Məhkəmə qərarları › İş №1(125)-83/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-83/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-83/2024 29.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, F.X.Xoyski küçəsi, ev 2-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşayan barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) satış məqsədi olmadan qanunuz olaraq narkotik vasitə olan heroini istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,449 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12 oktyabr 2023-cü il tarixdə saat 15:00-da Gəncə şəhəri BPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Atatürk prospektində “Köhnə xalça zavodunun” yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş 0,449 qram çəkidə kustar üsulla hazırlanmış olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq evli olmasa da faktiki olaraq nikahdadır və himayəsində iki azyaşlı uşağı vardır. Gəncə şəhəri “Baza” adlanan ticarət mərkəzində fəhlə işləyir. Narkotik vasitə olan heroindən son zamanlar istifadə etməyə başlayıb. 12 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Gəncə şəhəri Məhsəti qəsəbəsində olan zaman yerdə siqaret qutusu görmüş, həmin qutu onun diqqətini cəlb etdiyi üçün götürmüşdür və həmin qutunun içinə baxdıqda içində bir ədəd büküm olduğunu, bükümün açıb içərisinə baxanda orada “kakos” yəni narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitə olan kütləni götürüb əynində olan qara rəngli şalvarının sağ ön cibinə qoyduqdan sonra Gəncə şəhəri, Atatürk prospektində “Köhnə xalça zavodunun” yaxınlığına getmək üçün avtobusa minmişdir. Gəncə şəhəri, Atatürk prospektində “Köhnə xalça zavodunun” yaxınlığında olan vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişdir və onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişdirlər. O da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına getmiş, orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da onlara üzərində olan 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan kütləni təqdim etmişdir. Həmin kütlə açılaraq içərisinə baxış zamanı orada narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin büküm iştirakçıların iştirakı ilə elektron tərəzisində çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təstiq etmişdirlər. Sonda o, etdiyi əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı, yataq xəstəsi atası, yaşlı anası olduğunu, ailənin yeganə gəlir gətirən şəxsi olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Natiq adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə Gəncə şəhər BPİ-nin NBM-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və kiçik inspektor Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 oktyabr 2023-cü il tarixdə Natiq adlı şəxsi Gəncə şəhəri, Atatürk prospektində “Köhnə xalça zavodunun” yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər.Onlar Natiq adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə onu Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ ön cibindən bir ədəd ağ kağız parçasına bükülmüş kütləni könüllü olaraq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ kağız parçanın içərisindəki kütlənin, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkarlanmışdır. Məhkəmədə dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X6 azad edilmişdir. - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhər BPİnin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin idarənin kiçik inspekoru polis baş serjantı Şahid2, həmin idarənin KTB-nin baş inspetor kriminalisti, polis mayoru X5 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş kütləni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqim etdiyi kütlənin “kakos” olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını, heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş,ümumi çəkisi 0.78 qram müəyyən olunmuşdur. Həmin büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin kağız zərfin üzəri DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1009 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ümumi çəkisi 0,78 qram kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,449 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə “heroindir”. (Heroin təmiz çəkisi – 0,449 qr. tədqiqata sərf edildi - 0,05 qr. qalıq 0.399 qr.). - Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşaqları vardır. - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü tarixli, 1777 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin xeyli miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin oktyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yataq xəstəsi atası olmasını və evə yegənə gəlir gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,449 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün və narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,449 qram çəkidə narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar