Məhkəmə qərarları › İş №1(125)-84/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-84/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-84/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, məhkumluğu ödənilməyən, işsiz, Goranboy rayonu Qarasuçu kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, İ.Məmmədov küçəsi, 1-ci döngə, ev 13-də yaşamış, barəsində digər bir cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilərək, hazırda ƏN-nin PX-in 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək, 01 iyul 2024-cü il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən “Qrand Qafqaz“ ticarət mərkəzinin içərisində olan 14 nömrəli mağazanın qıfılını əlində olan vintaçanla sındırma yolu ilə açaraq qanunsuz daxil olaraq həmin mağazada yerləşən dolabdakı rəflərdən 12831 (on iki min səkkiz yüz otuz bir) manat nəğd pulu oğurlayaraq ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12831 (on iki min səkkiz yüz otuz bir) manat dəyərində maddi ziyan vurmaqla qanunsuz saxlanc yerinə daxil olmaqla gizli olaraq özgənin əmlakını xeyli miqdarda talamış, yəni oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, əvvəllər Gəncə şəhərində yerləşən köşklərin birində işləmiş və Zərərçəkmiş şəxs topdan siqaret aldığı üçün onun işlətdiyi mağazada həmişə pul olduğunu bilmişdir. 01 iyul 2024-cü tarixdə saat 12 radələrində o, Gəncə şəhəri “Qrant Qafqaz” ticarət mərkəzinə getmiş, bazarda Zərərçəkmiş şəxsla qarşılaşmış və onunla salamlaşdıqdan sonra o, Zərərçəkmiş şəxs işlətdiyi mağzadan aralaşmış və kənardan, onu güdməyə başlamışdır. Təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qapısını bağlayıb bazarın içərisinə tərəf getmiş, o, Zərərçəkmiş şəxs göy bazarına girməsini gözləyib sonra Zərərçəkmiş şəxs işlətdiyi mağazaya yaxınlaşmış və özü ilə apardığı vintaçanla mağazanın plastik qapısını açmışdır. O, mağazaya daxil olduqdan sonra qapını bağlamış və mağazanın içərsini axtarmağa başlamışdır. İlk öncə rəfin üstündə olan dəmir seyfə baxmış, seyfin içərsində ancaq sənədlər olmuş, bundan sonra rəfləri axtarmağa başlamışdır. Birinci rəfi açdıqda orda pul olduğunu görmüş və həmin pulu götürmüş, sonra ikinci rəfi açmış orda olan pulları da götürdükdən sonra həmin pulları əlində olan qara rəngli sellofan paketə qoymuş həmin paketi isə əlində olan qış gödəkcəsinə büküb mağazadan çıxmışdır. Bazarın başında nömrəsini və markasını xatırlamadığı taksiyə oturub Gəncə şəhəri “Pribor strayitel” deyilən yerə getmiş, orda taksidən düşüb başqa nömrəsini və markasını xatırlamadığı bir taksiyə oturub Gəncə şəhəri “Sümbülün yanı” deyilən yerə getmiş, orda taksidən düşdükdən sonra yaxınlıqda olan bərbərə girib üzünü və sacını qırxdırdıqdan sonra çıxıb yenə nömrəsini və markasını xatırlamadığı başqa bir taksiyə minib Gəncə şəhəri “Köhnə Kolxoz” bazarı deyilən yerə gedib bazardan özünə bir ədəd kepka, bir ədəd yay köynəyi və bir ədəd idman sumkası aldıqdan sonra tanımadığı bir taksi avtomobili ilə Daşkəsən rayonuna getmişdir. Daşkəsən şəhərində olan adını bilmədiyi bir oteldən otaq götürmüş və otağa daxil olduqdan sonra otaqda oğurladığı pulları saymışdır. Pulları sayanda oğurladığı pulların 12831 manat olduğunu bilmişdir. İki gün Daşkəsən rayonunda həmin oteldə qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə nömrəsini və markasını xatırlamadığı taksiyə minib Şəmkir rayonunaoradan isə başqa bir tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində xatırlamadığı yerdə otellərin birində otaq götürmüş və polis əməkdaşları onu saxlayana kimi bir neçə gün orada qalmışdır. Oğurladığı pulları Bakı şəhərində telefonda oynadığı kazino oyununa yatırmış və uduzmuş və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iyirmi ildən çoxdur tanıyır. O, hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs onun mağazasının ətrafında gəzdiyini görmüş və İslamın anasına oğlu ilə bağlı xəbərdarlıq etmiş, İslamın anası isə cavab olaraq onun ehtiyyatlı olmasını bildirmişdir. Eyni zamanda İslamın anası ona İslamış Türkiyə də problemlər yaratdığı üçün buraya qaçıb gəldiyini bildirmişdir. Hadisə baş verdiyi gün o, günorta saatlarında o bazarda çay içməyə getmiş və İslam isə onu izlədiyi üçün o, getdikdən sonra onun mağazasına daxil olub oğurluq etmişdir. O, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. -xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, “Qrand Qafqaz” ticarət mərkəzində yerləşən 14 nömrəli mağazaya baxış keçirilərək foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. -xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və oğurluq hadisəsinin görünütülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazaya qapının qıfılını sındırma yolu ilə daxil olaraq mağazadan 12831 (on iki min səkkiz yüz otuz bir) manat nəğd pulu oğurlamışdır. - xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 05:30 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər 2-ci PŞ-nə gətirilmiş və Gəncə şəhər BPİ-in MSY-nə təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınarkən Zərərçəkmiş şəxs mağazasından etdiyi oğurluq cinayətini etiraf etmiş və özünü təqsirli bilmişdir. -xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və oğurluq cinayətini etiraf edib özünü təqsirli bilmişdir. -xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad olunmuşdur. -xx.xx.2025-ci il tarixli Gəncə şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz əhəmiyyətini itirdiyinə görə ləğv edilmişdir. -Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 4(006)-31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başqa cinayət işi üzrə xx.xx.2025-ci il tarixədək uzadılmışdır. -DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa o, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya aktına əsasən CM-nin 177.2.3-cü maddəsinə münasibətdə cəzasının çəkilməmiş qalan hissəsində cəzadan azad edilmişdir. - BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-5970/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına avtomaşın qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri övlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-8272/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alıması ilə bağlı daşınmaz əmlakın dövlət reystrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, X2 Komitəsi və ləğv edlilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən alınmış əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq edən zaman ona kiminsə kömək etməsini və Gəncə şəhəri və ətraf rayonların ərazisində digər cinayətlərdə iştiraklarını müəyyən etmək mümkün olmamışdır. - Gəncə şəhər icra hakimiyyətinin 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cü il tarixdən “Astenizasiya olunmuş şəxsiyyətdə tez-tez müşahidə edilən nevrotik reaksiyalarla“ diaqnozu ilə həmin dispanserdə qeydiyyatda durur. - Məhkəmə-psixiatrik ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 644 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında hər hansı bir gerilik əlamətləri müşühidə olunmur. O, qeyd olunan cinayət əməlini törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs əğlunda müşahidə edilən xarakterioloji xüsusiyyətlərlə ( şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tədbiqinə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə mağazaya qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs “Astenizasiya olunmuş şəxsiyyətdə tez-tez müşahidə edilən nevrotik reaksiyalar“ xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ACDİÜ məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.1ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə həmin cəzanı tam çəkərək cəzanın sonu ilə azad olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 6 il müddət keçmədən yenidən qəsdən cinayət törətmiş, bununla da onun məhkumluğu ödənilməmiş və cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə hadisənin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə “həbs” qətimkan tədbiri seçilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və digər cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar