Məhkəmə qərarları › İş №1(3-6)-1024/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1024/2026

06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1024/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X2), ##.##.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 06 (altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Hökmlə, həmçinin, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,691 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə, saat 23:30-da Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecin yanında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,691 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,168 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə qətimkan tədbirinin şərtlərini pozması səbəbindən axtarışa verilməsi ilə əlaqədar ## ####### 2025-ci il tarixdə 13:30-da DİN-in X1 Alayının 9-cu polis bölüyünün polis nəfərləri tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmiş və həmin şöbənin məsul növbətçisi tərəfindən üzərində qanunsuz maddə olub olmaması ilə əlaqədar şifahi sorğusual əsnasında əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,168 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamini təqdim etdiyindən qeyd olunan maddə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Apellyasiya protestində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzanın dövlət ittihamçısının təklif etdiyi həddə təyin edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməsinə və barəsində ##.##.2025-ci il tarixdə cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq, onun istintaq aparılan dövrdə, yəni ##.##.2025-ci il tarixdə şüurlu şəkildə yenidən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun təhlükəli meyillərdən və vərdişlərdən azad olunmadığını, davranışının ictimai təhlükəliliyini və onun gələcəkdə islah olunmasının çətinliyinə dəlalət edir. Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetaminin miqdarı xeyli miqdardan təxminən bir neçə dəfə artıq olmuşdur. Lakin, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə də onun törədilməsi şəraitinə uyğun olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işinə birləşdirilmiş Abşeron RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ##.##.2025-ci il tarixdə axtarış elan olunmaqla iş üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, ##.##.2025-ci il tarixdə o, saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, ##.##.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmaqla MSY-dən azad edilmişdir. Lakin məhkəmə CM-nin 69.3-cü maddəsinin tələblərini pozaraq, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 2 gün müddəti hazırkı iş üzrə cəza təyini zamanı nəzərə almayaraq qəti cəzadan çıxmamışdır. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti qismən təmin edilməli, hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Protestdə dövlət ittihamçısı cinayət qanunu normasının düzgün tətbiq edilməməsini, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Cinayət işinin materiallarına əsasən, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli onun etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolu, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgün tətbiq olunmaması, təqsirləndirilən şəxsin ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 2 gün müddəti müvəqqəti saxlanılma yerində saxlanılmasının cəza təyin edilərkən nəzərə alınmaması barədə protestin dəlili ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu müddət daxildir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işi materiallarına əsasən ********* nömrəli cinayət işi üzrə ##.##.2025-ci il tarixdə axtarış elan olunmaqla iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİnin MSY-nə təhvil verilmiş, ##.##.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmaqla MSY-dən azad edilmişdir. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək müvəqqəti saxlanılma yerində saxlanıldığı 2 gün müddəti onun həbsdə saxlama müddətinə, nəticədə azadlıqdan məhrum etmə müddətinə hesablamamaqla, müvafiq cinayət qanunu normasını pozmuşdur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 234.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, cinayətin təkrarlığını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunan halların fonunda cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə aldıqda belə Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CMin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Azərbaycan Respublikası CPM-in: - 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. - 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 gün müddət ona həmin məhkəmə hökmü ilə təyin edilmiş 11 ay, 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 ay, 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmalı, həmin məhkəmə hökmü verilmiş apellyasiya protesti üzrə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4, 399.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 gün müddət ona Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Həmin məhkəmə hökmü verilmiş apellyasiya protesti üzrə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar