Məhkəmə qərarları › İş №1(125)-7/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-7/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-7/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, R.Qasımov küçəsi ev 70A, mənzil 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında günü istintaqa məlum olmayan tarixdə tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs təqaüdünü bərpa etdirəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Maxi” marketdə olan Milli ön elektron ödəmə sistemi vasitəsilə 1300 manat, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Maxi” marketdə olan Milli ön elektron ödəmə sistemi vasitəsilə 600 manat, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında olan X4 binasında yerləşən “Bravo” marketdə olan eManat vasitəsilə 1000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında olan X4 binasında yerləşən “Bravo” marketdə olan eManat vasitəsilə 3000 manat məbləğində pul vəsaitlərini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5900 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə –zərərçəkmiş və şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti və digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, 2007-ci ildən 2016-cı ilə qədər “Ağciyər xəstəlikəri İnstitunda” rentgen həkimi, 2016-cı ildən 2021-ci ilə qədər isə Xüsusiləşdirilmiş ankoloji mərkəzdə rentgen həkimi vəzifələrində işləmişdir. 2015-ci ildə Bakı şəhərində Araz adlı şəxsin evində kirayədə yaşamış və Arazın vasitəsilə tanıdığı Mikayıl adlı şəxs 2022-ci ilin yanvar ayında Bakı şəhərində onunla görüşmüş və Mikayıl ona əmisi oğlu Zeynalın təqaüdünün kəsildiyini və bərpa etdirməyə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o da Mikayıla müəyyən məbləğ qarşılığında bərpa etdirə biləcəyini demiş və Mikayılın gətirdiyi Zeynala məxsus xəstəlik sənədlərini götürmüşdür. 2022-ci ilin fevral ayında o Mikayılın vasitəsi ilə Zeynalla telefola danışmış və Zeynala təqüdünü bərpa etməyə 6000 manat pul lazım olduğunu demişdir. Zeynal isə ona bir neçə gün sonra 6000 manatı göndərəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Mikayıl ona zəng edib Zeynalla birlikdə olduğunu, Zeynal pulun yarsını düzəltdiyini və göndərmək istədiyi demiş, bundan sonra o istifadə etdiyi kartın nömrəsini Mikayıla göndərmiş və həmin gün Zeynal ona 2900 manat pul göndərmiş və qalan pulu bankdan kredit götürüb bir neçə günə göndərcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Mikayıl yenə ona zəng etmiş Zeynalın qalan məbləği hazır etdiyini və həmin karta göndərəcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə Zeynal ona 3000 manat pul göndərmiş bundan sonra o Zeynal ilə telefon vasitəsi ilə danışmış və Zeynala işin 3-6 ay müddətində düzələcəyini demiş, Zeynalda onunla razılaşmışdır. Lakin o Zeynalın təqaüdünü bərpa etdirmədiyi üçün Zeynal ondan pulu geri istəmişdir. Zeynal pulunu istəyən vaxt o pulu öz tələbatına xərcləmiş və Mikayıl ilə Zeynala pulu düzəldib verəcəyini demişdir. Lakin o, maddi imkansızlıqdan Zeynalın pulunu düzəldib qaytarmamışdır. O, Zərərçəkmiş şəxs Mikayılın vasitəsi ilə qiyabi tanımış Zərərçəkmiş şəxs heç vaxt üzdən görməmiş və Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs pulu aldıqdan sonra Zərərçəkmiş şəxs təqüdünün bərpa edilməsi üçün hər hansı iş görməmiş, Zərərçəkmiş şəxs 5900 manat pul aldıqdan sonra həmin puldan Mikayıla heç bir pul verməmiş pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, Zərərçəkmiş şəxs aldığı 5900 manat məbləğində pulu aldatma yolu ilə əldə edəcəyi barədə heç kimə o cümlədən Şahid məlumat verməmişdir. Corona olduğuna görə vaxt uzanmış, pensiyanı düzlədə bilməmişdir. Zərərçəkmiş şəxs də pulunu geri istədiyinə görə artıq işi düzəldə bilməmişdir. Həmin puldan 1900 manat pulu zərərçəkmiş şəxsə qaytarmışdır. Tutulduğuna görə pulu tam ödəyə bilməmişdir. Hal-hazırda pulu ödəmək imkanı yoxdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsində iştirak etmiş və birinci Qarabağ müharibəsi əlilidir. 2021-ci ilin iyun ayında onun əlililiyinə görə aldğı pensiya dayandırılmışdır. 2021-ci ilin dekabr ayında birinci Qarabağ müharibəsinin əlili Şahidnan görüşmüşdür. O, Mikayıl ilə görüşən zaman Mikayıla bu barədə demişdir. Bundan sonra Mikayıl ona Bakı şəhərində Nicat adlı bir həkim olduğunu, həmin şəxsin təqaüdünü düzəldə biləcəyini demişdir. O Mikayıl ilə razılaşmış və 2022-ci ilin yanvar ayında əlilliyinə görə həkim sənədlərini Mikayıla vermişdir ki, Bakı şəhərinə gedən zaman həmin sənədləri Nicat həkimə göstərsin. Təxminən 2 gündən sonra Mikayıl Bakı şəhərindən qayıdıb gəlmişdir. Bundan sonra Mikayıl ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermiş və o, ***-***-**-** nömrə ilə Nicatla danışmış və Nicat ona təqaüdünün düzəlməsi üçün 6000 manat pul lazım olduğunu bildirmiş, o da Nicatla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Maxi” marketdə olan “Milliön” aparatı vasitəsilə ilk öncə 1300 manat və 600 manat pulu Nicat dediyi kart nömrəsinə vurmuş, sonra həmin aparatda problem olduğunu üçün eyni gün Gəncə dəmir yol vağzalında yerləşən Bravo marketdə olan “Emanat” terminalından Nicatın kartına 1000 manat pul göndərmişdir. O Nicat həkimə 2900 manat pulu göndərdikdən sonra Nicat onunla əlaqə saxlayaraq qalan puluda göndərmiyini və qısa zaman təqaüdünün bərpa olunacağını demişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə o, yenə Gəncə dəmir yol vağzalında yerləşən Bravo marketdə olan “E-manat” terminalından Nicatın kartına 3000 manat pul göndərmişdir. Bundan sonra o dəfələrlə Nicat ilə əlaqə saxlamış və Nicat ona yalan vədlər verərək onu aldatmışdır. Ona görə o, da Nicatdan polis orqanına şikayət etmişdir. Mikayıl demişdir ki, sistemdə boşluq var Nicat adlı şəxs sənin pensiyanı bərpa etdirə bilər, lakin bunun üçün 6.000 manat pul istəyir. Ona dəymiş ziyandan cəmi 1900 manat ödənilmişdir. O Təqsirləndirilən şəxs tutulmasını istəmir. Sadəcə ondan aldığı pulların tam şəkildə ödənilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsində iştirak etmiş və 2-ci qrup əlilliyi vardır. 2021-ci ilin dekabr ayında qohumu Zərərçəkmiş şəxs ilə görüşən zaman Zeynal ona təqaüdünün kəsildiyini demişdir. O Zeynala tanışı Təqsirləndirilən şəxs adlı həkimin pensiyanı bərpa etdirə biləcəyini demişdir. Bundan sonra Zeynal pensiyasını bərpa etdirəcəyi ilə bağlı Nicat ilə danışmağını xahiş etmiş və bundan sonra o Nicat ilə danışmışdır. 2022-ci ilin yanvar ayında Zeynalın sənədlərini aparıb Bakı şəhərində Nicata vermiş və Nicat bundan sonra ondan Zeynalın pensiyasını bərpa etdimək üçün 6000 manat məbləğində pul istəmiş və Zeynala bu barədə dedikdə Zeynal qısa zamanda həmin pulu düzəldəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Zeynal onunla əlaqə saxlamış və onlar Nicata məxsus karta 2900 manat məbləğində pul göndərmişlər. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə Zeynal yenidən onunla əlaqə saxlamış və qalan puluda düzəltdiyini demişdir. Həmin tarixdə o Zelnal ilə görüşmüş və 3000 manat məbləğində pulu Nicata məxsus karta göndərmişlər. Bir neçə müddət keçdikdən sonra o Nicatın Zeynalın pensiyasını bərpa etdirmədiyini, aralarında narazılıq olduğunu və bu səbəbdən Zeynalın Təqsirləndirilən şəxs barəsində polis orqanlarına müraciət etdiyini öyrənmişdir.O, Təqsirləndirilən şəxs təxminən 4-5 ildən çoxdur tanıyır və Nicatın həkim olduğunu tanışlıq əlaqərinin çox olduğu üçün bu işin öhdəsindən gələ biləcəyini düşündüyündən Zeynala Nicat barəsində məlumat vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 5900 manat məbləğində pulu aldadıb ələ keçirəcəyini bilməmiş və Təqsirləndirilən şəxs yalanına özüdə inanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən başlanmışdır; “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi çeklərə baxış keçirilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli əməliyyat nömrəsi **********, xx.xx.2022-ci il tarixli əməliyyat nömrəsi **********, xx.xx.2022-ci il tarixli əməliyyat nömrəsi 15631 və xx.xx.2022-ci il tarixli əməliyyat nömrəsi 3803 olan qəbzlərə əsasən 1300 manat, 600 manat, 1000 manat və xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində olmaqla ümumilikdə 5900 manat pul göndərməsi öz təsdiqini tapmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 178.2.4 maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi qərara alınmışdır. 03.10 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 03.10 2022-ci il tarixli “İttiham elan etmə üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. xx.xx.2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il də tutularaq Gəncə st. XPŞ-nin İTQ-na təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadə vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. xx.xx.2022-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. Gəncə şəhər Məhkəməsinin 1(125)-62/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-188/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)- 1251/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-188/2022 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş 09(doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1000 (min) manat cərimə cəzası ilə əvəz edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1251/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzanın çəkilməsi üçün qeydiyyata düşməmiş və cəriməni ödəməmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(006)-53/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-1251/2022 saylı qərarı ilə təyin edilmiş 1000 manat cərimə cəzası 01 ay müddətinə azadlqıdan məhrumetmə cəzası ilə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(073)-97/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-101/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(073)-97/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 3 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-101/2024 saylı hökmünün icra edilməsi barədə göstərişdən görünür ki, hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanını olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam olaraq ödəməməsi, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə dəlalət edir. Ona cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs dəfərlərlə eyni xarekterli cinayət əməlini törətmişdir. Onun yenidən eyni cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-101/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimununun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2023-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu tutulduğu müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun digər cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02(iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 1(060)-101/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayər Məclləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək tutulduğu 01 gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək tutulduğu 02 gün müddət, xx.xx.2023-cü il tarixdən 06.05 2023-cü il tarixədək tutulduğu 01 gün müddət cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 05 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar