Məhkəmə qərarları › İş №1(125)-71/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-71/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-71/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kəlbəcər rayonu Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonu Qamışlıkəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüsan qəsəbəsi, Qocalar evində məskunlaşan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Qocalar evinin yaxınlığında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək yaxın qohumu, ögey əmisi Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşan zaman, onun arvadı Şahid4 Zərərçəkmiş şəxs barəsində qohumlar arasında həqiqətə uyğun olmayan xoşəgəlməz sözlər danışdığını sonuncunun ona deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlbəyaxa olmuş, daha sonra yumruqla Zərərçəkmiş şəxs qəsdən vurmaqla, sonuncuya sağ göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ almacıq nahiyəsinin sıyrıqları, hər iki bazu nahiyələrinin qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri,Gülüstan qəsəbəsi, Qocalar evində yaşayır, özü hazırda heç bir yerdə işləmir, himayəsində iki azyaşlı uşaqları vardır. Zərərçəkmiş şəxs onun ögey əmisidir, aralarında əvvəldən ədavət olmamış, gediş-gəlişləri də olmamışdır. xx.xx.2020-ci il tarixdə atası Şahin ürək çatışmamazlığından vəfat etmiş, atasına məxsus “Kamaz” markalı yük avtomobili miras qalmışdır. Anası Şahid2 və bacısı Lamiyə Qəhrəmanova təxminən 13 iyun 2022-ci il tarixdə həmin “Kamaz” markalı avtomobili satmaq qərarına gəlmişlər və onun da razılığını istəmiş, o, isə atasından yadigar qaldığı üçün satmamağı təklif etmiş, lakin buna baxmayaraq anasıgil həmin avtomobili satmışlar. xx.xx.2022-ci il tarixdə saat 19-30 radələrində o, yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Qocalar evindən çıxıb yaxınlıqdakı “Üç qardaş” mağazasından çörək almağa gedərkən ögey əmisi Zərərçəkmiş şəxs telefonla yüksək səslə danışa-danışa ona tərəf gəldiyini görmüşdür. Zabil ona yaxınlaşıb “ə bura gəl görüm” demiş, o, da sakit tərzdə Zabilə yaxınlaşmış və “eşidirəm” demişdir. Zabil ona demişdir ki, onun arvadı Aynurə anasına və bacısına Zabilin onu maşına qoyub apararaq “Kamaz”ın satılmasına razılıq verməməyi öyrətdiyini bildirmişdir. O, da Zabilə onun arvadı Aynurənin bu işlərə heç vaxt qarışmadığını bildirmişdir. Bundan sonra Zabil onun arvadının ünvanına nalayiq sözlər işlətmiş, o, da sonuncuya irad bildirərək ayıb olduğunu, ağzına gələni danışmamasını demişdir. Bu zaman Zabil ona tərəf gələrək “yaxşı edirəm” deyib, yumruqla onun çənəsinə və burnuna zərbələr vurmuş, əlbəyaxa olmuşlar, o, da Zabilin sifətinə yumruqla vurmuşdur. O, Zabili özündən kənara itələmiş, ətrafda daşlıq olmuş, Zabil yerə yıxılmış, Zabilin sifəti yerdə daşlara dəymişdir. Onun da sol əlinin baş barmağı yerə yıxılanda asfalta dəyib əzilmiş, burnundan və ağzından qan gəlmiş, əynində olan koftası çırılmış, üzəri qan olmuşdur. Ətrafda heç kim olmamış, bu zaman anası Reyhanın çörək almağa gəldiyini görmüşdür. Reyhan onlara yaxınlaşmış, Zabilə demişdir ki, “ayıb deyil, bu sənin qardaşının oğludur”, Zabil də demişdir ki, “yaxşı edirəm, görün sizin başınıza nə oyun açacam”. Anasının yaxınlaşmasına və bu sözləri deməsinə baxmayaraq Zabil yenə ona hücum etmiş,anası ortaya girib onları aralayanda Zabil anasını da kənara itələyib ona da zor tətbiq etmiş, anasının əlini, barmağını sıxmışdır. Bundan sonra anası da neçə dəfə yerə yıxılmış, bir təhər onları aralamış, onlar evlərinə gəlmişdir. O, evə gələndə bacısı, arvadı, anası da evdə olmuşlar. Bacısı Lamiyə telefonla Zabilin bacısı Xoşbəxtə zəng edib demişdir ki, “ayıb deyil, Zabil belə hərəkət edir”, Xoşbəxt də bacısını təhqir etmiş, onlara nalayiq ifadələr işlətmişdir. Təxminən 15-20 dəqiqədən sonra görmüşlər ki, Zabilin anası Əntiqə, arvadı Ofelya, bacısı Xoşbəxt onların evinə basqın etmişlər. Evin həyətində Xoşbəxt onun yanına gəlib,onu söyə-söyə boğazından tutub, nalayiq ifadələr işlətmişdirki, “sən niyə mənim qardaşım Zabili döymüsən”. Onu anasıgil və evdə olan digər şəxslər Xoşbəxtdən aralamışlar, onlar da çıxıb getmişlər. Sonra onun arvadı Aynurə DİN-in “102 xidməti”nə müraciət etmişdir. Onlar birlikdə Gəncə şəhəri 1-ci polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişlər, əvvəl o, şikayətini geri götürmüş, Zabil də şikayət etməmişdir. Xoşbəxt telefonda qardaşı Elnura nalayiq sözlərlə səs göndərmiş, bundan sonra həmin səsə onlar qulaq asmış, biabırçı köhnə söhbətləri etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə eşitmişlər ki, Zabil yenidən onlardan şikayət edib, ona görə o, da yenidən şikayət etmişdir. Zabil tam yalan deyir, davanı birinci Zabil başlatmış, hadisə zamanı orada ikisi olmuş və əlbəyaxa olmuşlar, onun əlində daş olmamış, birinci Zabil onun sifətinə yumruq vurub, o, da Zabilin sifətinə sol əli ilə yumruqla vurmuş, onu kənara itələmiş və Zabil ağzı üstə yerə dəyib və gözündən xəsarət almışdır. Anası da sonradan gəlib onları aralamış, qardaşı Elnur həmin vaxt orada olmamış və Zabilə hədə-qorxu gəlməmişdir. O, özü də xəsarət almış, tibbiekspertizadan keçmiş, köynəyi çırılıb qana bulaşmışdır. Hadisə 4-5 dəqiqə müddətinə olmuşdur. Bundan başqa Elnur Xoşbəxtin üstünə cummamış, əksinə Xoşbəxt Elnura tərəf hücum çəkəndə bacısı Lamiyə onu tutmuş, Xoşbəxt Elnuru söydüyü üçün Elnur da Xoşbəxti söymüşdür. O, da orada olmuş, Xoşbəxt onun boğazından tutmuş, o,Xoşbəxti vurmamış, orada olan qadınlar onu çəkib aparmışlar. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşının oğludur, aralarında əvvələr heç bir ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində o, işdən gəlib yaşadığı evin yaxınlığında, Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Qocalar evindən yaxın məsafədə yerləşən çay evinə getmiş, bir neçə dəqiqə oturduqdan sonra evə getmək üçün bayıra çıxmışdır. O, çayxananın qarşı tərəfində qardaşı oğlu Bəhrəmlə rastlaşmış, həmin vaxt Bəhrəm kiminləsə də telefonla danışmışdır. O, Bəhrəmi yanına çağırmışdır ki, bir dəqiqə bura gəl. Bəhrəm də ona yaxınlaşmış, görüşmüşlər, onu çağırmaqda məqsədi o olmuşdur ki, Bəhrəmin anası Reyhanla, bacısı Lamiyə onun evinə gedib,onun anası Əntiqəyə və bacısı Xoşbəxtə deyiblər ki, o, Bəhrəmi maşına otuzdurub aparıb öyrətmişdir ki, atasından qalan miras “Kamaz” markalı avtomaşını qoyma anan satsın, öz payından imtina et. O, bu sözləri Bəhrəmdən soruşanda ki, “mən sənə belə bir söz demişəm?”, sonuncu da elə söhbət olmadığını demişdir. O, da Bəhrəmə bu sözləri anasıgilə arvadı Aynurə dediyini bildirmişdir. Bəhrəm də söhbəti tamam başqa istiqamətə çeviribona demişdir ki, “mənim atamı siz öldürdünüz, indi nə istəyirsiniz”. O, da Bəhrəmə demişdir ki, atan koronovirus xəstəliyindən ölüb, onların nə günahları var. Bundan sonra Bəhrəm demişdir ki, “bilirsən nə var, mənim arvadım elə söz işlətməyib gedin öz fahişələrinizin dərdin çəkin”. O, da Bəhrəmi sakitləşdirmək istəyərək demişdir ki, “ayıbdır ağzına gələni danışma, burda adamlar keçir eşidirlər, sonra söhbət edərik”. Həmin vaxt tanıdığı Habil və Mötəbər adlı şəxslər də orada olmuşlar, sonuncular bu söhbəti eşitmişlər. Bəhrəm yenə ona qarşı var-yox söyüşləri etmiş, o, da əsəbləşib demişdir ki, “nə deyirsən özünə olsun, yeri get ayıbdır, mən səndən böyüyəm, əminəm”. O, Bəhrəmə söyüşün özünə getsin deyəndə Bəhrəm onun üstünə cumub yaxasından tutmuş, orada kənarda olan tanıdığı meyvə satan Rövşən və çayxanadan gələn Rüfət yaxınlaşıb Bəhrəmi ondan aralamışlar. Həmin vaxt artıq Bəhrəmin anası Şahid2 da, hansıki, Aidə deyirlər, oraya gəlmişdir. Reyhan onun iki qollarından tutub yerdə oturmuş, ona imkan verməmişdir ki,tərpənsin, çıxıb getsin. Həmin vaxt Bəhrəm onun sağ yan tərəfindən onun sağ gözaltı nahiyəsinə əlinin içərisində olan daşla zərbə vurmuş, dərhal sağ gözü qanamış, gözü şişib tutulmuşdur. Həmin vaxt o, Reyhana deyib ki, “məni burax”, lakin Reyhan onu buraxmamışdır. Rövşən də Reyhana irad bildirmişdir ki, “nəyə tutmusan, onu burax getsin”. Bundan sonra onu Reyhan buraxmış və o, çayçıya getmiş, orada yuyunmuş, sonra Qocalar evində yaşayan qardaşı Sabirin evinə getmiş, orada gözünə buz qoymuşdur. Aradan 15-20 dəqiqə keçmiş, o, öz evinə gedəndə görmüşdür ki, Qocalar evinin qarşısında Bəhrəm bacısı Xoşbəxti vurub yerə yıxıb, bacısı əlindən çıxmaq istəyir. Bəhrəmin qardaşı Elnur da aralıdan bacısının ünvanına nalayiq ifalər işlətmiş və Xoşbəxtin üzərinə hücum çəkmiş, lakin qaranlıqda kimsə Elnuru tutmuşdur. Elnurun balaca qardaşı Asim gəlmiş, o, Bəhrəmi və Elnuru danlamışdır ki,bu nə hərəkətlərdir edirsiniz, Elnur da aralıdan ona hədə-qorxu gəlmişdir ki, “sən dayan sənin üstünə maşın sürüb səni öldürəcəm” və nalayiq söyüşlərlə var-yoxuna, bacısına söymüşdür. Həmin vaxt Qocalar evində olanlar və yaxınlıqdakı həyət evlərində yaşayanlar küçəyə çıxmışlar. Hətta xeyli aralıda yaşayan Yeganə adlı qadında gəlib oraya çıxmışdır. Sonra tanıdığı Nofəl adlı şəxs yaxınlaşmış,ona demişdir ki,çıx get və o, bacısını, anasını götürüb oradan evlərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə onu Gəncə şəhər 1-ci polis şöbəsinə dəvət edəndə bilmişdir ki, ondan şikayət ediblər. Bundan sonra o, da şikayət ərizəsi yazmış, tibbi müayinədən keçmişdir. Bəhrəmin onun barəsində dedikləri tam yalandır, hətta Bəhrəmin əvvəl vermiş olduğu izahatları bir-birini təkzib etmişdir, Bəhrəm əvvəl izahatında onu yumruqla vurduğunu etiraf etmiş, ona qarşı yalan ifadə verilmişdir. Sonda o, təqsirləndirilən şəxsin üzrünü qəbul etmədiyini, barışmadığını, şikayətçi olduğunu bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 оğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey əmisi, Nəhmən isə qardaşıdır. xx.xx.2020-ci il tarixdə atası Şahin ürək çatışmamazlığından vəfat etmiş, atasına məxsus “Kamaz” markalı yük avtomobili miras qalmışdır. Anası Şahid2 və bacısı Lamiyə Qəhrəmanova təxminən xx.xx.2022-ci il tarixdə həmin “Kamaz” markalı avtomobili satmaq qərarına gəlmişlər, o, da etiraz etməmiş, lakin qardaşı Təqsirləndirilən şəxs atasından yadigar qaldığı üçün razı olmamış, lakin buna baxmayaraq anasıgil həmin avtomobili satmışlar. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evinin yanında özünə məxsus “Kamaz” markalı avtomaşını xarab olduğu üçün onun alt hissəsində ötürücü qurğusunu düzəldəndə, yaşadığı evin yanında səs-küy eşitmişdir. O, maşının altından çıxanda görmüşdür ki, Zabil, Zabilin bacısı Xoşbəxt, Zabilin arvadı Ofelya, anası Əntiqə onların qapısına basqın ediblər, qapının qarşısına daş atırlar. Anası Reyhan, bacısı Lamiyə onların qarşısını almışlar, Xoşbəxt orada olan onun uşaqlarını da daşlamışdır. O, da yaxınlaşıb Xoşbəxtə demişdir ki, “nolub? ayıbdır,çıxın gedin”, Xoşbəxt isə ona tərəf hücum edəndə bacısı Lamiyə onu tutmuşdur. Xoşbəxt onu söyüb təhqir etmiş və demişdir ki, “görün sizin başınıza Zabil nə oyun açacaq?”. O, da qarşılıqlı olaraq Xoşbəxti söymüş, lakin orada heç kimə qarşı zor tətbiq etməmiş, ancaq Xoşbəxt onu söydüyü üçün o, da sonuncunu söymüşdür. O, oraya gələndə Bəhrəmi orada görmüş, Bəhrəm də Xoşbəxtə heç nə etməmişdir. Sonra Xoşbəxtgil çıxıb getmişlər, orada olan qadınlar onu çəkib aparmışlar. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə onun əri Bəhrəmin ögey əmisidir. xx.xx.2020-ci il tarixdə qaynatası Şahin ürək çatışmamazlığından vəfat etmiş, sonuncuya məxsus “Kamaz” markalı yük avtomobili miras qalmışdır. Qaynanası Şahid2 və baldızı Lamiyə Qəhrəmanova təxminən 13 iyun 2022-ci il tarixdə həmin “Kamaz” markalı avtomobili satmaq qərarına gəlmişlər və əri Bəhrəmə də demişlər ki, razılıq versin, Bəhrəm isə “satmayaq, atamdan yadigar qalıb” demişdir. Lakin buna baxmayaraq qaynasıgil həmin avtomobili satmışlar. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Qocalar evində olan zaman görmüşdür ki, qayınanası Bəhrəmlə gəlir və Bəhrəmin burnundan qan axır, paltarı cırıq-cırıqdır. O, nə baş verdiyini soruşmuş, Bəhrəm bildirmişdir ki, Zabil döyüb, xəsarət yetirib, mübahisələri də onun üstündə olub ki, guya o, orda-burda danışmışdır ki, Zabil əri Bəhrəmi Kamazın satılmasına razlıq verməməsi üçün öyrətmişdir. Amma o, bu barədə heç kimə heç nə deməmişdir. Həmin vaxt, yəni Bəhrəm evə qanlı gələndə evdə baldızı Lamiyə olmuş, Lamiyə telefonla Zabilin bacısı Xoşbəxtə zəng edib bildirmişdir ki, ayıb deyil Zabil belə hərəkət edir, Xoşbəxt də baldızını təhqir etmiş və onlara nalayiq ifadələr işlətmişdir. Təxminən 15-20 dəqiqədən sonra görmüşlər ki, Zabilin anası Əntiqə,arvadı Ofelya,bacısı Xoşbəxt onların evinə basqın etmişlər. Evin həyətində Xoşbəxt Bəhrəmin yanına gəlib, onu söyə söyə boğazından tutub nalayiq ifadələr işləmişdir ki, “sən niyə mənim qardaşım Zabili döymüsən?”. Onlar evdə olan digər şəxslər Xoşbəxtdən Bəhrəmi aralamış və onlar da çıxıb getmişlər. Sonra o, DİN-in 102 xidmətinə müraciət etmiş, onlar birlikdə Gəncə şəhəri 1-ci polis şöbəsinə gəlmişlər, ərizə ilə müraciət etmişlər. Əvvəl onlar şikayətlərini geri götürmüşlər, Zabil də şikayət etməmişdir. Səhəri gün isə Xoşbəxt telefonda qaynı Elnura nalayiq sözlərlə səs göndərib, bundan sonra həmin səsə qulaq asmışlar, biabırçı köhnə söhbətləri etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə eşitmişlər ki, Zabil onlardan şikayət edib, ona görə Bəhrəm də yenidən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid X1 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid7 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə onun ögey qardaşının oğludur. Bəhrəmlə və onun ailəsi ilə aralarında ədavətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində o, yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən avtomobil zavodunun yataqxanasında evdə qardaşı qızı Humay və anası Əntiqə ilə birlikdə olmuşlar. Bu zaman Bəhrəmin arvadı Aynurə onun mobil telefonuna zəng edib bildirmişdir ki, Zabillə Bəhrəm dalaşıblar, demişdir ki, “Zabil vəkil olmasına baxmayaraq gör onun başına nə oyun açacam? mənim nazirlikdə adamlarım var”, bu sözləri deyib telefonu söndürmüşdür. Bundan sonra Bəhrəmin bacısı Lamiyə ona zəng etmiş və açmaq istəyəndə əli əsdiyindən o, məşğul vermiş, sonra bir təhər açanda Lamiyə ona nalayiq söyüşlərlə “niyə telefonu açmırsan?”, həmçinin qardaşı Zabilin ünvanına nalayiq ifadələr işlətmişdir ki, “gör onun başına nə oyun açacam?”.Sonra Lamiyə ona demişdir ki, “gəl bizim evə, gəlməsən gör başına nə oyun açacam”.O, da anası Əntiqə ilə Bəhrəmgilin evinə getmişlər.O, həmin ünvana gedəndə görmüşdür ki,Bəhrəmin qardaşı Elnurun evinin yanında Lamiyə qarşısına çıxmış və demişdir ki, bura gəl.Elə bu sözü eşitmişdir ki,Elnur da ona tərəf gəlib,onu vurmaq istədikdə saxlamışlar. Elnur ona pis-pis sözlərlə “sən əxlaqsız qadınsan” demişdir. Bu zaman Bəhrəm də gəlmiş və onun bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə zərbələr vurmuş, sonra onun boğazından tutmuş, o, da onun boğazından tutmuş,üzünə də əl atmışdır. Sonra Zabil gəlmiş, Lamiyə Zabilə demişdir ki, “yaxın gəl bacının ürəyi getmişdir”. Bəhrəmin anası qışqırmışdır ki, “köməyə gəlin”,sonra çıxıb evlərinə gəlmişlər. O, Elnuru söyməmiş, hadisə zamanı Elnur onun üstünə tərəf gələndə saxlamışlar və ona əxlaqsız sözlər demişdir. Bəhrəm əvvəl onun boğazından tutub,onu söyüb təpik və yumruqla vurub, sonra o, da Bəhrəmin boğazından tutmuş,əl atımşdır ki,ondan aralansın. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid8 və məhkəmə istintaqı zamanı dindirilmiş Şahid9 Muquz qızı digər Şahid7 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid5 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs və onun qardaşı oğlu Təqsirləndirilən şəxs tanıyır, onların yaşadığı evin yaxınlığında,Gəncə şəhəri, Gülüstan qəsəbəsində Qocalar evinin yaxınlığında meyvə-tərəvəz mağazası işlədir. xx.xx.2022-ci il tarixdə saat 20-30 radələrində Zabili qardaşı oğlu Bəhrəmin döyməsi hadisəsini o görməmişdir. Yalnız sonradan Zabilin gözünün altının qara olmasını görüb, Zabildən nə baş verdiyini soruşanda bilmişdir ki, sonuncunu qardaşı oğlu Bəhrəm döymüşdür. O,həmin hadisə zamanı orada olmamış, onları aralamamış, nə də ki, Reyhan adlı qadını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 bildirmişdir ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Qocalar evinin yaxınlığında çayxana işlədir. Zərərçəkmiş şəxs və onun qardaşı oğlu Təqsirləndirilən şəxs həmin ərazidən tanıyır. xx.xx.2022-ci il tarixdə saat 20-30 radələrində o, çayxanada olarkən Zabillə qardaşı oğlu Bəhrəmin Rövşənin meyvə-tərəvəz mağazasının qarşısından uca-səslə mübahisə edərək keçib getdiklərini görmüşdür. 3-5 dəqiqədən sonra Zabil onun çayxanasına daxil olub üzünü yumuş, Zabilin sağ gözündə qaraltı olduğunu, şişkin olduğunu görmüşdür. O, Zabildən nə baş verdiyini soruşanda Zabil ona demişdir ki, qardaşı oğlu Bəhrəm onu vurmuşdur. Zabil üzünün qanını yuyub getmişdir.O, Bəhrəmlə Zabilin bir-birini söymələrini, Bəhrəmin Zabili döyməsini görməmiş, yalnız Zabil xəsarət alıb çayxanaya gələndən sonra hadisə barədə bilmiş, ətrafda da səs-küyünü eşitməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin anası, Şahid2 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxsla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evinin yaxınlığındakı “Üç Qardaş” mağazasının qarşısında xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs onunla mübahisə edərək, onu nalayiq ifadələrlə söydüyü və sonra həmin yerin yaxınlığında Qocalar evinə gedən yolda binanın kənarında harada onu döyüb xəsarət yetirdiyi yeri göstərmişdir. - xx.xx.2022-ci il tarixli “diskin materiala əlavə edilməsi və dinlənilməsi haqqında” protokoldan və diskdə olan səs yazılarından müəyyən olur ki, Zərərçəkmiş şəxs danışır “bir dəqiqə de ki, sən nə tülküsən?, sən məni vurasan,sənin anan, o, gəlib alabay başçısı qollarımdan tutub, gəlib daldan gözümün üstünə yumruq vurursan”, yavaş səslə qadın səsi gəlir qadın “yumruq yox, daş” deyir, sonra Zərərçəkmiş şəxs davam edir, “hə mən bir söz deyim, əlinin içinə daş qoyub yumruqla mənim gözümün üstünə vurursan, hə bir söz deyim söyüşə görə vurdun eləmi,gündə əlli dəfə səni söyurlər, nə vaxtdan belə qeyrətə gəlmisən?, get nə qədər qeyrətə gəlirsən gəl, gedib istintaq təcridxanasında daha çox qeyrətə gələssən, sən bilirsən Aidə mənim ki, qollarımdan tutdu buraxmadı ki, sənin ərin qaçsın getsin, yoxsa onu bir təhər edəcəkdim” danışıq bitir. - məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1215 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, sağ almacıq nahiyəsinin sıyrıqları, hər iki bazu nahiyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə,yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlərdən sağ göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sağ almacıq nahiyəsinin sıyrıqları, hər iki bazu nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1364 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli,1215 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər daşla yetirilməyə xarakterik deyildir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 4318 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1352 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan məcburi köçkündür. - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Əli və Agah adlı iki azayşlı uşağı vardır. - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qamışlı kənd inzibai ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, məcburi köçkün olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd boz rəngli göynək sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd boz rəngli göynək sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar