Məhkəmə qərarları › İş №1(125)-92/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-92/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-92/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müşviq oğlunun iştirakları ilə, 17 avqust 1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərişıq ASC-də elektrikmontyor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Kərpic zavod ərazisi ünvansız fərdi yaşayış evində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Müşviq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Müşviq oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 5.6 mm kalibrli, TOZ-8 modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silahı əldə edib daşıyaraq üzərində gəzdirərək saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 iyun 2023-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X10 Mərkəzinin yaxınlığında istifadəsində olan “VAZ 21-06” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilib avtomobilinə baxış keçirilən zaman avtomibilin yük yerindən 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 5.6 mm kalibrli, TOZ-8 modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Müşviq oğluna elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Müşviq oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 aydır ki, marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə tanışı Bayram adlı şəxsin vasitəsi ilə marixuananı əldə etmişdir. Həmçinin, təxminən 10-15 gün bundan əvvəl gündüz saatlarında yaşadığı Gəncə şəhəri, Kərpic zavod ərazisində yerləşən zibil qutusunun yanından 1(bir) ədəd ov tüfəngi tapmış və həmin tüfəngdən gələcəkdə ova etmək üçün atası Müşfiq Yusibova məxsus idarə etdiyi “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Atası gözdən əlil olduğu üçün həmin avtomobili o, idarə edir. Həmin gün təxminən saat 19 radələrində “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin düşürdən zaman həmin yerdə, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X10 Mərkəzinin yanında 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşmış özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə istifadə etməkdə və daşımaqda şübhəli olduğunu bildirərək 3-cü Polis Bölməsinə gətirmişdirlər. PB-də müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofon torbada olan marixuananı təqdim etmiş və sellofon torba ilə birlikdə elektron tərəzidə çəkilərək 4,20 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Bundan sonra ona idarə etdiyi “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet olub-olmaması soruşulduqda isə o, avtomobilin yük yerində ov tüfənginin saxladığını bildirmişdır. Müdafiəçi Rihat Məmmədovun və polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçirilən zaman 1 ədəd ov tüfəngi aşkar edilərək götürülmüş və qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Kərpiczavod qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və idarə etdiyi “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlaması barədə əməliyyat məlumat daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən X10 Mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə aparmışdırlar. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofon torbanı təqdim etmiş və həmin kütlənin “marixuana” olduğunu bildirmişdir. Kütlənin sellofon torbacıq ilə birlikdə ümumi çəkisi 4,20 qram olmuşdur. Həmin narkotik vasitə “marixuananı” Bayram adlı tanışının vasitəsilə 30 manata əldə etdiyini qeyd edərək həmin maddəni satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulmuş, cavab olaraq Təqsirləndirilən şəxs avtomobilində yaşadığı ərazinin yanındakı zibil qutularının yanından silah tapdığını və həmin silahı idarə etdiyi qırmızı rəngli “VAZ 2106” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxladığını bildirmişdir. Avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerində bir ədəd 5,6 mm kalibrli nömrəsi silinmiş TOZ-8 modelli ov tüfəngini təqdim etmiş, həmin silahdan istifadə etmədiyini, gülləsinin olmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmayıb və hər hansı bir düşmənçilik, ədavəti olmamış, ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı şəxsi istifadəsindən ötrü əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məmmədov X2 Tural Arif oğlu ilə eyni məzmunlu ifadə vemiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Müşviq oğlu barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); - 01 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Müşviq oğlu 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. (i.v.7) - Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru X1 tərtib etdiyi 01 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” videogörüntüdən aydın olur ki, polis əməkdaşları Şahid1, Şahid2, X3 və müdafiəçi X4 iştirakları ilə Təqsirləndirilən şəxs Müşviq oğlunun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs Müşviq oğlu şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişi ilə PB-də müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə hüquqları izah olunduqdan sonra şəxsi axtarış keçirilimişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs Müşviq oğlunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbacıqda tünd yaşıl rəngli, kəskin spesifik iyə malik olan, ilk baxışdan narkotik vasitə “marixuana”-ya oxşar kütlə aşkar edilmiş və sellofanla birlikdə çəkisi 4,2 qram müəyyən edilmişdir. Kütlə zərfə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in 182 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin kütləni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhər X9 yanında tanışı Bayram adlı şəxsdən 30 manata almış və şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. Həmçinin axtarış zamanı Təqsirləndirilən şəxs Müşviq oğlu “Vaz 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində odlu silah saxladığını bildirmişdir. (i.v. 24-25); - Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru X1 tərtib etdiyi 01 iyun 2023-cü il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə barədə” videogörüntüdən görünür ki, polis əməkdaşları Şahid1, Şahid2, X3 və müdafiəçi X4 iştirakları ilə Təqsirləndirilən şəxs Müşviq oğlunun idarə etdiyi “Vaz 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin yük hissəsindən 1 ədəd nömrəsi silinmiş Toz 8 markalı yivli odlu silah aşkar edilmişdir. Həmin silah bağlamada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 182 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin silahı təxminən 10-15 gün əvvəl yaşadığı evin yaxınlığında zibil qutuların yanında tapdığını və gələcəkdə ov silahı kimi istifadə etmək istədiyini bildirmişdir. (i.v.28-29); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2023-cü il tarixli 16/575 nömrəli rəyində göstərilmişdir ki, “Vət. Təqsirləndirilən şəxs Müşviq oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaya bənzər 4,2 qram çəkidə olan kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 3,50 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (i.v. 43-44); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/416R nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. (i.v. 48-51); - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Müşviq oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 76); -Gəncə Şəhər Məhkəməsinin 4(125)-290/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Müşviq oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (i.v. 101-104); - 03 iyun 2023-cü il tarixli təqsirləndrilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Müşviq oğlu barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 105-106) - Kriminalistik Tədqiqatlar İdarəsinin rəis polis polkovnik-leytenantı Elnur Nəsibovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli, №si silinmiş Toz-8 modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v 111) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, məhkumluğu olmamışdır. (i.v 115) Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Müşviq oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müşviq oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Müşviq oğlunun əməlini etiraf etməsini, himayəsində iki azyaşlı uşağın və atasının İ qrup müharibə əlili olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Müşviq oğlu Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, iş üzrə maddi sübut kimi 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngi müsadirə edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Müşviq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Müşviq oğlunun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Müşviq oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Müşviq oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut olan, 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin avtomobilinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Müşviq oğluna göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar