Məhkəmə qərarları › İş №1(125)-99/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-99/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-99/2024 24.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan Qurban və Aydın adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində xüsusi bir vəzifədə işlədiyini, onun qızı Şahid test imtahanlarında topladığı 38 balla rayonların birinə müəllimə kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib onu aldatmış, aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 16 fevral 2021ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" ASC-nin Kəpəz filialından «Xəzri pul köçürməsi» vasitəsilə 8000 manat məbləğində nəğd pulu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il öncə tanımışdır. Məmməd həmin vaxt ona oğlu və qızını işə düzəltməyi ondan xahiş etmiş, o isə Məmmədə ancaq qızını işə düzəldə biləcəyini, oğlunun işinin alınmayacağını bildirmiş, bir müddət sonra Məmmədlə əlaqə saxlayan zaman o, əlində 8000 manat pul olduğunu, və qızı Güneli işə düzəltməsini xahiş etmiş, o da Məmmədə razılıq vermiş, 3 gün sonra Məmməd ona "xxxx" vasitəsilə 8000 manat pul göndərmiş, o isə həmin pulu Təhsil Nazirliyində işləyən tanışı Aydın müəllim adlı şəxsin köməkçisi Qurban adlı şəxsə Bakı şəhərində yerləşən Təhsil Nazirliyinin arxasında vermişdir. Belə ki, o, bütün işlərini həmin Qurban adlı şəxs vasitəsilə etmiş, Qurban həmin puldan ona 1500 manat məbləğində pul vermiş, qalanını isə özünə götürmüşdür. Bundan təxminən 2 ay sonra Qurban ona Gəncə Təhsil İdarəsində işləyən bir nəfər xanımın mobil telefonunu verərək həmin qadınla əlaqə saxlamasını istəmiş, o həmin qadına zəng edərək özünü təqdim etmiş, həmin qadın isə Günelin özünün onunla əlaqə saxlamasını istəmiş, o da həmin qadının nömrəsini Məmmədə və Günelə vermiş, bir müddət sonra Günel onunla əlaqə saxlayaraq təyinatının gəldiyini, lakin ona sərf etmədiyini, məktəbi dəyişmək istədiyini bildirmiş, o isə Günelə əvvəl danışdığı qadınla əlaqə saxlamasını məsləhət bilmiş, bundan sonra isə başqa problemləri olduğu üçün 5-6 ay müddətində telefon işlətməmiş, zərərçəkmiş şəxs Məmməd müəllimlə əlaqə saxlaya bilməmiş, daha sonra isə Məmmədlə əlaqə saxlayarkən sonuncu onun barəsində şikayət etdiyini bildirmiş və daha sonra aralarında heç bir münasibətləri olmamışdır. Həmçinin, əvvəllər də bir neçə nəfər şəxsi Aydın adlı şəxsin köməkçisi Qurban adlı şəxs vasitəsilə müəllim kimi işə düzəltmiş, Qurban adlı şəxsi əvvəllər işlədiyi mətbəədən tanımış, 16 ildir ki, onları tanıyır, işlərini yalnız Qurban adlı şəxslə görmüş, Aydın müəllimi görməmiş, Qurban hər görülən işdən ona faiz vermişdir. Hazırda zərərçəkmiş şəxsin pulunu qaytara bilmədiyini, lakin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində ailəsilə birlikdə yaşayır, Şahid onun qızıdır. Günel 2020-ci ilin iyun ayında dövlət imtahan mərkəzi tərəfindən keçirələn müəllimliyə qəbulla bağlı test imtahanında iştirak etmiş və həmin imtahanda 38 bal yığıb imtahandan kəsilmişdir. 2021-ci ilin yanvar ayında Güneli müəllim kimi işə düzəltməyə çalışan vaxt Bakı şəhər sakini olan özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə Gəncə şəhərində tanış olmuş və Fərdanə ilə tanış olduqdan sonra Fərdanə ona Günelin 2020-ci ilin iyun ayında DİM tərəfindən keçirələn müəllimliyə qəbulla bağlı test imtahanda topladığı 38 bal ilə onu rayonların birinə müəllim kimi işə düzəldə biləcəyini bildirmiş, o, həmin vaxt Fərdanənin vədinə inanıb Fərdanənin istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələri götürmüş, Fərdanə bir neçə gün sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək işi danışıb həll etdiyini deyib, qarşılığında 8000 manat pul tələb etmiş, o, Fərdanənin vədinə inanıb Fərdanənin atdığı şəxsiyyət vəsiqəsinə xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən "xxxx" ASC-nin Kəpəz filialından Xəzri pul köçürməsi vasitəsi ilə 8000 manat pul göndərmiş, pulu göndərdikdən sonra Fərdanə ona zəng edib pulu götürdüyünü bildirmiş, pulu aldıqdan bir neçə gün sonra Fərdanəyə işlə maraqlanmaq üçün zəng etdikdə Fərdanə hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmiş, 2021-ci ilin may ayında Gəncə şəhərinə gəlib onunla görüşərək işin düzələcəyini bildirmiş, o, Fərdanə ilə görüşdükdən sonra Fərdanənin ona yalan danışdığını bildiyi üçün Fərdanəyə zəng edib ona Güneli müəllim kimi işə düzəldəcəyi vədinə görə göndərmiş olduğu 8000 manat pulu geri qaytarmasını tələb etmiş, həmin vaxt Fərdanə ona mesaj yazaraq pulu qaytaracağını bildirmiş, həmçinin, ***-***-**-** saylı mobil nömrədən ona bir şəxs zəng edib Fərdanənin qardaşı olduğunu bildirmiş və pulu geri qaytaracaqlarını demiş, lakin sonradan Fərdanənin nömrələrinə zəng çatmamış və o, məcbur olub xx.xx.2021-ci il tarixdə Kəpəz RPİ-nə bu barədə ərizə yazmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan olunmuş cinayət işi üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Kəlbəcər rayonu 9 saylı tam orta məktəbdə kitabxanaçı vəzifəsində işləyir. 2020-ci ilin iyul ayında müəllimliyə işə qəbul imtahanında 37 bal toplamış, bununla da o, 2-ci mərhələyə, yəni müsahibə mərhələsinə keçid almış, həmin vaxt digər iştirakçıların keçid ballarının yüksək olması ona məlum olmuş və bunun üçün də müsahibədən uğurla keçə bilməyəcəyini düşünmüş, ailə üzvləri ilə bu barədə məsləhətləşmiş, atası ona Fərdanə adlı tanışının olduğunu və ərinin hərbçi olmasına görə Fərdanənin ona işə düzəlməkdə kömək edəcəyini demiş, bir müddət sonra atasının sözü ilə özünə və ərinə məxsus sənədlərin şəkillərini Fərdanənin vatsap nömrəsinə göndərmiş, bundan sonra bir neçə dəfə Fərdanə ilə danışmış, hər dəfəsində Fərdanə ona narahat olmamasını, qısa zamanda işinin düzələcəyini bildirmiş, bir müddət sonra isə Fərdanə ilə ümuiyyətlə əlaqə saxlaya bilməmiş və Fərdanənin onları aldadıb pullarını ələ keçirdiyini bilmişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyinin hər hansı əməkdaşının telefon nömrəsini verməmiş, o, heç kimlə işi ilə bağlı danışmamış, ona hansısa məktəbə iş yeri təklifi gəlməmiş və Fərdanənin bununla bağlı ifadəsində dedikləri yalandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Güneli işə düzəltmək adı ilə ondan 8000 manat pul aldığını, həmin pulu Təhsil Nazirliyində işləyən Aydın müəllimin köməkçisi Qurban adlı şəxsə verdiyini, sonuncunun da ona 1500 manat pul verdiyini bir daha deyərək istintaqa verdiyi ifadəsini təsdiqləmiş və Zərərçəkmiş şəxs da həmin xüsusatı təsdiqləmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.4 və 178.2.1-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. “Cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında” 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işindən Aydın, Qurban adlı şəxslər və Gəncə Regional Təhsil İdarəsində işləyən adı istintaqa məlum olmayan qadının əməllərinə hüquqi qiymət verilməsi üçün CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli ayrıca cinayət işi ayrılaraq istintaq aparılır. "xxxx" ASC-nin 16 fevral 2021-ci il tarixli çıxarışından görünür ki, həqiqətən Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Kəpəz filialından «Xəzri» pul köçürməsi vasitəsilə 8000 manat məbləğində pulu Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içində «Analitik təhlil_**********17», «Analitik təhlil_**********28», «Analitik təhlilin izahı», «Gəncə ŞBPi 57_6-9-764m_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********17», «Gəncə ŞBPi 57_6-9-764m_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********28», «Gəncə ŞBPi 57_6-9-764m_SMS məzmun (qarşı abunə ilə)_**********17», «Gəncə ŞBPi 57_6-9-764m_SMS məzmun (qarşı abunə ilə)_**********28», «Gəncə ŞBPi 57_6-9-764m_SMS Statistika (qarşı abunə ilə)_**********17», «Gəncə ŞBPi 57_6-9- 764m_SMS Statistika (qarşı abunə ilə)_**********28», «Gəncə ŞBPi 57_6-9-764m_Zəng statistika (qarşı abunə ilə)_**********17», «Gəncə ŞBPi 57_6-9-764m_Zəng statistika (qarşı abunə ilə)_**********28» adlı fayllar vardır. «Analitik təhlil_**********17» adlı fayt açılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 06 oktyabr 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixədək olan müddət ərzində 171 adda mobil telefon nömrəsi ilə əlaqə saxlamış, həmin mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarına baxarkən isə Aydın və ya Qurban adlı şəxslərin adlarının olmaması müşahidə olunur. Həmin faylda olan «Xarici ölkələrdən olunmuş zənglərin nömrələr üzərindən statistik təhlili» qrafasından da iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat əldə olunmamışdır. Qeyd edilən faylda olan məlumatlar internet platforması üzərindən açıldığı üçün kağız formasında məlumatların cinayət işinə əlavə olunması mümkün olmamışdır. «Analitik təhlil_**********28» adlı fayl açılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 31 dekabr 2020-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək olan müddət ərzində 544 adda mobil telefon nömrəsi ilə əlavə saxlamış, həmin mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarına baxarkən isə onun 26 noyabr 2020-ci il tarixdə və 03 fevral 2021-ci il tarixdə Qurban Muradov adlı şəxsin ifadəsindən olan **********08, **********58 saylı mobil telefon nömrələri ilə əlaqə saxlaması görünür, Aydın adlı şəxsin adının isə siyahıda olmaması müşahidə olunur. Həmin fayalda olan «Xarici ölkələrdən olunmuş zənglərin nömrələr üzərindən statistik təhlili» qrafasından da iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat əldə olunmadı. Qeyd edilən faylda olan məlumatlar internet platforması üzərindən açıldığı üçün kağız formasında məlumatların cinayət işinə əlavə olunması mümkün olmamışdır. «Analitik təhlilin izahı» adlı fayl açılarkən müəyyən olunur ki, həmin fayl oxuyucuya Statistik təhlil üzrə dokumentasiya adlı sənəd təqdim edərək izahat verir, yəni iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat yoxdur. «Gəncə ŞBPi 57_6-9-764m_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********17» adlı fayl açılarkən müəyyən olunur ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində «Azercell MMC»nin hansı ötürücü anten stansiyalarından qeydiyyatdan keçməsi qeyd olunmuşdur. Həmçinin müəyyən olunur ki, hadisə baş verən tarixdə, yəni 16 fevral 2021-ci il tarixdə «Azercell MMC»nin «Baki sheh. Nesimi ray. Mir Celal kuchesi. Dukan: shahane Market», «Baki sheh. Nesimi ray. Rovshen Ceferov kuchesi 1C. MobiLine Avtovagzal», «Baki sheh. Nesimi ray. Mir Celal kuchesi. Dukan: shahane Market» ünvanlarında yerləşən ötürücü anten stansiyalarından qeydiyyatdan keçmişdir. Həmin faylın həmin hissəsi 1 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. «Gəncə ŞBPi 57_6-9-764m_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********28» adlı fayl açılarkən müəyyən olunur ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində «Bakcell MMC»nin hansı ötürücü anten stansiyalarından qeydiyyatdan keçməsi qeyd olunmuşdur. Həmçinin müəyyən olunur ki, hadisə baş verən tarixdə, yəni 16 fevral 2021-ci il tarixdə «Bakcell MMC»nin «Baki shahari, Binaqadi rayonu, 9-cu mikrorayon, M.Calal kuchasi 37, 765 sayli aptek», «Baki shahari, Moskva prospekti 73 unvani», «Baki shahari, Tbilisi prospekti 187», «Baki shahari, H.Zardabi kuchasi, 79B», «X6, Baki,», «Baki shahari, Mahammad Xiyabani kuch, XDMX X1», «20 Yanvar st.», «Baki shahari, Yasamal rayonu, Sharifzada kuchasi 131», «Baki shahari, Nasimi rayonu, Asif Maharramov kuchasi 51 K», «Baki shahari, Binaqadi rayonu, M.Calal kuchasi, 9A», «Baki shahari, 4 mikrorayon, 20 yanvar kuchasi ila Cavadxan kasishmasi», «Baki shahari, Binaqadi rayonu, Mir Calal kuchasi 115A», «Baki shahari, Narimanov rayonu, 4-cu mkrn, 20 Yanvar kuchasi, 15 a, ofis binasi» ünvanlarında yerləşən ötürücü anten stansiyalarından qeydiyyatdan keçmişdir. Həmin faylın həmin hissəsi 21 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. «Gəncə ŞBPi 57_6-9-764m_SMS məzmun (qarşı abunə ilə)_**********17» adlı fayl açılarkən müəyyən olunur ki, həmin faylın içində 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinin məzmunu qeyd olunmuşdur. Həmin sms mətnlərinə tərəfimdən keçirilmiş baxış zamanı hazırki iş üzrə heç bir əhəmiyyətli məlumatın olmaması, Təqsirləndirilən şəxs Fuad adlı şəxslə ailədaxili münasibətlərlə bağlı danışması müəyyən olunur. Həmin sms mətnlərinin məzmunu 27 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. «Gəncə ŞBPi 57_6-9-764m_SMS məzmun (qarşı abunə ilə)_**********28» adlı fayl açılarkən müəyyən olunur ki, həmin faylın içində 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinin məzmunu qeyd olunmuşdur. Həmin sms mətnlərinə tərəfimdən keçirilmiş baxış zamanı hazırki iş üzrə heç bir əhəmiyyətli məlumatın olmaması, Təqsirləndirilən şəxs Ramazan Hacıyev, ilham Xəlilov, Tural Tağıyev, Mürşüd Mirzəbəyov, Hicran Əhmədova, Nərgiz Məmmədli, Şövkət məmmədova, Şövkət Liviyeva və s. şəxslərlə müxtəlif məzmunlu danışıqların aparması, hazırki iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatın olmaması, Aydın və ya Qurban adlı şəxslərlə sms mətnlərinin aşkarlanmaması, SMS mətnlərində Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə pul borcunun olması görünür. Həmin sms mətnlərinin məzmunu 22 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur «Gəncə ŞBPi 57_6-9-764m_SMS Statistika (qarşı abunə ilə)_**********17» adlı fayl açılarkən müəyyən olunur ki, hmin faylda Təqsirləndirilən şəxs istifadəsində oan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində sms mətnləri ünvanlanarkən Təqsirləndirilən şəxs hansı ötürücü anten stansiyalarından keçməsi qeyd olunmuş. Həmçinin müəyyən olunur ki, 20 fevral 2021-ci il tarixdə həmin telefon nömrəsindən Zərərçəkmiş şəxs ifafadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə sms ünvanlanarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən «Şahanə market» adlı anten stansiyasından qeydiyyatdan keçmişdir. Həmin məlumat 1 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. «Gəncə ŞBPi 57_6-9-764m_SMS Statistika (qarşı abunə ilə)_**********28» adlı fayl açılarkən müəyyən olunur ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində oan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində SMS mətnləri ünvanlanarkən Təqsirləndirilən şəxs hansı ötürücü anten stansiyalarından keçməsi qeyd olunmuşdur. Həmçinin müəyyən olunur ki, 15 fevral 2021-ci il tarixdə həmin telefon nömrəsindən Zərərçəkmiş şəxs ifafadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə SMS ünvanlanarkən Təqsirləndirilən şəxs hansı ünvanda olması barədə məlumatlar qeyd olunmamışdır. Həmin məlumat 1 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. «Gəncə ŞBPi 57_6-9-764m_Zəng statistika (qarşı abunə ilə)_**********17» fayl açılarkən müəyyən olundu ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində oan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində zənglər gedib-gələrkən Təqsirləndirilən şəxs hansı ötürücü anten stansiyalarından keçməsi qeyd olunmuşdur. Həmçinin müəyyən olunur ki, 22, 24 və 26 fevral 2021-ci il tarixlərdə həmin telefon nömrəsindən Zərərçəkmiş şəxs ifafadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə sms ünvanlanarkən Təqsirləndirilən şəxs «Baki sheh. Nesimi ray. Mir Celal kuchesi. Dukan: shahane Market.», 28 fevral 2021-ci il tarixdə «Baki sheh. Nesimi ray. Memmedcefer Ceferov kuchesi 2.» adlı ötürücü anten stansiyasından qeydiyyatdan keçir. Həmin məlumat 1 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. «Gəncə ŞBPi 57_6-9-764m_Zəng statistika (qarşı abunə ilə)_**********28» fayl açılarkən müəyyən olundu ki, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində oan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan müddət ərzində zənglər gedib-gələrkən Təqsirləndirilən şəxs hansı ötürücü anten stansiyalarından keçməsi qeyd olunmuş. Həmçinin müəyyən olunur ki, 15 fevral 2021-ci il tarixdə həmin telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə sms ünvanlanarkən Təqsirləndirilən şəxs «Baki shahari, Binaqadi rayonu, Mir Calal kuchasi 115A» və «Baki shahari, Binaqadi rayonu, 9-cu mikrorayon, M.Calal kuchasi 37, 765 sayli aptek» adlı ünvanlarda, 16 fevral 2021-ci il tarixdə «Baki shahari, Binaqadi rayonu, 9-cu mikrorayon, M.Calal kuchasi 37, 765 sayli aptek» adlı ünvanda və 17 fevral 2021-ci il tarixdə «Baki,Heydar Aliyev pr-ti,323» adlı ötürücü anten stansiyasından qeydiyyatdan keçir. Həmin məlumat 4 vərəqdən ibarət çıxarış formasında protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 7028 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3513 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(101)-743/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun tutulduğu vaxtdan, yəni 27 avqust 2022-ci il tarixdən hesablanması qərar alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(101)-743/2022 nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində xüsusi bir vəzifədə işlədiyini, onun qızı Şahid test imtahanlarında topladığı 38 balla rayonların birinə müəllimə kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib onu aldatmış, aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 16 fevral 2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" ASC-nin Kəpəz filialından “Xəzri pul köçürməsi” vasitəsilə 8000 manat məbləğində nəğd pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində xüsusi bir vəzifədə işlədiyini, onun qızı Şahid test imtahanlarında topladığı 38 balla rayonların birinə müəllimə kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib onu aldatmış, aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 16 fevral 2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" ASC-nin Kəpəz filialından «Xəzri pul köçürməsi» vasitəsilə 8000 manat məbləğində nəğd pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(101)-743/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs həmin hökmlə məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 16 fevral 2021-ci il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə “mülkiyyət əleyhinə olan” qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə əməldə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmaması, eləcə də iş üzrə zərərçəkmiş şəxsə vurulan ziyanın ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(101)-743/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablanmalı və hazırda həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş telefon danışıqları barədə məlumatları əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs oğluna müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-743/2022 saylı 19 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-743/2022 saylı 19 sentyabr 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 27 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar