Məhkəmə qərarları › İş №1(125)-95/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-95/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-95/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz,əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Ayna Sultanova küçəsi, ev 18, mənzil 6-da qeydiyyatda olan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.952 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 12 oktyabr 2023-cü il tarixdə saat 17:00 dəqiqədə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən “Humanitar Kollecin” yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.952 qram kustar üsulla hazırlanmış, narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində o, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Humanitar kollecin yaxınlığında olarkən mülkü geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, Gəncə şəhər BPİ-nə dəvət edərək üzərinə şəxsi axtarış keçirmişdirlər. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir eşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini təklif edilmiş, o, isə üzərində olan 1 ədəd sellofan bükülünün içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Kütlə zərfə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİNin 91 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə aptek tərəzisində çəkilərək ümumi çəkisi 1,13 qram olmuşdur. O, həmin kütlənin narkotik vasitə heroin olduğunu, heroini Gəncə şəhəri Şahsevenlər küçəsində yerdən tapdığını, həmin narkotik vasitəni heç kimə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Gəncə Şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 şahid qismində ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra idarənin kiçik inspektoru Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Şahsevənlər küçəsində yerləşən “Humanitar Kollecin” yaxınlığında olmasını müəyyən edib həmin yerə getmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nə aparmış, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli sellofan bükülünün içərisində heroin olduğunu, həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, ilk baxışdan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 1,13 qram olması müəyyən edilmişdir. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in 91 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Gəncə Şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); - Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X3 tərtib etdiyi xx.xx.2023cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolundan görünür ki, polis əməkdaşları Şahid2, Şahid1, X4 və müdafiəçi X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişi ilə BPİ-də müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə hüquqları izah olunduqdan sonra şəxsi axtarış keçirilimişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli sellofan bükümünü çıxardıb təqdim edərək “heroin” olduğunu bildirmişdir. Həmin kütlə aptek tərəzisində çəkilərək ümumi çəkisi 1,13 qram müəyyən edilmişdir. Kütlə zərfə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in 91 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin kütləni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhər, Şahsevənlər küçəsində yerləşən Humanitar kollecin yaxınlığında yerdən tapdığını bildirmiş və şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır (i.v. 28); - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 48);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/1010 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 0,952 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir ( i.v.37); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Gəncə şəhəri Narkoloji Dispanseri” Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 1723 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v.83 ); - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saat 17:00-da tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Gəncə şəhər prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.26, 64- 68);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami RDİŞ-in Azərbaycan Respublikası CM-in 83 maddəsinin 4-cü hissəsinə əsasən təqsirli bilinmiş və xx.xx.1993-cü il tarixli qərarı ilə əməli sübuta yetirilmədiyindən cinayət işinin icraatına xitam verilmişdir. Gəncə rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-in 143 madəsinin 4-cü hissəsi ilə CM 93-3 maddəsinin 3-cü hissəsinə tövsif edilib cəzası 5 ilə endirilmş, AR Prezidentinin xx.xx.1999-cu il tarixli 152 saylı “Əfv” fərmanına əsasən azad edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü iləCM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 01 il 02 ay 18 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 128-ci maddəsi üzrə təqsirli bilinmiş və CPM 40.2.2 maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 69.3-cü maddələrinə əsasən 01 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 69.3, 66.5-ci maddəsinə əsasən 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 10 ay 10 gün azalıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 01 ay 04 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.85-88); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin oktyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə(13 dekabr 2023-cü il tarixədək olan redaksiyada)əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs övladı X2 İİ Qarabağ müharibəsində iştirak etməsinə görə müxtəlif medallarla təltif olunmasını, həmçinin İİİ qrup müharibə əlili olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, qalıq qalan 0,902 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızna 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,902 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar