Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1173/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs İsmayılov Elçin Orucəli oğlu və onun müdafiəçisi – “Arbitrium” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs İsmayılov Elçin Orucəli oğlunun (bundan sonra – təqsirləndirilən şəxs) verdiyi apellyasiya şikayətinə (ona edilmiş dəyişiklik nəzərə alınmaqla) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim X4) ## ### 1997-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ** saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Umbakı Penitensiar Müəssisəsində həbsdə saxlanılan İsmayılov Elçin Orucəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb, üzərində qəti olaraq 1 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvəyə minənədək dəyişdirilməməsi və narkomaniyadan məcburi müalicənin təyin edilməsi qərara alınmış, həmçinin maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə İsmayılov Elçin Orucəli oğlu (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 9,199 qram olmaqla, xeyli miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, əynindəki gödəkçənin sol yan cibində saxlamış və daşımışdır. Həmin kütlə ## ###### 2026-cı il tarix, saat 12:46-da Amid Babayevin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 saylı ünvanın qarşısında saxlanılıb, orada saat 12:46-da başlanmış fasiləsiz videoçəkilişlə üzərinin yoxlanılması zamanı yuxarıda göstərilən saxladığı yerdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində onun ləğv edilməsini və barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmiş, apellyasiya şikayətinə etdiyi dəyişiklikdə isə barəsində bəraət hökmününün çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini dəqiqləşdirmişdir. Apellyasiya şikayəti və ona edilmiş dəyişikliyin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs ilkin apellyasiya şikayətini yalnız onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə barəsində təyin edilmiş cəza çox sərt və ailəsi üçün dözülməzdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətinə etdiyi dəyişikliyi isə onunla əsaslandırmışdır ki, cinayət işi üzrə təqsirli bilindiyi əməli törətməkdə özünü təqsirli bilmir. Atasını itirməsi və yaşlı anasına yardım göstərməli olmasından ibarət sıxıntılı ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin ona edilmiş dəyişiklik həcmində təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin (edilmiş dəyişiklik nəzərə alınmaqla) təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini verən şəxs onu dəyişdirmək hüququna malik olduğuna, iş üzrə təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində yalnız ona təyin edilmiş cəza ilə razı olmamasını göstərsə də, ona etdiyi dəyişiklikdə barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etməklə, faktiki olaraq Azərbaycan Respublikası CPM-in 390.1ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edib, apellyasiya şikayətinə dəyişiklik etdiyinə görə apellyasiya baxışının hüdudları təqsirləndirilən şəxsin verdiyi ilkin apellyasiya şikayətinin deyil, ona etdiyi dəyişiklik əsasında müəyyən edilməli, bu səbəbdən həmin apellyasiya şikayətinə edilmiş dəyişikliyin (bundan sonra – apellyasiya şikayəti) dəlilləri həddində hüquqi qiymət verilməlidir. Beləliklə, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin sübutları, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlinə münasibətdə təqsirini sübuta yetirməməsi, həmçinin, sonuncuya təyin etdiyi cəzanın ədalət və humanizm prinsiplərinə uyğun olmaması, beləliklə də, Azərbaycan Respublikası CPM-in müvafiq olaraq 399.1.2 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına, təyin etdiyi cəzanın cinayətin ağırlığına uyğun olmaması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən bir ədəd bükümdə aşkar edilmiş, təmiz çəkisi 9,199 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın özünə aid olması birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən,: - təqsirləndirilən şəxsin hər hansı təzyiqə məruz qalmadan, ## ###### 2026-cı il tarixdə üzərinin yoxlanılması zamanı əynindəki gödəkçənin sol yan cibindən çıxardığı bir ədəd bükümdə olmuş qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edib, şifahi qaydada verdiyi izahatında həmin kütləni Bakı şəhərində “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manat məbləğində pula almasını bildirməsi (“Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması barədə” ## ###### 2026-cı il tarixli protokola və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüyə əsasən – İ cild, səh. 9-11), bundan sonra müdafiəçisinin iştirakı ilə müvafiq olaraq 22 və ## ###### 2026-cı il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (İ cild, səh. 54-56, 68-70), eləcə də, birinci instansiya məhkəməsindəki icraat dövründə verdiyi ifadəsində də ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməklə yanaşı, iş üzrə üzərindən aşkar edilmiş qurudulmuş marixuananı Bakı şəhərində “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manat məbləğində pula almasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada qanunsuz təsir edilməməsini bildirməsi, həmçinin, məhkəməyədək icraat dövründə ## ###### 2026-cı il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyi halda, həmin izahat və ifadələrinin məzmununu mübahisələndirməməsi, - onun saxlanılması və üzərinin yoxlanılmasında iştirak etmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları şahid3, şahid2 və İsmayılov Etibar Zahir oğlunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri, - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2026-cı il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü (İ cild, səh. 23-25), - materialların məhkəmə ekspertizasının ## ###### 2026-cı il tarixli, **/*** nömrəli rəyi (İ cild, səh. 43, 44), - məhkəmə-narkoloji ekspertizasının ## ##### 2026-cı il tarixli, **** nömrəli rəyi (İ cild, səh. 136, 137) (məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), - iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın qalığı ilə tam sübuta yetirilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsi təqsirli bildiyi əməl üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitədir, onun xeyli miqdarının aşağı həddi 5 qramdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. - 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - 234.1-ci maddəsinin sanksiyasında müvafiq əməlin bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin əməlində birinci instansiya məhkəməsinin hökmündə şərh edilmiş məzmunda cinayətlərin sadə residivi mövcud olduğuna görə Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbinə əsasən onun barəsində həmin Məcəllənin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası sanksiyasında son həddi kimi müəyyən edilmiş 3 ilin yarısını təşkil edən 1 il 6 aydan az müddətə təyin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun şəxsiyyəti, hazırki iş üzrə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təqsirli bilinib, barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin də xarakteri, ağırlığı və nəticəsini, həmin hökmlə qəti olaraq təyin edilmiş əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan halları, iş üzrə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əməlində cinayətlərin residivindən ibarət cəzanı ağırlaşdıran halın olmasını və cəzasını yüngülləşdirən halın olmamasını nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün ona təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını qanunun yol verdiyi ən aşağı həddə yaxın müddətə təyin etməklə, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyası həm yuxarıdakı sonuncu abzasda göstərilənlərə, həm də təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasın mövcud olmamasına görə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində təyin etdiyi cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və ya həddinə münasibətdə yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarının 1-ci bəndinə əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi, ağlabatan qaydada müəyyən edilmiş cəmi 15 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 165 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs İsmayılov Elçin Orucəli oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs İsmayılov Elçin Orucəli oğluna göstərdiyi hüquqi yardıma görə 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1173/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1173/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver