Məhkəmə qərarları › İş №1(3-6)-1138/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1138/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1138/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – “Alibi” Vəkil Bürosunun vəkili müdafiəçi1 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X1), ## ###### 1996-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonu Uluqbəy küçəsi ev 125 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il 8 ay müddətə, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,841 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə saat 01:15 radələrində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 28 ünvanının qarşısında Nizami RPI-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami RPI-nin 25-ci PŞ-nin inzibati binasına gətirilib polis şöbəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə, xeyli miqdarda təmiz çəkisi 0,841 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində məhkəmə hökmünün ləğv edilməsini, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətInin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə yüngülləşdirici halları nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə hökmü ilə barəsində təyin edilmiş cəza ağırlığına görə ədalətsizdir. Apellyasiya məhkəməsi iclasında çıxış və izahatlarında təqsirləndirilən şəxs və onun müdafiəçiləri apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən görünür ki, onların dəlillərini yalnız təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ədalət və humanizm prinsiplərinə uyğun olmaması təşkil edir, onlarda iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hər hansı hal mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cinayət işi materialları əsasında təqsirləndirilən şəxsin əməlində Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)- ***/**** saylı hökmü ilə təqsirli bilindiyi cinayət əməli üzrə 2 il azadlıqdan məhrumetmə cəzası üzrə məhkumluğunun ödənilməməsi səbəbindən cinayətlərin residivinin olması müəyyən edildiyinə, həmin Məcəllənin 65.2-ci maddəsində “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz” nəzərdə tutulduğuna və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas olmadığına görə sonuncu barəsində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında son həddi kimi müəyyən edilmiş 3 ilin yarısından az müddətə təyin edilə bilməzdi. Birinci instansiya məhkəməsi qəbul etdiyi hökmlə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, əməlində cinayətlərin residivindən ibarət cəzanı ağırlaşdıran halın olması ilə yanaşı, iş üzrə əməlindən peşman olmasını cəzasını yüngülləşdirən halın olmasını da nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 1 (bir) il 8 (səkkiz) ay müddətə, yəni qanunun yol verdiyi ən aşağı həddə yaxın təyin etməklə, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası göstərilən hesabata və işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi vaxta görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 220 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 92.9.24, 193.5, 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Alibi” Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar