Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-72/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 47,085 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən saat 19:30 radələrində Gəncə şəhəri, Dəyirmanın dairəsinin yaxınlığında saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı polietilen sellofana bükülmüş 47,085 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etmiş, sonuncu dəfə tutulmamışdan bir həftə əvvəl istifadə etmşdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri Dəyirmanın dairəsinin yaxınlığında iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onuGəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə dəvət etmişlər. O, 2-ci polis şöbəsində iş otağında olarkən polis əməkdaşları onun üzərində axtarış aparmışlar, lakin üzərindən heç bir narkoitk vasitə çıxmamışdır. Bundan sonra polis əməkdaşları onun qarşısına bir büküm narkotik vasitə qoyaraq üzərinə götürməsini və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən çıxardıb təqdim edərək özünə məxsus olduğunu bildirməsini tələb etmişlər.O, buna etiraz etdikdə, ona fiziki və psixoloji təzyiq göstərmişlər, o, da məcbur olub həmin narkotik vasitəni götürmüşdür. Bundan sonra ona Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müdafiəçitəyin edilmiş və üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər.Şəxsi axtarış zamanı ondan üzərində narkotik vasitə olubolmadığı soruşulmuş, o, da üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülü təqdim edilərək sellofanın içərisindəki maddənin tiryək olduğunu bildirmişdir. O, polis əməkdaşlarından qorxduğu üçün müdafiəçiyə narkotik vasitənin onun olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə heç bir söz deməmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ona məxsus ***-***-**-** nömrəli “Samsung Galaxy duos” markalı mobil telefon da aşkarlanmışdır. Bundan sonra içərisində çəhrayı rəngli ilk baxışdan narkotik maddə olan tiryəkə bənzər kütlə polietilen selofana bükülmüş aptek tərəzisində çəkilmiş, 47,76 qram çəkidə olmuşdur.Götürülmüş narkotik maddəyə bənzər kütlə olan tiryək zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənənmiş, zərfin üzəri imzalanmışdır. O, polis əməkdaşlarının ona öyrətdikləri kimi həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə tarixdə ünvan 1 ünvanında yerləşən avtotəmir emalatxanasının yaxınlığında ağacın altından tapdığını və istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni satmaq fikiri olmadığını demişdir. Bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Polis əməkdaşları onu saxlayan zaman ona təzyiq göstərmişlər, bədəni üzərində heç bir xəsarət yoxdur, sadəcə həmin polis əməkdaşları ona təzyiq göstərək narkotik vasitə təqdim etmişlər və ona görə də həmin narkotik vasitənin onun olduğunu və tapdığını demişdir. Sonda o, narkotik vasitənin onun olmadığını, polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi üçün narkotik vasitəni üzərinə götürdüyünü bildirib ona bərət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 2ci polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 iyul 2022-ci il tarixdə Gəncə şəhəri 4-cü MKR bina 6, mənzil 33-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra BPİ-nin 2-ci PŞ-nin CAB-nin kiçik inspektoru polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyul 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs Gəncə şəhəri Dəyirmanın dairəsinin yaxınlığında olmasını müəyyən etmiş, həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüşlər, ona yaxınlaşaraq xidməti vəsiqələri təqdim etmişlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi1şöbəyə dəvət edərək Təqsirləndirilən şəxs təqdim etmişlər və Altayda ona təqdim olunmuş Rasim adı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütləni təqdim etmiş, daha sonra təhqiqatçı Əli Əlizadə tərəfindənAltayMəmmədovunüzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofana baxış keçirilən zaman ilk görünüşdən narkotik vasitə olan “tiryək”-ə bənzər kütlənin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “tiryək”-i sellofan ilə birlikdə tərəzidə çəkilmiş, çəkisi 47,76 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “tiryək” olan bir ədəd sellofan zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o və digər polis əməkdaşları tərəfindən sonuncuya fiziki və ya psixoloji təzyiq göstərilməmiş, üzərinə heç bir narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə bu cür ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid, Gəncə şəhər 2-ci polis şöbəsinin CAB-ın kiçik inspektoru X2, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə BPİ-nin 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X6, həmin idarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin kiçik inspektoru, polis serjantı Şahid2, Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kütləni təqdim edir. Daha sonra təhqiqatçı Əli Əlizadə tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofana baxış keçirilən zaman ilk görünüşdən narkotik vasitə olan “tiryək”-ə bənzər kütlənin olması məlum olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “tiryək”-i sellofan ilə birlikdə tərəzidə çəkilərək çəkisinin 47.76 qram olması müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “tiryək” olan bir ədəd sellofan zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını, qolunda olan ləkəni əli ilə qaşıyaraq etdiyini bildirir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/829 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddi sübut...” yazı və imzaları olan kağız paketdəki, bir ədəd şəffad polietilen kəsiyi bükümündəki gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 47.085 qram maddə, xaşxaş bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. (Tiryəkin təmiz çəkisi – 47,085 qr., tədqiqata sərf edildi – 0,2 qr., qalıq – 46,885 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1540 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli,5115 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16.09.222-ci il tarixli,5026 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Məmmədov X3 Dispanserdə xx.xx.2022-ci il tarixdən opioidlərdən aslılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumlğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər prokurorluğunun müstəntiqi İlkin Şıxməmmədovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Gəncə şəhər prokurorluğuna müraciət edərək Gəncə şəhər 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuzluqlara və zorakılığa məruz qaldığını bildirmiş, bununla bağlı araşdırma aparılmış, həmin faktlar öz təsdiqini tapmadığından və cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və Elektron Məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı 1 azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə istintaqda və məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləki, onun istintaq zamanı xx.xx.2022-ci il tarixdə heç bir təsirə məruz qalmadan etirafedici ifadə verməsi və sonradan ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Bundan başqa müdafiəçi ondan polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalması və narkotik vasitənin özünə məxsus olması barədə soruşduqda, o, heç bir təzyiqə məruz qalmadığını, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdəilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alınarkən, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhər 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuzluqlara və zorakılığa məruz qalması ilə bağlı Gəncə şəhər prokurorluğuna ünvanladığı ərizə araşdırılmış, fakt öz təsdiqini tapmadığından və cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 46,885 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və onun narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 46,885 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-72/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-72/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver