Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-90/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, xüsusi ittihamçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri İ.Orucov küçəsi ev 8-də yaşayan, “Hacı-Tağı adına kəndli fermer təsərrüfatı” adı altında özünü fermer-çoban adlandıran X13 müxtəlif yuxarı orqanlara yazılı ərizələrlə, həmçinin “Təzadlar TV” “YouTube” kanalında və digər müxtəlif sosial şəbəkələrdə xx.xx.2022-ci il tarixdə “X15 Əhəd Abıyevdən şikayəti”, xx.xx.2022-ci il tarixdə “Əhəd Abıyevə qarşı fermer X10 sakini Əhəd Rəhimovun sensasion ittihamları...” başlıqlı video müraciətlərlə çıxışlar edərək kütləvi informasiya vasitələri ilə ona böhtan atmış, onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini nalayiq formada ləkələmiş, onu nüfuzdan salan yalan məlumatlar yaymışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə X12 Administrasiyasına, Baş Prokurorluğa və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, onu ağır cinayətlərdə (CM-in 309.2, 311.3 və s. maddələri (vəzifə səlahiyyətlərini aşma, rüşvət alma və s.) ittiham etməklə böhtan xarakterli məlumatlar vermiş, həmin ərizələrdə Akif Rzayev göstərmişdir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev hegamonluq, özbaşınalıq edir, dövlət qanunlarına, Prezidentin tövsiyə və tapşırıqlarına əməl etmir; rüşvətxorlar komandası yaradaraq onun kimi fermerləri, zəhmət adamlarını otağına çağırıb hər yay mövsümündə 10000 manat pul, 50 baş qoyun rüşvət qismində alır; Əhəd Abıyev rüşvətxor həmkarları vasitəsilə onun təsərrüfatına, yaylaq ərazisinə basqınlar təşkil edərək, insanları ölümlə üz- üzə qoyaraq, mal-qoyunlarını dağıdıb talayaraq süni maneələr yaradır... Bundan başqa, Akif Rzayev xx.xx.2022-ci il tarixdə “Təzadlar TV” “YouTube” internet kanalında onun şəkli və video görüntülərinin fonunda çıxış edib “X15 Əhəd Abıyevdən şikayəti” başlıqlı video material yayaraq kütləvi informasiya vasitələrində onun şəxsiyyətini və işgüzar nüfuzunu alçaltmaqla təhqir etmiş, yaydığı yalan və böhtan xarakterli məlumatlarda yenə də onu özbaşınalıq, vəzifə səlahiyyətlərini aşma, rüşvət tələb etmə kimi ağır cinayətlərdə ittiham etmişdir. Etdiyi çıxışda Akif Rzayev demişdir ki, Əhəd Abıyev 2-3 il bundan qabaq qanunsuz sərəncam verib Xoşbulaq kəndində 11 fermerin yerini zorakılıqla əlindən alaraq başqa-başqa adamlara vermiş, Xoşbulaq kəndində evini talayıb, 20000 manatlıq ev əşyalarını oğurlayıb aparmışlar. Əhəd Abıyevin əlaltıları həmin ərazidə dövlət torpağının təyinatını qanunsuz dəyişərək traktor salıb kartof əkmiş, belə bir cinayətin üstü ört-basdır edilmişdir. Hamısının da arxasında duran Əhəd Abıyevdir. Guya onun sonuncu ilə şəxsi ədavət apardığını, onun haqqında, guya onun bəd əməlləri haqqında Korrupsiya idarəsinə kasetlər vermiş, ərizələr yazmışdır, müraciətlər eləmiş ki, bu adam bu işlə məşğuldur: plan qoyub, ildə bu qədər, budur. Polisin gözünün qarşısında guya sonuncunun alaçığını dağıdıblar, çobanlarını döyüblər, gülləboran ediblər onları. Guya baş vermiş cinayəti polis bağlayıb, çünki hamısının arxasında Əhəd Abıyev durur. Akif Rzayevin KİV-də və sosial şəbəkələrdə yayımlanmış bu əsassız və tamamilə qərəzli çıxışına qarşı tərəfindən yazılı formada dərhal KİV-lərə və xüsusilə "Təzadlar" İnformasiya Agentliyinə təkzib verilmiş, həmin təkzib xx.xx.2022-ci il tarixdə həmçinin “www.tezadlar.az” saytında dərc edilmişdir. 21,10.2022-ci il tarixdə Akif Rzayev yenidən “Təzadlar TV” “YouTube” kanalında və həmçinin müxtəlif sosial şəbəkələrdə eyni xarakterli çıxış edərək onun şəklini və video görüntülərinin fonunda “Əhəd Abıyevə qarşı fermer X10 sakini Əhəd Rəhimovun sensasion ittihamları...” başlıqlı video material yayaraq bir daha kütləvi informasiya vasitələrində onun şəxsiyyətini və işgüzar nüfuzunu alçaltmış, yenidən şər-böhtan atmış, ağır cinayətlərin törədilməsində onu ittiham etmişdir. Akif Rzayevin bütün müraciətlərinə cavab olaraq onun oğlanları ilə birgə Daşkəsən rayonunun Çovdar kəndində törətdiyi dələduzluq əməlləri ilə bağlı mətbuatda, telekanallarda geniş məlumat verilmişdir və əsaslı fakt üzrə həmin videogörüntülərə baxmaq kifayətdir. Təsdiqini tapmış bu videoda keçən çox ciddi təkzib olunmaz faktlarla bağlı Daxili İşlər Nazirliyində Akif Rzayevin kimliyinə dair araşdırma aparılarkən onun kriminal şəxs olması müəyyənləşdirilmiş və Daxili İşlər naziri cənab Vilayət Eyvazov ona ciddi xəbərdarlıq etmişdir. Belə ki, 28 iyun 2020-ci il tarixdə Akif Rzayev oğlanları ilə birgə Daşkəsən rayon Çovdar kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər Alqayıt Allahverdiyevi, Əfqan Musayevi və Yelmar Kərimovu aldadaraq onların ailə təsərrüfatlarına məxsus ümumilikdə 103 baş xırdabuynuzlu heyvanı pulunu 3 gündən sonra verəcəyi vədi ilə sürü şəklində Goranboy rayonuna yığıb aparmış, sonra da Çovdar kənd sakinlərinə heyvanların pulunu verməmiş, onları nalayiq söyüşlərlə təhqir etmiş və ölümlə hədələmişdir. Akif Rzayevin oğlanları ilə birgə dələduzluğu və fırıldaq əməlləri barəsində zərərçəkmiş Çovdar kənd sakinlərinin yazdıqları kollektiv müraciəti araşdırılması üçün həmin vaxt Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Daxili işlər naziri, hörmətli Vilayət Eyvazova göndərmişdir. Daxili işlər naziri X11 kənd sakinlərinin kollektiv şikayət ərizəsinin araşdırılmasını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfəz Rzayevə nəzarət qaydasında tapşırmışdır. Bakı şəhərində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Akif Rzayev törətdiyi dələduzluq və fırıldaqçılıq əməllərini dərhal boynuna alaraq təsdiqləmiş, Çovdar kənd sakinlərinin 14 min manat dəyərində tələb etdikləri 103 baş xırdabuynuzlu heyvanın zərərini Bakı şəhərində sərbəst buraxıldıqdan 3 gün sonra Daxili İşlər Nazirliyinin nəzarəti ilə qoyun sürüsünün yarısını və qalanını da pul şəklində sakinlərin özlərinə qaytarmışdır. Çovdar kənd sakinlərinə qarşı qanunazidd dələduzluq hərəkətlərinə görə Akif Rzayev 14 min manat ziyana düşdüyünü bildirərək Çovdar kənd sakinlərinin 28 iyun 2020- cı il tarixli kollektiv şikayət ərizəsini Daxili İşlər Nazirliyinə göndərdiyinə görə onda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə qarşı qərəzli narazılıq yaranmışdır. Bundan sonra Akif Rzayev ədavət apararaq ona dəymiş 14 min manat ziyanı almaq məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin barəsində böhtan yazılar yazmağa başlamışdır ki, guya X20 Rzayevin çobanı Əhəd Rəhimovdan 15000 manat almaqla Əhəd Rəhimovun nəvəsinin polis nəfəri işinə götürülməsinə söz vermişdir. Bu məsələ də araşdırılmışdır. Goranboy rayon Todan kənd sakini X1 Rayon İcra Hakimiyyətinə verdiyi 23 iyun 2021-ci il tarixli izahatında icra başçısı Əhəd Abıyevlə bağlı qərəzli yazdığı müraciətə görə üzr istəyib təkzib vermiş, peşmançılığını yazılı olaraq bildirmişdir. Akif Rzayev özünün şəxsi heç bir mal-qara təsərrüfatı olmadığı halda, pul müqabilində Goranboy, Göygöl, Samux, Yevlax rayonlarından və Gəncə şəhərindən olan çobanların, fermerlərin, şadlıq evi sahiblərinin sürülərini öz adına çıxıb hər il qanunsuz olaraq Daşkəsən rayonunun yay otlaq sahələrinə gətirib yerli sakinləri şərləməklə, bələdiyyəyə hədə-qorxu gəlməklə ərazilərdə yerləşdirir, bu da onunla yerli sakinlər arasında qarşıdurmaya səbəb olur. Yerli sakinlərin şikayət və müraciətləri əsasında Daşkəsən Rayon İcra Hakimiyyəti və Polis şöbəsi tərəfindən Akif Rzayevə qarşı qanunamüvafiq tədbirlər görüldükdə isə o, hay-küy salıb belə tədbirləri sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə, sahibkarlığın inkişafına maneçilik kimi təqdim edərək yayır. X17 Daşkəsəndə sabitliyin və asayişin pozulmasına zəmin yaratmağa cəhd göstərir, Daşkəsən Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirilməsinə çalışır. Məhkəmə iclasında xüsusi ittihamçı X4 vəkili və nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 bir neçə dəfə X5 teleqram göndərərək onun barəsində yazılmış bütün ərizə və şikayətlərin əsassız olduğunu səmimi etiraf etmiş və təkzib verərək X3 üzr istəmişdir. Ona görə də X8 humanistlik edərək ittihamdan imtina etmək qərarına gəlmişdir. Sonda o, xüsusi ittihamdan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsini dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X4 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-90/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-90/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver