Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-77/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Gəncə şəhəri, Bağbanlar küçəsi, ev 65 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, vəzifəli şəxs olmaqla Gəncə şəhərində yerləşən etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərək borclu müəssisənin rəhbəri kimi 162347,79 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)688/2020-ci il saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkarlara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qəsdən qərəzli olaraq icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd edilən məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktoru olmuşdur. Şirkətin əsas işinin alkoqol içkilərin topdan satışı olduğunu, Zərərçəkmiş şəxs təxminən 2019-cu ildən tanıdığını, münasibətlərinin normal olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bankda işləmiş, "xxxx" MMC-nin maliyyə işlərini təmin etmiş, həmin MMC şərab istehsalı ilə məşğul olmuşdur. O, qeyd edilən MMC ilə xx.xx.2018-ci il tarixdə distribyutorluq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən zavoddan realizə etmək üçün şərab məhsullarını şüşə butulkalarda alaraq müxtəlif ticarət obyektlərinə və şadlıq saraylarına paylamış, sonra isə pullarını ekspeditorlar vasitəsilə yığmışdır. Bir müddətdən sonra həmin zavodda hazır malın satış məsələlərinə dair sistem dəyişmiş, zavod bir neçə obyektdə olan satış nöqtələrini qəbul etmiş, lakin 162347,79 manat məbləğində olan borcla bağlı məsələni qəbul etməmişdir. 2020-ci ilin sentyabr-oktyabr aylarında ona məlum olmuşdur ki, həmin Zərərçəkmiş şəxs Gəncə Kommersiya Məhkəməsində müdir olduğu MMC barəsində iddia ərizəsi əsasında "xxxx" MMC-yə olan borcunu Zərərçəkmiş şəxs ödəməlidir. O, Zərərçəkmiş şəxslə görüşmüş, sonuncu bildirmişdir ki, həmin borcu zavoda ödəmiş və bu səbəbdən zavoda olan borcunu Zərərçəkmiş şəxs ödəməlidir. Zərərçəkmiş şəxs ondan həmin pulu tələb etmiş, o, isə bildirmişdir ki, onun Zərərçəkmiş şəxs borcu yoxdur və həmin "xxxx" MMC-də hesablamalar düzgün aparılmamışdır. Lakin Zərərçəkmiş şəxs iddiası Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-688/2020 nömrəli qətnaməsi ilə qəbul edilərək "xxxx" MMC-dən 162347,79 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. O, bu işlə bağlı apellyasiya şikayəti verməyə gecikmiş, bu səbəbdən apellyasiya şikayəti qəbul edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhəri üzrə icra idarəsinə göndərilmiş, orada icra məmuru qətnamənin icra edilməsini tələb etmiş, lakin özünü Zərərçəkmiş şəxs borclu hesab etmədiyi üçün sonuncuya heç bir ödəniş etməmiş, çünki həmin məbləğ şirkətin öz daxili auditorları tərəfindən hesablanmış və pulun çox hissəsini o, ödəmişdir. Bununla əlaqədar bərəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 3000 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda o, rəsmi olmasa da, qohumunun şirkətində işləyərək gəlir əldə edir və bunun nəticəsində Zərərçəkmiş şəxs hesabına 10000 manat ödəniş etmiş, qalan borcu da ayda 2000-5000 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Sonda o, 2 azyaşlı uşağı olduğunu, valideynlərinin onun himayəsində olduğunu, borcunu hissə-hissə ödəyəcəyini, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir tanıyır, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin təsisçisi olmuş və əsas fəaliyyəti alkoqollu içkilərin alqı-satqısı olmuşdur. O, həmin ərəfədə "xxxx" MMC-nin təsisçisi X1 araq istehsalı üçün nəzərdə tutulan sexin tikilməsi üçün şəxsi vəsaitindən 240000 manat məbləğində borc müqaviləsi əsasında pul vermişdir. Həmin müəssisə borcun bir hissəsini qaytardıqdan sonra qalıq borc 162347,79 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC ilə distribyutor müqaviləsi bağlamış, "xxxx" MMC isə həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda həmin müəssisənin spirtli içkilərini müvafiq sənədlər əsasında vermişdir. Təqsirləndirilən şəxs bu məhsulları realizə etmək üçün almış, sonra isə pulu qaytarmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli distribyutor müqaviləsi üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Bununla bağlı "xxxx" MMC ilə qarşılıqlı razılaşmaya əsasən "xxxx" MMC Təqsirləndirilən şəxsün rəhbər olduğu "xxxx" MMC-nin müəssisəyə olan 162347,79 manat məbləğində borcu tələb etməsinə dair hüququ ona ötürmüşdür. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə görüşmüş, pulunu tələb etmiş, lakin Təqsirləndirilən şəxs spirtili içkilərin alqı-satqısı ilə məşğul olsa da müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o, borcu qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-688/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMC-dən 162347,79 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs borcun ödənilməsini tələb etmiş, borclu isə yenə borcu ödəməkdən imtina etmiş, bununla bağlı icra məmuru tərəfindən görülmüş tədbirlər nəticə verməmiş, Təqsirləndirilən şəxs müəssisə rəhbəri kimi inzibati qaydada 3000 manat cərimə edilmişdir. Onun bildiyinə görə Təqsirləndirilən şəxs Rusiyadan bir vaxt külli miqdarda aldığı spirtli içkilərin borcunu ödəmiş, ona isə indiyə kimi məhz qərəzli olaraq heç bir ödəniş etməmişdir. O, borcunun tam şəkildə ödənilməsini tələb etmiş, əks təqdirdə təqsirləndirilən şəxsin həbs olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru vəzifəsində işləyir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 162347,79 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu borclu "xxxx" MMC-dən tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə icra idarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə məlumat verilmiş, həmçinin borclu "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Buna baxmayaraq sonuncu könüllü icra müddətində tələbi yerinə yetirməmişdir. İcra sənədi üzrə tələbi təmin etməsi barədə xx.xx.2021-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq borclu "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs təqdim edilmiş, lakin sonuncu yenədə tələbi təmin etməmişdir. İcra sənədi üzrə 162347,79 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra borcluya xx.xx.2021-ci il tarixdə icra sənədinin icra edilməsi üçün yeni müddətin verilməsi haqqında bildiriş verilmişdir. Borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs yenidən İcra idarəsinə dəvət olunmuş və xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs heç bir borcu yoxdur. Həmin qətnamədən apelyasiya şikayəti verilib və hesab edir ki, qətnamə əsasız olduğu üçün ləğv edilməlidir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq məktubları təqdim edilməsinə baxmayaraq tələbi qərəzli olaraq təmin etməmişdir. "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs 162347,79 manat məbləğində borcunu ödəməməklə yanaşı, Zərərçəkmiş şəxs qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. Çünki Təqsirləndirilən şəxs icra üçün daxil olmuş icra sənədinin icrasını vaxtında həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Sonuncunun bu cür hərəkət və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq icra etməmədə ifadə olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin tərkibi vardır. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimatla İcra Baş İdarəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş "xxxx" MMC-nin direktor müavini Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2020-ci ilə kimi təchizat şöbəsinin rəisi, sonra isə təxminən 1 il dən artıq zavodun direktoru, hazırda isə zavodun direktor müavini vəzifəsində işləyir. "xxxx" MMC spirtli içkilərin, yəni şərab və son 2 il ərzində, həmçinin araq istehsalı ilə məşğul olmuşdur. Hazırda Abşeron rayonu Novxanı kəndində yerləşən zavod fəaliyyət göstərmir. O, zavodda təchizat şöbəsinin rəisi işləyən zaman "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə tanış olmuş, zavod sonuncu ilə xx.xx.2018-ci il tarixdə bağlanmış distribyutor müqaviləsi əsasında zavoddan realizə edilməsi üçün şərab məhsullarını alıb və sonradan zavoda ödənişlər etmişdir. 2018-ci ildə Təqsirləndirilən şəxs Bakı şəhərində yerdəşən “Yaşıl Bazar”ın yanında olan anbarına bir işçisi ilə şərab məhsulunun saxlanma şəraiti ilə tanış olmaq üçün gəlmişlər. Həmin vaxt görmüşlər ki, anbar kifayət qədər böyükdür və şərab məhsulu həmin yerdən müxtəlif yerlərə aparılır, hətta zavod Təqsirləndirilən şəxs 2 ədəd “Ford-Tranzit” markalı və 2 ədəd “Fiat Doublo” markalı avtomaşınları təhkim etmiş, Təqsirləndirilən şəxs özünün də 2 avtomaşını var idi. Təqsirləndirilən şəxs sözlərinə görə onun 2-ci anbarı haradasa Heydər Əliyev prospektində yerləşmiş, lakin onlar həmin yerə getməmişlər. Təqsirləndirilən şəxs zavoda ödəniş etdiyindən daha çox məhsul aparmış və beləliklə zavod qarşısında böyük məbləqdə, yəni 162000 manat məbləğində borcu yaranmışdır. Zərərçəkmiş şəxs təxminən 2008-2009-cu ildən tanıyır, sonuncu zavodun investorlardan biri olmuşdur. Zavodun maliyyə vəziyyəti pisləşdiyindən zavod Zərərçəkmiş şəxs zavoda yatırdığı investisiya məbləğini tam şəkildə ödəyə bilməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs zavod qarşısında olan borcun alınmasını Zərərçəkmiş şəxs həvalə etmişdir. Ona məlumdur ki, Təqsirləndirilən şəxs həmin borcu ödəmədiyi üçün S.Qocaev məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-688/2020 nömrəli qətnaməsi ilə iddia qəbul edilərək "xxxx" MMC-dən 162347,79 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs zavoda olan borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar zavodun mühasibatlığına heç vaxt müraciət etməmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs "xxxx" MMC faktiki fəaliyyət göstərir və Rusiyaya hansısa spirtli içkilərini göndərməyə çalışır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş "xxxx" MMC-nin direktoru Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-688/2020 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, 162347,79 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, e-2-2(115)-688/2020 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-688/2020 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-469/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat inzibati cərimə edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-688/2020 saylı icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-in 306-cı maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-581/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edənədək məhdudlaşdırılmışdır. - xx.xx.2021, xx.xx.2021-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - icra məmuru Şahid2 xx.xx.2021-ci il tarixli aktından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(115)-688/2020 saylı icra sənədinin icrası ilə bağlı hal şahidləri X3 və X2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda "xxxx" MMC-yə məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olmadığı müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və xx.xx.2022-ci il tarixli müvəqqəti saxlama təcridxanasından azad edilmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Gəncə şəhər BPİ-nin 3-cü PB-nə gəlmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasmal RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasmal RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı 2 azyaşlı uşağı vardır. - Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 306.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni Zərərçəkmiş şəxs borcunun olmaması, borc məbləğinin düzgün hesablanmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla qüvvədə olan məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi qənaətinə gəlir. Həmçinin hazırda Təqsirləndirilən şəxs borcdan 10000 manat ödəməsi, onun dolayısı ilə əməlini etiraf edərək Zərərçəkmiş şəxs olan borcu qəbul etdiyini və məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini göstərir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməni bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağı olmasını, borucun bir hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin sanksiyasında 4 növ əsas cəza, yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, həmçinin əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası ilə birlikdə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-in ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası ilə birlikdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-77/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-77/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver