Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-74/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və hüquqa zidd olaraq aldatma və etibardan sui-istifadə etmək yolu ələ keçirmək qərarına gələrək “Turbo.az” onlayn satış səhifəsində tanış olduğu Zərərçəkmiş şəxs həmin saytda X1 məxsus “VAZ 2107” markalı avtomobilini satması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs həmin avtomobili almaq istədiyini bildirdikdə yalandan sonuncuya həmin avtomobili satacağını vəd edərək sonuncunu Gəncə şəhərinə dəvət edib Zərərçəkmiş şəxs ilkin olaraq vahid niyyətlə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən “Qala Hostel”in qarşısında idarə etdiyi “Opel Astra” minik markalı, **-GT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində 400 (dörd yüz) manat pulu, daha sonra xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Müseyib Bağırov küçəsində yerləşən Gəncə şəhər BPİ-nin DYPŞ-nin qarşısında 1100 (min yüz) manat pulunu alıb ələ keçirərək, sonradan vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1500 (min beş yüz) manat məbləğində nağd pulu ələ keçirərək dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsə satmağı vəd etdiyi “VAZ 2107” markalı, **- RD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tanışı Yaşar adlı şəxsə məxsus olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəllərində tanışı Yaşar söhbət əsnasında ona həmin avtomobilin xərcləri çox olduğu üçün onu satmaq istədiyini demiş və avtomobilini satmaqda ona köməklik etməyi xahiş etmişdir. Bundan sonra o, da 2024-cü ilin yanvar ayının əvvəllərində həmin avtomobilin fotoşəkillərini çəkib “Turbo.az” elan saytına yerləşdirmiş və elanda avtomobil sahibi kimi öz mobil telefon nömrəsini qoymuşdur. Həmin vaxt isə qeyd olunan Vaz 2107 markalı avtomobil cəriməsi olduğundan Gəncə şəhər DYPİ-nin duracağında olmuşdur. O, həmin avtomobili elan saytına yerləşdirdikdən təxminən 10 gün sonra tanımadığı bir telefon nömrəsindən ona zəng gəlmişdir. Həmin zəng edən şəxs özünü ona Elvin kimi təqdim etmiş və “VAZ 2107” markalı avtomobili almaq istədiyini söyləmişdir. O, həmin günü Elvin adlı şəxsə görüntülü danışıq vasitəsilə satılan avtomobili göstərmişdir. Həmin vaxtdan iki gün sonra Elvin ona zəng edərək Gəncə şəhərinə avtomobilə baxmağa gələcəyini demiş və səhəri gün Gəncəyə gəlmişdir. O, Elvini Gəncə şəhər DYPİ-nin duracağına aparmış və Yaşara məxsus Vaz 2107 markalı avtomobili ona göstərmişdir. Həmin vaxtı o, Elvin ilə avtomobilin qiyməti barədə söhbət etmiş, Elvin avtomobilə baxıb avtomobildən razı qalmamış, demişdir ki, dostu yoldadır və sabah gəlib birlikdə yenidən avtomobilə baxacaqdır. Həmin gün Gəncə şəhərində olan “Qala Hostelin” qabağında saat 20:00 radələrində o, Elvindən avtomobilə görə beh olaraq 400 manat pul götürmüşdür. Sabahı gün o, Elvin adlı şəxs və Elvinin dostu ilə Gəncə şəhərində kafelərin birində görüşmüş və daha sonra Gəncə şəhər DYPİ-nin duracağına, avtomobilə baxmağa getmişlər. Orada Elvin və dostu ona demişdir ki, avtomobilin xərci çoxdur, ona görə də, ilkin olaraq 1500 manat pul verəcəklər. Yerdə qalan pulu isə ona kreditlə ödəyəcəklər. Elvin ona demişdir ki, “sənə 400 manat vermişəm 1100 manat da verəcəyəm”. O, da ilkin ödəniş kimi avtomobili 1500 manata satmağa razılaşmış və Gəncə şəhər DYPİ-nin qarşısında xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində 1100 manat pulu Elvindən almışdır. Daha sonra o, Elvinə evlərinə dərman alıb verəcəyini bildirərək onlardan ayrılıb evlərinə getmiş, sonra tanışı Yaşar adlı şəxslə söhbət edib onu avtomobili 1500 manata satmağa razı sala bilməmiş və Elvindən aldığı pulu ehtiyacları olduğu üçün öz ehtiyaclarına xərcləyib zərərçəkmiş şəxsə qaytara bilməmişdir. Avtomobilin sahibi Yaşar Məcməddinovun onun törətdiyi əməldən heç bir xəbəri olmamış və o, həmin puldan Yaşara verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə vurduğu ziyandan 200 manat ödəniş etmişdir. Son iki aydır işləmir. Əvvəllər isə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Onun vurduğu ziyanı ödəməyə maddi imkanı yoxdur.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə “Whatsap” proqramı vasitəsi ilə görüntülü ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayının 10-da avtomobil almaq qərarına gəlmiş və bu məqsədlə "Turbo.az" elan saytına daxil olmuşdur. Həmin saytda Gəncə şəhərində göy rəngli "VAZ 2107" markalı avtomobilin satıldığını görmüşdür. O, həmin avtomobilin fotoşəkillərinə baxıb bəyənmiş və həmin avtomobili almaq qərarına gəlmişdir. Bundan sonra elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng etmişdir. Telefonu götürən şəxs özünü ona Sərxan kimi təqdim etmiş və avtomobilin təcili satıldığını, qiymətinin ilkin olaraq 1500 manat, sonra isə 12 ay hər ay 250 manat olmaqla ödənməklə kreditlə satıla biləcəyini söyləmişdir. O, Sərxana avtomobili görüntülü göstərməsini istəmiş Sərxanda ona avtomobilin cərimə meydançasında olduğunu, birazdan cərimə meydançasında həmin avtomobili görüntülü olaraq ona göstərə biləcəyini demişdir. Daha sonra o Sərxana gözləməyi və həmin gün gəlib Gəncədə avtomobilə baxacağını söyləmiş və 10 yanvar 2024-cü il tarixdə Gəncə şəhərində gəlmişdir. O, gecə saat 11 radələrində Gəncə şəhərinə çatmış, Sərxan onu şəhərin girəcəyində qarşılamış və Sərxanla birlikdə birbaşa Gəncə şəhər DYPİ-nin duracağına getmişlər. Orada Sərxanla birlikdə həmin avtomobilə baxmış və avtomobili bəyənmişdir. Daha sonra Sərxanın idarə etdiyi "Opel" markalı avtomobilinin içərisində ona beh kimi 400 manat pul vermişdir. Həmin gecəni hosteldə dostu Rəhbər Feyzullayevlə birlikdə qalmış, səhəri gün Sərxan hosteldən onu və dostu Rəhbəri götürmüş və onlar ilk əvvəl kafeyə getmiş və birlikdə yemək yemişlər. Daha sonra üçü birlikdə Gəncə DYPİ-nin duracağına getmişlər. Orada bir qədər gözləmişlər. Avtomobildə benzin olmadığı üçün benzin alıb avtomobilə tökmüş, 11 yanvar tarixdə saat 17:00 radələrinə qədər duracağın qabağında gözləmişlər. Sərxan ona demişdir ki, pulun qalanını versin, avtomobilin cəriməsi var və o, cəriməni ödədikdən sonra avtomobili oradan götürə bilərlər. Daha sonra o, duracağın qarşısında 1100 manat pulu dostu Rəhbərin iştirakı ilə Sərxana vermiş, Sərxan pulu götürüb, cərimə ödəmək adı ilə DYPİ-nin inzibati binasına daxil olmuş, təxminən 10 dəqiqə sonra yenidən onların yanına gəlib demişdir ki, "cəriməni ödəmiş, lakin evə dərman alıb çatdırmalıdır və dərmanı alıb, evə verib, onları yola salacaqdır". Onlarda DYPİ-nin kafesinə gedib bir neçə dəqiqə onu orada gözləmişlər. Lakin, Sərxan gec gəldiyi üçün o, Sərxana zəng etmiş, Sərxan zəngləri açıb beş dəqiqəyə orada olacağını söyləmiş o, həmin gün saat 20 radələrinə qədər gözləsə də Sərxan gəlib çıxmamış, bundan sonra təkrar Sərxana zəng edən zaman Sərxanın telefonuna zəng çatmamışdır. Bundan sonra o, aldadıldığını başa düşüb DİN-nin 102 zəng xidmətinə müraciət edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sərxan ona avtomobilin 800 manat cəriməsi olduğunu və avtomobilin sahibinin təcili pula ehtiyacı olduğu üçün avtomobili çox ucuz qiymətə satdığını bildirmişdir. Polisin apardığı araşdırma zamanı Sərxan tərəfindən ona dəymiş ziyandan cəmi 75 manat ödəniş edilmişdir. Sərxandan qalan pulu da ödəməsini tələb etdiyini əks təqdirdə ondan şikayətçi olduğunu və ona məhkəmə tərəfindən qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə “Whatsap” proqramı vasitəsi ilə görüntülü ifadə vermiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, **-RD-*** nömrəli "VAZ 2107" markalı avtomobili o, təxminən bir il əvvəl kreditlə Bakı şəhərində Elnur adlı şəxsdən kredit müqaviləsi əsasında almış və ilkin olaraq sahibinə 3500 manat pul vermişdir. Daha sonra isə hər ay avtomobil sahibinə 250 manat pul ödəmişdir. O, təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində yeni avtomobil almaq istədiyi üçün qeyd olunan avtomobili satmaq qərarına gəlmişdir. O, həmin avtomobili satması üçün tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. Sərxan da həmin avtomobili “Turbo.az” elan saytına yerləşdirmişdir. Bundan bir qədər sonra Sərxan onunla əlaqə saxlayaraq bir nəfər şəxsin avtomobilə baxmaq istədiyini bildirmişdir. Daha sonra həmin şəxs onunla əlaqə saxlamış və amma avtomobilin qiyməti barədə razılaşa bilməmişdir. Bundan sonra Sərxan həmin avtomobilin alqı-satqısı ilə bağlı onun yanına heç kimi gətirməmişdir. Onun tanışı Sərxanın ona məxsus **-RD-*** dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili özbaşına Zərərçəkmiş şəxs satması və sonuncudan 1500 manat pul alması barədə hər hansı bir məlumatı olmamış və bu barədə yalnız polis idarəsinə ifadəsinin alınması üçün dəvət olunan zaman xəbər tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən vaxt ona məxsus avtomobil cərimə meydançasında olmuş, hazırda isə özü həmin avtomobili satmışdır. Sərxan onun avtomobilini onun razılığı ilə turbo.az elan saytına satışa qoymuş, lakin həmin vaxt elan saytına onun yox öz telefon nömrəsini yerləşdirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri psixonevroloji dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən alınmış 08 aprel 2024-cü il tarixli 3-13-16-3/2-3795/2024 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 4902/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli qeydiyyat sistemində məlumat yoxdur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işi üzrə icraata AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmişdir. -“Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə tutularaq Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə CM-nn 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə dəyən ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli həbs edildiyi 29 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-74/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-74/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver