Məhkəmə qərarları › İş №1(3-10)-118/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-118/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-118/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlunun iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsininn (bundan sonnra mətnddə CMin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş appelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-137)-9/2026 ( sədrlik edən Ü.Qənbərov ) nömrəli hökmü ilə, ## ##### 1992-ci ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvəllər məhkum olunmayan, işsiz, orta təhsilli, Qəbələ rayonu, Laza kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması, CM-ın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2026-cı tarixdə həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 227,62 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməsi hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, satış məqsədi olmadan 2025-ci ilin sentyabr ayının əvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ şəhəri Dəmiraparan çayının kənarında Asfaltzavodun yaxınlığında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı 227,72 qram olmaqla xeyli miqdarda əldə edərək Qəbələ şəhəri Alma Bağı yeni yaşayış massivində yerləşən yaşadığı nömrəsiz evin həyətində ayaqqabı rəfinin içərsində gizlədərək saxlamış, bundan sonra əldə etdiyi xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın 6.96 qram hissəsini üzərində gəzdirərkən ## ###### 2025-ci il tarixdə saat 16:56 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri Alma Bağı yeni yaşayış massivinin ərazisində piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə fasiləsiz olaraq foto və video çəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 6.96 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülmüş, bundan sonra keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı Qəbələ şəhəri Alma Bağı yeni yaşayış massivində yerləşən yaşadığı nömrəsiz evin həyətinə əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən fasiləsiz olaraq foto və videoçəkiliş aparılmaqla həmin tarixdə saat 17:10 radələrindən başlayaraq baxış keçirilən zaman həyət qapısından içəri sol tərəfdə yerləşən ayaqqabı rəfinin içərsindən üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana ilə eyni təkibli olan 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 220,76 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-137)-9/2026 nömrəli hökmünün təklif etdiyi həddə azadlıqdan məhrumetmə növündə cəza ilə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsalandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə ilə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Prokuror qeyd etmişdir ki, məhkəmə hökmündə cəza təyin etmənin əsaslarını müəyyən edən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə formal istinad etməklə kifayətlənmiş, həmin maddələrin müəyyən etdiyi tələbləri faktiki təhlil etmədən cəza təyini ilə bağlı ədalətsiz nəticəyə gəlmişdir. O, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı müddəaların təsbit edildiyini, bu müddəaların cinayət qanunvericiliyinin quruluşunun, məzmununun və vəzifələrinin təminatına xidmət etdiyini bildirmişdir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq olduğu göstərilmişdir. Cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58-ci maddələrində açıqlanmışdır. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Prokuror cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edildiyini bildirmişdir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Prokuror qeyd etmişdir ki, bu cinayət-hüquq normalarının mənasına görə, təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, birbirindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur. Başqa sözlə, CM-in 58-ci maddəsinin nəzərdə tutduğu müəyyən cəzanı yüngülləşdirən hallara həddindən artıq önəm verilməsi və digər hallarda isə cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirli bilinən şəxsin şəxsiyyəti lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayəthüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Prokuror Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı qərarına istinad edərək, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin sözsüz təmin edilməsinin tövsiyə edildiyini bildirmişdir. Həmin Qərarın 1-ci hissəsinin 2 və 3cü abzaslarına əsasən, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması gerekdiyini, habelə cinayətin ictimai təhlükəliliyinin xarakterinin qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən, cinayətin ictimai təhlükəlilik dərəcəsinin isə onun törədilmə hallarına əsasən müəyyən edildiyini bildirmişdir. Prokuror CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələrinin sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarət olduğunu qeyd etmişdir. Prokuror Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin əsas bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insanın - fərdin sağlamlığı hesab olunmaqla, həmin cinayətin az ağır cinayətlər kateqoriyasına aid olduğunu bildirmişdir. Prokuror Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli qərarının 27-ci bəndinin 2-ci abzasına istinad edərək qeyd etmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin növü, miqdarı, cinayətin törədildiyi yerin əhəmiyyəti, cinayətin törədilməsinə digər şəxslərin cəlb edilib-edilməməsi, əməllərin zərərli nəticələri, cinayətin açılmasını çətinləşdirən üsullardan istifadə olunub-olunmaması və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın xeyli miqdarına daxil olmaqla aşağı həddinin 5 qram olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə əldə edib daşıyaraq saxladığı narkotik vasitə - qurudulmuş marixuananın miqdarının 227.72 qram - xeyli miqdarın aşağı həddindən 45 dəfə çox olmasına baxmayaraq, məhkəmənin cəza təyini zamanı narkotik vasitənin miqdarını nəzərə almadığını bildirmişdir. Şərh olunanlardan da göründüyü kimi, məhkəmənin cəza təyininin əsaslarını müəyyən edən cinayət qanununun normalarını, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq izahlarını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin miqdarını nəzərə almadan yüngül cəza təyin etdiyini, həmin cəzanın cinayətin ağırlığına uyğun olmayan cəza olduğunu və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməyəcəyini bildirilmişdir. Prokuror qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sabit cinayətkar yönümlüdür, onda kriminal qətiyyət formalaşmışdır. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə sabit cinayətkar şəxsiyyəti ona sərt cəza verilməsini zəruri etdiyi halda, məhkəmə qeyd olunanların əksinə, ona təqsirli bilindiyi maddə ilə yüngül növdə - azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Əvvəllər qəsdən eyni qəbildən olan cinayət əməli törətmiş və buna görə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə yüngül cəzanın təyin edilməsi cəmiyyətin maraqlarına xidmət etmir, təyin edilmiş yüngül cəza nə onun özünün islah olunmasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Prokuror bununla da, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun şəxsiyyətinə, nə də törədilməsi şəraitinə uyğun olmadığını, məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən cinayət qanunvericiliyinin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhəd müəyyən edilmədən sonuncuya münasibətdə ədalətsiz cəza təyin edildiyini bildirmişdir.. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Apellyasiya protestində təqsirləndirilən şəxs X3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs X3 əməlinin CM-in 234.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli mühakimə prinsiplərinə tam uyğun tərtib edilmiş, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmiş, törədilmiş cinayətin xarakterinə təqsirkarın şəxsiyyətinnə adekvat olann cəza təyin edilmiş və bu səbədən də dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 145ci maddələrinin tələblərinə müvafiq olaraq, onların aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından tam, obyektiv və hərtərəfli yoxlayaraq hüquqi qiymət vermişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı iş üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri, baxış protokolları, foto və videoçəkiliş materialları, habelə ekspertiza rəyləri və şahid ifadələri ilə şübhəyə yer qoymayacaq dərəcədə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası toplanmış sübutların mötəbərliyini rəhbər tutaraq, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini maddi hüquq normasının düzgün tətbiqi kimi qiymətləndirir. Dövlət ittihamçısının apelyasiya protestində irəli sürdüyü, təqsirləndirilən şəxsin əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunması və qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin ümumi miqdarının xeyli miqdarın aşağı həddindən əhəmiyyətli dərəcədə çox olması ilə bağlı dəlilləri cəzanın ağırlaşdırılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. CM-in 58.3cü maddəsinin tələbinə görə, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini fərdi qaydada və məcmuda qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cəza növü müəyyən edilərkən cinayət-hüquqi təsir tədbirlərinin ədalətliliyi təmin edilmiş, humanizm və ədalət prinsiplərinin balansı tam qorunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində təsbit olunmuş humanizm prinsipi təqsirkar barəsində cinayət-hüquqi təsir tədbirləri seçilərkən dövlət məcburiyyət vasitələrinə qənaət edilməsini və şəxsin cəmiyyətdən təcrid olunmadan da islah edilməsi imkanlarının nəzərə alınmasını ehtiva edir. Təqsirləndirilən şəxs X3 törətdiyi əməli tam etiraf etməsi, törətdiyi cinayətdən səmimi peşmançılıq çəkməsi, istintaqın və məhkəmənin gedişatına maneçilik törətməməsi CM-in 59.2-ci maddəsinin hüquqi mənasına uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi düzgün qəbul edilmişdir. Bu halların mövcudluğu şəxsin törətdiyi əmələ tənqidi yanaşdığını və islah olunma iradəsini nümayiş etdirir ki, bu da cəmiyyətdən mütləq təcridetməni nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri etmir. CM-in 41.2-ci maddəsinə əsasən, cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası çərçivəsində şəxsin üzərinə qoyulmuş konkret və ciddi vəzifələr (müəyyən saatlarda yaşayış yerini tərk etməmək, müvafiq rayonun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək) həm xüsusi, həm də ümumi xəbərdarlıq funksiyasını tam yerinə yetirir. Bu məhdudiyyətlər təqsirləndirilən şəxsin davranışına effektiv nəzarət mexanizmi formalaşdırmaqla, onun yenidən cinayət törətmək imkanlarını minimuma endirir və beləliklə, cəzanın qarşısında duran profilaktik məqsədlərə xidmət edir. Məhkəmə kollegiyası onu da xüsusi olaraq qeyd edir ki, cinayət qanununun sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı digər daha yüngül cəza növləri nəzərdə tutulduğu halda, qanunvericilik məhkəmələrə cəzanın fərdiləşdirilməsi imkanı tanıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun cinayət cəzalarının təyin edilməsi təcrübəsinə dair rəhbər izahlarına müvafiq olaraq, azadlıqdan məhrum etmə cəzası yalnız o halda tətbiq edilməlidir ki, daha yüngül cəza növü ilə cəzanın məqsədlərinə nail olunması qeyrimümkün hesab edilsin. Hazırkı işin halları, o cümlədən əməlin törədilmə şəraiti və təqsirləndirilən şəxsin məhkəmə iclasındakı müsbət davranışı göstərir ki, birinci instansiya məhkəməsinin seçdiyi azadlığın məhdudlaşdırılması cəzası əməlin ağırlığına tam adekvatdır və dövlət ittihamçısının protestində qeyd olunan azadlıqdan məhrum etmə cəzasının tətbiqi cinayət-hüquqi tədbirlərin mütənasibliyi prinsiplərinə zidd olaraq aşkar ədalətsizliyə səbəb ola bilər. Göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası belə yekun qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları pozulmamış, təyin olunmuş cəza ədalət mühakiməsinin tələblərinə və cinayətin obyektiv xüsusiyyətlərinə tam uyğun müəyyən edilmişdir. Bu səbəbdən, dövlət ittihamçısının apelyasiya protestinin təmin edilməsi və hökmün dəyişdirilməsi üçün qanunla müəyyən edilmiş hüquqi əsaslar mövcud deyil. Çünki, məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını, CM-in 59.2ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallarır məcmusuna uyğun olaraq təqsirkara onun təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növündə cəza təyin etmişdir. Göstərilən hallarla məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və ya çoxaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Halbuki, protestin məzmunundan göründüyü kimi, həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, X3 törətdiyi cinayət (CM-nin 234.1ci maddəsində müəyyən edilmiş) CM-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinaytlər” adlandırılan CM-nin 26-cı fəslində nəzərdə tutulmuşdur və həmin cinayətin obyekti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və insanların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai münasibətlərdir. Narkotik vasitlələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əlavə obyekti kimi ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması o halda nəzərdən keçirilə bilər ki, həmin cinayətlər həmçinin bu obyektlərə qəsd edilməsi ilə törədilmiş olsun, yaxud da belə cinayətlərin törədilməsi nəticəsində ictimai təhlükəsizliyə zərər yetirilsin, ya da dövlət idarə və müəssisələrin normal fəaliyyəti pozulmuş olsun. X3 barəsindəki cinayət işindən, o cümlədən ona elan olunmuş ittihamdan məhkumun ictimai təhlükəsizlik qaydalarını pozması, bu qaydalara qəsd etməsi, yaxud da onun törətdiyi əməl nəticəsində dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması görünmür. Əksinə onun bu əməli nəticəsində özünün sağlamlığından başqa hər hansı digər şəkildə və digər şəxslərə zərər vurulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını həm qanuni, həm də ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs X3 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsini və təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407-ci maddələrini, rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X3 göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili İbrahimov Xəyal Rahim oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 7,5 saat üçün 82 manat 50 qəpik Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından İbrahimov Xəyal Rahim oğlunun işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar