Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-75/2024 08.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-17/2024 saylı 30 aprel 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını əvəzsiz və hüquqa zidd olaraq gizlin talamaq məqsədi ilə 15 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən, ümumi istifadə üçün nəzərdə tutulmuş Mərkəzi Univermaqda yerləşən və Zərərçəkmiş şəxs məxsus qızıl dükanına yaxınlaşaraq oradan ümumilikdə 2500 manat dəyərində olan 01 ədəd 2,59 qram çəkidə 585 əyarlı qızıl klonu, 01 ədəd 1,64 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 01 cüt 6,13 qram çəkidə 585 əyarlı qızıl sırğanı, 01 ədəd 5,79 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 01 ədəd 3 qram çəkidə 585 əyarlı qızıl üzükdən ibarət qızıl dəstini gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Tovuz şəhəri, Vaqif küçəsi, ev 24-də yaşamış və fərdi əməklə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində olarkən pula ehtiyacı olduğu üçün X6 gedib orada hər hansı mağazadan oğurluq etmək qərarına gəlmiş və həmin gün saat 10 radələrində Mərkəzi Univermağa girib ikinci mərtəbəyə qalxmışdır. Orada bir qədər gəzişib qızıl dükanlarına göz gəzdirmiş, univermağın ikinci mərtəbəsində arxa cərgələrdə fırlanan zaman qızıl dükanında satıcının üzünün qarşı tərəfə dayanmasını və onun arxa yan tərəfində olan cərgələrdə dükanında olan qızılları görmədiyini görmüşdür. Həmin vaxt əlini atıb üzərində 1 dəst qızıl komplektini büst modellə birlikdə götürmüş, qırağa çəkildikdən sonra həmin model büstün üzərində olan 1 ədəd qızıl klon, 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü çıxarıb cibinə qoymuş və univermaqdan çıxmışdır. Bundan sonra həmin qızılları satmaq üçün xatırlamadığı yol maşını ilə avtovağzaldan Şəmkir rayonuna getmiş və Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən təzə bazarda olan qızıl mağazasına daxil olmuşdur. Həmin mağazada işləyən satıcıya atasının xəstəliyi ilə əlaqədar arvadına məxsus qızıl zinət əşyalarını satmaq istədiyini bildirmiş, satıcı qızıllara baxaraq 585 əyarli olduğunu və qızılları çəkdikdə ümumilikdə çəkisinin 19 qram gəldiyini söyləmişdir. Satıcı ona həmin qızılların qramını 65 manatdan ala biləcəyini demiş, həmin vaxt mağazadan çölə çıxaraq özünü kiminləsə danışıb razılıq alırmış kimi göstərmiş və mağazaya qayıdıb həmin qızılları qramı 65 manatdan olmaqla satmağa razılaşmışdır. Həmin şəxs bundan sonra gətirdiyi qızılların tərkibini yoxlamış və ardınca ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, həmin vaxt şəxsiyyət vəsiqəsini satıcıya vermiş və ümumilikdə çəkisi 19 qram olan 1 ədəd qızıl klon, 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü 1240 manata həmin şəxsə satmışdır. Həmin vaxt satıcı öz dəftərində qeydiyyat aparmış və o, həmin dəftərə imza atmışdır. Mağazadan çıxdıqdan sonra Tovuz rayonuna yaşadığı evə getmiş və rayonda bir neçə gün qaldıqdan sonra polislərin onu axtaracağını düşünüb Bakı şəhərinə gedib orada müxtəlif ünvanlarda yaşamışdır. Həmin 1200 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluq cinayətini tək törətmiş, həmin cinayət əməlini törədərkən ona başqa hər hansı şəxs kömək etməmişdir. O, oğurladığı qızılları satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsə oğurladığı qızıl-zinət əşyalarının arvadının olmasını, özünə məxsus olmasını bildirmiş, həmin şəxsin satdığı qızılların cinayət yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Vaqif küçəsi, ev 39-da yaşayır. O, 2014-cü il tarixdən Gəncə şəhərində yerləşən Mərkəzi Univermaq ticarət mərkəzinin 2-ci mərtəbəsində qızıl satışı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə qızıl dükanında təftiş işləri aparan zaman 2500 manat dəyərində 1 ədəd 585 əyarlı bilərzik, 1 ədəd 585 əyarlı üzük, 1 cüt 585 əyarlı tana, 01 ədəd 585 əyarlı sep, 1 ədəd 585 əyarlı klonu xx.xx.2021-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Belə ki, onun Gəncə şəhəri Mərkəzi Univermaq ticarət mərkəzində yerləşən qızıl dükanından qızıl-zinət əşyaların oğurlanması anı müşahidə kameralarına düşmüş və həmin görüntüləri polis əməkdaşlarına təqdim etmiş, həmin görüntülər əsasında polis əməkdaşları oğurluq edən şəxsi müəyyən etmiş və oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid Qəhraman oğlu ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən təzə bazarda zərgər işləyir və arada bir qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat təxminən 15-16 radələrində bazarda iş yerində olan zaman tanımadığı şəxs zərgər dükanına yaxınlaşaraq atasının öd kisəsində problem olduğu üçün əməliyyat olunacağını, bu səbəbdən də arvadına məxsus qızıl zinət əşyaları komplektini satmaq istədiyini bildirmişdir. O da həmin şəxsin satmaq istədiyi qızıl komplektinə baxaraq əyarına və çəkisinə görə qiymətləndirmiş, həmin komplektdə 1 ədəd 585 əyarlı klon, 1 ədəd 585 əyarlı boyunbağı, 1 cüt 585 əyarlı tana, 1 ədəd 585 əyarlı qolbağı, 1 ədəd 585 əyarlı üzük olmuşdur. Həmin qızıl-zinət əşyalarını tərəzidə çəkmiş və ümumi çəkisi 19 qram təşkil etmişdir. Həmin qızılın satış qiymətini qramı 65 manatdan götürəcəyini həmin şəxsə bildirmişdir. Həmin şəxs onun qiymətləndirməsindən sonra çölə çıxaraq kiminləsə telefonla danışmış və geri qayıdaraq həmin qızılları həmin qiymətə satmaq istədiyini bildirmişdir. O da qızıl zinət əşyalarını bir daha dəqiqliklə qızıl olmasını yoxlamış və ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs şəxsiyət vəqisəsini ona təqdim etmiş, həmin zaman qızıl satan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. O, qızıl-zinət əşyalarının qarşılığında Təqsirləndirilən şəxs 1240 manat pul vermişdir. Həmçinin Təqsirləndirilən şəxs qızıl-zinət əşyaları almağı barədə şəxsi kitabında qeydlər apararaq özünə imza etdirmişdir. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını ona satan zaman tək olmuşdur. O, həmin qızıl-zinət əşyalarını istintaqa təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ifadə vermiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 26 aprel 2022-ci il tarixli 9/2543 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 2,59 qram çəkidə 585 əyarlı qızıl klon, 01 ədəd 1,64 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 01 cüt 6,13 qram çəkidə 585 əyarlı qızıl sırğa, 01 ədəd 5,79 qram çəkidə 585 əyarlı qızıl qolbaq, 01 ədəd 3 qram çəkidə 585 əyarlı qızıl üzükdən ibarət qızıl dəstinin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1620,0 manat müəyyən edilir. Cinayət işində olan baş vermiş oğurluq hadisəsinin qeydə alındığı 01 ədəd diskdəki videogörüntülərdən görünür ki, bir nəfər arıq bədən quruluşlu üzündə qoruyucu tibb maskası olan şəxs X4 2-ci mərtəbəsində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs qızıl-zinət əşayalarının satışı ilə məşğul olduğu vitrinə yaxınlaşaraq vitrində olan qızıl-zinət əşyalarının nümayişi üçün qoyduğu manikeni götürərək kənara çəkilərək Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını oğurlayır və oranı tərk edir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Şahid götürülmüş və onun Təqsirləndirilən şəxs aldığı 01 ədəd 585 əyarlıq 5,79 qram olan qol bağı, 01 ədəd 585 əyarlıq çəkisi 1,64 qram olan boyunbağı, 01 ədəd 585 əyarlıq çəkisi 2,59 qram olan klon, 01 ədəd 585 əyarlıq çəkisi 3 qram olan üzük, 01 cüt 585 əyarlıq çəkisi 6,13 qram olan sırğa və içərisində hadisə anının videogörüntüləri olan 01 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və qeyd edilən qızıl əşyaları təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilmişdir. 25 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut olan 01 ədəd 585 əyarlıq 5.79 qram olan qol bağı, 01 ədəd 585 əyarlıq çəkisi 1.64 qram olan boyun bağı, 01 ədəd 585 əyarlıq çəkisi 2.59 qram olan klon, 01 ədəd 585 əyarlıq çəkisi 3 qram olan üzük, 01 cüt 585 əyarlıq çəkisi 6.13 qram olan sırğa sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3179 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 6452 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə “Opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində yaşadığı müddət ərzində müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən qərəzli olaraq boyun qaçırdığı üçün barəsində təyin edilmiş cəza müddətinin qalan 10 ay 01 günü, 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-17/2024 saylı 30 aprel 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılğı 1 gun müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günu azadlıqdan məhrum etmənin iki gününə bərabər tutularaq 3 (üç) gün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş 1 (bir) günü, cəmi 4 (dörd) gün muddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Hüseynov X3 Şəhər Məhkəməsinin 1(051)-17/2024 saylı 30 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs həmin hökmlə məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 15 dekabr 2021-ci il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə əməldə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də iş üzrə zərərçəkmiş şəxsə vurulan ziyanı ödəməklə barışıq əldə olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-17/2024 saylı 30 aprel 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 30 aprel 2024-cü il tarixdən hesablanmalı və hazırda həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, həmçinin, iş üzrə maddi sübut olan qızıl-zinət əşyalarının (01 ədəd 585 əyarlıq 5.79 qram olan qol bağı, 01 ədəd 585 əyarlıq çəkisi 1.64 qram olan boyun bağı, 01 ədəd 585 əyarlıq çəkisi 2.59 qram olan klon, 01 ədəd 585 əyarlıq çəkisi 3 qram olan üzük, 01 cüt 585 əyarlıq çəkisi 6.13 qram olan sırğa) sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-17/2024 saylı 30 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-17/2024 saylı 30 aprel 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 30 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan qızıl-zinət əşyalarının (01 ədəd 585 əyarlıq 5.79 qram olan qol bağı, 01 ədəd 585 əyarlıq çəkisi 1.64 qram olan boyun bağı, 01 ədəd 585 əyarlıq çəkisi 2.59 qram olan klon, 01 ədəd 585 əyarlıq çəkisi 3 qram olan üzük, 01 cüt 585 əyarlıq çəkisi 6.13 qram olan sırğa) sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-75/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-75/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver