Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1044/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs - İbrahimov Şamxal Madər oğlunun iştirakları ilə, ##.##.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhər Probasiya İdarəsinin ##.##.2025-ci il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, - İbrahimov Şamxal Madər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İbrahimov Şamxal Madər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi ilə) ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünə əsasən İbrahimov Şamxal Madər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən İbrahimov Şamxal Madər oğlunun 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ##.##.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İbrahimov Şamxal Madər oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,676 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, onun psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ####### 2025-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, **A nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,676 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı hökmündən məhkum edilmiş şəxs İbrahimov Şamxal Madər oğlu apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs İbrahimov Şamxal Madər oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini və İbrahimov Şamxal Madər oğlu barəsində bəraət hökmü qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin bəraət hökmü çıxarılmasını, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya instansiyasında çıxışında birinci instansiya məhkəməsinin onun barəsində çıxarmış olduğu ittiham hökmünün ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılması olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlar tam olaraq sadalanmamaqla, bəzi sübutların hazırki qərarda qeyd olunmasını əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs İbrahimov Şamxal Madər oğlu özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ## ####### 2025-ci il tarixdə işdən gələndə Nizami rayonu ərazisində yerləşən ** saylı poliklinikanın yanında polis əməkdaşları onu saxlamışlar. Həmin gün onun üzərində tək şəxsiyyət vəsiqəsi olmuşdur, üzərində metamfetamin olmamışdır. Sonra onu həmin ərazidən başqa yerə, Keşlə qəsəbəsinin çıxacağında yerləşən Qəbələ restoranının həyətinə aparmışlar. Orada polis işçisi Tahir ona psixi təsir göstərmiş və onun əynində olan şalvarın cibinə bir ədəd büküm qoymuş və demişdir ki, “narahat olma, işin inzibati qaydada aparılacaq, sən azad olacaqsan”. Həmin vaxt ayağında elektron nəzarət vasitəsi olmuşdur. İşin böyüməməsi üçün boynuna götürmüşdür. Sonradan bilmişdir ki, onu CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirmişlər. 15 oktyabrda “Semaşko” xəstəxanasının yaxınlığında tanımadığı şəxsdən bir büküm “kakos” almış və həmin gün istifadə etmişdir, saxlanılan gün onun üzərində metamfetamin olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin baş əməliyyat müvəkkili İbayev Asif Sübhan oğlu ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə "Şamxal" adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Şamxal” adlı şəxs ## ####### 2025-ci il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi *A nömrəli ünvanın qarşısında saxlanılmış, həmin şəxsə özlərini təqdim etmişlər və həmin şəxs də özünü İbrahimov Şamxal Madər oğlu kimi təqdim etmişdir. Şamxal İbrahimova hüquq və vəzifələri izah edilmiş və üzərinin yoxlanılmasına başlanmışdır. Üzəri yoxlanılmamışdan əvvəl Şamxal İbrahimova təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Şamxal İbrahimov əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Şamxal İbrahimov saxlanılan zaman 23-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili şahid1 kənardan keçən zaman onları görüb kənar müdaxilə olmasın deyə onlardan 10-15 metr aralıda dayanmışdır. şahid1 əməliyyat tədbiri keçirilən zaman onların yanına gəlməmiş və əməliyyat tədbirinə müdaxilə etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin baş əməliyyat müvəkkili şahid1 ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsindən keçən zaman görmüşdür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinn əməliyyat müvəkkilləri Rəşad Xalıqov, Asif İbayev və şahid2 tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq üzəri yoxlanılan zaman o, kənar müdaxilə olmasın deyə onlardan 10-15 metr aralıda dayanmışdır. O, əməliyyat tədbiri keçirilən zaman, videoçəkiliş aparılan zaman və ya videoçəkilişdən sonra əməliyyat tədbiri keçirən əməliyyat müvəkkillərinin yanına getməmiş və əməliyyat tədbirinə müdaxilə etməmişdir. Şamxal İbrahimov 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində üzərində psixotrop maddə daşıdığı üçün tərəfindən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 2023cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şamxal İbrahimov onu tərəfindən saxlanılan vaxtdan tanıyır və ona qarşı qərəzli olduğu üçün onun adını çəkir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin əməliyyat müvəkkili şahid2 istintaqda şahid İbayev Asif Sübhan oğlu ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, İbrahimov Şamxal Madər oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin yoxlanılması və əşyaların götürülməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan və DVD diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, İbrahimov Şamxal Madər oğlu üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №***” dairəvi möhür əksi olan, “vət. İbrahimov Şamxal Madər (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,675 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 X2-Narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı İbrahimov Şamxal Madər oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən İbrahimov Şamxal Madər oğlu ##.##.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündan görünür ki, İbrahimov Şamxal Madər oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhər Probasiya İdarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum İbrahimov Şamxal Madər oğlu azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, İbrahimov Şamxal Madər oğlunun barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, İbrahimov Şamxal Madər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası İbrahimov Şamxal Madər oğlunun apellyasiya şikayətinin əsas dəlili, yəni onun üzərindən narkotik vasitənin aşkar edilməməsi, başqa bir ərazidə tutulması, həmin psixotrop maddənin polis əməkdaşı tərəfindən onun cibinə qoyulması kimi dəlillərini qəbul etmir və qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iş üzrə toplanılmış sübutlar (əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin yoxlanılması və əşyaların götürülməsi haqqında ##.##.2025-ci il tarixli protokollar və DVD diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokol, ekspertiza rəyləri, şahid ifadələri) ilə tam təkzib olunmuşdur. Cinayət işinin materialları və işin faktiki halları ilə İbrahimov Şamxal Madər oğlunun hər-hansı bir təzyiqə məruz qalması, onun bu cinayət əməlini törətməməsi öz təsdiqini tapmır. Bu baxımdan apellyasiya şikayətlərinin həmin dəlillərinə tənqidi yanaşılaraq müdafiə taktikası kimi baxılmalıdır. Cinayət işinin apellyasiya baxışı zamanı İbrahimov Şamxal Madər oğluna bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya instansiya məhkəməsində göstərdiyi şikayətin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, İbrahimov Şamxal Madər oğlunu cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən ibtidai istintaqda qeyd edilən cinayət işi üzrə özünü təqsirli bilməsini ona edilən təzyiq nətcəsində etməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, müdafiə tərəfindən göstərilən hal nə verilmiş apellasiya şikayətində, nə də məhkəmə baxış iclasında sübuta yetirilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. İbrahimov Şamxal Madər oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi İbrahimov Şamxal Madər oğluna cəza həddi və növünü təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İbrahimov Şamxal Madər oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs İbrahimov Şamxal Madər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İbrahimov Şamxal Madər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum İbrahimov Şamxal Madər oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1044/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1044/2026
29.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver