Məhkəmə qərarları › İş №1(125)-88/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-88/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-88/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvəllər məhkum olunmuş, Gəncə şəhəri, F.İmamquliyev küçəsi, ev 31-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında idarə etdiyi sərnişin avtobusunu işdən sonra yaşadığı evin qarşısında saxladığı zaman qonşusu Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr deməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vurub sol körpücük nahiyəsinin sıyrığı, döş qəfəsinin və sağ ayağı qançırları ilə nəticələnən və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol bazu-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Fərman İmamquliyev küçəsi, ev 30-da yaşayan Zərərçəkmiş şəxs ilə uzun müddət qonşu olmuş, çox mehriban qonşu olmuşlar, əvvəllər heç bir düşmənçilikləri və yaxud da ədavətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində özünə məxsus avtobusu yaşadığı evin qarşısında saxlayıb evə getmiş, bir qədər sonra evdən çıxıb yaxınlıqda olan marketə getmiş, marketdən qayıdan zaman qonşusu Rasimi və Akifi görmüş, Rasim həmin vaxtı ona avtobusu kənara çəkməsini və ona yol verməsini istəmişdir. O da avtobusu arxaya verib Rasimə yol vermiş, sonra isə avtobusu yenidən evlərinin qabağında saxlamışdır. Həmin vaxt üzbəüz qonşuları Akif ona demişdir ki, avtobusu evin qabağında saxlaya bilməz. O da Akifə demişdir ki, evinin qabağıdır, yaxşı edib saxlayır. Həmin vaxt Akif ona demişdir ki, qələt edirsən. Belə ki, Akif onun ana və bacısına əxlaqsız qadın dediyi üçün o əli ilə qonşuluqda yaşayan Akifin sol çiyninə və ayağı ilə sağ ayağına zərbə endirmişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları Akifi və onu polis şöbəsinə aparmışlar. Mübahisə və dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt Akif onun sinə nahiyyəsinə əli ilə vurmuş, lakin xəsarəti ciddi olmadığı üçün həkimə müraciət etməmişdir. Hazırda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Fərman İmamquliyev küçəsi, ev 33-də yerləşən fərdi yaşayış evində olan zaman evinin qapısı döyülmüş, çölə çıxan zaman qonşusu Rasim evinin qabağında olan yolda “Qazel” markalı yük avtomobilinin, digər tərəfində “avtobus” markalı sərnişin avtomobili olduğunu, həmin avtomobillərin sahibini tanıyıb tanımadığını soruşmuşdur. O da avtobusun sahibinin qonşusu Ehtiram olduğunu, digərinin isə sahibini tanımadığını bildirmişdir. Sonra Ehtiram oradan keçən zaman Rasim Ehtirama avtomobilini kənara çəkməsini bildirmiş və onun avtomobilinin həmin yerdən keçə bilməsinin mümkün olmamasını qeyd etmişdir. Ehtiram Rasimin avtomobili keçsin deyə avtobusu qırağa çəkmişdir. Rasim oradan keçəndən sonra yenidən avtobusu həminki yerdə saxlamışdır. Daha sonra Ehtirama avtomobilini kənara çəkməsini demiş, Ehtiram avtobusunu kənara çəkməyəcəyini və yaxşı edib burada saxladığını, onun üstünə gəlib yaxşı elədiyini demiş, onu nalayiq sözlərlə söyüb, əl ayaq zərbələri ilə onu vurmuşdur. Ehtiram onunla dalaşan zaman sol çiyin nahiyəsinə yumruq zərbəsi ilə vuraraq xəsarət yetirmiş, həmin vaxt Ehtiram onun sağ ayağına təpiklə vuraraq xəsarət yetirmişdir. Sonra da Ehtiramın onu döyərək xəsarət yetirməsinə görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Onu həmin vaxt qonşusu Ehtiram döyərək xəsarət yetirmişdir. Ehtiramın onu döyüb xəsarət yetirməsi təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt səs-küyə qonşuları Rasim, arvadı Xatirə çölə çıxmışlar, elə onlar da onu Ehtiramın əlindən almışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 720 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol körpücük nahiyəsinin sıyrığı, döş qəfəsinin və sağ ayağın qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sol bazu-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; sol körpücük nahiyəsinin sıyrığı, döş qəfəsinin və sağ ayağın qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış **********674 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri tam ödəmiş və barəsində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 19 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2020ci il tarixdə cəza müddəti bitmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 6 (altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar