Məhkəmə qərarları › İş №1(3-6)-1156/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1156/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1156/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi), ## ###### 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, X.Bayramov küçəsi dalan 1 ev 7-də qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 04 ay hissəsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə əhatə olunmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tutulduğu ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan 02 gün müddət və ## #### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 18 gün müddət, cəmi 01 ay 20 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 04 ay hissəsi ona təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəlfaf sellofana bükülmüş bükümündə təmiz çəkisi 0,979 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla ## ##### 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi N.Nərimanov küçəsində yerləşən “Qum” bazarının yaxınlığına kimi daşımış, həmin gün orada saat 19:09-da piyada hərəkətdə olarkən Suraxanı rayon PI-nin 31 -ci PŞnin əməkdaşları tərəfindən saxlanılaraq orada videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd qara rəngli idman şalvarının sağ yan cibində təmiz çəkisi 0,979 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd şəffaf rəngli bükümündə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin hazırki cinayət işi üzrə, eləcə də cinayətlərin məcmusu qaydasında ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ###### 2023-cü tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların II siyahısının 118-ci bəndində görə metamfetaminin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xeyli miqdarının aşağı həddi (şəxsi istehlak miqdarı) 0,15 qram, külli miqdarının 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetamin xeyli miqdarından dəfələrlə artıq olmuşdur. Psixotrop maddənin xeyli miqdardan dəfələrlə artıq olması törədilən əməlin cinayətin ictimai təhlükəliliyinin dərəcəsini daha da artırır, xüsusən də şəxsin əldə etdiyi miqdar olan həm psixotrop maddədən və həm də heroindən uzunmüddətli istifadə etməklə onun təsiri altında başqa bir cinayət törətməsi etimalına şərait yaradır. Belə olan halda təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin xeyli miqdardan dəfələrlə çox olması əlaməti hazırki əməlin tövsifinə təsir etməsə də, Təqsirləndirilən şəxs münasibətdə təqsirli bilindiyi maddə ilə cəza təyin edilərkən cəzanın həddini müəyyən edərkən nəzərə alınmalı idi. Lakin məhkəmə hökmdə bu hala əhəmiyyət verməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, ##.##.2025-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə xeyli miqdarından artıq miqdarda təmiz çəkisi 0,963 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımış və üzərində keçirilən şəxsi axtarış zamanı qeyd olunan psixotrop maddə olan metamfetamin üzərindən aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuş və ittiham aktı ##.##.2025-ci il tarixdə təsdiq olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində ##.##.2025-ci il tarixdə törətmiş olduğu cinayət əməli üzrə islah olunmamış, barəsində ibtidai istintaq zamanı “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsinə və cinayət təqibi aparılmasına baxmayaraq, qısa müddət keçdikdən sonra hazırkı iş üzrə yenidən eyni üsulla, eyni kateqoriyadan olan növbəti cinayət əməlini (eyni miqdarlarda - əvvəlki işdə 0,963 qram, hazırki işdə isə 0,979 qram psixotrop maddə olan metamfetamin) törətmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən cinayət qanunvericiliyin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhədi müəyyən etmədən Təqsirləndirilən şəxs şəxsiyyətini səciyələndirən halları nəzərə almadan sonuncuya münasibətdə ədalətsiz cəza təyin etmişdir. Halbuki, göstərilən hal, yəni Təqsirləndirilən şəxs barəsində cinayət təqibi olduğu halda, yenidən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi onun özü özlüyündə seçdiyi həyat tərzinin göstəricisi olmaqla yanaşı, onda cinayətə meyillilik təfəkkürünün formalaşmasına dəlalət edir. Bu isə həmin şəxs barəsində cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etmədiyini təsdiq edən fakt kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananları nəzərdən keçirərkən belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilmiş cinayət-hüquqi təsir tədbirlərinin nəticələri göstərir ki, onun hər növbəti cinayət əməli törətməsi faktiki olaraq hüquqi vəziyyətinin ağırlaşmasına deyil, əksinə, daha da yüngülləşməsinə səbəb olmuşdur. Belə ki, əvvəlki cinayət əməlinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən amnistiya aktı əsasında azad edilmiş, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən təyin edilmiş qəti cəza əvvəlki hökm üzrə təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə edilmişdir. Nəticədə təqsirləndirilən şəxs ardıcıl olaraq yeni cinayətlər törətməsinə baxmayaraq, onun üzərində cəzanın təsiri güclənməmiş, əksinə, hər dəfə daha əlverişli hüquqi nəticələr yaranmışdır. Belə yanaşma cəzanın islah etmə, xüsusi xəbərdarlıq və sosial ədalətin bərpası məqsədlərinə uyğun gəlmir. Çünki təqsirləndirilən şəxs əvvəlki məhkumluqdan, ona göstərilən humanist münasibətdən və tətbiq olunmuş güzəştlərdən nəticə çıxarmamış, əksinə, qısa müddət ərzində yenidən eyni kateqoriyalı cinayət törətmişdir. Bundan başqa məhkəmə cəza təyini zamanı CM-in 66.5-ci maddəsinin tətbiqində, müddətlərin və cəzanın hesablanmasında səhvə yol vermişdir. nayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət işinin materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə ## ###### 2026- cı il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi amnistiya qərarı qəbul edilən tarixə, yəni ##.##.2025-ci il tarixə 2 il 6 ay 7 gün təşkil edir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətindən də görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı şəhər Probasiya Idarəsində qeydiyyata alınmış və ##.##.2026-cı il tarixdə idarəsinin qeydiyyatından çıxarılmışdır. (cəzanın çəkilmiş hissəsi 4 ay təşkil edir.) Lakin məhkəmə, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanı (3 il müddətə azadlığın məhdudlaşdırılması) tam və qismən toplamalı olduğu halda, CM-in 66.5-ci maddəsinin tələblərini pozaraq yalnız çəkilmiş cəzanı (4 ay) tam toplamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin hazırki cinayət işi üzrə, eləcə də cinayətlərin məcmusu qaydasında ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Protest müəllifi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəza mübahisələndirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Protest müəllifinin iddiası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olmasını vurğulamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestinin dəlilləri əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən və işin faktiki hallarını nəzərə almayaraq ona törətdiyi əmələ münasibətdə sanksiyada nəzərdə tutulan yüngül cəza növünü təyin etmişdir. Belə ki, cinayət işi materialarından göründüyü kimi Təqsirləndirilən şəxs anoloji cinayət törəməyə görə məhkum edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetamin xeyli miqdarından dəfələrlə artıq olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini səciyyələndirən halları hərtərəfli tədqiq etmədən əvvəlki hökmlə təyin edilmiş cəzalardan yetərincə islah olunmadığını nəzərə almadan Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cəzanın məqsədini təmin edə bilməyən hökmlərin məcmusu qaydasında azadlığın məhdudlaşdırılması növündə yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi hökmündə cinayət və cinayət prosessual qanunvericiliyin normalarını sadalasa da, yuxarıda qeyd edilən halları nəzərə almayıb, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməsini əsaslandırmayaraq yekun qənaətə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza növü ilə sonuncunun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Apellyasiya protestinin digər dəlili ondan ibarət olmuşdur ki, cinayət qanunu düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası bu hissədə də, protesti əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 1 ay 20 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 2 gününə 1 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 il 8 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə ## ###### 2026- cı il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi amnistiya qərarı qəbul edilən tarixə, yəni ##.##.2025-ci il tarixə 2 il 6 ay 7 gün təşkil edir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətindən də görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı şəhər Probasiya Idarəsində qeydiyyata alınmış və ##.##.2026-cı il tarixdə idarəsinin qeydiyyatından çıxarılmışdır. (cəzanın çəkilmiş hissəsi 4 ay təşkil edir.) Lakin məhkəmə, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanı (3 il müddətə azadlığın məhdudlaşdırılması) tam və qismən toplamalı olduğu halda, CM-in 66.5-ci maddəsinin tələblərini pozaraq yalnız çəkilmiş cəzanı (4 ay) tam toplamışdır. Bununla da, məhkəmə tərəfindən cinayət qanununun norması da düzgün tətbiq edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 21-ci bəndinə görə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Plenumun qərarından bəlli olur ki, həbs qətimkan tədbirinin seçilməsi cəza müddətinin axımını dayandırır. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Odur ki, verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini məhkəmə kollegiyası rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq ona 1 (bir) il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi olan 4 ay müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 ay azadlıqdan məhrum etməyə bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla 1 (bir) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi olan 4 ay müddət (Amnistiya aktının tətbiq edilməsi barədə ## ###### 2026- cı il tarixli qərarı nəzərə alınmaqla) Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 ay azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tutulduğu ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan 02 gün müddət və ## #### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 18 gün müddət, 3 ay 22 gün müddət onun üzərində müəyyən edilmiş 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 11 ay 8 gün cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar