Məhkəmə qərarları › İş №1(125)-71/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-71/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-71/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 63 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 may 2018-ci il tarixdən başlayaraq 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 22 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutıriaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-3260/2018 saylı, 03 iyul 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 dekabr 2019-cu il tarixli, 3(043)-720/2019 saylı qərarı ilə 10 gün müddətinə və Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(125)- 212/2022 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 5240 (beş min iki yüz qırx) manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 29 sentyabr 2008-ci il təvəllüdlü X6 və 22 iyul 2013-cü il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş, həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 30 may 2018-ci il tarixdən hesablanmaqla 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 22 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 dekabr 2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə və Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 5240,00 manat aliment borcu yığılıb qalmışdır. İfadəsinin sonunda qohumları tərəfindən borcunun bir hissəsinin ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikahlarından 29 sentyabr 2008-ci il təvəllüdlü X6 və 22 iyul 2013-cü il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, qazancı 400-450 manat təşkil etmiş və həmin müddətdə Gəncə şəhərində birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədar ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2018-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2018-ci il tarixdən hesablanmaqla 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 22 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 dekabr 2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə və Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən 5240 manat ödənməmiş aliment borcu yaranmışdır. Sonda Təqsirləndirilən şəxs qohumları tərəfindən aliment borcundan qismən (2500 manat) ödəniş edilməsini nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3260/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə anadan olmuş Mehdi və xx.xx.2013-cü il tarixdə anadan olmuş Qəmbər adlı uşaqların saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Eminov X4 çağırılmış, ondan yaranmış aliment borcunu ödəməsi tələb olunmasına baxmayaraq borcunu ödəməkdən imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(043)-720/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 8(044)-39/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu Təqsirləndirilən şəxs alimentindən uzun müddət yenədə ödəniş ödəməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Eminov X4 dəvət edilmiş, lakin üzürsüz səbəbdən gəlməkdən imtina etmişdir. Borclunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və qapının qıfıllı olması müəyyən edilmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından axtarış qərarı qəbul olunaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə 520095 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən İdarəyə gətirilmiş, ondan yenidən yaranmış aliment borcunu ödəməsi tələb olunmasına baxmayaraq borcunu ödəməkdən təkrar imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(125)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdən Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınsa da bugünə kimi heç yerdə işləmir. Borclunun hərəkətsizliyi nəticəsində tələb və aliment üzrə borcu icra olunmamışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məlum qətnaməsini, ona inzibati həbslər tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq aliment üzrə borcunu ödəməmiş, həm də faktiki imkanlarından yararlanmamışdır. Tələbkar Zərərçəkmiş şəxs 23.11 2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment üzrə 4920 (dörd min doqquz iyirmi) manat ödənilməmiş aliment borcunun olmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3260/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə 2023-cü ilin may ayı da daxil olmaqla aliment üzrə zorcu 5240 (beş min iki yüz qırx) manat təşkil edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 Şahid2 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)- 3260/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (iş vər 11-12); - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-3260/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır (iş vər 13); - xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-3260/2018 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir (iş vər 14); - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-39/2019 nömrəli qərardadından görünür ki, icra sənədi icra olunana qədər borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (iş vər 16); - 03 sentyabr 2019-cu və 04 fevral 2022-ci il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası üzrə axtarışı elan edilmiş və barəsində 550246 və 520413 nömrəli axtarış işləri açılmışdır (iş vər 23, 35); - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(043)-720/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir (iş vər 31); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-212/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilmişdir (iş vər 43-44); - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-3260/2018 saylı icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-in 306.1-ci maddəsinə əsasən məsuliyyətə olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir (iş vər 45); - xx.xx.2022, xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir (iş vər 51, 54); - icra məmuru Şahid2 xx.xx.2023-cü il tarixli aktından görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-3260/2018 saylı icra sənədinin icrası ilə bağlı hal şahidləri X8, X7 və X3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda Təqsirləndirilən şəxs yaşamadığı və ona məxsus hər hansı əmlakı olmadığı müəyyən edilmişdir (iş vər 58); - "xxxx" ASC, "xxxx" QSC və "xxxx" ASC-nin Gəncə filiallarından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs adına heç bir mülk, əmanət və pul vəsaitləri mövcud deyil (iş vər 52,56,57); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli, 12/2-104541 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər 86-87); - Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır (iş vər 66); - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-3260/2018 saylı qətnaməsi üzrə 6840 (altı min səkkiz yüz qırx) manat borcu yaranmış, qohumları tərəfindən 2500 (iki min beş yüz) manat ödəniş edildiyindən yerdə qalan borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlinərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, o, xx.xx.2023-cu il tarixdə saat 17:15 radələrində Gəncə Şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməni bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini və aliment borcunu qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi CM-in vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-in ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası ilə birlikdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsini xx.xx.2023-cu il tarixli qərarına əsasən axtarış elan olunmuş, o, xx.xx.2023-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 2 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün, cəmi 5 ay 6 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 18 (on səkkiz) gün müddət, hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 5 (beş) ay 6 (altı) gün çıxılaraq, onun üzərində qəti olaraq 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 162 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar