Məhkəmə qərarları › İş №1(125)-95/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-95/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-95/2025 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində kəsici-deşici alətdən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığa az ağır və dərəcəsi təyin edilməyən digər xəsarətlər yetirmişdir. Belə ki, ittiham aktına əsasən o, Zərərçəkmiş şəxs ilə aralarında 50 manat borca görə telefon danışığı zamanı yaranmış mübahisəyə görə 14 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti “Əlillərin dairəsi” deyilən yerin yaxınlığında tanışı Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğu yerə gəlmiş və ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs alt çənə sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ yanaq-göz nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan, eyni zamanda əlində olan soyuq silah hesab edilməyən istintaq zamanı müəyyən edilməmiş bıçağı silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, qeyd olunan tarixdə qəsdən Zərərçəkmiş şəxs sol qasıq və sağ bazu nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşahidə olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs (zərərçəkmiş şəxs) onun uzaq qohumudur. Hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs 50 manat borc alsa da, maddi imkanı olmadığından aldığı borcu vaxtında qaytara bilməmişdir. 14 iyul 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ona zəng edərək borcunu istəmiş və bu səbəbdən də, telefon danışığı zamanı aralarında mübahisə yaranmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs harada olduğunu soruşmuş və elə həmin gün axşam saat 23:30-da sonuncunun taksi kimi dayanıb işlədiyi Gəncə şəhərində “Əlillərin dairəsi” kimi tanınan yerə gəlmiş və bu zaman orada Aminlə aralarında yenidən mübahisə olmuş və o, əsəbiləşərək yumruqla onun sifət nahiyəsinə vurmuş və Amin yerə yıxılmışdır. Lakin sonradan orada olan digər taksi sürücüləri onları aralamışlar. O, Zərərçəkmiş şəxs vuran zaman sağ əli zədələndiyi üçün Amindən onu Goranboy rayonuna sınıqçıya aparmasını istəmiş, Zərərçəkmiş şəxs bununla razılaşmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı **-EP- *** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş və Goranboy rayonu istiqamətinə getmişlər. Lakin Gəncə şəhərinin çıxışında o, fikrini dəyişmiş və Amindən xahiş etmişdir ki, onu Göygöl rayonu, Nadel kəndində olan həmişə getdiyi kafeyə aparsın. O, da onunla razılaşmış və maşını geri döndərib onu kafeyə aparmış və orda düşürüb geri qayıtmışdır. Bundan sonra Amini yalnız hazırkı cinayət işinin başlanılmasına səbəb olan şikayətdən sonra polis şöbəsində görmüşdür. Sonda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam olaraq ödədiyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə başlanılmış cinayət işinin həmin məcəllənin digər (sağlamlığa qəsdən xəsarət yetirmə ilə bağlı) maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, telefon danışığı zamanı kimin ilk növbədə nalayiq ifadə işlətməsini xatırlamır. Zərərçəkmiş şəxs bıçaqla vurmamış, sadəcə onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs ayağında və qolunda olan xəsarətlər ola bilsin ki, o, yıxılanda yerdə nəsə olmuş və o kəsmişdir. Aralarında olan mübahisə təxminən 5-6 dəqiqə olmuşdur. Onlar yolda olan zaman Zərərçəkmiş şəxs ona sadəcə üzünün ağrıdığını bildirmişdir. Hadisə vaxtı onlardan başqa ətrafda taksi sürücüləri də olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus “VAZ 2106” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nəriman Nərimanov prospekti “Əlillərin Dairəsi” deyilən yerdə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə onun arasında yaranmış mübahisənin və davanın səbəbi Nicatın ona olan 50 manat borca görə olmuşdur. Sözügedən hadisə baş verən gün yəni 14 iyul 2024-cü il tarixdə Nicatla aralarında telefon danışığı olmuş və sonuncudan ona verdiyi 50 manat borcunu qaytarmasını tələb etmiş və bu səbəbdən də, aralarında mübahisə yaranmış, Nicat ondan harada olduğunu soruşmuş o da olduğu yeri Nicata demişdir. Elə həmin gün saat 23 radələrində Nicat onun taksi kimi işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospekti “Əlillərin dairəsi” deyilən yerə gəlmiş və ona yaxınlaşaraq heç bir səbəb olmadan onun sağ gözünə yumruqla vurmuş və o, yerə yıxılmışdır. O, özünü itirmiş və həmin vaxtı ətrafda olan və tanıdığı Qənbər və Arzuman adlı şəxslər onları aralamışlar. O, yerdən qalxdıqdan sonra Nicat yenidən onun üzərinə gəlsə də, onları aralayan şəxslər onu sakitləşdirmişlər. Nicat sakitləşdikdən sonra ona demişdir ki, onu vuran zaman barmağı çıxmış və ondan onu sınıqçının yanına yəni Goranboy rayonu, Sarov kəndinə aparmağını xahiş etmişdir. O, da Nicatla razılaşmışdır. Bundan sonra Nicat ona məxsus avtomobilə oturmuş və o, Nicatı Goranboy rayonu Sarov kəndinə apararkən, Gəncə şəhərinin çıxacağında yəni Gəncə darvazalarının yanında Nicat ona demişdir ki, onu sınıqçıya yox Göygöl rayonu, Nadel kəndində yerləşən kafeyə aparsın. Bundan sonra o, avtomobili Göygöl rayonu Nadel kəndinə sürmüş və Nicatı təxminən saat 01:30 radələrində Nadel kəndində yerləşən kafeyə düşürmüş və ordan da Nicatgilin evinə getmişdir ki, anasına Nicatla aralarında mübahisə olduğunu dava etdiklərini bildirsin. O, Nicatın anasına Nicatın onu bıçaqladığını desə də, Nicatın əlində bıçaq görməmiş sadəcə qasıq tərəfində və qolunda yara olmuş, onu da qan axdığı üçün “siqaret külü” ilə dayandırmışdır. Hadisənin səhərisi anası onun sifətinin göyərməsini görmüş və baş vermiş hadisə barədə anasına danışdıqdan sonra polisə müraciət etmiş və bundan sonra müvafiq göndəriş əsasında ekspertizadan keçirilmişdir. O, bədənində olan bütün xəsarətləri Nicatla dalaşan zaman almış və həmin gün Nicatdan başqa heç kimlə aralarında mübahisə olmamış və dalaşmamışdır. O, hazırda təqsirləndirilən şəxslə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. O, Nicatın həbs olunm razı deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara yəni “İbtidai istintaq zamanı bildirmisiniz ki, Təqsirləndirilən şəxs dava zamanı sizi aralaşdıran şəxslərə “məni buraxın onu bıçaqlayacam” kimi ifadə vermisiniz, indi isə deyirsiniz ki, o məni bıçaqla vurmayıb. Bu ziddiyəti nə ilə izah edirsiniz?” sualına Zərərçəkmiş şəxs cavab verə bilməmiş və sualdan yayınmış, digər suala yəni “Siz Nicatın anasına oğlun məni bıçaqla vurub demisiniz? Onun anasının evinə niyə getmisiniz” sualına isə cavab olaraq “mən onun anasının yanına ona görə getmişdim ki, həkimə getməyə köməklik etsin” kimi cavab vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki tanıyır. Belə ki, Zərərçəkmiş şəxs və o, Gəncə şəhəri N.Nərimanov prospekti “Əlillərin dairəsi” deyilən yerdə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, Zərərçəkmiş şəxs və digər taksi yoldaşı Qənbər adlı şəxslə Gəncə şəhəri N.Nərimanov prospekti “Əlillərin dairəsi” adlı yerdə dayanıb müştəri gözləyən zaman telefona baxarkən birdən adını bilmədiyi bir nəfər nömrəsini və markasını xatırlamadığı taksi ilə oraya gələrək maşından düşərək Aminin üstünə gəlmiş və yumruq ilə Aminin sifət nahiyəsinə bir neçə zərbə endirmişdir. Həmin zərbələrdən Zərərçəkmiş şəxs yerə yıxılmış və onlar yerdə süpürləşmişlər. Həmin vaxtı o, və Qənbər onları aralamağa çalışmışlar. Təxminən 5-10 dəqiqə ərzində Amin və adını bilmədiyi şəxs dalaşmış və nalayiq sözlərlə bir-birilərini təhqir edib sonra isə aralanmışlar. Hadisəni həmin vaxt onlardan başqa avtobusdan düşən şəxslər də görmüşdür. Aralandıqdan sonra Amin və həmin şəxs Aminə məxsus avtomobilə oturmuş və söhbət etdikdən sonra getmişlər. O, hadisə vaxtı adını sonradan bildiyi Nicat adlı şəxsin əlində nə bıçaq nə də, digər hər hansı kəsici-deşici alət görməmişdir. Hadisədən təxminən bir həftə sonra Amini görmüş və bu barədə aralarında heç bir söhbət olmamışdır. Məhkəmə iclasında Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək dava zamanı Təqsirləndirilən şəxs əlində hər hansı bir bıçaq və ya ona bənzər əşya görmədiyini bildirmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərmişdir ki, o, hazırda oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər saat 08-09 radələrində o, yuxudan durub mağazadan çörək alıb evə gəldikdən sonra görmüşdür ki, oğlu Aminin sifəti şişib. O, Amindən sifətinin şişməsinin səbəbini soruşduqda Amin ona Nicatla dalaşdığını və sonuncunun onu yumruqla sifətinə və bıçaqla böyürünə vurduğunu demişdir. Bundan sonra o, baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Bundan sonra polis Amini Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmış və ekspertizadan keçirmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş və qapını açan zaman əvvəllər tanıdığı və onlarla uzaq qohum olan Zərərçəkmiş şəxs qapıda olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ona oğlu Nicatla dalaşdığını, Nicatın onu döydüyünü və xəsarət yetirdiyini bildirmişdir. Lakin Aminin sifətində heç bir xəsarət görməmişdir. Məhkəmə iclasında əlavə şahid qimində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Gəncə şəhər şöbəsinin rəisi vəzifəsində işləyir. O, məhkəmə-tibbi ekspertizasının 16 iyul 2024-ci il tarixli 979 saylı rəyində göstərilənlərə uyğun ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs sol qasıq və sağ bazu nahiyyələrində olan deşilmiş-kəsilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan və dərəcəsi təyin edilmədiyindən hazırda onun sağ bazu nahiyəsində iz və yaxud da “yara” qala bilməz. Belə ki, artıq həmin hadisənin üstündən uzun müddət keçmişdir. Lakin rəy verilən vaxt Zərərçəkmiş şəxs bədənində qeyd edilən kəsici-deşici və sair xəsarətlər mövcud olmuş və o, həmin xəsarətlər əsasında rəy vermişdir. Həmin xəsarətlər dərəcəsi təyin edilməyən və səthi olduğundan şəxsin özü tərəfindən də kənar şəxslər tərəfindən də yetirilmiş ola bilər. Az ağır xəsarətlərlə bağlı mübahisə olmadığından bu məsələ ilə bağlı ona sual verilməmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 16 iyul 2024-ci il tarixli 979 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt çənə sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ yanaq-göz nahiyyələrinin yumşaq toxumaların əzilməsi, hematoması - bərk KÜT əşyanın təsiri nəticəsində; sol qasıq və sağ bazu nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları isə - deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə; a) alt çənə sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağ yanaq-göz nahiyyələrinin yumşaq toxumaların əzilməsi, hematoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; b) sol qasıq və sağ bazu nahiyyələrinin deşilmişkəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 maddi sübutların məhkəmə-bioloji ekspertizasının 22 avqust 2024-ci il tarixli 29 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 16/918 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunan şalvarın səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 17 iyul 2024-ci il tarixli 989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 17 iyul 2024-cü il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, şübhəli şəxs Cəlilov Elxan Nicat oğluna hüquq və vəzifələri izah edildikdən sonra sərbəst şəkildə ifadələrin yerində yoxlanılması ilə bağlı ifadə verməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni təsdiq edərək ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı, 14 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri N.Nərimanov prospekti “Əlillərin dairəsi” deyilən yerin yaxınlığında əhalinin gediş-gəlişinin sıx olduğu yerdə Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yeri göstərərək, həmin yerdə baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı ilkin olaraq yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmasını, daha sonra isə o yerdə olan zaman yumruqla onun sifət nahiyəsinə daha bir zərbə vurmasını göstərmişdir. Bununla da ifadələrin yerində yoxlanılması istintaq hərəkəti başa çatmış və şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri ilə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı göstərdikləri uyğunluq təşkil etmişdir. 17 iyul 2024-cü il tarixli, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsini təsdiq edərək 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu Gəncə şəhəri N.Nərimanov prospekti “Əlillərin dairəsi” deyilən yerin yaxınlığında yumruqla sifət nahiyəsinə, əlindəki bıçaqla isə sağ böyrünə vuraraq xəsarət yetirdiyini təqsirləndirilən şəxsin üzünə qarşı da bir daha demişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, X8 Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-128/2023 nömrəli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)- 382/2022 saylı hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 584 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişinə əsasən dispanserdə müayinə olunub və ona “Dissosial şəxsiyyətin pozuntusu” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs bundan sonra bir daha müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5121 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “opoidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 17 oktyabr 2024-cü il tarixli, 770 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, ona şamil edilən hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZ-İV seriyalı, 327050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Xədicə adlı uşağı var. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə cinayəti törətməsini etiraf etməsə də, baş vermiş hadisə zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yalnız yumruq zərbələri ilə vurub xəsarət yetirməsini etiraf etmişdir. Zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini etiraf etməməsi və əlində hər hansı bir kəsici-deşici alətin olmamasını bildirməsini məhkəmə onu cəzadan yaxa qurtarmaq niyyəti ilə edilmiş hərəkətlər kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir (buna daha ətraflı məhkəmənin gəldiyi nəticənin əsaslandırması hissəsində geniş qiymət verilib). «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətləri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış, hazırda Gəncə şəhər BPİ-nin saxlanc yerində saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı, iş üzrə ekspertiza xərci 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 550 (beş yüz əlli) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlməsini onunla əsaslandırır ki: İlk növbədə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məhz kəsicideşici alətlə xəsarət yetirilməsi ilə bağlı mövqeyi: Cinayətin aləti olan bıçağın ibtidai istintaq orqanı tərəfindən tapılmaması, Zərərçəkmiş şəxs və şahidlərin Təqsirləndirilən şəxs əlində bıçaq görməməsi ilə bağlı məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 16/918 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarət kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs və hadisənin şahidləri məhkəmə iclasında dava zamanı Təqsirləndirilən şəxs əlində hər hansı bir bıçaq və ya digər alət görmədiklərini qeyd etsə də, məhkəmənin bununla bağlı əsaslandırması ondan ibarətdir ki, hadisə havanın qaranlıq vaxtı, gecə saatlarında baş verdiyindən bu hal zərərçəkmiş və şahidlərin təqsirləndirilən şəxsin əlində olan bıçağı görmələrini mümkünsuz edə bilər. Bundan başqa Zərərçəkmiş şəxs özü məhkəmə istintaqında ifadə verərkən bildirdi ki, nə hadisənin baş verdiyi gün nə də ki ondan əvvəl heç kimlə mübahisə etməmiş və bədəni üzərində aşkar edilmiş xəsarətlər hadisə günü yaranmışdır. Bundan başqa Amin Mustayev ibtidai istintaq vaxtı verdiyi ifadəsində də bildirmişdir ki, dava zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onu tutub saxlamağa çalışan şəxslərə “buraxın onu bıçaqlayacam” kimi ifadə işlətmişdir. Lakin məhkəmə istintaqını zamanı zərərçəkmiş şəxs fərqli ifadə verərək israrla təkid edib Təqsirləndirilən şəxs dava zamanı onu bıçaqla vurmadığını bildirmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin səmimliyini, ifadənin məntiqi ardıcıllığını, hər bir suala cavab verərkən onun reaksiyalarını, üz cizgilərini (mimikalarını), Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını görməməsi, lakin ekspert rəyində qeyd olunan kəsici-deşici alətlə yetirilmiş yüngül dərəcəli bədən xəsarətlərinin harada və hansı şəraitdə alması ilə bağlı məhkəmənin suallarına cavab verə bilməməsi, Təqsirləndirilən şəxsla barışıq əldə etməsi və.s bu kimi halları təhlil edərək məhkəmə o nəticəyə gəlir ki, onun hazırkı ifadəsi Təqsirləndirilən şəxs müdafiə etməyə yönəlik edilmiş hərəkətdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Zərərçəkmiş şəxs üzərində olan və ekpert rəyində qeyd olunan sol qasıq və sağ bazu nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları məhz sözügedən dava-dalaş zamanı yaranmış və həmin rəyə əsasən qeyd olunan xəsarətlər deşici-kəsici alətin təsirindən yaranmışdır. CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama məhkəmənin münasibəti: Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında baş vermiş dava zahirən şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaşa oxşasa da, mübahisə onların aralarında yaranmış borca görə yaransa da, bununla bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs borcunu istəməsi və telefon danışığı zamanı onların aralarında yaranmış mübahisə ilə baş vermiş cinayət hadisəsi və onun nəticəsi, yəni səbəblə nəticə arasında açıq aşkar uyğunsuzluq var. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə qanuni, əsaslı və ədalətli məhkəmə aktı qəbul edilməsi üçün hadisənin başlama səbəbini, hadisənin baş verdiyi yeri, hadisənin davam etmə müddətini, ətrafdakı şəxslərin (ictimayyətin) hadisəyə münasibətini, cinayət prosesi tərəflərindən kimi müsbət, kimi mənfi yöndən qiymətləndirmələrini dəqiq təhlil edərək analiz etmək lazımdır. Hazırkı işin faktiki hallarından görünür ki, hadisə iki hissədən ibarətdir: 1-ci hissə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs telefon danışığı zamanı aralarında baş vermiş mübahisə; 2-ci hissə isə birinci hissənin davamı olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu yerə Gəncə şəhəri “Əlillərin dairəsi” deyilən yerə gələrək hamının gözü qarşısında sonuncunu vurub ona xəsarətlər yetirməsidir. Hər iki hissəni ayrı-ayrılıqda təhlil edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs (bu məqamda məhkəmə Təqsirləndirilən şəxs kriminal keçmişini nəzərə alır) verdiyi 50 manat borc pulunu istəmiş və hər hansı bir qanunsuz tələb irəli sürməmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs zərərçəkmiş Amin Mustafeyin ona verdiyi borc pulu istəməsini cuzi səbəb kimi və ya özünə qarşı edilən “hörmətsizlik” kimi qəbul edib özünü Zərərçəkmiş şəxs və cəmiyyətin fövqündə tutaraq məhz ictimai yer hesab edilən avtobus- taksi dayanacağına gəlmiş ətrafdakıların gözü qarşısında ona vurub xəsarətlər yetirmiş, həmçinin söyüb təhqir etməklə ətrafdakı şəxslərə məhəl qoymadan ictimai asayişi pozmuşdur (şahidlər ifadələrində bildirir ki, hadisəni həmin vaxt onlardan başqa orada avtobusdan düşən şəxslərdə görmüşdür). CM-in 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama məhkəmənin münasibəti; “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 6cı bəndində xuliqanlıq niyyətinin anlayışı və məhkəmə təcrübəsində tətbiqindən bəhs olunur. Həmin şərhə hazırkı işin halları baxımından nəzər saldıqda aydın olur ki, cinayət əməli o zaman xuliqanlıq niyyəti ilə törədilmiş hesab olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə qəsdən başqasının sağlamlığına az ağır zərər vurur). Məhz təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanun tələbini (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə 50 manat borc verməsi işin mübahisəsiz halıdır) cüzi səbəb hesab edərək telefon danışığı zamanı aralarında olan mübahisəni bəhanə edərək qəsdən mübahisə yaratmış, daha sonra zərərçəkmiş şəxsin olduğu ictimai yerə gələrək, sonuncuya az ağır xəsarət yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış, hazırda Gəncə şəhər BPİ-nin saxlanc yerində saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi-Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 550 (beş yüz əlli) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar