Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-21/2026 19.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 213- 1.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə dair Açar sözlər: Narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma, Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan xeyli miqdarda satış məqsədi ilə saxlama ittihamları verilmiş, azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, ittiham hökmündən bəraət verilməsi üçün apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunmamış. Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, ## ### 1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, qoşqulu yük nəqliyyat vasitəsi idarə edən, evli, 2 uşaq atası, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 213-1.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən olunmuş işin hallarından görünür ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi **CA***/**ZA*** dövlət qeydiyyat nişanlı “X2” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilmiş, yoxlama zamanı xidməti itin reaksiyası əsasında nəqliyyat vasitəsinin kabinində yatağın altındakı isidici qurğunun borusunun içərisindən qara rəngli sellofana bükülmüş iki büküm aşkar edilmiş, onlardan birində qablaşdırma ilə birlikdə təxmini çəkisi 31,3 qram olan yaşıl rəngli, ot halında, digərində isə qablaşdırma ilə birlikdə təxmini çəkisi 27,6 qram olan ağ rəngli, kristal halında narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr müəyyən edilmiş, nəqliyyat vasitəsinin kabininin tavan hissəsinin yoxlanılması zamanı isə Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 200 qutu (4000 ədəd) “KENT” və 100 qutu (2000 ədəd) “Winston” markalı siqaretlər, habelə 42 ədəd qara rəngli, 2 ədəd şəffaf qablaşdırmada ağ rəngli, 121 ədəd ağ-qəhvəyi rəngli, 3 ədəd yumru, 57 ədəd kibrit qutusu formasında, 1 ədəd üçkünc formada pirotexniki vasitəyə bənzər predmet və 12 ədəd pirotexniki vasitəyə bənzər fişəng aşkar edilərək götürülmüş, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyi ilə aşkar edilmiş maddələrdən təmiz çəkisi 13,290 qram olan ağ rəngli kristal və tozşəkilli maddənin kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, təmiz çəkisi 3,875 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddənin kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, təmiz çəkisi 23,190 qram olan tünd-yaşıl rəngli bitki mənşəli kütlənin isə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində metamfetamin, morfin və tetrahidrokannabinolun müsbət nəticə verdiyi müəyyən edilmiş, məhkəmə-bioloji ekspertizasının rəyi ilə götürülmüş aksiz markası olmayan tütün məmulatlarının tərkibinin standart tələblərinə uyğun olduğu müəyyən edilmiş, məhkəməballistik ekspertizasının rəyi ilə isə götürülmüş 238 ədəd predmetin kustar üsulla hazırlanmış pirotexniki vasitələr olduğu, döyüş sursatı və ya partlayıcı qurğu hesab edilmədiyi və istifadəyə yararlı olduğu müəyyən edilmiş, ambulator məcburi narkoloji yoxlamanın rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu və məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmiş, məhkəmə kompüter-texniki ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş “X1 13 4G”, mobil telefonun yaddaşında mövcud olan, habelə əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən edilmiş, həmin məlumatların köçürüldüyü DVD-lərə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadə etdiyi “WhatsApp” məlumatları, o cümlədən İran İslam Respublikasının vətəndaşı olan Vəhət adlı şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı danışıq səsləri və yazışmaları müəyyən edilmiş, həmin məlumatlarda ## ###### 2025-ci il və # ###### 2025-ci il tarixlərində narkotik vasitələrin əldə edilməsinə dair danışıqların olduğu, habelə Təqsirləndirilən şəxs İran və digər şəxslərlə siqaret alveri və iş üçün əhəmiyyətli ola biləcək digər məsələlərə dair əlaqələrinin olduğu edilmiş, qiymətləndirmə nəticəsində aşkar olunmuş siqaretlərin - 200 qutu “KENT” markalı siqaretin 560 manat, 100 qutu “Winston” markalı siqaretin isə 320 manat, ümumi orta bazar dəyərinin 880 manat olduğu müəyyən edilmişdir. II. Birinci instansiya məhkəməsində icraat
2. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakim A.Kərimov) ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay, 213- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay, 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının qəti cəza olaraq təyin edilməsi, onun, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmamasının nəzərə alınması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, cəzanın icrası, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.
3. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cü il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsiri barədə sübutlar demək olar ki, yox dərəcəsindədir. Belə ki, təqsirləndirilən şəxs barəsində ittiham yalnız idarə etdiyi yük nəqliyyat vasitəsinin içərisində qanunla qadağan olan maddələr və siqaret aşkar olunması faktına görə verilmiş, hansı ki, aşkar olunmuş qanunla qadağan olunmuş maddələr və siqaretlərin təqsirləndirilən şəxs tərəfindən əldə edilib idarə etdiyi nəqliyyat vasitəsinə yerləşdirilməsi, ümumiyyətlə həmin qanunla qadağan maddələrin və siqaretlərin təqsirləndirilən şəxsə aid olması heç bir sübutla təsdiqini tapmır. Təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi yalnız onun istifadəsində olmamış, həmin nəqliyyat vasitəsi təqsirləndirilən şəxsdən öncə başqa sürücü tərəfindən idarə olunubdur. Cinayət işinin materiallarından da göründüyü kimi həmin şəxs ağır cinayət törətdiyinə görə hal-hazırda azadlıqdan məhrum edilmiş, ibtidai istintaqın və məhkəmə istintaqının yeganə istinad etdiyi sübut qeyd olunan maddələrin və siqaretlərin təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanması olmuşdur. Təqsirləndirilən şəxsin gömrük postunda saxlandığı andan məhkəmə istintaqı yekunlaşanadək verdiyi izahat və ifadələrində ziddiyət belə yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq sübutların düzgün qiymətləndirilməməsi nəticəsində şəxsin barəsində ittiham hökmünün çıxarıldığını, təqsirləndirilən şəxsin uzun illərdir ki, yük nəqliyyat vasitəsinin sürücüsü kimi işlədiyini, hazırkı iş üzrə tutularkən də onun, Heydər adlı şəxsin nəqliyyat vasitəsini idarə etdiyini, həmin maşınla ilk dəfə yola çıxdığını, həmin nəqliyyat vasitəsinin sürücüsünün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hal-hazırda da cəzasını çəkməkdə olduğunu, onun nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitənin aşkar edildiyini, həmin sürücüdən sonra eyni nəqliyyat vasitəsini ilk dəfə təqsirləndirilən şəxsin idarə etdiyini, təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə həmin maddələrin və siqaretlərin kim tərəfindən və nə zaman qoyulmasını təsdiq edən sübutların, dəlillərin olmadığını, təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsindən həmin maddələrin aşkar edilməsinin ona məxsus olmasına dəlalət etmədiyini, təqsirləndirilən şəxsin uzun illərdir ki, yük nəqliyyat vasitəsi sürücüsü olmasına baxmayaraq onun hər hansı qanunsuz əməlinin olmadığını, nəqliyyat vasitəsində aşkar olunmuş maddələrin hətta onun özü üçün gətirməsinin belə heç bir faktla öz təsdiqini tapmadığını bildirərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında cinayət işinin materiallarında olan telefon danışıqlarının, yəni müvafiq danışıqların olmasının təqsirləndirilən şəxsin İran İslam Respublikasından narkotik vasitə almasını, nə qədər almasını təsdiq etmədiyini, təqsirləndirilən şəxsin telefonunu qırmasına münasibətdə isə onunla dəfələrlə söhbət apararkən emosional insan olduğunu, hisslərini cilovlaya bilməyən bir xarakterə malik olduğunu, nəqliyyat vasitəsinin bəzən bir neçə gömrük orqanından heç nə aşkar olunmadan keçdiyini, lakin başqa gömrük orqanında külli miqdarda qadağan olunmuş maddənin aşkar olunduğunun dəfələrlə şahidi olduqlarını, hazıkı iş üzrə də həmin maddələrin hər hansı gömrük orqanı əməkdaşının gözündən yayınmasının həmin maddələrin orada mövcud olmaması demək olduğunu bildirdi.
7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olan nəqliyyat vasitəsindən aşkar edilmədiyini, nəqliyyat vasitəsindən narkotik aşkar edən gömrükçü ilə ondan əvvəlki sürücünün eyni kənddən və qohum olduqlarının məlum olduğunu, bunun araşdırılması üçün vəsatət qaldırdığını, lakin araşdırılmadığını, ilk gündən metamfetaminin, tiryəkin ona aid olmadığını dediyini, telefonda da heç bir danışığın olmadığını, sadəcə olaraq marixuana çəkdiyini, Bakıya gedəndə də İranın Culfa şəhərindən 3 çəkimlik istədiyini, səhətində problem olduğu üçün marixuana istifadə etdiyini, nəqliyyat vasitəsindən siqaretlərin həmin vaxt aşkar edildiyini, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin 3 ay 24 gün sonra qoyulduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında narkotik vasitələrin gömrükdə A4 vərəqin üstündə açıldığını, açılan tiryəkdən barmağı ilə istifadə etdiyini bildirdi.
8. Dövlət ittihamçısı Dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən işin hallarına, xüsusatlara, toplanmış sübutlara dəqiqliklə qiymət verildiyini, hətta bir neçə dəfə sorğuların da verildiyini, təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətlərin də təmin edildiyini, apellyasiya şikayətində şəxsə bəraət verilməsi xahiş edilsə də, Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş bəraətin əsaslarından heç birinin mövcud olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən öz qüvvəsində saxlanılmasını xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
9. Maddə 206.2. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
10. Maddə 213-1.1. Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
11. Maddə 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma
12. Maddə 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
13. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
14. Maddə 58.1. (2-ci cümlə) Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. (cəzaya qənaət prinsipi)
15. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (cəzanın fərdiləşdirilməsi prinsipi) b) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu
16. Maddə 1.0.5. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir.
17. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi
18. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2021-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
19. Bənd 12. Qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı)
20. Bənd 13. Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı) V. Apellyasiya şikayətinə (protestinə) baxılması hüdudları
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. (CPM-in 397.1-ci maddəsi)
22. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. (CPM-in 397.2-ci maddəsi)
23. Cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin yoxlanılmasından sonra CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - Apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - Apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin belə qərarın qəbul edilməsi üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli qərarı)
24. Hazırkı apellyasiya şikayətində təqsirləndirilən şəxsin müdafiəçisi bəraət verilməsini xahiş etdiyindən işin faktiki halları apellyasiya şikayəti həddində yoxlanacaq, cinayət və cinayət prosessual qanunverciliyin tələblərinə riayət edilməsinin yoxlanılması isə şəxsin vəziyyətini yaxşılaşdırdığı halda yekun qərarın ləğv və ya dəyişdirilməsinə səbəb olacaqdır. VI. Məhkəmə kollegiyasının mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, həmin dəlillərə dair məhkəmə iclasında verilmiş izahatları, dövlət ittihamçısının mövqeyini, təqsirləndirilən şəxsin ifadəsini, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları, cinayət işinin digər materiallarını nəzərdən keçirib aşağıdakı nəticəyə gəlir:
26. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi yalnız nəqliyyat vasitəsindən narkotik vasitələrin və aksiz markası olmayan siqaretlərin aşkar edilməsinə əsaslanmamış, həmin halları digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirmişdir. İş üzrə təqsirləndirilən şəxsin ifadəsi, gömrük əməkdaşlarının və digər şahidlərin ifadələri, nəqliyyat vasitəsinin yoxlanılması və şəxsi yoxlama protokolları, video-görüntülərə baxış haqqında protokol, məhkəmə ekspertizalarının rəyləri, mobil telefonun yaddaşından əldə edilmiş məlumatlara baxış haqqında protokol, maddi sübutların tanınması barədə qərarlar və iş üzrə digər sənədlər birlikdə qiymətləndirilmişdir.
27. Müdafiə tərəfinin əsas dəlili ondan ibarətdir ki, narkotik vasitələrin və siqaretlərin Təqsirləndirilən şəxs məxsus olması, məhz onun tərəfindən nəqliyyat vasitəsinə yerləşdirilməsi sübuta yetirilməmiş, həmin nəqliyyat vasitəsini ondan əvvəl başqa şəxsin idarə etməsi isə bu əşyaların əvvəlki sürücü tərəfindən yerləşdirilməsi ehtimalını yaradır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsini Bakı şəhərindən götürərək Naxçıvan istiqamətində hərəkət etmiş, özü də ifadəsində nəqliyyat vasitəsinin yük bölməsinə və kabinəsinə cavabdeh olduğunu, yükü özü yığdığını, nəqliyyat vasitəsini götürərkən gözlə görünən və məlum olan saxlanc yerlərini yoxladığını bildirmişdir. Eyni zamanda onun ifadəsindən müəyyən olunur ki, həmin nəqliyyat vasitəsi Bakıdan Naxçıvana gələrkən bir neçə dəfə gömrük nəzarətindən və “X-Ray” qurğusundan keçirilmiş, lakin heç bir qanunsuz predmet aşkar edilməmişdir. Bu hal müdafiə tərəfinin sözügedən dəlilini təkzib edir.
28. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs mobil telefonuna baxış protokolundan görünür ki, onun istifadə etdiyi mobil telefonun yaddaşında İran İslam Respublikasında yaşayan Vəhət adlı şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı danışıqlar, habelə digər şəxslərlə narkotik vasitələr və siqaretlərin əldə edilməsi ilə əlaqəli məlumatlar müəyyən edilmişdir. Xüsusilə 24 noyabr və 0# ###### 2025-ci il tarixli danışıqların məzmunu nəzərə alındıqda, bu məlumatların cinayətin aşkar olunduğu tarixə yaxın tarixdə baş verməsi ittihamın əsaslı olduğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası həmin danışıqları təkbaşına narkotik vasitələrin Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsinin sübutu kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirilməli olan mötəbər məlumatlar kimi qəbul edir. Bu məlumatlar nəqliyyat vasitəsində narkotik vasitələrin gizli şəkildə aşkar olunması, onların müxtəlif növ narkotik və psixotrop maddələrdən ibarət olması, təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsini etiraf etməsi və onun narkotik vasitələrin əldə edilməsi ilə bağlı danışıqlarının müəyyən olunması ilə birlikdə qiymətləndirildikdə ittihamın sübut bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verərkən CM-in 206.2, 213-1.1 və 234.1-1-ci maddələrinin dispozisiyalarını düzgün tətbiq etmiş, onun hərəkətlərində həmin cinayətlərin tərkibinin mövcudluğu barədə nəticəyə qanuni və mötəbər sübutlar əsasında gəlmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Cəza təyin edilərkən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və cəzanın məqsədləri nəzərə alınmışdır.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 403, 407-409-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 30 (otuz) saat üçün cəmi 330 (üç yüz otuz) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Mehdi Əliyev Hakimlər: İlqar Mirzəyev, Mehman Allahverdiyev