Məhkəmə qərarları › İş №1(125)-84/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-84/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-84/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla, Cavadxan küçəsi 8-ci döngə ev 29-da yaşayan, “barəsində başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs), istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır.Bu barədə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Şahsevənlər küçəsində yerləşən Humanitar Kollecin yaxınlığında saxlanılaraq 1-ci polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0.196 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik maddə olan heroindən ara-bir istifadə edir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Şahsevənlər küçəsində olarkən iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq,saxlanılmasının səbəbini ona izah etmişlər və özləri ilə birlikdə onu Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə gətirmişlər. Orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün o, müdafiəçi ilə təmin olunmuş, bundan sonra müdafiəçinin iştirakı ilə, video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd yaşıl rəngli alışqan və 1 ədəd içərisində siqaret filtirləri olan “Rothmans” markalı siqaret paketi, sağ yan cibindən 6 ədəd 1 manatlıq pul əskinası, kiçik sağ yan cibindən isə şəffaf rəngli sellofanın içərisində sellofana bükülü olan qəhvəyi rəngli, narkotik vasitə “heroin” aşkar olunmuşdur. Həmin bükülü müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,28 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik maddəni xx.xx.2022-ciil tarixdə saat 17 radələrində Gəncə şəhər Mərkəzi Univermağın yaxınlığında yerdən yerdən tapdığını, həmin narkotik maddədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını və istifadə etmədiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Sonda o, etdiyi əməlindən peşman olduğunu, Vətən müharibəsi iştirakçısı olduğunu, iki medalla təltif edildiyini, xəstə anasının onun himayəsində olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsində əməliyyat-istintaq qrupunun tərkibində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Xudafərim adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Şahsevənlər küçəsində, Humanitar Kollec tərəfdədir. Daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o,CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsində Humanitar Kollecin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və sellofan bükülünün içərisində olan kütlənin narkotik vasitə kakos kimi tanıdığı heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mərkəzi Unvermağın yaxınlığında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində sağladığını, həmin kütlədən başqa yerdə saxlamadığını, bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,28 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmamış,yalnız sonuncunun narkotik vasitə heroin istifadə etməsi barədə məlumatları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə X8 azad edilmişdir. - xx.xx.2022-ciil tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X5, Gəncə şəhər 1-ci PŞ CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X6, həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər 1-ci PŞ-nin TH-nin polis nəfəri, polis serjantı X2 Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərində göy rəngli cins şalvarın kiçik sağ yan cibindən isə şəffaf rəngli sellofanın içərisində şəffaf rəngli sellofana bükülü olan qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər ketlə, aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,28 qram gəlmişdir. Aşkar olunmuş kütlə zərfdə qablaşdırılaraq üzəri AR DİN-in 110 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 bölməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27.08.222-ci il tarixli 16/1028 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd, şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,196 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir.(heroinin təmiz çəkisi 0,196 qr.,tədqiqata sərf edilmiş 0,02 qr., qalıq 0,176 qr.). - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1685 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir,narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 5851 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 5411 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışındna görünür ki, ehtiyatda olan əsgər xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının X1 tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının X1 tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. - Gəncə şəhər Nizami rayon evlər üçlüyünün verdiyi arayışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu Cavad Xan küçəsi 8-ci dölmə ev 29 yaşayan X4 qeyd olunan ünvanda yaşayır, anası X7 onun himayəsində yaşayır. - Gəncə şəhər Nizami rayon evlər üçlüyünün verdiyi xasiyyətnamədən görünür ki, Gəncə şəhəri Cavadxan küçəsi 8-ci döngə ev 29-da yaşayan Təqsirləndirilən şəxs ondan ötrü ki, o, özünü nizam-intizamlı aparır, qonşuların xeyr-şər məclislərində iştirak edir. Barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını və təltif olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,176 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 66 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,176 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar