Məhkəmə qərarları › İş №1(3-6)-1023/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1023/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1023/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (Solmaz Mustafayeva) *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ## #### 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək tutulduğu 02 (iki) gün və ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək axtarış nəticəsində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs dəymiş zərərə görə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməsi müəyyən olunmuşdur. Hökmlə maddi sübutun taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü mobil telefonların alqı-satqısı ilə məşğul olan işgüzar şəxs kimi tanıdıb sonuncuya müəyyən məbləğdə pul yatırımı edəcəyi təqdirdə müxtəlif mobil telefonların aşağı bazar qiyməti ilə alınıb sonradan satışından yüksək gəlir əldə olunacağı və əldə olunacaq gəliri birlikdə aralarında bölüşdürəcəklərinə dair yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə ##.##.2024-cü il tarixdə Nahid Humbətlidən Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi *** saylı ünvanda 10000 manat, ##.##.2024-cü il tarixdə qeyd olunan ünvanda 6000 manat, ##.##.2024-cü il tarixdə qeyd olunan ünvanda 7200 manat və ##.##.2024-cü il tarixdə qeyd olunan ünvanda 5000 manat pul vəsaitini götürüb müxtəlif markalı mobil telefonları aldıqdan sonra həmin mobil telefonları istintaqla şəxsiyyəti müəyyən edilməyən müxtəlif şəxslərə sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədə əməl etməyib ələ keçirərək nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 28200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs müəyyən məbləğdə pul yatırımı edəcəyi təqdirdə müxtəlif mobil telefonların aşağı bazar qiyməti ilə alınıb sonradan satışından yüksək gəlir əldə olunacağı və əldə olunacaq gəliri birlikdə aralarında bölüşdürəcəklərinə dair yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə ##.##.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi *** saylı ünvanda 8000 manat, ##.##.2025-ci il tarixdə qeyd olunan ünvanda 7000 manat və ##.##.2025-ci il tarixdə qeyd olunan ünvanda 6800 manat pul vəsaitini götürüb müxtəlif markalı mobil telefonları aldıqdan sonra həmin mobil telefonları istintaqla şəxsiyyəti müəyyən edilməyən müxtəlif şəxslərə sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədə əməl etməyib ələ keçirərək nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 21800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun vurulmuş ziyanı ödəməyə razı olduğunu, ailədə tək olduğunu, məhkumluğunun olmamasını və əməlindən peşman olmasını nəzərə almadan ona cəza təyin etmişdir. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs 2018-ci ildən telefon alqı-satqısı ilə məşğul olmuşdur. 2024 cü ildə Nəsimi rayonu, Azadlıq prospektinin kənarında 28 Mayda yerləşən və Səbuhi Babayevin icarəyə götürərək işlətdiyi “Bakcell” adlı telefon mağazasında onunla şərik işləyən zaman yaxşı satış etdiyini və Səbuhiyə yaxşı qazanc əldə etdirdiyini görən Zərərçəkmiş şəxs ona təklif etmişdir ki, onun mağazasında onunla birlikdə bu işi görsün və əldə edilmiş gəliri aralarında şərik olaraq bölsünlər. Səbuhi ilə şərik işləyən zaman mobil telefonların alqısatqısı ilə bağlı pulun hamısı Səbuhi tərəfindən verilmiş və həmin pullarla özü “iPhone” markalı müxtəlif yeni mobil telefonları alıb baha qiymətə satmaqla hər telefondan 100-200 manat qazanc əldə edərək həmin qazancı Səbuhi ilə aralarında bərabər şəkildə bölmüş və şəriklikləri bu şəkildə olmuşdur. Lakin onun mağazasında şərik işləməklərilə bağlı aralarında hər hansı bir yazılı müqavilə olmamış və aralarında olan şifahi razılaşmaya əsasən bu şəkildə fəaliyyət göstərmişlər. 2023-2024-cü illərdə orada işləmiş və 2024-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs təklifindən sonra onunla razılaşaraq Səbuhinin yanında işdən çıxıb Zərərçəkmiş şəxs 28 Mayda icarəyə götürərək işlətdiyi və əsasən notebookların satışı ilə məşğul olduğu “Güvən Telekom” mağazasında onunla şərik işləməyə başlamışdır. Belə ki, Nahidlə aralarında olan şifahi razılaşmaya əsasən mobil telefonların alınması üçün pulu Nahid qoymalı və həmin pullarla özü müxtəlif “iPhone” markalı mobil telefonları alaraq satışını həyata keçirib əldə edilən qazancı Nahidlə aralarında bərabər şəkildə bölməli imişlər. Həmçinin Zərərçəkmiş şəxs mağazasında işləyən vaxtda da yalnız aralarında şifahi razılaşma olmuş və həmin mağazada işləməyinə dair Nahidlə və ya başqa hər hansı bir şəxslə aralarında hər hansı bir yazılı müqavilə bağlanılmamışdır. Zərərçəkmiş şəxs ilə razılaşdıqdan sonra ilk olaraq 2024-cü ilin mart ayında Nahid ilk olaraq 8000-10000 manat pul vermiş və həmin pullarla telefonları alıb satmağını və qazanc əldə etdiklərini ona bildirmişdir. Həmin pullarla 4 ədəd müxtəlif yeni “iPhone” markalı mobil telefonlar almış və hər birini müxtəlif şəxslərə və ya telefon mağazalarına üzərində 100-200 manat qazancla sataraq əldə edilmiş gəliri Zərərçəkmiş şəxs ilə aralarında bölüb əsas məbləğlə yenidən telefonlar alaraq satışını həyata keçirməyə başlamışdır. Keçən müddət ərzində alqı-satqı üçün mobil telefonlar almaq məqsədilə Nahiddən ilk dəfə ümumilikdə təqribən 50000 manat pul vəsaitini bu məqsədlə alaraq yeni formada “iPhone” markalı müxtəlif mobil telefonlarını almış və həmin mobil telefonların az bir hissəsini sataraq əldə edilmiş gəliri Nahidlə aralarında bölmüş, qalan hissəsinin isə bir qismini Nahidin çox miqdarda mobil telefonu kimlərəsə nisyə verməməyi barədə xəbərdarlığına baxmayaraq müxtəlif telefon mağazalarına nisyə vermiş və Nahidin pulu ilə aldığı “iPhone” markalı mobil telefonlardan bir qismini isə Nahiddən gizli sataraq, Nahidə yalandan satış olmadığını deyib əldə edilmiş gəliri pulun əsas hissəsi ilə birlikdə götürərək maddi sıxıntıları olduğu üçün xərcləmişdir. Nahid soruşduqda isə işlərin zəif olduğunu, satış olmadığını deyərək təzə qutuları şübhə çəkməmək üçün şkafa yığıb içərisindəki yeni mobil telefonları gizli şəkildə götürüb sataraq pullarını şəxsi ehtiyacları üçün xərcləməyə başlamışdır. Bundan təqribən 3 ay sonra Nahid gəlirlərin çox azaldığını görüb şübhələnərək verdiyi pullara uyğun mobil telefonların sayı ilə bağlı yoxlayıb hesablama aparan zaman müəyyən etmişdir ki, boş telefon qutuları onun şkafında qalsa da onun içərisinə baxan zaman yeni “iPhone” markalı mobil telefonların yerində olmadığını müəyyən etmişdir. Bundan sonra Nahid onu aldatdığını və onun verdiyi pullarla aldığı mobil telefonları qutularından gizli şəkildə çıxarıb satıb pulunu xərcləyərək ona satış zəif olduğu üçün telefonları sata bilmədiyini və qazanc olmadığını nəyə görə dediyini başa düşmüşdür. Həmin vaxt onun etdiyi əməllər nəticəsində Zərərçəkmiş şəxs təqribən 30000 manat maddi ziyan dəymişdir. Buna görə də Nahid həmin vaxt onu işdən çıxarmışdır. Bundan sonra həmin şəxs onun yaşadığı ünvanına gələrək onu vurduğu maddi ziyanı ödəməyini tələb etmiş, lakin özləri Nahidə bildirmişlər ki, bu ziyanı ödəmək üçün maddi imkanları yoxdur və orada Nahid onunla və ailə üzvləri ilə yenidən danışıb razılaşaraq qərara gəlmişlər ki, Nahid onu yenidən işə götürsün, işləyərək ona vurduğu maddi ziyanı hissə-hissə geri qaytarsın. Nahidlə razılaşdıqdan təqribən 10-15 gün sonra 2024-cü ilin iyun ayının 25-də yenidən həmin mağazada işə qayıtmış, Zərərçəkmiş şəxs əvvəl verdiyi pullarla telefonları alıb sataraq şəxsi ehtiyacları üçün xərcləyib ona 30000 manata yaxın maddi ziyan vurduğu üçün və yenidən mobil telefonlar alıb satma işinə başlamaqları üçün demək olar ki, pulu qalmadığından məcbur olaraq Bankdan öz adına əlavə 15000 manat pul vəsaiti götürmüş və üzərini də düzəldib 2025-ci ilin mart ayının ortalarında ikincə dəfə onun mağazasında işlədiyi müddət ərzində də yenidən yeni mobil telefonlar almağı və satışını həyata keçirməyi üçün ona hissə-hissə olmaqla əlavə olaraq ümumilikdə 30000 manata qədər pul vermiş və özü həmin pullarla da müxtəlif vaxtlarda müxtəlif yerlərdə ucuz qiymətə yeni mobil telefon satan alverçilərdən yeni “iPhone 13”, “iPhone 14” və “iPhone 15” markalı mobil telefonları 1000-2500 manat aralığında olan müxtəlif qiymətlərə alıb işlədiyi “Güvən Telekom” adlı mağazaya gətirərək orada əyləşdiyi yerdə yanındakı şkafa yığmışdır və həmin şkafın açarları özündə olmuşdur. Həmin mobil telefonları alverçilərdən qutuda açıq formada alaraq mağazaya gətirdikdən sonra onları hissəhissə həmin mağazanın yaxınlığında “Unix telekom” adlı telefon mağazasında satıcı işləyən Elçin adlı tanışının yanına aparmış, Elçin həmin telefon qutusunun içərisinə hər birinə 01 ədəd USB qoymuş və özü bacarmadığı üçün həmin yeni telefon qutularının arxasına stikerler çəkərək hər bir telefon üçün bu işləri görməsi qarşılığında ondan 20 manat pul almışdır. Lakin sonradan bir neçə telefonu yenidən qutularından götürüb sataraq əldə edilmiş gəlirlə birlikdə telefonun Nahid tərəfindən verilmiş əsas pullarını da şəxsi ehtiyacları üçün xərcləməyə başladığı üçün Nahid şübhələnməsin deyə qutulardan götürüb satdığı yeni “iPhone” markalı mobil telefonların qutusuna həmin telefonlarla eyni ağırlıqda ola biləcək istifadəyə yararsız, mobil telefonlar və ya telefon batareyaları qoyaraq qutunu bağlamış və arxasında stiker olmadığını görsə Nahidin şübhələnib qutuları açıb baxacağını düşündüyü üçün və stiker vurmağı özü bacarmadığından, telefon qutularının bir neçəsini eyni qaydada içərisini yararsız əşyalarla dolduraraq Elçinin yanına aparmış və qutuları açmadan içərisində yeni telefonlar olduğunu bildirməklə Elçindən xahiş etmişdir ki, onların qutusunun arxasına stikerləri yapışdırsın və Elçin də qutuların içərisində yeni telefonlar olduğunu düşünüb ona inanaraq qutuların içərisinə baxmadan onun yanında həmin qutuların arxasına stikerləri yapışdırmış və hər birinə görə Elçinə 5 manat pul ödəmişdir. Lakin Elçinin həmin qutuların içinə yararsız əşyalar qoyduğundan xəbəri olmamışdır. Elçinə həmin telefon qutularına stikerləri vurdurduqdan sonra onları gətirib telefon mağazasında şkafında yığıb saxlamış və Nahid soruşduqda iş olmadığını, telefonların satılmadığını bildirən zaman Nahid şübhələnib onun mağazadakı şkafını açıb baxan zaman telefon qutularının açılmamış formada yerində olduğunu görmüş, əlinə alıb yoxladıqda da içərisində ağırlıqların telefon ağırlıqları olduğunu, qutuların boş olmadığını görərək həqiqətən də ona inanmışdır ki, telefonların hamısı yerindədir, ona düz deyir, həqiqətən telefonlar satılmır və hamısı qutusunda şkafda qalmaqdadır. Bu üsulla ikinci dəfə Nahidin yanında işlədiyi müddət ərzində də şübhələnməməsi üçün az-az qazanc əldə etdirməklə yenə telefonların bir hissəsini qutularından çıxarıb müxtəlif şəxslərə sataraq Nahidə yalandan telefonların yerində olduğunu deyib bağlı qutularını göstərərək pullarını şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonuncu dəfə 2025-ci ilin mart ayında artıq Nahid gəlirin çox aşağı olmasından satışların demək olar ki, olmamasından şübhələnərək yenidən yoxlama aparıb telefonları sayan zaman şkafda saxladığı telefon qutularının stiketini açıb içərisinə baxarkən bir neçə qutunun yeni kimi bağlı formada olmasına baxmayaraq içərisinin boş olduğunu, digərlərinin isə arxa hissəsinin stikerini açdıqdan sonra içərisində yararsız telefonlar və telefon batareyalarının olduğunu, həmin qutuların içərisində olmalı olan və onun verdiyi pul vəsaitləri ilə aldığı “iPhone” markalı mobil telefonların yerində olmadığını görüb, yenə başa düşmüşdür ki, həmin mobil telefonların da çox hissəsini onun xəbəri olmadan gizli şəkildə sataraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra yenidən aralarında mübahisə yaranmış və həmin vaxt aparılan hesablamalarla müəyyən olunmuşdur ki, Nahid onu ikinci dəfə işə götürdükdən sonrakı müddət ərzində Nahidə əlavə olaraq təqribən 20000 manat da maddi ziyan vurmuşdur və beləliklə etdiyi əməllər nəticəsində Nahidə vurduğu maddi ziyanın ümumi məbləği təqribən 50000 (əlli min) manat olmuşdur. Həmin şəxs onu işdən çıxardıqdan təqribən 5-6 gün sonra ona vurmuş olduğu maddi ziyanı ödəməyini tələb etmək üçün yaşadığı ünvana gəlmiş, aralarında danışıq olmuşşvə razılaşmışlar ki, Nahid onlara bir az vaxt versin, bankdan pul götürüb onlara vurduğu maddi ziyanın bir hissəsini ödəyə bilsinlər. Onlar həmin gün razılaşıb getmişlər və bundan təqribən 15 gün sonra bankdan 15000 manat pul vəsaiti götürüb Nahidə vurduğu maddi ziyanın bir hissəsini ödəmək üçün onlara təqdim etmişlər. Sonradan öyrənmişdir ki, Nahid onun barəsində həmin hadisə ilə bağlı polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs ümumilikdə təqribən 50000 manat məbləğində maddi ziyan dəymişdir və həmin maddi ziyanın 15000 manatı tərəfindən 2025 ci ilin 15 aprel tarixində həmin şəxsə ödənilmişdir. Həmin məbləği də kredit götürərək ödədiyindən və maddi imkanları yaxşı olmadığından maddi ziyanın qalan hissəsini ödəyə bilməmişdir. Qalan 35000 manat puldan 17650 manat hissəsi başqa şəxsə nisyə olaraq verdiyi telefonların puludur, hansı ki, həmin məbləğlə bağlı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. 10000 manat pul isə Nihad Hümbətlinin götürdüyü kreditə görə ödədiyi faizdir. Onun Nahidi aldatmaq niyyəti olmamış, maddi sıxıntıları olduğu üçün telefonların pulunu xərcləmiş, həmin puldan 15000 manatı qaytarmış, qalan pulu qaytarmağa imkanı olmadığı üçün Nahid ondan polisə şikayət etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən bu məsələlər barəsində ətraflı araşdırma aparılmamışdır. Belə ki, ilk öncə təqsirləndirilən şəxs tərəfindən götürülmüş puldan 17650 manat hissəsinin verildiyi şəxs məhkəmə iclasına dəvət edilməmiş və həmin pul vəsaitinin onda olub-olmadığı müəyyən olunmamışdır. Bundan başqa zərəçəkmiş şəxsin götürdüyü kreditə görə təqsirləndirilən şəxsin m10 tətbiqindən zərərçəkmişin atasına məxsus m10 tətbiqinə kreditin ödənilməsi üçün ödənilmiş həmin məbləğlərin müəyyən edilməsindən ötrü müvəkkil banka müvafiq sorğular verilməyərək həmin hissələr də aydınlaşdırılmamışdır. Halbuki qeyd olunan məsələlər aydınlaşdırılsaydı o zaman verilmiş ittihamdan 27650 manat məbləğin çıxarılması nəticəsinə gəlinərdi. Bundan başqa tərəflər arasında şəriklik münasibətlərinin olduğu dəqiq araşdırılmadığında onlar arasında mövcud olan mülki münasibətlərə də cinayət mühakimə icraatı qaydasında qiymət verilmişdir. Beləliklə aparılmış səthi araşdırma nəticəsində obyektiv həqiqətə nail olunmamışdır. Bu səbəbdən ilk öncə apellyasiya şikayəti üzrə məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi haqqında qərar qəbul edilərək qeyd olunan məsələlər araşdırılmalı və bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalətli məhkəmə qərarı çıxarılmalıdır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından zərərçəkmiş şəxslər barışdığını, vurulmuş ziyanı tam ödədiyini nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin tələbini dəyişdirərək təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunması barədə notarial təsdiqli ərizənin olmasını, ərizəyə əsasən təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənilməsini və zərərçəkmişin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin apellyasiya şikayətinin yüngül cəza təyin edilməsi barədə tələbini müdafiə etdiyini və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə notarial təsdiqli ərizə təqdim edərək onunla təqsirləndirilən şəxs arasında barışığın olmasını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsini və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, buna görə də mülki iddiadan imtina etdiyini qeyd edərək apellyasiya şikayətinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışığın olmasını və vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 9 ay azaldılaraq 2 il müddətinə endirilməsinə etiraz etmədiyini qeyd etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, onun cinayət işi üzrə həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki qərarla təyin olunan cəzadan çıxılmalı, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə əlaqədar üzərinə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr müəyyən olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsifi məsələsini mübahisələndirməmiş, ona təyin edilmiş cəza tədbiri ilə razılaşmayaraq daha yüngül növdən olan alternativ cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas tələbi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsindən ibarət olsa da, məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunması barədə notarial təsdiqli ərizənin olmasını, ərizəyə əsasən təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənilməsini və zərərçəkmişin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin apellyasiya şikayətinin yüngül cəza təyin edilməsi barədə tələbini müdafiə etdiyini və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, apellyasiya icraatı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsini mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar məcmusunun artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən həmin sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətinin tələbinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi iş üzrə birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində mübahisələndirərək təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq və cəzanın ədalətliliyini müzakirə edərək hesab edir ki, cinayət işinin apellyasiya icraatı zamanı müəyyən olunmuş halları nəzərə alındıqda birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmiş və onun cəzasının yüngülləşdirilməsi, yəni növünün dəyişdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yuxarıda adı çəkilən Plenum qərarında həmçinin tövsiyə edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinin tələbinə əsasən cəzanı yüngülləşdirən halın mövcudluğu cinayət təqibi üzrə sübut edilməli hallara aid edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi CM-nin 59cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini və vurulmuş zərərdən 15000 (on beş min) manat ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildən ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinə xitam verilməsinə və ya barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzanın verilməsinə etiraz etmir. Belə ki, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, onun ailə vəziyyətini və əvvəllər məhkumluğunun olmamasını, habelə apellyasiya icraatı gedişində törətdiyi əməldən peşman olduğunu qeyd edərək məhkəməyə təqdim olunmuş notarial təsdiqli ərizə əsasında zərərçəkmiş şəxs X2 ilə barışmasını və ona vurulmuş ziyanın məbləğini tam həcmdə ödəməsini və belə olan halda onun təqsirli bilindiyi maddənin sanksiyası həddində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə mane olan hər hansı bir halın olmadığına və hazırki vəziyyətdə azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsasların mövcud olmadığına görə hesab edir ki, ona təqsirli bilindiyi həmin maddə ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ##.##.2025-ci il tarixindən ##.##.2025ci il tarixinədək tutulduğu 02 (iki) gün və ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək axtarış nəticəsində tutulduğu 02 (iki) gün, ##.##.2026-cı il tarixdən ##.##.2026cı il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət, cəmi 02 (iki) ay 14 (on dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə kollegiyası mülki iddiaya dair hissədə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya icraat gedişində zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş notarial təsdiqli ərizəyə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı tam həcmdə ödəməsi sübuta yetirildiyini və zərərçəkmiş şəxsin mülki iddiadan imtinasını nəzərə alaraq hökm həmin hissədə də dəyişdirilərək mülki iddiaya xitam verilməldir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığna və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 398.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026 -cı il tarixli, *(*-**)-**/**** saylı hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək tutulduğu 02 (iki) gün və ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək axtarış nəticəsində tutulduğu 02 (iki) gün, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət, cəmi 02 (iki) ay 14 (on dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesabı ilə hesablanmaqla 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasına xitam verilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar