Məhkəmə qərarları › İş №1(125)-85/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-85/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-85/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,501 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhər BPİ-in X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Azərin Hədiyyələr” mağazasının qarşısında saxlanılıb H.Ə.Hüseynzadə küçəsi 5 ünvanında yerləşən Gəncə şəhəri, BPİ-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əyinində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,136 qram olan narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.501 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, əvvəllər Gəncə şəhərində yaşasada hazırda ailəsi ilə birlikdə ünvan 2nında yaşamaqla, Bakı şəhərində fərdi əməklə məşğul olub ailəsini saxlayır. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən bir həftə əvvəldən başlayaraq psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Azərin” hədiyyələr mağazasının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmiş, orada müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da üzərində olan 1 ədəd siqaret qutusunun içərisində olan 1 ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan kütlələri, bir ədəd üzərində deşik olan şüşə lampanı, bir ədəd 1 AZN pul əskinazını və 3 ədəd siqaretləri təqdim etmişdir. Həmin kütlələrin birinin içərisində narkotik vasitə olan heroin, digər bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmuş və həmin kütlələr müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmişdir. Sorğu zamanı həmin kütlələrin birinin markotik vasitə olan “kakos” (heroin), digər bükülünün isə psixotrop maddə olan “şüşə” (metamfetamin) olduğunu, həmin kütlələrin ona məxsus olduğunu, kütlələri xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını, heç kimə satmadığını, başqa yerdə saxlamadığını, özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilmiş kütlələr qablaşdırılmış, sonra zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək, video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və belə bir niyyəti də olmamışdır. Əməlindən peşman olmaqla barəsində olan cinayət işi üzrə əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini, himayəsində azyaşlı övladlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. 08 oktyabr 2021-ci il tarixdə saat təxminən 21:30 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Cəfər adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur və halhazırda Atatürk prospektində yerləşən “Azərin" hədiyyələr dükanının yaxınlığındadır. Odur ki, daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Azərin" hədiyyələr dükanının qarşısında saxlayaraq Gəncə şəhər BPİ-yə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən “Rothmans" markalı siqaret qutusundan 03 ədəd siqaret giləsi, 01 ədəd bükülmüş vəziyyətdə 1 AZN pul əskinası, 01 ədəd üzərində deşik olan şüşə lampa, 02 ədəd siqaret falqasına bükülmüş, birinin içərisində psixotrop maddə metamfetaminə, digərinin içərisində isə narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin birinin içərisində narkotik vasitə heroin, digərinin isə içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri 08 oktyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitə və psixotrop maddələrdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlələr tərəzidə çəkilmiş və kütlənin biri falqa ilə birlikdə 0,68 qram, digəri isə falqa ilə birlikdə 0,25 qram təşkil etmişdir. Bundan sonra həmin kütlələr tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Şahid – Gıncə şəhər BPİ-nin ekspert kriminalisti vəzifəsində işləyən Şahid2 Yəhya oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində ələ edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, şahid - Gəncə şəhər BPİ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 və Şahid2 Yəhya oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən “Rothmans" markalı siqaret qutusundan 03 ədəd siqaret giləsi, 01 ədəd bükülmüş vəziyyətdə 1 AZN pul əskinası, 01 ədəd üzərində deşik olan şüşə lampa, 02 ədəd siqaret falqasına bükülmüş, birinin içərisində psixotrop maddə metamfetaminə, digərinin içərisində isə narkotik vasitə heroinə oxşar kütlə aşkar edildiyi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 09 oktyabr 2021-ci il tarixli, 16/1070 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr.” sözləri və imzalar olan kağız paketdəki: 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,136 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 (bir) ədəd “gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 0,501 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. “Subutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 29 iyul 2022-ci il tarixli, 16/847 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd "Rothmans” adlı siqaret qutusunun içərisində olan 1 (bir) ədəd baş hissəsi sınıq şüşə lampanın içərisində və 1 (bir) ədəd bir manat pul əskinazının üzərində metamfetamin izləri vardır, metamfetamin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Həmin kağız paketdə olan 3 (üç) ədəd “Rothmans” adlı tamlığı pozulmamış siqaretlərdir, içərisində narkotik vasitənin hissəcikləri yoxdur, onun tərkibi yalnız tütündən ibarətdir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 3498 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 2429 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal-Təsərrüfatı İstehsalat birliyi 2 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Cinayət işi materiallarında olan şəxsiyyət vərəqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X6 və X4 adlı əkiz iki yetkinlik yaşına çatmayan və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 26 dekabr 2023-cü il tarixli 703 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə qeydiyyatsız ünvan 2nında yaşayır. İşdə olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun İ siyahısına görə narkotik vasitə olan heroinin 0,15 qramı şəxsi istehlak miqradından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,501 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi sonuncunun üzərindən təmiz çəkisi 0,136 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,501 qram olan psixotrop maddə metamfetamin olmaqla cəmi 2 bükümün aşkar edilib götürülməsinə əsaslanmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə nə verməmiş, nə də ki satmamış, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. O, heç vaxt narkotik vasitə və yaxud psixotrop maddə satışı ilə məşğul olmamış və belə bir niyyəti də olmamışdır. Lakin istintaq orqanı heç bir sübut olmadığı halda ona narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi ittiham vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Yəhya oğlu da ifadələrində Təqsirləndirilən şəxs ilə bağlı onlara əməliyyat məlumatının təqsirləndirilən şəxsin narkotik vasitə qəbul etməsi, üzərində saxlamaqla daşıması ilə bağlı daxil olduğunu və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatının olmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilən ittihamın əsasını təşkil edən sonuncunun üzərindən narkotik və psixotrop maddənin 02 (iki) bükümdə aşkar olunması özlüyündə onun həmin maddələrin satışı ilə məşğul olmasında mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması yaxud ondan mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Belə olan halda məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndinin 4-cü abzasında həmçinin qeyd edilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmənin qənaətinə əsasən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,501 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamasında təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,501 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq, barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında 08 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhər BPİ-in X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Azərin Hədiyyələr” mağazasının qarşısında saxlanılıb H.Ə.Hüseynzadə küçəsi 5 ünvanında yerləşən Gəncə şəhəri, BPİ-in inzibati binasına gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman əyinində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,136 qram olan narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,501 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, ünvan 2nında yerləşən yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsini və məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkiləri, yəni 0,126 qram narkotik vasitə heroin və 0,481 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64.80 (altmış dörd manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 (on səkkiz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, ünvan 2nında yerləşən yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmün icrası Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və qalıq çəkiləri, yəni 0,126 qram narkotik vasitə olan heroin və 0,481 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64.80 (altmış dörd manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 (yüz səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar