Məhkəmə qərarları › İş №1(3-1)-17/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-17/2026

06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-17/2026 06.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə dair Açar sözlər: Təkrar törədilməklə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq ittihamları verilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş, 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökmdən cəzaya dair hissədə apellyasiya şikayəti verilmiş, cinayətin xarakteri, törədilmə üsulu, cinayət epizodlarının sayı və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınaraq apellyasiya şikayəti təmin olunmamış. Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İbrahim oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, ## #### 2001-ci il tarixdə Şərur rayonunun Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayon Tumaslı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz, ## ### 2026-cı il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə Şərur rayonunun Tumaslı kəndində yerləşən və həmkəndlisi və qohumu zərərçəkmiş şəxs2 məxsus evə, mətbəxtin pəncərəsindən qanunsuz daxil olaraq evin yataq otağında dolabın çəkməcəsindən 585 əyarlı, 2.3 qram, 391 manat dəyərində 1 ədəd qızıl üzüyü tamah niyyəti ilə gizli olaraq talamaqla oğurluq etmiş, bundan başqa, o, ## ### 2025-ci il tarixdə eyni ünvana – zərərçəkmiş şəxs2 məxsus evə mətbəxtin pəncərəsindən qanunsuz daxil olaraq, evin yataq otağında divara yığılmış dolabın içərisində olan qutudan 585 əyarlı, 1,5 qram çəkidə, 255 manat dəyərində 1 cüt sırğanı və 585 əyarlı, 1,1 qram çəkidə, 187 manat dəyərində 1 ədəd qızıl qolbağı tamah niyyəti ilə gizli olaraq talamaqla təkrar oğurluq etmiş, həmçinin, o, ## #### 2025-ci il tarixdə həmin evə yenidən mətbəxtin pəncərəsindən qanunsuz daxil olaraq, uşaq otağında aynalı dolabın üzərində olan qutunun içərisindən 585 əyarlı, 1,8 qram çəkidə, 324 manat dəyərində 1 ədəd qızıl üzüyü, 585 əyarlı, 2,1 qram çəkidə, 378 manat dəyərində 1 cüt qızıl sırğanı, 585 əyarlı, 1,5 qram çəkidə, 270 manat dəyərində 1 ədəd qızıl klonu, 585 əyarlı, 0,9 qram çəkidə, 162 manat dəyərində 1 ədəd qızıl boyunbağını, həmçinin evin yataq otağında dolabın üzərində olan 50 manatı tamah niyyəti ilə gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş zərərçəkmiş şəxs2 2017 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir, bundan başqa, o, ## ###### 2025-ci il tarixdə həmkəndlisi və qohumu zərərçəkmiş şəxs1 İbrahim oğluna məxsus evə mətbəxtin pəncərəsindən qanunsuz daxil olaraq, evin yataq otağında divara yığılmış dolabın içərisində olan qara rəngli qadın çantasından 300 manatı, 1,61 manat dəyərində 40 türk lirəsini, 1,70 manat dəyərində 1 ABŞ dollarını, eləcə də evin digər yataq otağında dolabın içərisində şüşə materialdan olan qabdan 585 əyarlı, 9 qram çəkidə, 1620 manat dəyərində qızıl boyunbağını tamah niyyəti ilə gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş zərərçəkmiş şəxs1 1923,31 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

2. Şərur Rayon Məhkəməsinin (hakim A.Orucəliyev) ## ### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 günlük müddət cəzaçəkmə müddətinə daxil edilməsi və onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-*/**** saylı hökmünə dəyişiklik etməklə, təqsirləndirilən şəxs X1 barəsində təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti ilə müraciət edərək Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün Təqsirləndirilən şəxs barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmaqla dəyişdirilməsini xahiş etmişlər. III. Apellyasiya şikayəti və protesinin dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmün cəza nəzərdə tutulan hissəsi ilə razılaşmadıqlarını, təqsirləndirilən şəxs Ülvi Tağıyev barəsində seçilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, ictimai təhlükəliliyinə və cinayətin törədilmə hallarına uyğun deyil, təqsirləndirilən şəxsin ittiham edildiyi CM-nin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalar nəzərdə tutulur ki, məhkəmə tərəfindən hökm çıxararkən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndi və CPM-nin 28.1-ci maddəsinə əsasən ədalətlilik prinsipinə əməl edilməmişdir. Belə ki, məhkəmə qəbul etdiyi hökmdə formal olaraq qeyd edilən prinsiplərə istinad etsə də, təqsirləndirilən şəxsin səmimi peşmançılıq və etirafını, onun zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışığın əldə edilməsini, eyni zamanda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini faktiki olaraq nəzərə almamışdır. b) Apellyasiya protestinin dəlilləri

6. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə hökmündə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları sadalasa da, təyin etdiyi cəza növünə münasibətdə adekvat xarakter daşımamaqdadır. Məhkəmənin cəzanı yüngülləşdirən halları formal xarakterdə hökmdə bildirməsi və real olaraq nəzərə almaması məhkəmə baxışında təqsirləndirilən şəxs barəsində təqdim edilmiş xasiyyətnamə ilə bağlı nümayiş etdirdiyi davranışdan açıq-aşkar görülmüşdür. Belə ki, ittiham tərəfi olaraq məhkəməyə təqdim etdikləri sübutlar sırasında təqsirləndirilən şəxs barəsində yaşadığı və qeydiyyatda olduğu yer üzrə inzibati ərazi dairəsindən alınmış xasiyyətnamə ilə bağlı məhkəmə öz təşəbbüsü ilə həmin xassiyyətnaməni təqdim edən icra nümayəndəsini müdafiə və ittiham tərəfininin fikrini, münasibətini soruşmadan məhkəmə baxışı zamanı deyil, məhz iki proses arasında verilmiş fasilə zamanı şahid qismində məhkəməyə dəvət etmiş, məhkəmə baxışında iştirak edən icra nümayəndəsindən təqsirləndirilən şəxsin barəsində hansı əsaslara görə xasiyyətnamədə müsbət rəy verdiyini soruşmuş, icra nümayəndəsi şəxsin sakit təbiətli, tərbiyəli, kənddə müəyyən vaxtlarda görülən ictimai işlərdə və idman tədbirlərində yaxından iştirak etdiyini, haqqında hər hansı mənfi (oğurluq etməsindən başqa) hal görüb eşitmədiyini bildirsə də, məhkəmə verilən bu cavablarla qane olmayaraq ona irad bildirib danlamış, bu da məhkəmənin sübuta münasibətdə arbitr funksiyasından kənar, qərəzli davranış sərgiləməsini, məhkəmədə dövlət ittihamçısı funksiyasını öz üzərinə götürməsi, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin və “Məhkəmələr və hakimlər haqqında” Qanunun hakimə müəyyən etdiyi qanuni sərhədlərdən kənara çıxmasını göstərir. Məhkəmə tərəfindən təyin edilmiş cəza növü törədilmiş cinayətin xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına münasibətdə açıq-aşkar ədalətsiz və sərtdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən əməllər qanunvericiliyə görə az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə bu halda azadlığın məhdudlaşdırılması kimi daha yüngül, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza növünü tətbiq etmək imkanına malik olsa da, bunu etməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsi, zərər çəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmaması, törətdiyi cinayət əməlindən peşman olması, ilk dəfə cinayət törətməsi, qeydiyatda olduğu və yaşadığı yer üzrə inzibati ərazi dairəsindən alınan xasiyyətnamədə müsbət xarakterizə edilməsi real olaraq onun cəzasını kifayət qədər yüngülləşdirən hallardır. Şərur Rayon Məhkəməsi dövlət ittihamçısı olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı təklifimi mahiyyəti üzrə qiymətləndirməmişdir. Şərur rayon sakinləri X2 və Mahmudov Məhəmməd İsgəndər oğlu tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda (38590 manat məbləğndə) maddi ziyan vurmaqla oğurluq etmələrinə dair işə baxan Şərur Rayon Məhkəməsi dövlət ittihamçısının hər iki təqsirləndirilən şəxsə də müəyyən müddətə azadlıqdan məhurm etmə cəzası təyin edilməsini təklif etsə də, məhkəmə ## ###### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmiş, qısa zaman kəsiyində məhkəmənin oxşar cinayət işlərində fərqli cəzalar təyin etməsi qəbul edilən deyil. İki iş üzrə cinayət nəticəsində vurulmuş maddi ziyanın məbləğlərində kəskin fərq mövcuddur. c) Apellyasiya şikayəti və protestinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayəti və protestinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməlini törətməsinin, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasının, ziyanın ödənilməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını, təqsirləndirilən şəxsin səhhətində problemlərin olması barədə sənədləri birinci instansiya məhkəməsinə təqdim etsələr də, əslini xəstəxanadan ala bilmədikləri üçün qəbul edilmədiyini, təqsirləndirilən şəxsin səhhətində problemlərin olduğunu, həmçinin onun anası ilə tək yaşadığını, anasında epilepsiya xəstəliyinin olduğunu, məhkəmənin bu halları nəzərə almadan ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar verdiyini, təyin edilmiş cəzanın onun ailə vəziyyətinə də uyğun olmadığını, həmçinin dövlət ittihamçısı tərəfindən müəyyən qədər yüngül cəza təklif edildiyini, lakin məhkəmə tərəfindən bu halın da qəbul edilmədiyini bildirərək təqsirləndirilən şəxsin barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini xahiş etmişdir.

9. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaq təcridxanasında keçirdiyi 55 gün ərzində tutduğu əməldən peşman olaraq nə qədər səhvlik etdiyini anladığını, Azərbaycan Respublikası vətəndaşına yaraşmayan hərəkətlər etdiyi üçün utandığını, zərərçəkmiş şəxslərdən üzr istədiyini bildirərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Suallara cavabında hazırda anası ilə birlikdə yaşadığını, atasının rəhmətə getdiyini, 2 qardaşının olduğunu, onların ailə həyatı quraraq evdən getdiklərini, anası ilə işləmək üçün Türkiyəyə gedib-gəldiklərini, Türkiyədən qayıtdıqdan sonra fəhləliklə məşğul olduğunu bildirdi.

10. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestində göstərdiyi dəlillərinə uyğun çıxış edərək əlavə olaraq təqsirləndirilən şəxsi səciyyələndirən hallarla bağlı onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə icra nümayəndəsi tərəfindən xasiyyətnamə təqdim edildiyini, məhkəmə prosesində icra nümayəndəsinə israrla “niyə şəxsi müsbət xarakterizə etmisiniz, əsaslandırın” deyildiyini, icra nümayəndəsinin də “nadinc uşaq deyil, 5 yaşından atasını itirib, kasıb bir ailənin uşağıdır, bir müddət Türkiyədə işləyiblər, 3 qardaşdılar, kənd qəbiristanlığını təmizləməyə çağırıram gəlir, kütləvi idman yarışlarında iştirak edir” deyə bildirdiyini, şəxsin sadə orta təhsilli vətəndaş kimi müsbət xarakterizə olunduğunu, ittiham tərəfi olaraq azadlığın məhdudlaşdırılması cəzası təklif edərkən Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında bu qəbildən cinayətlərə təyin olunan cəzalara münasibətdə formalaşmış məhkəmə təcrübəsinin nəzərə aldıqlarını, plenum qərarlarında, vahid məhkəmə təcrübəsində, həmçinin cinayət kollegiyasının icraatında olan çoxsaylı bu cür işlərdə əgər dəymiş ziyan ödənilirsə, zərərçəkmiş şəxslərin şikayət və tələbi yoxdursa, vurulmuş ziyan on minlərlə manat deyil, bir neçə min manatdırsa həmin işlərdə təqsirləndirilən şəxslərə adətən azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğunu, zərərçəkmiş şəxslərdən birinin təqsirləndirilən şəxsin bibisi oğlu, digərinin də bibisinin əri olduğunu bildirərək təqsirləndirilən şəxsin barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən şəxsin üzərinə vəzifələr qoyulmasını xahiş etmişdir. Suallara cavabında təqsirləndirilən şəxsi həm xarakterizə edən halları, həm də cinayətin baş vermə mexanizmini, vurulan ziyanın miqdarını, ödənilib-ödənilməməsini, qohumluq əlaqələrini, onu müsbət xarakterizə edən halları, şəxsin bu yaşa gəldiyi zaman kəsimini, atasızlığı, kasıb olmasını, bütün bu halların hamısını nəzərə alaraq qanunun tələbini rəhbər tutaraq bu nəticəyə gəldiklərini, təyin edilən cəzanın adekvat olmadığını bildirdi.

11. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İbrahim oğlu təqsirləndirilən şəxsin buraxılmasına etiraz etmədiyini bildirərək onun azadlığa buraxılmasını xahiş etmişdir.

12. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə onun apellyasiya şikayətinə əlavə olunmuş “vurulmuş ziyanın ödnilməsi və şikayətinin olmaması” barədə notarial ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

13. Maddə 177.2.2-177.2.3 Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

14. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

15. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)

16. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi

17. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir... Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.... (“Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci və 2-ci bəndləri)

18. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 45-ci bəndi)

19. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, * nömrəli qərarının 1-ci bəndinin 3-cü abzası) c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi

20. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarı) V. Apellyasiya şikayətinə (protestinə) baxılması hüdudları

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

22. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

23. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli qərarı)

24. Hazırkı apellyasiya şikayətində və məhkum olunmuş şəxsin xeyrinə verilmiş apellyasiya protestində müdafiəçi və dövlət ittihamçısı təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilməsini xahiş etdiklərindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi

25. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini, məhkəmə iclasında iştirak edən şəxslərin çıxışlarını və iş üzrə toplanmış sübutların məcmusunu araşdıraraq hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Müdafiəçinin apellyasiya şikayətində göstərdiyi, təqsirləndirilən şəxsin səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışması, ilk dəfə cinayət törətməsi, ziyanın ödənilməsi və digər halların kifayət qədər nəzərə alınmaması barədə dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Hökmün məzmunundan görünür ki, birinci instansiya məhkəməsi həmin halların hamısını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, eyni zamanda cəzanı ağırlaşdıran halların mövcud olmadığını da göstərmişdir. Məhz bu hallar nəzərə alınmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

27. Müdafiəçinin təqsirləndirilən şəxsin ailə vəziyyəti, anasının xəstə olması və səhhətində problemlərin mövcudluğu ilə bağlı istinad etdiyi hallar da hökmün dəyişdirilməsi üçün əsas vermir. Belə hallar özlüyündə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün əsas vermir və iş üzrə müəyyən edilmiş digər faktiki hallarla birlikdə qiymətləndirildikdə, təyin olunmuş cəzanın ədalətsiz olması qənaətinə gəlmək üçün kifayət etmir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə dair bütün məlumatları qiymətləndirmiş və cəza təyin edərkən həmin halları nəzərə almışdır.

28. Dövlət ittihamçısının protestində göstərdiyi, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsinin mümkün olması, habelə digər oxşar cinayət işləri üzrə daha yüngül cəza təyin edilməsi barədə dəlilləri də əsaslı hesab edilə bilməz. Cinayət qanunvericiliyinə görə cəza hər bir konkret işin faktiki halları, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla fərdiləşdirilməlidir. Müxtəlif cinayət işləri üzrə qəbul edilmiş məhkəmə aktları başqa iş üzrə eyni nəticənin qəbul edilməsini şərtləndirmir. Hər bir iş istər cinayətin xarakteri, törədilməsi halları, təqsirləndirilən şəxsin şəxsiyyəti və ailə vəziyyəti və.s kimi özünəməxsus faktiki hallara malik olduğundan, yalnız başqa iş üzrə təyin edilmiş cəza ilə müqayisə aparılması hökmün dəyişdirilməsi üçün hüquqi əsas sayıla bilməz.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi azadlığın məhdudlaşdırılması cəzasının cəzasının məqsədlərinə nail olmaq üçün kifayət etməyəcəyini düzgün əsaslandırmışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs yaşadığı kənddə qısa müddət ərzində eyni üsulla, təkrarən (4 epizod) yaşayış sahələrinə qanunsuz daxil olaraq oğurluq cinayətləri törətmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin aşağı həddə azadlıqdan məhrum etmə cəzasını seçməsi Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə tam uyğundur. İşin halları baxımından təqsirləndirilən şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurmaqla cəzanın çəkindirici təsiri ilə bağlı məqsədlərinə xidmət etmiş olmazdı.

30. Dövlət ittihamçısının xasiyyətnamə ilə bağlı etirazlarına münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin sənədi sübutlar sırasında qiymətləndirmiş, lakin onun ümumi və konkret faktlarla təsdiq olunmayan məlumatlardan ibarət olması səbəbindən təqsirləndirilən şəxsin şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət xarakterizə edən mötəbər sübut kimi qəbul etməmişdir. İş materiallarından görünür ki, məhkəmə bu nəticəyə xasiyyətnamənin məzmunu, şahidlərin məhkəmədə verdiyi ifadələri və iş üzrə müəyyən edilmiş faktiki hallar əsasında gəlmişdir. Kollegiya hesab edir ki, bu qiymətləndirmə qanuna, hakimin daxili inamına əsaslanmışdır və cinayət prosessual qanunun tələblərinə zidd deyildir.

31. Beləliklə, apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, təyin edilmiş cəzanın açıq-aşkar ədalətsiz olması və ya hökmün dəyişdirilməsini zəruri edən digər hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətlərin xarakterini, törədilməsi hallarını, cinayət epizodlarının sayını, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və digər əhəmiyyətli halları birlikdə qiymətləndirərək ona törətdiyi cinayətlərin ağırlığına, şəxsiyyətinə və cəzanın məqsədlərinə uyğun, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin apellyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, habelə Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat pul dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar