Məhkəmə qərarları › İş №1(3-1)-13/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-13/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-13/2026 04.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə dair Açar sözlər: Yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ittihamı verilmiş, birinci instansiya məhkəməsində zərərkəçmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmuş, 2 il 2 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökmdən şərti məhkumetmənin tətbiqi üçün apellyasiya şikayəti verilmiş, cinayətin xarakteri, törədilmə şəraiti, şəxsin şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınaraq apellyasiya şikayəti təmin olunmamış Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev Ilqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, ##.##.1998-ci ildə Şahbuz rayonu Kükü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Geoloji kəşfiyyat və axtarış işlərində müşahidəçi vəzifəsində işləyən, məhkumluğu olmayan, Şahbuz rayonu Kükü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində ##.##.2026-cı il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə saat 12:20 dəqiqədə “BD” seriyalı ****** nömrəli sürücülük vəsiqəsi və *E-***** nömrəli etibarnamə ilə idarə etdiyi “Vaz 21214” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobillə Şahbuz şəhəri, H.Əliyev prospektində ikinci hərəkət zolağında Şahbuz rayon Kükü kəndi istiqamətində hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələbini pozaraq avtomobillər üçün maksimum hərəkət sürətinin 50 km/saat olduğu yerdə avtomobili 80 km/saat sürətlə idarə etmiş və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək, yolda 1.1-1.3 xətlərini kəsib keçərək əks istiqamətli zolağa keçmiş, həmin zolaqda hərəkətdə olan piyada X1 vurmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Samit Əliyevin dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid dalağın və sol ağciyərin aşağı payının əzilmişcırılmış yaraları, hər iki qasıq sümüklərinin az yerdəyişmə ilə, sol qalça qanadının yerdəyişməsiz, incik sümüyünün yuxarı 1/3-nin yerdəyişməli, qəlpəli, çoxsaylı və qamış sümüyü boynunun yerdəyişməsiz sınıqları, başın sağ təpə və sol gicgah nahiyyələrinin əzilmişcırılmış yaraları, sağ diz oynağı nahiyyəsinin və sağ baldır nahiyyəsinin sıyrıqları, sol bud nahiyyəsinin fasiləli sıyrığı, sol diz oynağı nahiyyəsinin və sol baldır nahiyyəsinin qançırları olmaqla dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. II. Birinci instansiya məhkəməsində icraat

2. Şahbuz Rayon Məhkəməsinin (hakim D.Səfərov) ## ##### 2026-cı il tarixli, *(*-**)- */**** nömrəli nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın icrasının əvvəlinin Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, cəzanın icrası, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmünün əsas cəza hissəsində dəyişdirilərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməlində heç bir ağırlaşdırıcı hal olmadığına, bunun əksinə ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət hadisəsinin baş verməsinə, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunan şəxs olmasına, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasına, məhkəmə istintaqında özünü təqsirli bilməsinə, əməlindən səmimi peşman olmasına, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinə dair yüngülləşdirici hallar yetərincə nəzərə alınmadan məhkəmə tərəfindən ona münasibətdə ayrı-seçkiliyə yol verilərək humanizm prinsipinə əməl etmədən CMnin 263.2-ci maddəsinin sanksiyasının daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Baxılan cinayət işində isə, təqsirləndirilən şəxsin əvvəllər hər hansısa yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmədiyini, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət etmədiyini, onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılmasını, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsini, habelə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin olmasını araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Bu isə öz məntiqi sonluğu nəticələnmiş, cəza təyini zamanı təqsirləndirilən şəxsin əsassız olaraq sanksiya daxilində olsa da ağır cəzaya məhkum edilməsinə gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi öz qərarında kifayət qədər cəzanı yüngülləşdirici hallardan bəhs etsə də, onlara lazımi hüquqi qiymət verməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əməl ehtiyatsızlıqdan törədilmiş cinayətdir, cinayət hadisələrin təsadüfi axarı zəminində ortaya çıxmışdır, yol-nəqliyyat hadisəsindən dərhal sonra təqsirləndirilən şəxs yaşayış və iş yerindən müsbət xarakterizə olunur, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, vurulmuş maddi və mənəvi zərər tam şəkildə ödənilmişdir, hüquqi varis tərəfindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs hadisəyədək avtomobil idarə etdiyi müddət ərzində bir dəfə də olsun yolnəqliyyat qaydaları və avtomobilin istismar-istifadə qaydaları əleyhinə inzibati xəta törətməmişdir, təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşmandır. Cinayət Məcəlləsinin mənasına görə bu hallar cəza təyin edilərkən nəzərə alınmalı idi. Lakin birinci instansiya məhkəməsi bu halları formal sadalamaqla kifayətlənmiş, nəticədə isə real azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Əslində isə təqsirləndirilən şəxsin təyin edilmiş cəzanı şərti olaraq çəkməsi ilə islah olunması mümkündür. Məhkəmə əgər məhkumun cəza çəkmədən də islah olunması qənaətinə gələrsə, təyin olunmuş cəzanı şərti tətbiq edə bilər. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır”. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu yoxdur, sabit yaşayış və iş yeri, ciddi ailə bağları mövcuddur, ictimai təhlükəli həyat tərzi yoxdur, zərər tam aradan qaldırılmışdır və zərərçəkmiş tərəf onu bağışlamışdır. Belə şəxs barəsində penitensiar təcrid tədbiri zəruri deyildir. Cinayətin nəticəsi ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirilmədiyindən təqsirləndirilən şəxsin təyin edilmiş cəzanı real olaraq çəkməsinə lüzum yoxdur. Birinci instansiya məhkəməsi cəzanın sərtliyini əsaslandırarkən yalnız ölüm faktına istinad etmişdirsə, bu, qanunun düzgün tətbiq edilməməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin təcrübəsi ziyanın ödənilməsi faktını və hadisədən sonra təqsirləndirilən şəxsin davranışının nəzərə alınmasını tələb edir. Azadlıqdan məhrumetmə cəzasının real təyini son çarə kimi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hökmündə niyə məhz real həbsin zəruri olduğunu, niyə şərti məhkumetmənin kifayət etmədiyini əsaslandırmamışdır. Bundan başqa barışıq və zərərçəkmiş tərəfin mövqeyi nəzərə alınmalıdır. Ali Məhkəmənin kassasiya təcrübəsində də dəfələrlə qeyd olunmuşdur ki, barışığın olmaması avtomatik olaraq ağır cəzaya əsas vermədiyi kimi, barışığın olması da mühüm yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Hazırkı işdə isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə tam barışıq əldə olunmuş, hətta ona yaşayış şəraiti yaradılmışdır. Təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası məhkumun şəxsiyyətinə, əmələ münasibətinə və işin faktiki hallarına uyğun olmayaraq həddən artıq sərtdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq Şahbuz Rayon Məhkəməsinin çıxardığı hökmdən yalnız cəza hissədə razılaşmadıqlarını, cəzanın humanistləşdirilməsi baxımından maksimum azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsindən imtina edilməli olduğu halda bu cəzanın tətbiqi ilə bağlı məsələlər hökmdə əsaslandırılmadan şəxsin əsassız yerə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduğunu, məhkəmənin təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olaraq cəza siyasətini başqa yöndə qura biləcəyini, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Prezidentinin cəzanın humanistləşdirilməsi ilə bağlı mövqeyini, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyini, habelə cinayət prosessual qanunvericiliyinin tələbi olan məhz niyə azadlıqdan məhrum etmə növündə cəzanın şəxsin islah olunmasında birbaşa aidiyyəti olması məsələsini müşavirədə həll etdiyini, hökmdə əsaslandırmadığını, buna görə də cəza hissəsində əsas cəzaya münasibətdə həmin cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etdiklərini, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2013-cü il tarixli, * nömrəli qərarında göstərilən halları ümumiləşdirib həqiqətən həmin qərarda göstərilən halların sanki Təqsirləndirilən şəxs üçün yazıldığı qənaətinə gəlindiyini, çünki şəxsin cinayət hadisəsi törədənə qədər ümumiyyətlə yol hərəkət qaydaları əleyhinə, nəqliyyat vasitələrinin istismarı ilə bağlı bir dəfə də olsun inzibati məsuliyyətə cəlb edilmədiyini, ümumiyyətlə şəxsiyyət olaraq çox müsbət xarakterizə olunduğunu, şəxsin əsas iradəsinin, qayəsinin həmin anda zərər vurduğu şəxsin həyatda qalmasına yönəlmiş hərəkətlər olduğunu, bununla da şəxsin şəxsiyyətinin kifayət qədər müsbət mənada xarakterizə olunduğunu hesab etdiyini, cinayət işinin materiallarında, hətta hökmdə də tam olmasa da bu halların göründüyünü, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlin ehtiyatsızlıqdan törədilmiş cinayət olduğunu, cinayətin hadisələrin təsadüfi axarı zəminində baş verdiyini, yol-nəqliyyat hadisəsindən dərhal sonra onun hadisə yerini tərk etmədiyini, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsinə çalışdığını, onun yaşayış və iş yerindən müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edildiyini, hətta bu barışığın onlara vurulmuş maddi və mənəvi zərərin tam şəkildə, bütövlükdə ödənilməsindən də ibarət olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı bu gün də heç bir şikayət və tələbinin olmadığını, yolnəqliyyat hadisəsi törədilənədək Təqsirləndirilən şəxs avtomobil idarə etdiyi müddət ərzində bir dəfə də olsun nə yol-nəqliyyat qaydaları, nə də avtomobilin istismar-istifadə qaydaları əleyhinə inzibati xəta törətmədiyini, islah üçün ən ciddi dəyərlərdən birinin də onun əməlindən səmimi olaraq peşman olması olduğunu, Təqsirləndirilən şəxs əvvəl məhkumluğunun olmadığını, sabit yaşayış və iş yerinin olduğunu, subay olsa da ciddi ailə bağlarının mövcud olduğunu, atası pensiyaçı, anası işsiz olduğundan ailənin əsas fiziki və maddi yükünün Təqsirləndirilən şəxs üzərinə düşdüyünü, onun ictimai təhlükəli həyat tərzinin, yəni pis vərdişlərinin olmadığını, cəmiyyətə yararlı bir insan olduğunu, zərər tam şəkildə aradan qalxdığına görə, habelə şəxs səmimi peşman olduğuna görə hüquqi varisin ondan heç bir şikayət və tələbinin olmadığını, penitensiar məcburiyyət tədbirlərinin, şəxsin konkret olaraq azadlıqdan məhrum edilməsinin son zərurət olaraq seçilməli olduğunu hesab etdiyini bildirərək Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında Təqsirləndirilən şəxs ailənin maddi durumu yol vermədiyi halda zərərçəkmiş şəxsin ailəsi ilə barışmaq üçün əllərindən gələn hər şeyi maksimum realizə etməyə çalışdıqlarını və ona nail olduqlarını, digər tərəfin şikayətinin olmamasının arxasında sadəcə mənəvi dəyərlərin deyil, həmçinin maddiyyatın da olduğunu, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi.

7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən həqiqətən də çox peşman olduğunu, 29 yaşının olduğunu, avtomobil sürdüyü müddət ərzində indiyə qədər heç bir qəza törətmədiyini, iş yerinə görə, öz ağlına görə nə qırmızı işıqda keçmək, nə radar, nə avtoxuliqanlıq kimi hərəkətlər etmədiyini, atasının polis veteranı olduğunu, cəzasını çəkməyə razı olduğunu bildirərək barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Suallara cavabında zərərçəkmiş şəxsin atası ilə münasibətinin olduğunu, yolda görəndə də görüşdüklərini, atasının polisdən pensiyaya çıxdığını, anasının heç yerdə işləmədiyini, ondan əlavə 3 qardaşının da olduğunu, onların ayrı yaşadıqlarını, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasına niyə gəlməməsi barədə məlumatının olmadığını, birinci instansiya məhkəməsinin hökmündə sadalanan hallardan əlavə halın olmadığını, sadəcə olaraq məhkəmənin həmin halları sadalasa da yekunda nəzərə almadığını bildirdi.

8. Dövlət ittihamçısı dövlət ittihamçısı1 birinci instansiya məhkəməsində də müdafiə tərəfinin qeyd etdiyi halların yüngülləşdirici halların, plenum qərarları, məhkəmə təcrübəsi, işin faktiki halları, təqsirləndirilən şəxsin şəxsiyyəti, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaları, şikayət və tələblərinin olmamasının nəzərə alındığını, hökmdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin cəzanın təyin edilməsi baxımından ədalətli və obyektiv olduğunu, həm dövlət ittihamçısının, həm də birinci instansiya məhkəməsinin mövqeyinə əsasən Təqsirləndirilən şəxs barəsində ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası adından çıxarılmış hökmün ədalətli və qanuni olduğunu bildirərək Təqsirləndirilən şəxs barəsində çıxarılmış Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün cəzaya dair hissədə dəyişdirilmədən öz qüvvəsində saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

9. Maddə 263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

10. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

11. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)

12. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi)

13. Maddə 70.1. Islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

14. Maddə 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi

15. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir... Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.... (“Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci və 2-ci bəndləri)

16. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 45-ci bəndi)

17. Istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, * nömrəli qərarının 1ci bəndinin 3-cü abzası) c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi

18. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir... Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarı)

19. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarı) V. Apellyasiya şikayətinə (protestinə) baxılması hüdudları

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

21. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

22. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli qərarı)

23. Hazırkı apellyasiya şikayətində müdafiəçi Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, Azərbaycan Respublikasının cinayət və cinayət-

24. qanunvericiliyinin tələblərini, yuxarıda qeyd edilən plenum qərarlarında əks olunan prosessual hüquqi mövqeləri araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi üçün əsas deyildir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ehtiyatsızlıqdan törədilmiş cinayət olsa da, bu hal onun törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmır. Təqsirləndirilən şəxsin şəhər daxilində müəyyən edilmiş sürət həddini aşması, avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxması və bunun nəticəsində zərərçəkmiş şəxs X1 həyatını itirməsi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran amillər kimi qiymətləndirilməlidir.

26. Məhkəmə kollegiyası şərti məhkumetmənin tətbiqi ilə əlaqədar qeyd edir ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi məhkəmənin vəzifəsi deyil, hüququdur. Həmin normanın tətbiqi yalnız o halda mümkündür ki, məhkəmə təyin olunmuş cəzanın real icra edilmədən də şəxsin islah olunacağı və cəzanın məqsədlərinə nail olunacağı qənaətinə gəlsin. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədi daşıyır. Buna görə də şərti məhkumetmə məsələsi həll edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və ümumiyyətlə işin bütün faktiki halları məcmu halında nəzərə alınmalıdır. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, dəymiş ziyanın ödənilməsini, hüquqi varisin ondan şikayət və tələbinin olmamasını, habelə pensiyaçı valideynləri ilə birlikdə yaşamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və sanksiyasında 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əmələ görə minimum həddə yaxın - 2 il 2 ay müddətinə cəza təyin etmişdir. Baxmayaraq ki, iş üzrə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqi nəticəsində təyin edilə biləcək maksimal cəza müddəti dörd il altı aydan artıq ola bilməzdi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza qanunla nəzərdə tutulmuş yuxarı həddən əhəmiyyətli dərəcədə aşağı olmaqla sanksiyanın minimum həddinə olduqca yaxın cəza hesab olunur. Belə olan halda müdafiə tərəfinin məhkəmənin yüngülləşdirici halları nəzərə almaması barədə dəlilləri iş materialları ilə təkzib olunur.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqelərinə əsasən belə qənaətə gəlir ki, zərərin ödənilməsi və barışıq mühüm yüngülləşdirici hal hesab olunsa da, bu hallar hər bir konkret iş üzrə şərti məhkumetmənin tətbiq edilməsinin yeganə əsası kimi çıxış etmir.

28. Məhkəmə şərti məhkum etmənin tətbiqi zamanı yüngüləşdirici hallarla yanaşı, cinayətin xarakteri, törədilməsi halları, üsulu, cəmiyyətdə hansı emosiyalar yaratmaqla ictimai təhlükəliyinin dərəcəsi, təqsirkarın şəxsiyyəti, yaşı, ailə vəziyyəti, himayəsində azyaşlı uşaqlarının olub-olmaması, səhhəti ilə bağlı xüsusi halların olub-olmaması, hadisə nəticəsində özünü də xəsarətlər alıb-almaması, vətən qarşısında xidmətləri və.s kimi siyahısı dəqiq müəyyən oluna bilməyən bu kimi halların məcmusunu nəzərə alır və holistik qiymətləndirmə aparır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, nəticələri, yüngülləşdirən və ağırlaşdıran halları tam və hərtərəfli qiymətləndirmiş, ona qanunun tələblərinə uyğun, ədalətli və fərdiləşdirilmiş cəza təyin etmişdir. Apellyasiya şikayətində göstərilən hallar hökmün dəyişdirilməsi və ya təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Ilqar Mirzəyev, Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar