Məhkəmə qərarları › İş №1(3-6)-1172/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1172/2026

07.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1172/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə İrzəvan qızının, təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlunun və müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə VəIiyev Fəxrəddin Həsən oğlu (## ##### 1972ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı əvvələr məhkum olunmuş, evli, orta təhsilli işləməyən, Mingəçevir şəhəri, M.Vidadi küçəsi, ev 3, mənzil 54-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3cü maddələrində maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən VəIiyev Fəxrəddin Həsən oğlunun ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, digər şəxslər də məhkum edilmiş, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən VəIiyev Fəxrəddin Həsən oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, tanışları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ##### 2024-cü il tarixdə, saat 13 radələrində, Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən bağ həyətinin giriş qapısının asma qıfılını sındırmaqla həyətə və həyət yanı sahədə yerləşən tikilinin plastik pencərənin kilidini sındıraraq içərisinə, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, həmin tikilidə saxlanılan bağ sahibi İsayev İfrahim Rubik oğluna məxsus dəyəri 300 manat olan bir ədəd ağ rəngli, 12 personluq “Sharp” markalı qabyuyanını, dəyəri 600 manat olan bir ədəd işıq generatorunu,dəyəri 1.200 manat olan bir ədəd işıq transformatorunu,dəyəri 600 manat olan xaricidə istehsal olunmuş,bir ədəd mətbəx kombaynı,dəyəri 450 manat olan bir ədəd “Bosch” markalı böyük həçmli perforatorunu,dəyəri 130 manat olan bir ədəd “Bosch" markalı lobzikini.hər birinin qiyməti 100 manat olan cəmi 1.400 manat dəyərində 14 ədəd Rusiyada istehsal edilmiş, “Kristal” markalı,bir litirlik araqlar şüşələrini və hər birinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərində iki ədəd nərd-taxtalarını-özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs ifrahim İsayevə ümumilikdə 4.780 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlu apellyasiya şikayəti verib cəzasının yüngüləşdirilməsini, yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəzaçəkmə müəssisəsində rejim qaydalarına riayət edir. Əməlindən peşmandır. Gələcəkdə eyni əməllə yol vermiyəcək. Himayəsində yaşlı anası və övladı var, anasının səhəti ağırdır, həkim nəzarətindədir. Özünün səhətində tez-tez ağrılar olur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlu və müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxsin himayəsində Həsən adlı bir azyaşlı övladının olduğunu, lakin cəza təyini zamanı nəzərə alınmadığını bildirərək cəzanın yüngülləşdirilməsini, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını minumum həddə təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Hüseynova-Zeynalova Səkinə İrzəvan qızı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsi mübahisələndirməmiş, ona təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. VəIiyev Fəxrəddin Həsən oğlu ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Fəxrəddin VəIiyevi CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Fəxrəddin VəIiyevin cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Fəxrəddin VəIiyevə təyin edilmiş cəzaya gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini, apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 177.2.1 və 177.2.3cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Fəxrəddin VəIiyevin əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası Fəxrəddin VəIiyevə təyin edilmiş cəzanın növü ilə razılaşır. Bununla belə, müdafiə tərəfi təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olduğunu, cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmadığını bildirmişdir. Cinayət işinin materiallarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin qohumluq məumatlardan məlum olur ki, təqsirləndirilən şəxsin himayəsində ##.##.2014-cü il təvəllüdlü Həsən adlı bir azyaşlı övladı vardır. CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmas cəzanı yüngülləşdirən haldır. Məhkəmə kolegiyası hesab edir ki, qeyd olunan halın diqqətdən kənar saxlanılması cinayət qanununun tələbləri, ədalət və hümanizm prinsipləri baxımından düzgün olmazdı. Məhkəmə kollegiyası Fəxrəddin VəIiyevin şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hal qismində əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Fəxrəddin VəIiyevə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Bununla belə, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının minumum həddə, eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasının təyini edilməsi üçün əsaslar müəyyən edilmir. CPM-in 404-cü maddəsinə əsasən məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü Fəxrəddin VəIiyevə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməli və təyin edilmiş cəza yüngülləşdirilməlidir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Fəxrəddin VəIiyevə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzası 6 (ay) müddətə azaldılmışdır. Bu səbəbdən, qəti cəza sözügedən qərarla azaldılmış 6 (ay) müddət nəzərə alınmaqla müəyyən edilməlidir. Cəzanın yüngülləşdirilməsi təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə təsir göstərmədiyi üçün hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü VəIiyev Fəxrəddin Həsən oğluna təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Hökmlə VəIiyev Fəxrəddin Həsən oğluna təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 9 (doqquz) aya endirilsin. VəIiyev Fəxrəddin Həsən oğlunun ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək tutulduğu cəmi 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunan 2 (iki) il 9 (doqquz) müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə azaldılmış 6 (ay) müddət nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar