Məhkəmə qərarları › İş №1(125)-86/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-86/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-86/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 30-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 may 2014-cü il tarixdən başlayaraq 09 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq İbrahimova (Sadıqova) Kifayət Tofiq qızına verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1833/2014 saylı, 01 oktyabr 2014-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-1614/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(125)-3690/2023 saylı qərarları ilə müvafiq olaraq 10 gün, 20 gün müddətlərinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2024-cü il tarixədək cəmi 8970 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs İbrahimova (Sadıqova) Kifayət Tofiq qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, İbrahimova (Sadıqova) Kifayət Tofiq qızı ilə 2006-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və həmin nigah münasibətlərindən 2007-ci il təvəllüdlü Ruzi adında övladları anadan olmuşdur. O, evli olduğu müddətdə fərdi qaydada sürücü işləmiş və təxminən aylıq qazancı 500-600 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində birlikdə yaşamışlar. Lakin nigah münasibətində olduğu müddətdə Kifayətlə yola getməmiş, buna görə də 2012-ci ildə ayrılmaq qərarına gəlmişdir. Övladları Ruzi anasının himayəsində qalmışdır. Zərərçəkmiş şəxs 2014-cü ildə ona qarşı məhkəmədə nigahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsinə əsasən ondan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, yetərli qazancı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Daha sonra buna görə inzibati qaydada Gəncə Şəhər Məhkəməsinin qərarları ilə müvafiq olaraq 10 gün, 20 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsində göstərilən tələbi icra edə bilmədiyinə görə icra məmuru tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmiş, yenə də maddi imkanının olmaması səbəbindən ödəməli olduğu 9520 manat aliment borcundan icra müddətində 550 manat ödəniş etmiş, lakin ödənilməmiş 8970 manat aliment borcu qalmışdır. Hazırda həmin borcdan 1500 manat daha ödəniş etmişdir. Məhkəmədən səmimi ifadəsini və aliment borcundan qismən ödəniş etməsini nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə Whatsapp proqramı vasitəsi ilə görüntülü ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə rəsmi nigaha girməklə ailə həyatı qurmuş və həmin nigah münasibətindən 2007-ci il təvəllüdlü X6 adında övladları anadan olmuşdur. Rauf onlar evli olduğu müddətdə sürücü işləmiş və həmin müddət onlar Gəncə şəhərində birlikdə yaşamışlar. Raufun aylıq yetərli qədər gəliri olsa da qazancını ancaq öz yeməkiçməyinə, tüfeyli həyatına xərcləmişdir. Buna görə nigah münasibətində olduqları müddətdə Raufla yola getməmiş, 2012-cü ildə ayrılmaq qərarına gəlmiş və uşaq onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşağı tək başına saxlaya bilmədiyindən 2014-cü ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Raufun qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş lakin o, aylıq ödəməli olduğu alimenti ödəməmişdir. Buna görə də Rauf Gəncə Şəhər Məhkəməsinin qərarları ilə 10 gün, 20 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Raufun ona 8970 manat məbləğində borcu yaranmış və hazırda o, həmin borcdan 1500 manat ödəniş etmişdir. Lakin o ödənilməmiş qalan 7470 manat aliment borcunun tam ödənilməsini tələb edir. Əks halda məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra idarəsində icra məmuru vəzifəsində işləyən Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1833/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Sadıqova (İbrahimova) Kifayət Tofiq qızının xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəməsi tələb olunmasına baxmayaraq borcunu ödəməkdən imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin qərarı ilə 10 gün müddətinə və 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə Şəhər Məhkəməsinin qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu Təqsirləndirilən şəxs aliment borcunu yenə də ödəməmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdan keçməmiş və borclunun hərəkətsizliyi nəticəsində tələb və aliment üzrə borcu icra olunmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin məlum qətnaməsini, ona inzibati həbs tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq aliment üzrə borcunu ödəməmiş, həm də faktiki imkanlarından yararlanmamışdır. Tələbkar Sadıqova (İbrahimova) Kifayət Tofiq qızı xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatın hazırlanaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin icra vərəqəsi üzrə 2024-cü ilin aprel ayı da daxil olmaqla aliment üzrə borcu 8970 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru vəzifəsində işləyən Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)- 1833/2014 saylı, 01 oktyabr 2014-cü il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2014cü il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1833/2014 saylı, 12 noyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. -“Tələbin könüllü icrası haqqında” xx.xx.2014-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1833/2014 saylı, 01 oktyabr 2014-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. -xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 8(125)-759/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. -xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-109950/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən CMnin 76.1, 76.3-cü maddələri rəhbər tutularaq cəzasının çəkilməmiş qalan 04 ay, 27 gün hissəsini çəkməkdən şərti azad olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 62, 69.4-cü maddələri ilə təqsirli bilinib 1000,00 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 232 saat ictimai işlər cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmiş və AR CM-nin 306.1, 69.3, 67-ci maddələri əsasında qəti olaraq 01 il, 04 ay, 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1000 manat cərimə cəzası təyin olunmuş, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə 1000 manat cərimə cəzasının ödənməmiş 800 manat hissəsi 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən 01 il, 04 ay, 18 gün müddətinə azadlığın məhdudlaşdırılmasının çəkilməmiş qalan 07 ay, 28 gün hissəsi həmin qərarla birləşdirilərək üzərinə qəti olaraq 01 il, 01 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə qalan cəzası 02 ay, 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və hazırda məhkumluğu olmayan şəxsdir. -09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. -31 iyul 2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq MSY-ə təhvil verilmişdir. -02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. -16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (xx.xx.2016-cı il tarixədək qüvvədə olan) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyə əsasən şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, onun inzibati məsuliyyətə cəlb edilməmiş şəxs sayılması üçün müddətin keçməsindən asılı olmayaraq, o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslıdır. Onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi tarixdən təqdimat verilən tarixədək olan müddət ərzində 8970 manat aliment borcundan yalnız məhkəmə istintaqı zamanı 1500 manat ödəniş etməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs aliment borcundan qismən, yəni 1500 manat ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinib daha yüngül cəzaya məhkum olunmasına baxmayaraq həmin cəzanın şərtlərinə əməl etmədiyinə görə sonda ona təyin edilmiş cəza azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 nömrəli vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci,müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar