Məhkəmə qərarları › İş №1(125)-99/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-99/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-99/2025 30.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, bina X19, mənzil 28-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və etibardan sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə Qax rayon sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın əlaqələrinin olmasına inandıraraq etibarını qazanmış və sonuncunun tanışı X4 təqaüd düzəldəcəyini söz verib aldadaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən “Əminə” marketdən MilliÖn ödəmə terminalı vasitəsi ilə özünə məxsus olan və “Kapital” bank tərəfindən verilmiş 416974******5629 və 416974******4102 nömrəli plastik kartlara köçürmə yolu ilə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayınadək 4 dəfə olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 7800 manat pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş və hazırda təqaüddədir. Zərərçəkmiş şəxs tanımış, onunla bir yerdə hərbi məktəbdə oxumuş və bir yerdə işləmişdir. O, 2021-ci ilin əvvəllərində Yusiflə Bakı şəhərində Seymur adlı qrup yoldaşlarının qızının toyunda görüşən zaman Yusif, ona yeznəsi Kamrana təqaüd düzəltmək istədiyini bildirdikdə, o, həmin vaxtı Yusifində tanıdığı Şahid2 vasitəsi ilə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq Şahid2 ilə telefon vasitəsi ilə əlaqə saxlamış və ona təqaüd düzəldə biləcəyini soruşanda Altay, ona edə biləcəyini dedikdən sonra o, Nadir Yusifovla əlaqə saxlamışdır. Bundan sonra o, 2021-ci ilin mart ayında Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs ilə görüşmüş və Zərərçəkmiş şəxs ona ilkin olaraq 4000 manat pul vermişdir. O, həmin pulu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Əminə” marketdə olan MilliÖn vasitəsi ilə Şahid2 məxsus karta vurmuşdur. Bir neçə gündən sonra o, Şahid2la əlaqə saxlayan zaman Altay, təqaüdün tez bir zamanda düzələcəyini və yenidən 3300 manat pul lazım olacağını demişdir. O, Zərərçəkmiş şəxs zəng edərək yenidən 3300 manat pul lazım olacağını demiş, Zərərçəkmiş şəxs isə pulu poçt vasitəsi ilə göndərmiş və o, həmin pulu Şahid2 məxsus karta vurmuşdur. Bundan sonra o, Şahid2 ona işi düzəldən adama bazarlıq göndərmək lazım olduğunu demişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs ona 700 manat dəyərində bazarlıq göndərmiş, o, da həmin bazarlığı Şahid2 göndərmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs ona 7300 manat nəğd pul və 700 manat dəyərində bazarlıq göndərmişdir o, da öz növbəsində həmin pulu və bazarlığı Şahid2 göndərmişdir. Bundan sonra Şahid2 onun telefonlarına cavab vermədiyi üçün o, Zərərçəkmiş şəxsla əlaqə saxlamış və onunla görüşüb Şahid2 yaşadığı Lerik rayonu Balaband kəndinə getmiş və Altay ilə görüşdükdə onlara təqaüdün tez bir zamanda düzələcəyini bildirmişdir. Onlar isə ona inanıb geri qayıtmışlar. Bir neçə dəfə Şahid2la əlaqə saxlamış və sonuncu dəfə Altay ona işin düzəlməyəcəyini və ondan aldığı pulu geri qaytaracağını demişdir. O, da bu barədə Zərərçəkmiş şəxs məlumat verdikdə o, 7300 manat nəğd pulu və 700 manatlıq bazarlığı ünumilikdə 8000 manat pulu istəməyə başlamışdır. O, da öz növbəsində Şahid2 pulu istəmiş, lakin o, pulu tez bir zamanda verəcəyini desə də, hər dəfə fərqli bəhanələrlə boyun qaçırmış, sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs ondan Gəncə şəhər BPİ-nə şikayət etmişdir. O, da məcbur qalıb Zərərçəkmiş şəxs 8000 manat pulu öz cibindən qaytarmışdır. Zərərçəkmiş şəxs 23 yanvar 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ona dəymiş zərərin tam şəkildə ödənildiyini nəzərə çatdıraraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Odur ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Qax rayonu Şota Rustavelli küçəsi, ev 15A-da yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş və hal-hazırda təqaüddədir. X2 2020-ci ilin 44 günlük vətən müharibəsinin iştirakçısı olmuş və həmin müharibədə yaralanmışdır. Vətən müharəbəsində yeznəsi Kamran kəllə-beyin travması aldığı üçün o, ona təqaüd düzəltmək istəmiş, lakin bir sıra maneələr olduğundan təqaüd düzəlmək mümkün olmamışdır. 2021-ci ilin yanvar ayında o, Bakı şəhərində qrup yoldaşı Seymur adlı şəxsin qızının toyunda digər qrup yoldaşı Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət əsnasında o, Elşənə yeznəsi Kamrana təqaüd düzəltmək istədiyini demiş, həmin vaxtı Elşən ona Kamrana təqaüd düzəldə biləcəyini demişdir. O, Elşəndən təqaüdü kimin vasitəsi ilə düzəldəcəyini soruşanda Elşən ona onunda tanıdığı Şahid2 adlı tanışlarının vasitəsi ilə düzəldəcəyini demişdir. Bir neçə gün sonra Elşən ona zəng edərək Kamrana təqaüd düzəltmək üçün Şahid2 ilkin olaraq 4000 manat vermək lazım olduğunu demişdir. O, da razılaşıb 2021-ci ilin mart ayında Goranboy rayonu Goran qəsəbəsinə gələrək Elşənlə görüşmüş və 4000 manat pulu ona əlbəəl vermişdir. Təxminən 10-15 gün sonra Elşən ona zəng edərək yenidən Şahid2 ona zəng edib 3300 manat pul istədiyini demiş və o, isə Elşənə poçt vasitəsi ilə 3300 manat pulu Gəncə şəhərinə göndərmişdir ki, Şahid2 versin. Bir neçə dəfə Elşən ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlandıqda o, hər dəfə narahat olma pulu Şahid2 göndərmiş və tez bir zamanda təqaüd məsələsi öz həllini tapacaqdır. Puldan əlavə o, təxminən 700 manatlıq bazarlıq edib Təqsirləndirilən şəxs göndərmişdir ki, o da öz növbəsində həmin bazarlığı lazımı şəxslərə göndərmiş ki, təqaüd məsələsi öz həllini tez tapsın. Bundan sonra o, bir neçə dəfə Elşən ilə əlaqə saxlayaraq təqaüdün düzəlməsi ilə bağlı maraqlandıqda hər dəfə fərqli bəhanələr gətirərək işin tez bir zamanda düzələcəyini desə də, məsələ uzanmışdır. Bundan sonra o, birdə maraqlandıqda Elşən ona pulu Şahid2 verdiyini və Altayın onu telefonuna cavab vermədiyini demiş və ondan Altayın yaşadığı Lerik rayonu Balaband kəndinə getməsini istəmişdir. O da, Elşən ilə birlikdə gedərək onunla görüşmüş, Altay onlara təqaüd məsələsinin tez bir zamanda düzələcəyini dedikdən sonra onlarda inanıb geri qayıtmışlar. Bir neçə dəfə Elşən ilə əlaqə saxlayıb təqaüd barədə maraqlandıqda o, Altayın telefonlara cavab vermədiyini və Kamranın təqaüd məsələsinin düzəlməyəcəyini demişdir. Bundan sonra o, Elşənə verdiyi 8000 manat pulu ondan geri istədiyini bildirmişdir. Elşən isə pulun Altayda olduğunu və alıb ona verəcəyini demiş, ancaq bir müddət keçdikdən sonra Elşəndə onun telefonunu götürmədiyi üçün o, ərizə ilə Gəncə şəhər BPİ-nə müraciət etmişdir. Bundan sonra Elşən ondan aldığı 7300 manat nəğd pulu və 700 manat dəyərində bazarlığın pulunu, ümumilikdə 8000 manat pulu geri qaytarmış və hazırda onun Elşənə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş üzrə Şahid2 23 yanvar 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişdir. Odur ki, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər hərbi həkim kimi xidmət etmiş, hazırda təqaütdədir. Lerik şəhəri, A.Əsədullayev küçəsi ev 45-də qeydiyyatda olmaqla, Lerik rayonu Balaband kəndində yaşayır. Özü xx.xx.2022-ci il tarixdə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına, xx.xx.2022-ci il tarixdə isə CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə islah işləri və 4000 manat cərimə cəzasına məhkum olunmuş və hal-hazırda təyin edilmiş cəzanı çəkib qutarmamışdır. Bundan başqa 2012, 2015 və 2016-cı illərdə də CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cərimə cəzalarına məhkum olunmuşdur. Ailəlidir, yetkinlik yaşına çatmayan iki övladı vardır. Təqsirləndirilən şəxs 20 ildən çoxdur ki, tanıyır, bir yerdə hərbidə xidmət etmişlər, bir-biriləri ilə dostluq münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs ümumiyyətcə tanımır. Onlarla heç bir vaxtı düşmənçiliyi və ya ədavəti olmamışdır. Özü 44 günlük vətən müharibəsi iştirakçısıdır. Təqsirləndirilən şəxs barəsində verdiyi ifadə ilə tanış olmuş, bildirir ki, Elşənin onun barəsində dediklərinin hamısı şər və böhtandır. Belə ki, heç vaxt Elşəndən 7800 manat alıb söz verməmişdir ki, onun tanışı Kamran adlı şəxsə təqaüt düzəltməyə köməklik edəcək. O, Elşəndən 7800 manat yox, 3600 manat pulu almış, Elşən həmin pulu onun Kapital banka məxsus maaş kartına vurmuş, lakin ondan həmin pulları borc olaraq almışdır. Həmin ərəfələrdə oğlu Kənan yıxılaraq bel nahiyəsindən xəsarət aldığı üçün onun Lənkəran şəhər xəstəxanasında belini müalicə elətdirməyə və digər ehtiyaclarını qarşılamaq üçün Elşəndən hissə-hissə 3600 manat pul borc almışdır. Həmin borc pulu da dediyi vaxta qədər qaytara bilmədiyi üçün Elşən onun barəsində polisə belə bir məzmunda şikayət etmişdir. Onun həmin ərəfələrdə kapital banka 8000 manat kredit borcu olduğu üçün bankdan kredit götürə bilməmişdir. Ona görə də Elşəndən məcbur qalıb borc almalı olmuşdur. Təqsirləndirilən şəxs yalan deyir, onun barəsində dediklərinin hamısı şər və böhtandır. İş ürzə Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. (İ cild 181-183); O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qax rayonu Almalı kəndində yaşamış, özü 44 günlük vətən müharibəsinin iştirakçısıdır və müharibədə yaralanmışdır. Zərərçəkmiş şəxs onun yaxın qohumudur. O, müharibədə yaralandığı üçün təqaüd düzəltmək istəmiş lakin müəyyən çətinliklərə görə təqaüdü düzəldə bilməmişdir. 2021ci ilin yanvar ayında o, qohumu Zərərçəkmiş şəxsla görüşdükdə ona tanışının olduğunu, həmin tanış vasitəsi ilə təqaüdünü düzəldə biləcəyini və təxminən 7-8 min manat pul lazım olacağını bildirmişdir. O, Yusifə o qədər pulunun olmadığını bildirdikdə Yusif isə ona “narahat olma mən verərəm sonra sən mənə qaytararsan” demişdir. Həmin söhbətdən təxminən 2 ay sonra qohumu Zərərçəkmiş şəxs ona demiş ki, tanışı Təqsirləndirilən şəxs ilkin olaraq 4000 manat pul vermiş, o isə pulu işi düzəldəcək Şahid2 göndərmişdir. Bir müddətdən sonra Yusif ona yenidən 3300 manat nəğd pul və təxminən 700 manat dəyərində bazarlıq edib Təqsirləndirilən şəxs göndərdiyini, həmin pulun və bazarlığın Şahid2 çatdığını demişdir. Sonradan o, qohumu Zərərçəkmiş şəxs işin gedişatı ilə maraqlananda Yusif ona işin düzəlmədiyini və pulu ilkin olaraq göndərdiyi Təqsirləndirilən şəxs geri istədiyini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs verdiyi 8000 manat pulu geri almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaqı davam etdirilmişdir. (cild l - i.v.1); - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı davam etdirilmişdir. (cild l - i.v.4); - xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 8000 (səkkiz min) manatı tam şəkildə ödədiyi üçün onun barəsində iddiası olmadığını bildirmişdir. (cild l - i.v.26); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 Qəhrəman oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. (cild l - i.v.95); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (İİ cild i.v.14); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(i.v.17); - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (İİ cild i.v.21); - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10 radələrində Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (İİ cild i.v.23); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməmişdir. (İİ cild i.v 39-41); - xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə CM-nin 178.2.2-ci maddəsi ilə həbs olunmuş və xx.xx.2024-cü il tarixdə həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilərək həbsdən azad edilmişdir. (i.v.- 53); - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4634 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (İİ cild i.v.- 57); - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4709 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. (İİ cild i.v.- 58); - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 19X ünvanında yerləşən 28 saylı mənzil Təqsirləndirilən şəxs adınadır. (İİ cild i.v.- 65); - 21 saylı küçə üçlüyü tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (İİ cild i.v.67); - Yevlax Rayon Məhkəməsinin 1(039)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.2-ci maddəsinə həmin məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. (İİ cild i.v 70-75); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.( İİ cild i.v.91); - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (İİ cild i.v.96); - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:40-da Gəncə ŞBPİ-yə könüllü gəlib özünü təqdim etmişdir. (İİ cild i.v.98); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (İİ cild i.v.101); - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə zərər çəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (İİ cild i.v.- 106-115); Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs l və ll Qarabağ müharibəsi iştirakçısı olmasını, müharibə veteranı olmasını, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. (CM 59.1.13) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 16 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar