -xx.xx.2023-cü il tarixli 450/23 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixiatriya xəstəxanasının arayışından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müayinədə olmuş və Təqsirləndirilən şəxs “Nevrosteniya” diaqnozu qoyulmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ictimai yer olan Gəncə şəhəri, Bayraq Meydanı parkı adlanan yerdə kafenin qarşısında bir yerdə işlədiyi Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək yumruqla qəsdən Zərərçəkmiş şəxs sol göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gözün ağlı qışasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquq pozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hadisədən əvvəl bir-birlərini tanımış və bir müddət münasibətləri olmuşdur. Onların arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlərindən irəli gəlmiş, Təqsirləndirilən şəxs su qabını gec verməsinə görə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, daha sonra o, zərərçəkmiş şəxsi vuraraq ona yüngül xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictimai yer olan Gəncə şəhəri, Bayraq Meydanı parkı adlanan yerdə kafenin qarşısında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Hadisə kafenin qarşısında baş versədə, hadisə qısa vaxtda olduğundan ətrafdakı insanlar fikir verməmiş və ya onların diqqətini cəlb etmədiyindan yaxınlaşan olmamışdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Şahid2 Elbrus oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Hazırki cinayət hadisəsinin xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Bayraq Meydanı parkı adlanan yerdə kafenin qarşısında baş verməsi, hadisə yerində heç kimin olmaması iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, şəxsi münasibətlər zəminində yaranan, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, mübahisə və ya dava-dalaş gedişində sağlamlığa yüngül zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasına dair münasibətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs islah olunması üçün CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilər. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə 23 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 138 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin 300 (üç yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 138 (yüz otuz səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-67/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-67/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver