Məhkəmə qərarları › İş №1(125)-92/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-92/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-92/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1954-cü il tarixdə Daşkəsən rayonu, Mollahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, Daşkəsən rayonu, Mollahəsənli kəndində qeydiyyada olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 15-ci küçədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 03 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus VAZ 21063 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X17 prospekti ilə “Azərittifaq” adlanan tərəfdən üzü Məhsəti qəsəbəsi istiqamətində hərəkətdə olarkən "xxxx" MMC-nin inzibati binasının qarşısında “X14” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X7 avtomobilin ön sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun subdural hematoma, baş beyinin və beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə qansızma ilə müşaiyət olunan başın sol alın-təpə nahiyəsinin hematoması, qaraciyərin, mədəaltı vəzin, dalağın cırılması, nazik bağırsağın seroz qişasının səthi yaraları, bağırsaq müsariqələrinə qansızma, sol böyrəkətrafı yumşaq toxumalara qansızma ilə müşaiyət olunan qarının qapalı travması, döş qəfəsinin sol tərəfində İİ, İİİ, İV qabırğaların kürək xətti üzrə sınması, sol gözətrafı, bel, sol bud, kürək nahiyələrinin, sol əlin üst səthinin qançırları ilə müşaiyət olunan xəsarətlər yetirməklə baş beynin ağır dərəcəli əzilməsi ilə müşaiyət olunan qapalı küt kəllə-beyin travması nəticəsində ehtiyatsızlıqdan X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, heç bir yerdə işləmir və təqaüdçüdür. O, BC dərəcəli sürücülük vəsiqəsi əsasında özünə məxsus ağ rəngli VAZ-21063 markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirdi. 03 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Azərittifaq” adlanan tərəfdən yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt avtomobilini təxminən saatda 50-60 km sürətlə yolun ortasından çəkilmiş qoşa xəttlərin yanı ilə idarə etmiş, avtomobilin ön sağ oturacağında qudası Qulam, arxa oturacaqlarda isə nəvələri Röyal və Hüseyn əyləşmişlər. Həmin yol iki tərəfli olmuş, hər iki istiqamətdə avtomobillər intensiv hərəkət etmişdir. O, “Züqo” restoranını keçdikdən sonra avtobus parkı adlanan yerin qarşısına çatanda yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən adını bilmədiyi, əvvəllər tanımadığı orta yaşlı bir nəfər kişi cinsindən olan şəxs qəfildən onun hərəkət yoluna çıxmış və idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin şəxsi vurmuş, həmin şəxs avtomobilin ön sol tərəf alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili yolun ortasından çəkilmiş qoşa xəttlərin yanında dayandırmış və yerə düşmüşdür. O, yerdə uzanaqlı vəziyyətdə olan xəsarət alan şəxsə yaxınlaşmış, eyni zamanda hadisə yerinə tanımadığı şəxslər də toplaşmışlar. Daha sonra hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi xəstəxanaya yola salmış, özü isə hadisə yerində qalıb polis əməkdaşlarının oraya gəlmələrini gözləmişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yeri müayinə olunmuş, müvafiq sənədləşmə aparılmışdır. Hadisənin baş verməsinə səbəb piyadanın onun idarə etdiyi avtomobilin qarşısına çıxması olmuşdur. Həmin piyadanın onun hərəkət yoluna çıxmasını görməmiş, ona görə də hadisənin qarşısını almaq üçün hər hansı tədbir görməyə imkan tapmamışdır. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X9 onun doğma atasıdır. 03 sentyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı atası aldığı xəsarətlərlə əlaqədar olaraq vəfat etmişdir. Belə ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 21-22 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Gəncə şəhərində olan vaxt tanımadığı bir nəfər şəxs ona zəng edib atası X7 "xxxx" MMC-nin inzibati binasının qarşısında yolu keçərkən avtomobil vurduğunu bildirmişdir. O, bu barədə xəbər aldıqdan sonra dərhal yol-nəqliyyat hadisəsi baş verən yerə getmiş və hadisə yerində ona məlum olmuşdur ki, əvvəllər tanımadığı, adını sonradan bildiyi Qara adlı sürücü idarə etdiyi VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun solundan sağına doğru piyada keçən atası X7 vurub xəsarət yetirmişdir. Təxminən bir-iki dəqiqə keçdikdən sonra hadisə yerinə çağrılan təcili-tibbi yardım avtomobili ilə atasını X3 aparmış, orada ilkin yardım göstərildikdən sonra Gəncə şəhəri Mərkəzi Klinikasına aparmışlar. Həmin klinikada atası əməliyyat olunmuş, həkimlərin səyinə baxmayaraq 06 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində atası X9 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər nəticəsində Klinikada vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və bununla bağlı çəkdiyi xərclər ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun qudası olmuşdur. 03 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Azərittifaq” tərəfdən yaşadıqları Gəncə şəhəri, Məhsəti qəsəbəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs təxminən saatda 50-60 km sürətlə yolun ortasından çəkilmiş qoşa xəttin yanı ilə idarə etmiş, o, avtomobilin ön sağ oturacağında, arxa oturacaqlarda isə onun nəvəsi Hüseyn və qudası Qaranın nəvəsi Röyal əyləşmişlər. Onların getdikləri yol iki tərəfli olmaqla, hər iki istiqamətdə avtomobillər intensiv hərəkət etmişdir. Onlar “Züqo” restoranını keçdikdən sonra avtobus parkı adlanan yerin qarşısına çatanda yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən adını bilmədiyi, əvvəllər tanımadığı orta yaşlı bir nəfər kişi cinsindən olan şəxs qəfildən onların avtomobilinin qarşısına çıxmış və Təqsirləndirilən şəxs Rüstəm oğlu idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin şəxsi vurmuş, həmin şəxs avtomobilin ön sol tərəf alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Rüstəm oğlu idarə etdiyi avtomobili yolun ortasından çəkilmiş qoşa xəttlərin yanında dayandırmış və yerə düşmüşlər. Onlar yerdə uzanıqlı vəziyyətdə olan xəsarət alan şəxsə yaxınlaşmış, eyni zamanda hadisə yerinə tanımadığı şəxslər də toplaşmışlar. Daha sonra hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi xəstəxanaya yola salmış, özləri isə hadisə yerində qalıb polis əməkdaşlarının oraya gəlmələrini gözləmişlər. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunmuş, müvafiq sənədləşmə aparılmışdır. Hadisə yerinə tanımadığı çoxlu şəxslər toplaşsalar da o, həmin şəxslərdən heç birini tanımamışdır. Şahid yetkinlik yaşına çatmamış Şahid2 qanuni nümayəndəsi (anası) X2 iştirakı ilə məhkəməyə ifadə verərək, Şahid1 məhkəməyə verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi halları təsdiq etmişdir. Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsində baş inspektor vəzifəsində işləyir. 03 sentyabr 2022-ci il tarixdə ekipaj yoldaşı Şahid4 ilə birlikdə xidmət aparan zamanı həmin gün saat 21 radələrində növbətçi hissədən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmiş və həmin məlumat əsasında dərhal hadisə yerinə getmişlər. Həmin yerə çatanda yolun ortasından çəkilmiş qoşa xəttələrin yanında üzü Gəncə şəhəri, Məhsəti qəsəbəsi istiqamtində ağ rəngli VAZ- 21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və yolun kənarında isə tanımadığı şəxslərin toplaşdıqlarını görmüşdür. Həmin vaxt adını sonradan bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs onlara yaxınlaşıb VAZ-21063 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu və yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi VAZ-21063 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Azərittifaq” adlanan tərəfdən Məhsəti qəsəbəsi istiqamətində hərəkətdə olarkən sol tərəfdən yolun sağ tərəfinə keçmək istəyən piyada qəfil qarşısına çıxdığı üçün idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin piyadanı vurub xəsarət yetirib, daha sonra isə hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi xəstəxanaya yola salıb, özü isə hadisə yerində qalıb polis əməkdaşlarının oraya gəlmələrini gözləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işirakı ilə hadisə yeri müayinə olunmuş, müvafiq sənədləşmə aparılmışdır. Şahid - Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsində inspektor vəzifəsində işləyən Şahid4 məhkəməyə Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, 03 sentyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun hərəkət hissəsində baş vermişdir. Hadisə yerində avtomobil yolu düz və quru olmaqla asfalt örtükdən ibarətdir, yol örtüyünün eni 24 metrdir, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 10 metr, 14 metrdir, hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti mövcuddur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 minik markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, X17 prospekti ilə hərəkətdə olarkən "xxxx" MMC-nin inzibati binasının qarşısında yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada X8 ehtiyatsızlıqdan vurmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. xx.xx.2022-ci il tarixli 1993/2022 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1963 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4186 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 71 saylı rəyində göstərilmişdir ki, mərhum X5 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi – subdural hematoma, baş beyinin və beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə qansızma ilə müşaiyət olunan başın sol alın-təpə nahiyəsinin hematoması; qaraciyərin, mədəaltı vəzin, dalağın cırılması, nazik bağırsağın seroz qişasının səthi yaraları, bağırsaq müsariqələrinə qansızma, sol böyrəkətrafı yumşaq toxumalara qansızma ilə müşaiyət olunan qarının qapalı travması; döş qəfəsinin sol tərəfində İİ, İİİ, İV qabırğaların kürək xətti üzrə sınması; sol gözətrafı, bel, sol bud, kürək nahiyələrinin, sol əlin üst səthinin qançırları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X5 ölümünə səbəb baş beynin ağır dərəcəli əzilməsi ilə müşaiyət olunan qapalı küt kəllə-beyin travması olmuş, həmin xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2507 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ 21063 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli, 313-5980-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 660091 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək verilmiş və onun sürücülük hüququnun məhdudiyyəti yoxdur. VAZ 21063 minik markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən hal-hazıradək Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 120-29903-1222 saylı əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli 122-42474-1222 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsini görən şəxsləri, o cümlədən yol-nəqliyyat hadisəsi baş verdiyi yerin yaxınlığında yerləşən evlərdə və ticarət obyektlərində videomüşahidə kameralarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan epizodik olaraq istifadə edir. Narkotik vasitələrdən istifadə etmir. Narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və xroniki alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli **********962 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus VAZ 21063 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X17 prospekti ilə “Azərittifaq” adlanan tərəfdən üzü Məhsəti qəsəbəsi istiqamətində hərəkətdə olarkən "xxxx" MMC-nin inzibati binasının qarşısında “X14” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X7 avtomobilin ön sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun subdural hematoma, baş beyinin və beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə qansızma ilə müşaiyət olunan başın sol alın-təpə nahiyəsinin hematoması, qaraciyərin, mədəaltı vəzin, dalağın cırılması, nazik bağırsağın seroz qişasının səthi yaraları, bağırsaq müsariqələrinə qansızma, sol böyrəkətrafı yumşaq toxumalara qansızma ilə müşaiyət olunan qarının qapalı travması döş qəfəsinin sol tərəfində İİ, İİİ, İV qabırğaların kürək xətti üzrə sınması, sol gözətrafı, bel, sol bud, kürək nahiyələrinin, sol əlin üst səthinin qançırları ilə müşaiyət olunan xəsarətlər yetirməklə baş beynin ağır dərəcəli əzilməsi ilə müşaiyət olunan qapalı küt kəllə-beyin travması nəticəsində ehtiyatsızlıqdan X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “X14” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X14” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X14” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 (on səkkiz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 (yüz səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar