Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-78/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittihamçılar X9, X10, X11, X5 və X3, Təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1939-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16, X17, X18, X14, X19, X12, X6, X23, X4, X7 və X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 (xx.xx.1939) şikayətçilərin yəni qonşuların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan hüquqlarımızı kobud surətdə pozur (maddə:46), özündə cinayət tərkibinin əlamətlərini ehtiva edən əməllər edir. Belə ki, V.Muxtarova, ictimai yerdə (küçədə) qonşuları ağır təhqir edir, onlara ağır ittihamlarla böhtan atır (narkoman, fahişə və s. sözlər deməklə), şərəf və ləyaqətlərini söyməklə, nalayiq ifadələrlə, eləcə də mimika və jestlərdən istifadə etməklə kütləvi çıxış formasında (2 nəfərin görə, eşidə və qavraya biləcəyi şəraitdə) alçaldır. O, ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizliklə ifadə olunan qərəzli hərəkətlər edir. Sakinlər hazırki vaxtadək V.Muxtarovanın qanunsuz əməllərindən əziyyət çəksələr də yaşlı olmasını nəzərə alaraq humanistlik göstərmiş, heç bir aidiyyəti icra hakimiyyəti orqanına şikayət etməmişlər. Lakin, qeyd edilən şəxsin əməllərinin daha da azğınlaşması, küçədə yaşayan sakinlərin hüquqlarını kobud surətdə ayaqları altına atması barəsində sakinlər tərəfindən şikayət edilməsinə zəmin yaratmışdır. O, bütün etik qaydaları pozur, milli mentaliletə yaraşmayan hərəkətlər edir, sakinlərin dünyadan köçən yaxın qohumları əleyhinə təhqiredici ifadələr işlədir. V.Muxtarova qeyri-vətənpərvərdir, azərbaycan millətini bəyənmir, küçədə yaşayan əslən Qərbi Azərbaycandan (indiki Ermənistan) və Qarabağ bölgəsindən olan sakinlər haqqında “qaçqınlar, gəldilər adam oldular, rədd olun gedin” və s. bu tip sözlərdən istifadə etməklə təxribat yaradır, əksinə, əvvəllər Gəncə şəhərində yaşamış və hər hansı əlaqəsi olmuş ermənilər ilə bağlı xatirələrindən ağız dolusu danışaraq onları tərifləyir. O, çıxışlarında ölkə rəhbərliyinin yürütdüyü siyasətə də zidd davranış nümayiş etdirir, 44 Günlük “Vətən müharibəsi”də qazanılmış uğurlarımızı kölgə altına salmağa xidmət edən ifadələr işlətməkdən də çəkinmir. V.Muxtarova dövlət orqanlarının normal iş fəaliyyətinə də maneələr yaradır. Belə ki, o, qonşulara böhtan ataraq onları polisə şikayət etməklə hədələyir, mütəmadi qaydada əsassız olaraq onları hüquq-mühafizə orqanlarına şikayət edir, bu “bacarığından” özünə qalxan kimi istifadə etməklə özbaşınalıq edir. Qeyd edilməlidir ki, xidməti ərazi üzrə sahə müvəkkili və digər aidiyyəti qurumların səlahiyyətli şəxsləri V.Muxtarovanı “demaqoq” şəxs kimi tanıyıb onun davranışlarından təngə gəlsələr də, həmin şəxs barəsində tutarlı tədbirlərin həyata keçirilməsində acizlik nümayiş etdirirlər. O, cəzasızlıq mühitindən istifadə etməklə çoxsaylı sakinlərin qanunla qorunan hüquqlarını pozmaqla “hegemonluq”unu davam etdirir. V.Muxtarovanın üç övladı olsa da heç biri onunla yaşamır, ona baş çəkmirlər. O, ailə dəyərlərindən uzaq, əhalinin xeyir-şər mərasimlərində iştirak etməyən, qapalı həyat tərzi sürən şəxs kimi xarakterizə olunur. V.Muxtarova tənha qadındır, hərəkət və davranışlarından doğan nəticələri qabaqcadan görmək və analiz etmək qabiliyyətindən uzaqdır. O, cəmiyyətdə təhlükə saçır, insanları onunla münaqişə yaşamasına vadar edir, eləcə də hər hansı xoşagəlməz hadisənin baş verməsinə təhrik edir. Onun psixi pozuntudan əziyyət çəkməsi istisna edilmir. Göstərilənləri nəzərə alaraq, AR Konsititusiyasının 24, 26, 31, 46 və 57-ci maddələrinin, AR Cinayət Məcəlləsinin 147, 148-ci maddələrinin, AR Mülki Prosessual Məcəlləsinin 335-ci maddəsinin, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 11, 12, 19 və 26-cı maddələrinin tələblərini rəhbər tutaraq, X8 barəsində xüsusi ittiham qaydasında icraatın başlanmasını, qanunazidd fəaliyyətinin dayandırılması istiqamətində təcili addımların atılmasını, onun psixiatriya müayinəsindən keçirilməsini (müsbət halda tibbi xarakterli məcburi tədbirlərin həyata keçirilməsini və hospitallaşdırılmasını), hüquqları pozulmuş şəxslərin hüquqlarının bərpa və müdafiə edilməsini, AR Qanunlarına uyğun olaraq V.Muxtarovanın əməllərinə hüquqi qiymət verilməsini və ədalətli şəkildə cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittihamçı X16 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, o, 2000-ci il tarixdə ailəsi ilə birgə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, KV. V-3 Sahə 25 ünvanına köçmüş və həmin tarixdən bəri X8 ilə qapı qonşu olmuşdur. O, həmişə Vəsilə Muxtarova ilə məsafəli olmuş, məsafəli olma səbəbi isə Vəsilənin mütamadi olaraq digər qonşularla ədavət aparması, onlarla dalaşması olmuşdur. Vəsilə qonşuluqda yaşayan hamını şərləyir, barələrində olmazın böhtanlar danışır. Bir gün işdən qayıdanda Vəsilə ona ölmüş qonşusu barədə söyüş söymüş, ölən qonşuya “gorbagor olsun” deyə təhqiramiz ifadələr işlətmişdir. Belə olan halda o, Vəsiləyə iradını bildirib ağbirçək qadına yaraşmayan ifadələr işlətməsinin ayıb olduğunu demişdir. Elə həmin gündən bəri Vəsilənin ona qarşı da münasibəti kəskinləşmiş və onun əslən Qərbi Azərbaycanlı olduğunu bildiyi üçün onun ünvanına “eməni”, “qaçqın eşşək” kimi nalayiq ifadələr işlətmişdir. Onlar hər qarşılaşdıqda Vəsilə ona münasibətdə tüpürmüş, onu özündən çıxarmağa çalışmışdır. Sonda o, məhkəmədən Vəsilənin barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X17 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, X8 qonşuluqda bir çox qonşu ilə davalıdır. O, Rəna adlı qonşu ilə də dalaşmış, onların isə Vəsilədən fərli olaraq Rəna ilə münasibətinin yaxşı olması Vəsiləni qıcıqlandırmış və Vəsilə səbəbsiz yerə onu görəndə tüpürmüş, yerdən daş götürüb ona xəsarət yetirmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra onu polisə şikayət edərək guya onların Vəsiləni orada yaşama qoymamaqlarını bildirmişdir. Vəsilənin daim onları söyüb təhqir etməsi onların Vəsilə barədə şikayət verməyə məcbur etmişdir. Sonda o, məhkəmədən Vəsilə Muxtarova barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X18 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, X8 əvvəllər onun mərhum əri ilə daim mübahisə etmiş, onun əri öləndən sonra isə Vəsilə onun barəsində nalayiq ifadələr işlətmiş Vəsilə evində işləyən ustalara o, eşidə-eşidə onun barəsində əri öldükdən sonra beş kişi ilə münasibət qurduğunu, yüngül həyat tərzi keçirdiyini demişdir. Onun barəsində polisə şikayət edərək guya onun evinə qaz buraxdığını, su buraxdığını hətta ilan buraxdığını demişdir. Vəsilə onu hər görəndə tüpürüb ona həyətindən toyuq, hinduşka oğurladığını demişdir. O, Vəsilənin təhqirlərindən təngə gəlmiş, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X14 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, X8 daim qonşularla dava dalaş içində yaşayır. O, 2020-ci il tarixdə ona qarşı qarğış etmiş covid olub xəstələnməsini diləmişdir. Daha sonra isə onun Gürcüstanlı olduğunu Gürcüstandan Gəncə şəhərinə yüngül həyat tərzi keçirmək üçün gəldiyini demişdir. Vəsilə onu hər görəndə ona atmaca tipli sözlər atmışdır. Sonda o, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X13 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, X8 daim qonşularla dava dalaş içində yaşayır. O, həmişə Vəsilədən ehtiyat etmişdir. Bir gün həyətdən hay-küy səsi eşidilmiş, o, qapıya çıxmış Vəsilənin qonşu Əhməd kişini söyüb, əlindəki daşla vurmaq istədiyi Əhməd kişinin isə onu sakitləşdirməyə çalışdığını görmüşdür. O, tez evə girmiş Vəslinənin ona da nəsə etməsindən qorxmuşdur. Vəsilə daim onun 18 yaşında olan oğlunu və 22 yaşında olan qızını gördüyü yerdə söyüb təhqir edir. Vəsilə onun qızına hamının içində “kiftə” deyərək müraciət etmişdir. O, oğlunun bir gün Vəsilənin təhqirlərindən təngə gəlib Vəsiləyə qarşı qanunsuz bir hərəkət etməyindən bir ana kimi narahat olur. Vəsilə onu qapını süpürdüyü yerdə görəndə gəlib tüpürüb “niyə ölmürsən” demişdir. Sonda o, məhkəmədən ədalətli qərar çıxarılmasını istəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 bildirmiş ki, o, qonşuların bildirdiyi kimi onlara qarşı təhqir və böhtan xarakterli hərəkətlər etməmişdir. Əksinə qonşuların onu təhqir etdiyini uşaqlarının onu atıb getdiyini dediklərini, onun yaşadığı evə su buraxdıqlarını, həyətdə saxladıqları toyuqları oğurladıqlarını bildirmişdir. Sonda o, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə edilmiş xüsusi ittiham qaydasındakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 xüsusi ittihamçılar X9, X10, X11, X5 və X3 şərəf və ləyaqətlərini ləkələyən və ya onları nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi müəyyən edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.2. təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.3. təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.4. cinayətintörədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.5. təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı; 346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən Məhkəmə bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizəvə vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab ediləbilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmişsübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökmqanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir həmçinin qərarda dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Beləliklə məhkəmə tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi məqsədi ilə xüsusi ittihamçılara ittihamı əsaslandırmaqüçün bütün zəruri şəraitin yaradılmasına və sübutetmə vəzifəsi xüsusi ittihamçıların üzərinə düşməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ittihamçılar tərəfindən şikayət ərizəsində qeyd olunanlar öz təsdiqini tapmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqiri cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməlləri qanunda göstərilən dörd üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar, eləcə də şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltma kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddələr ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnızbu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnızməhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı CPM-nin 42, 55, 344-347, 349, 350, 352, 353.3, 353.5, 356, 358, və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçünbəraət verilsin və o, həmin maddələr üzrə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X2 izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-78/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-78/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver