Məhkəmə qərarları › İş №1(125)-73/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-73/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-73/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.454 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 19:40-da Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Züqo” adlanan şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının arxa sol cibindən gümüşü rəngli kağız bükümündə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.454 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. “Patı” və “şüşə” adları ilə tanınan psixotrop maddə metamfetamindən uzun müddətdir ki, istifadə edir. Belə ki, o həmin maddəni tüstüsünü iyləməklə istifadə edir. Şübhəli şəxs qismində tutulmazdan 4-5 gün əvvəl Gəncə şəhərində Azərittifaq adlanan yerdə siqaret falqasında büküm görmüş, həmin bükümü götürüb açdıqda içərsində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını aşkar etmiş, həmin maddənin istifadəçisi olduğu üçün cibinə qoyub ara-sıra istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhərində “Züqo” restoranın yaxınlığında olarkən mülki geyimli şəxslər onu saxlamış və özlərini polis əməkdaşları kimi təqdim edərək ona qanunsuz olaraq psixotrop maddə əldə etməkdə şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər onu özləri ilə keçmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Orada hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən dövriyyəsi qanunla qadağan edilmiş başqa predmet varsa təqdim etsin. O da əynində olan cins şalvarın arxa sol cibindən siqaret falqasında saxladığı “patı” kimi tanınan psixotrop maddəni çıxarıb polisə təqdim etmişdir. Həmin büküm açılıb içərsinə baxış keçirilmiş, sonra elektron tərəzidə çəkilmiş, çəkisi 0.57 qram təşkil etmişdir. Psixotrop maddə qablaşdırılaraq saxlanca verilmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəzə təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 2017-ci ildən dio-da 2021-ci ildən etibarən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CABın əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsindədir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında, özü və polis leytenantı Şahid2 tərəfindən həmin tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Züqo” şadlıq sarayının yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edərək şübhənin mahiyyətini izah etmiş və Rəşadı özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirib raportla təhqiqatçıya təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilo təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Rəşada üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sol cibindən çöl tərəfi ağ rəngli, içərisi gümüşü rəngli kağız büküm çıxarıb təqdim edərək içərisində “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində həqiqətəndə şəffaf rəngli, kristal halında, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Psixotrop maddə rəsmiləşdirilərək saxlanca verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da təqdim etdiyindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilməmişdir. Cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsi elan edilmiş, ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.57 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.454 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər X1 xx.xx.2022-ci il tarixli, 3803 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən heroin və metamfetamindən asılılıq diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 1707 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkətini görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenant X4, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkilləri: polis leytenantı Şahid2, polis leytenantı Şahid1, şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs, onun müdafiəçisi — Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tanrıverdi oğlu, videooperator qismində isə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X5r. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilərək bu barədə yazılı bildiriş təqdim edildiyi, həmçinin müdafiə hüququnun təmin edildiyi qeyd olunur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir, müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sol cibindən çöl tərəfi ağ rəngli içərisi gümüşü rəngli kağız büküm çıxarıb təqdim edərək içərisində "patı” kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Həmin büküm açıldıqda içərisində həqiqətən də şəffaf rəngli, kristal halında, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə, olması müəyyən edilir. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin özünə aid olduğunu, Gəncə şəhərində “Züqo” şadlıq sarayının yaxınlığında yerdən tapıb istifadə etmək üçün üzərində saxladığını, satmaq niyyətinin olmadığını, eləcə də ona qarşı heç bir zorakılıq edilmədiyini bildirir. Bundan sonra qeyd edilən kütlə kağız bükümü ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 0.57 qram təşkil edir. Daha sonra həmin kütlə zərfin içərisində qablaşdırılır, möhürlənir, üzərində qeydlər aparıldıqdan sonra imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da təqdim etdiyindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilmir. Bundan başqa, cinayət işi üzrə istintaq zamanı verilmiş əməliyyat tapşırığı əsasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini kimdən, haradan hansı məqsədlə, nə vaxt əldə etməsini, psixotrop maddələrin qanunsuz dövriyyəsində digər şəxs(lər) ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edibetməməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 10 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,404 qram çəkidə olan psixotrop maddə metamfetamin Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş, şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 03 gün islah işləri cəzasına məhkum edilmiş; -Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2., 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə cəzası 02 ilə endirilmiş; - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivinin mövcudluğu onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 03 gün islah işləri cəzasına məhkum edilmiş; -Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2., 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə cəzası 02 ilə endirilmiş; - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-65/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 10 ay 28 gün hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki cinayət işi üzrə əməlin 15 iyul 2022-ci il tarixdə törədilməsini nəzərə alaraq şəxsin əməlində residivin mövcudluğu öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməlində cinayətlərin residivinin mövcudluğunu və cəzanın məqsədini nəzərə alır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi qaldırılmış, həmin iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə bu halı onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alaraq, törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X7 azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanlmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlində cinayətlərin residivinin olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cinayətlərin residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 1707 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilərək o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,404 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və ********* saylı cinayət işi üzrə hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,404 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar