Məhkəmə qərarları › İş №1(125)-81/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-81/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-81/2024 15.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 01 noyabr 2023-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni 25 iyun 2021-ci il tarixdən başlayaraq 18 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-1740/2021 saylı, 24 may 2021 -ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 3(043)-402/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 14 iyul 2023-cü il tarixədək cəmi 3340 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, qapı-pənəcərə ustasıdır. Onun işi adətən havalar isti olanda yaxşı olur. Onun yığılmış 3340 manat aliment borcu olduğu üçün barəsində cinayət işi açılmışdır. O, borc xərc pul tapıb aliment borcunu ödəmək istəsə də həmin ərəfədə atası rəhmətə getmiş, birdəfəlik ödəniş edə bilməmişdir. Hazırda borcundan 2200 manat ödəniş etmiş, qalan borcu da hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Sonda o, aliment borcunu qismən ödədiyini, ikinci ailəsindən də himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb barəsində cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə Dövlət Universitetində laborant vəzifəsində işləyir, aylıq əmək haqqı 300 manatdır. Onun atası qardaşı yoxdur, xəstə təqaüdçü anası ilə yaşayırlar. O, 300 manata uşağının yeməyini ancaq çatdırır, uşağının digər xərclərini ödəyə bilmir. Məhkəmə qərarı ilə himayəsində olan uşağının saxlanması üçün ayda 160 manat aliment qət edilmişdir. Təqirləndirilən şəxsin hazırda məhkəmə tərəfindən təyin olunan aliment borcu 4000 manat təşkil edir. Sentyabr ayında 3300 manat olanda onun barəsində hazırda cinayət işi açılmışdır. Hazırda təqsirləndirilən şəxs aliment borcundan 2200 manat ödəniş etmiş, qalan borcu da ödəyəcəyi barədə söz vermişdir. O, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə borcundan 1000 manat ödəniş edəcəyi təqdirdə qalan borcdan imtina edəcəyini bildirsə də təqsirləndirilən şəxs həmin ödənişi etməmişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, hazırki iş icra məmuru Şahid1 icraatında olmuşdur. İcra məmuru Təqsirləndirilən şəxs dəfələrlə icra idarəsinə çağırmış, aliment borcunu ödəməsini tələb etmiş, əks təqdirdə onun barəsində cinayət işi başlanılacağı barədə xəbərdarlıq etmişdir. Lakin Xəyyam aliment borcundan heç bir ödəniş etməmiş və nəticədə barəsində cinayət işi başlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, hazırki işdə o, üçüncü və ya dördüncü icra məmurudur. İşlə bağlı artıq üçdən artıq qətnamə mövcuddur. İş onun icraatına keçəndə iki qətnamə mövcud olmuşdur və 500 manat köhnədən borcu mövcud olmuşdur. O, həmin borcu ödəsə də təzə qətnamə ilə borclar üst-üstə yığılmışdır. Təqsirləndirilən şəxs barəsində bir dəfə inzibati tənbeh verilmişdir. Həmin vaxt o, borcundan təxmini 500 manat ödəniş etmiş, daha sonra yenə ödənişi dayandırmışdır. Ona dəfələrlə vaxt verilsə də o, ödəniş etməmişdir. Onlar Xəyyam barədə məşğulluq idarəsinə sorğu vermiş, sorğuya cavab olaraq bildirilmişdir ki, o, məşğulluq mərkəzinə müraciət etməmişdir. Özünün dediyinə görə o, qapı-pəncərə ustasıdır. Lakin ödənişlər etmədiyi üçün hazırda onun barəsində cinayət işi açılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1740/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-3895/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1740/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-3895/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1740/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1740/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(043)-191/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyədək məhdudlaşdırılmışdır. - Məlumat vərəqindən görünür ki. Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(043)-402/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3895/2015 nömrəli, xx.xx.2018-ci il və 2(044)-1740/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədlərində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsinin veridyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Onun barəsində bugünə kimi qonşular və sakinlər tərəfindən Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnizbati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 filialının idarəsinin sorğusuna cavab məktubundan görünür ki, filialın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılmağa çalışılsa da, bu mümkün olmamışdır. Təqsirləndirilən şəxs ünvanına filiala müraciət etməsi üçün 19 yanvar 2023-cü il tarixli dəvət məktubu göndərilmişdir. Filialla əlaqə saxladığı təqdirdə Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun olaraq lazımı köməklik göstəriləcəkdir. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli təkrar, xx.xx.2022-ci il tarixli sonuncu və xx.xx.2023-cü il tarixli sonuncu dəfə cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Nikah haqqında şəhadətnamədən gğrünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx.xx.2015-ci il tarixdə Gəncə Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 ilə birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları vardır. - PashaPay MMC-nin ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş edilmişdir. - Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 12/2-135321 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsqəndər oqlu əvvəllər məhkum olunmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, aliment borcundan qismən ödəniş etdiyini və ikinci nikahdan da himayəsində bir azyaşlı qızının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mətləb İsgəndərovun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə 21 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 126 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 126 (yüz iyirmi altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar