Məhkəmə qərarları › İş №1(125)-69/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-69/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-69/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında yəni, təmiz çəkisi 0,052 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,178 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Dost Qapısı” restoranının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,052 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,178 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 5 aydan artıqdır ki, narkotik vasitə olan metamfetamini siqaret falqasına dolduraraq qəbul edir. 3-4 gün bundan əvvəl gündüz saatlarında yaşadığı ünvan 4 ünvanın qarşısında gəzərkən yerdən bir ədəd gümüşü rəngli kağız büküm və 1 ədəd göy rəngli kağız büküm diqqətini cəlb etmiş, həmin bükümləri götürüb oradan uzaqlaşmışdır.Sonra o, binanın kənarında həmin bükümlərə baxan zaman 1 ədəd gümüşü rəngli kağız bükümün içərisindən narkotik vasitə olan “kakos” kimi tanıdığı heroini görmüş, digər göy rəngli kağız bükümə baxan zaman içərisində “şüşə” kimi tandığı psixotrop maddə metamfetamin olduğunu görmüş, narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitə heroin və psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır.27 aprel 2022-ci il tarixdə saat 04 radələrində mağazadan yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayona gələn zaman Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində “Dost Qapısı” adlanan restoranın yaxınlığında bir nəfər mülki geyimli və bir nəfər polis formasında olan şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Həmin vaxt yaşadığı ünvan 5 qabağından tapdığı narkotik vasitə “kakos” kimi tandığı heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin onun üzərində olmuşdur. Polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gedəcəyini bildirmişlər, o, da heç bir etiraz etməmiş, sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasınına aparmışlar. İdarənin inzibati binasında xidməti iş otağında hüquqları izah olunmuş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olunmuşdur. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, daha sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyini bildirmişlər. O, üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən saxladığı 1 ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitə-heroini və 1 ədəd göy rəngli bükümdə olan psixotrop maddə-metamfeamini təqdim etmişdir. Sonra üzərinə axtarış keçirilsə də, qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd gümüşü rəngli bükümün içərisindən narkotik vasitə heroin və 1 ədəd göy rəngli bükümün içərisindən isə psixtrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra o, həmin 2 ədəd bükümləri 3-4 gün bundan əvvəl yaşadığı ünvan 5 ünvanının qarşısından tapdığını və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin narkotik vasitəni istifadə etməkdən ötrü üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli bükümün içərisində olan narkotik vasitə olan heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və çəkisi həmin büküm ilə birlikdə 0,11 qram olmuş, əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmışdır.Daha sonra 1 ədəd göy rəngli bükümün içərisində olan psixotrop maddə-metamfetamin müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və həmin büküm ilə birlikdə 0,48 qram olmuşdur.Hər iki büküm qablaşdırılmış, möhürlənərək üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra sorğu sual zamanı o, həmin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən heçkəsə vermədiyini və satmadığını, başqa yerlərdə narkotik vasitə və yaxud psixotrop maddə gizlətmədiyini, üzərindən aşkar edilmiş narkaotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin üzərində gəzdirməyindən ondan başqa heç kimin bilmədiyini və bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, “patı” deyəndə psixotrop maddə metamfetamini, “kola” deyəndə narkotik vasitə heroini, “tiri” deyəndə tramodolu, “tema” deyəndə isə narkotik vasitələr və psixotrop maddələri nəzərdə tutduğunı demişdir. O, telefonuna mesaj yazmış şəxslərdən nə narkotik vasitə almış, nə də həmin şəxslərə narkotik vasitə satmışdır. Həmin nömrələrin sahiblərini, üzərindən xeyli vaxt keçdiyinə görə xatırlamır, harada yaşaması, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Sonda o, əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu, özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqdirli bildiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Gəncə BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 04 radələrində onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Dost Qapısı” restoranının yaxınlığında olmasını müəyyən edərək saxlamışlar.Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək onu Gəncə şəhər BPİ-nin inizbati binasına dəvət etmişlər.Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli, bir ədəd üzəri ağ və göy rəngli olan kağız bükümlərini təqdim etmişdir. İlk olaraq gümüşü rəngli kağız bükümə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş,daha sonra üzəri ağ və göy rəngli olan kağız bükümə baxış keçirilmiş, həmin bükümün içərisindən kristal şəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələri yaşadığı binanın yanında yerdən tapdığını, həmin kütlələri tanıdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını, həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirsələr də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngdə kağız bükümdə olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,11 qram olmuş, digər 1 ədəd ağ və göy rəngli kağız bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə çəkisi 0,48 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində narkotik vasitə və psixotrop maddə olan kütlələr kağız bükümlər ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Onlara Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində digər şahid X4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində ticarətlə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzun müddətir ki, tanıyır, onlarla eyni istiqmətdə, yəni Gəncə şəhəri, 4-cü mikrorayonda yaşayır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin nömrəni 2018-ci ildən istifadə edir. Cəlil dostudu, həmin vaxt Cəlil ona görüşmək üçün zəng etmiş, zəngə cavab vermədiyinə görə Rəhim ona bu məzmunda mesaj yazmışdır, digər mesaj mətnlərini isə Rəhimin nə üçün yazdığını xatırlamır. Eyni istiqamətdə yaşadıqlarına görə bu barədə eşitmiş, Rəhimlə sadəcə bir tanış kimi münasibəti olmuş, başqa hər hansı bir münasibəti, alış-verişi olmamışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə istifadə etmək, satmaq və ya digər qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir təklif etməmişdir. Rəhim ilə bu barədə hər hansı bir münasibəti olmamışdır. Özü isə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmamış və belə bir şeylərdən uzağ olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində ustalıq edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzun müddətir yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayondan tanıyır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin nömrəni 3 ildən artıq müddətdir ki, istifadə etmiş, lakin hal-hazırda istifadə etmir. Həmin vaxt yaşadığı evdə su matoru yararsız hala düşdüyünə görə su matoru axtarmış, tanışı Cəlil Rəhimin işlənmiş su matoru satdığını bildirmiş, o, da buna görə Rəhimə bu məzmunda mesaj yazmışdır. Daha sonra Rəhim ona cavab vermədiyinə görə mağazadan su matoru almışdır. Rəhimlə sadəcə bir tanış kimi münasibəti olmuş, başqa hər hansı bir münasibəti, alış-verişi olmamışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə istifadə etmək, satmaq və ya digər qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir təklif etməmişdir. Rəhim ilə bu barədə hər hansı bir münasibəti olmamış,özü isə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş diskə yazılmış video görüntülərdən məlum olur ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X2, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid4, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışkeçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyi, müdafiəçisi Müdafiəçi1 ilə konfidensial ünsiyyətin saxladığı və narazılığının olmaması bildirilmişdir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli və bir ədəd üzəri ağ və göy rəngli olan kağız bükümlərini təqdim etmişdir. İlk olaraq gümüşü rəngli kağız bükümə baxış keçirilmiş və həmin büküm açılaraq içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra üzəri ağ və göy rəngli olan kağız bükümə baxış keçirilmiş, həmin büküm açılaraq içərisindən kristal şəkilli ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələri yaşadığı binanın yanından yerdən tapdığını, həmin kütlələri tanıdığını, əvvəllər narkotik vasitə istifadəçi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngdə kağız bükümdə olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,11 qram olması, digər 1 ədəd ağ və göy rəngli kağız bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə çəkisi 0,48 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Müdafiəçi1 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2022-ci il tarixli 16/484 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,052 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin kağız paketdəki 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,178 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Heroin təmiz çəkisi-0,052 qr., tədqiqata sərf edildi-0,02 qr., qalıq-0,032 qr.. Metamfetamin təmiz çəkisi-0,178 qr., tədqiqata sərf edildi-0,02 qr., qalıq-0,158 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli 936 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan"xxxx" MMC-dən daxil olmuş 1 ədəd “BKC/LGL-11601/2022” yazıları olan 1 ədəd CD diskə baxış keçirilmiş, həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs məxsus “**********” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:14:25-də “**********” saylı mobil nömrəyə “Eee bu nağarmaxdı gıj*****x camat pulunu gozduyur” məzmununda, eyni qaydada xx.xx.2022ci il tarixdə saat 18:46:52-də “**********” saylı mobil nömrəyə “ E kubi yeke oglansan en pulunun dakinca geldiyin kimi camatda pulun dalınca gelif os****x saa andiwdiyim kimi camatda andicmiwem ma bir saat dedin 4”, məzmununda, “saat keçiff usdunen camatda meni diriyif pulunu isdiyir pumusda oraynanda daniwmisam meni herterefli p**xa salifsan bu nagarmaxdi kubuu sagolundu elemi” məzmununda, eyni qaydada xx.xx.2022-ci il tarixdə saat 13:33:35-də “**********” saylı mobil nömrəyə “ Adam qe**e olmaz eee c***x dunenen saa gore men agrida qalmiwam os*****x bu nagarmaxdee os*****x agriyiram.Olemm saa dunen demedimki tirimi ver ” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 13:33:38-də “***-***-**-**” saylı mobil nömrəyə “ er men hewneyim yoxdu olemm eye winir bilet telfonu acan kimi yig meni olem agriyiram se oll tiri verr maa” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 23:40:19-da “***-***-**-**” saylı mobil nömrəyə “Ay kubi telfonu gotur bi gor ne deyrem dana yetimm zaryatqam azi ay qaqa men oraynan daniwmiwam bununn qonagi geliff tiri axdarirlar mada zeng vurdu dedi ” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 23:40:22-də “***-***-**-**” saylı mobil nömrəyə “ tok qaqa men buna bir kaset tiri aparajam hem tirinin pulunu verejey qaqa hemde yarı patı, yarı kola verejey nisyə elden cixmamiw cavap verdana ma ata” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 23:47:36-da “***-***-**-**” saylı mobil nömrəyə “Ay cindir balan cana and verdim meni agrida qoyma heç olmasa” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 09:51:18-dən 09:51:41-dək olan vaxt ərzində “***-***-**-**” saylı mobil nömrəyə “yetim agali bilmirem sa qarwi ne pisdiyimiz oluf yaxwilixdan bawqa bele telefonlarada cavap vermirsen itok senen hewne isdemirem itok ogun ibiwe deyrem telfonunu amite ver ewidirem ey sesinide telfonunu goturmusen ozun bilersen deyejimdiyimki ehtiyatli oll teretoriyaya gizdin kameralar qoyuflar cekir kameralarin yerini deyejeydimki ozuncun bill biride kamerani yocigilin blokununda birinci mertebede eve qoyuflar rusdarin evine opwu dowuyufler kameradan mikrorayona yani ehtiyatli oll deyejeydim itok yene ozun bilersen ama men bele sa qardawlixdan bawqa bir pisdiyim kecmiyif itok niye bele eliyisen bilmirem ele bizdende yaxwinin qan qargiwini s***m wukur allaha qeh*****miz yox ograwdigimiz yoxxx yenede qadana alaram canin sagolsun” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 16:41:31-də “***-***-**-**” saylı mobil nömrəyə “balamin cani narat olma atam senoll o temalari budan goturmemiw gelen deylem evlerinde otumuwam elece deyirler qaqam yo gelirler narat olma sadece pirablem oduki vaxd sobeti varr deyirler infiso sebrli olun deyirler ozumuz neter lazimdi yola salajiyix” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 16:52:59-da “***-***-**-**” saylı mobil nömrəyə “qaqa yaaxwi telesme buda yiyif qaydajam pati gotumuwem” iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 04:34:04-dən saat 04:34:08-dək olan vaxt ərzində “***-***-**-**” saylı mobil nömrədən “ Bu nagarmaxdı axı ay rehim seni gözdemiremmi nece saatdi hec olmasa o icini s*****m telefonunu aç bir kelme soz denendana zaryatqan yoxdu heç olmasa birinen al bir kelme denen gelirem ya sabah gelejem gozdeme mende iwimi bilim canim agriyir dedin gedif tez qayidiram mende sa umutdu oldum indide yoxsan” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 16:33:45-də “***- ***-**-**” saylı mobil nömrədən “dunenen gozduyurem atam agriyiram ne pulum var nede tema axrinci qepiyine kimi sa verdim ikimizin cani indide elim catmir hecara ne sohbetdeki kimse yanib” məzmununda xx.xx.2022-ci il tarixdə saat 16:49:20-də “***-***-**-**” saylı mobil nömrədən “BE BEYAX DEYİSEN KOLANİ GOTUMUWEM KOLA MENDE DAW QALİB ONUDA GETİRİLLER 20 DEYQİYA İNDİDE DEYİSEN BELE BİDENE QİRAGA KEÇ BİR KELME DANİSAQ UREYİM PARTDİYİR SENOL” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 11:11:40-dan saat 11:11:43-dək olan vaxt ərzində “***-***-**-**” saylı mobil nömrədən “neter gelib ma son qepiyime kimi sa verdim be ma oboyda and icdin balanin canina utanmısanmı men sa bele olmamıwam varyoxuna nehlet indi bir qepiyim yoxdu mamin cani ozumde ollem agridan geti pulu ver nomrenide koda qoyubsan yaxwi ne vaxta kimi qacassan uz uze gelmiyesen menen he, onu fikirlewmisen” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 22:45:24-də ***-***-**-** saylı mobil nömrədən “Denen ay celil uje 1 aydi buqederde olmazdana ALLAHA and olsun elinnen 200 manat” məzmununda, ver ozun agrida qal kimese mohtac ol cira cindira agiz acirame senol” iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə digər mobil nömrələrdən də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir.“X1” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında, o cümlədən Şahid2 istifadəsində olan “***-***- **-**” saylı, Şahid1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**- **” saylı mobil nömrələr X9-2/"Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, Gəncə şəhəri, 4-cü mikrorayon, 15 saylı binanın qarşısında, Şəddadilər küçəsi, Gəncə şəhəri X10 prospektində müxtəlif anten dairələrində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X5 adlı 1 azyaşlı uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4155 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 3047 nömrəli arayışlarından məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin iki müxtəlif növ maddəni, psixotrop maddə - metamfetamini və narkotik vasitə - heroini əldə etdikdən sonra 3-4 gün ərzində 02 ədəd ayrı-ayrı bükümlər şəkilində üzərində saxlaması, istifadə etməməsi, həmçinin mobil nömrəsindən göndərilən və daxil olan mesajların məzmunu həmin psixotrop maddənin və narkotik vasitənin onun özü tərəfindən bükümlərə ayrıldığını və satmaq niyyəti ilə üzərində saxladığını göstərir. Çünki satış niyyəti olmadığı halda təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə-metamfetamini və narkotik vasitə - heroini hər hansı bir yerdə gizlədib şəxsi istifadəsi üçün bir büküm üzərində saxlaya bilərdi, lakin o, həmin psixotrop maddə-metamfetamini və narkotik vasitə - heroini 02 ədəd ayrı-ayrı büküm şəkilində daim üzərində daşımışdır. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı 3-4 gün ərzində 02 ədəd ayrı-ayrı bükümlər şəkilində metamfetamini və heroini üzərində saxlamasıilə bağlı hər hansı ağlabatan və inindırıcı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlilləri özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verildiyindən, həqiqətə və işin faktiki hallarına uyğun olmadığından onları yalan və inandırıcı olmayan məlumatlar kimi qiymətləndirir və həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan sübutlarla tam inkar olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq 0,178 qram psixotrop maddə olan metamfetamini və 0,052 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cinayət məsuliyyətini aradan qaldıran hallar, habelə cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanuna uyğundur. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinə uyğun olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Təqsirləndirilən şəxs 27-28 aprel 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,158 qram təşkil edən psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,032 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 1 ədəd DVD disk və "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-nin saxlanc yerində saxlanılan 0,032 qram narkotik vasitə - heroin və 0,158 qram çəkidə psixotrop maddə – metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar