Məhkəmə qərarları › İş №1(125)-79/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-79/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-79/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri, Vidadi küçəsi, mənzil 25-də qeydiyyatda olmaqla yaşamış, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0,336 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 aprel 2024-cü il tarixdə saat 22:45 dəqiqədə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən Nəriman Nərimanov adına parkın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N .Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş, bölmədə onun üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.336 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün iş üzrə verdiyi etirafedici ifadəsi ilə yanaşı, toplanmış digər mötəbər dəlillərlə-şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o uzun bir müddət narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14-15 radələrində Gəncə şəhəri Mərkəzi Univermağın yanında gəzərkən yerdə olan siqaret falqasına bükülmüş bir büküm diqqətini çəkmiş, bükümü yerdən götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O həmin bükümü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Həmin gün Gəncə şəhər, N.Nərimanov prospektində olan Nəriman Nərimanov parkının yaxınlığında olarkən mülkü geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, sonra onu Gəncə şəhər BPl-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada inzibati otaqların birində müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. O, əynində olan qara rəngli şalvarın ön sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək içərisində olan kütlənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və sonra ekspertizaya göndərilməs üçün zərfə qoyulmuşdur. O heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış və bu barədə fikridə olmamışdır. O narkotik vasitə istifadə etdiyi üçün üzərində saxlamışdır. Əməlini etiraf edərək, peşman olmasını, səhhətində ciddi problemlərin olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması haqqında məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat vermiş sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili polis mayoru X6 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs Gəncə şəhər, N.Nərimanov prospektində yerləşən N.Nərimanov parkın yaxınlığında yolun kənarında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri 4-cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl müdafiəçi ilə təmin edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və şifahi sorğu zamanı təqdim etdiyi kütlənin “kokos” kimi tanıdığı heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri Nizami küçəsində yerləşən Mərkəzi Univermağın yaxınlığında yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, sonra həmin falqadakı büküm zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaq zamanı şahid X6 Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək, onun göstərdiyi xususatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 22:45-də şübhəli şəxs qismində tutulmuşdur. -29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisi nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Gəncə şəhər BPİ-in MSY-dən azad edilmişdir. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X3, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru X6, həmin bölmənin polis leytenantı Şahid1 və Müdafiəçi1 iştirakı ilə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və daha sonra onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd gümüşü rəng siqaret falqasına bükülmüş vəziyyətdə olan bükümü çıxarıb təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ilk görüşündən narkotik vasitə olan heroin oxşar kütlə olması müəyyən olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə “kokos” olduğunu bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri Nizami küçəsində yerləşən Mərkəzi Univermağın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və satmaq fikri olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilir, kağıza bükülmüş olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0.56 qram, olması müəyyən edilir. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, bundan sonra həmin 01 ədəd kağız zərfin üzəri "DİN-nin 181 saylı" möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır və baxış başa çatdırılır. -Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2024-cü il tarixli 16/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” yazı və imzalar olan kağız paketdəki, 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0.336 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir -Məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli 785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Halhazırda narkotik abstinensiya(narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi mualicəyə ehtyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2024-cü il tarixli, 24055038 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı məqsədlə əldə etməsi, satışı ilə məşğul olub-olmaması və narkotik vasitə satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 131.2, 221.1-ci maddələri ilə təqsirli bilinərək 20 faiz qazancından tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixli Nərimanov Ryaon Məhkəməsinin qərarına əsasən 1 il 1 ay 1 gün mtcm-ə keçirilmiş, xx.xx.2009-cu ildə cəzanın sonu ilə azad edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına (CİDDİ) məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci, 240.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)-26/2024 nömrəli qərarına əsasən cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 01 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. -Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)-26/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2, 240.1 və 66.2-ci maddələrinə əsasən qəti olaraq 03(üç) il 03(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası xx.xx.2024-cü ildə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 01 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin 7(057)-26/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərari ilə cəzasinin çəkilməmiş 09(doqquz) ay 01(bir) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X5 Publik Hüquqi şəxsin arayışından görünür ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A Topçubaşov adına X5" publik hüquqi şəxsin Damar cərrahiyyəsi şöbəsinə "Sağ bud arteriyasının postinyeksion anevrizması. Qanaxma” diaqnozu ilə qəbul olunmuş, xx.xx.2024-cü il tarixində “Anevrizmanın ləğvi. Sağ xarici qalça, ümumi, dərin, səthi bud arteriyalarının bağlanması" əməliyyatı icra edilmişdir. Xəstə hazırda stasionar müalicədədir. - “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitənin tədqiqatdan sonra qalmış təmiz çəkisi, 0.286 qram olan narkotik vasitə heroin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 01 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək peşmançılıq hissi çəkməsini, "Sağ bud arteriyasının postinyeksion anevrizması. Qanaxma” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Salyan Rayon Məhəməsinin 7(057)-26/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 09 (doqquz) ay 01 (bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin 12 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Salyan Rayon Məhəməsinin 7(057)-26/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli (CM-76.6.3), ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığından barəsində məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut – tədqiqatdan sonra qalıq çəkisi 0,286 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən çəkilməmiş 09 (doqquz) ay 01 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 01(bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həmin cəzanın əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış tədqiqtdan sonra qalıq çəkisi 0,286 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150 (bir yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar