Məhkəmə qərarları › İş №1(3-1)-20/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-20/2026

06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-20/2026 06.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti Açar sözlər: Yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmuş, 10 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökmdən CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad olunması üçün apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunmuş Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ##.##.2000-ci ildə Şərur rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan, barəsində ##.##.2026-cı il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Birinci instansiya məhkəməsinin hükmü ilə müəyyən olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 15-də BD seriyalı ****** nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi "Mercedes Benz E 200" markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq sükan arxasında yatmış və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə riayət etməyərək, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 6-cı km-də idarə etdiyi avtomobillə əks istiqamətli zolağa keçərək Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zərərçəkmiş şəxs2 idarə etdiyi "Hyundai Sonata" markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəq olan sağlamlığa az ağır zərərvurmaya aid "sol diz qapağının çox qəlpəli yerdəyişmə ilə sınığı", "Mercedes Benz E200" markalı avtomobildə olan sərnişin zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid "sağ körpücük sümüyünün akromion ucunun yerdəyişmə ilə sınığı” xəsarətləri almalarına səbəb olmuşdur. II. Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Əliyeva) ## #### 2026-cı il tarixli 1(5-88)- 3/2026 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılması hökm edilmiş, cəzanın icrası, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** saylı hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə müvafiq olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən cinayət işi üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi mümkün olmasada, məhkəmə hökmü çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə hər iki zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, onlara vurulmuş maddi ziyanı tam həcmdə ödəmişdir. Hər iki zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizələr təqdim edərək onlara dəyən ziyan və zərərin tam həcmdə qarşılandığını, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq hökm çıxarıldıqdan sonra təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında barışıq əldə edildiyini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini, bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizələrinin təqdim edildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 heç bir şikayət və tələbinin, şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etirazının olmadığını, mülki iddiasından imtina etdiyini bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Dövlət ittihamçısı Dövlət ittihamçısı zərərçəkmiş şəxsin mülki iddiadan imtina etməsi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

10. Maddə 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

11. Maddə 263. (Qeyd 2) Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

12. Maddə 73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

13. Maddə 73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. b) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

14. Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

15. Maddə 43.1.2. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır.

16. Maddə 398.1.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. V. Apellyasiya şikayətinə baxılması hüdudları

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)

18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)

19. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli qərarı)

20. Hazırkı apellyasiya şikayətində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** saylı hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə müvafiq olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin yüngülləşdirdiyi halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını və cinayət işinə əlavə edilmiş sübutları birlikdə qiymətləndirərək aşağıdakı nəticəyə gəlir.

22. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Lakin apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş ərizələrlə müəyyən edilmişdir ki, hər iki zərərçəkmiş şəxs - zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuş, onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər.

23. Bundan əlavə, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin əvvəl verilmiş mülki iddiadan imtina etdiyini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin həmin izahatını iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ərizə ilə müqayisədə qiymətləndirərək onların bir-birini tam təsdiq etdiyini müəyyən edir. Hazırkı iş üzrə isə həm zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi, həm də onlara dəymiş ziyanın tam ödənilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

24. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olmasa da, hazırda onun zərərçəkmiş şəxslərlə barışması və dəymiş ziyanı ödəməsi cinayət qanunu müddəalarına əsasən məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul edildiyindən, birinci instansiya məhkəməsinin hökmü ləğv olunmalı və o, cinayət məsuliyyətindən azad olunmalıdır.

25. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması qərarına gəlindiyi və birinci instansiya məhkəməsinin hökmü ləğv olunduğu üçün Azərbaycan Respublikası CPM-in 175-ci maddəsinin tələbləri nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozuduğu üçün inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Naxçıvan MR DİN-in Dövlət Yol İdarəsinə göndərilməli, cinayət işi üzrə maddi sübutların mülkiyyətçilərinə qaytarılması nəzərə alınmalı, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulmalı, dövlət hesabına pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi2 ödənilməli, təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirdiyi üçün cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 mülki iddiadan imtina etməsi qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməli, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175, 193, 397.1, 397.2 və 398.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-*/**** nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozuduğu üçün inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Naxçıvan MR DİN-in Dövlət Yol İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut olan "Mercedes Benz" markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilin şahid1 və "Hyundai Sonata" markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilin şahid2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ12360100000000005944, Müxbir hesab: AZ88NABZ01451700000000012944) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili müdafiəçi2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 275 (iki yüz yetmiş beş) manat haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi2 ödənilsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 mülki iddiadan imtina etməsi qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən mülki iddia verilməsi üçün “xxxx” ASCnin Şərur filialı vasitəsilə ## ##### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 146 (bir yüz qırx altı) manat dövlət rüsümu zərərçəkmiş şəxs2 geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Yusifəli Qurbanov, Mehman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar