Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1189/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə İrzəvan qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs (## ###### 1990-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, satıcı işləyən, Tərtər rayonu, Səhləbad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə vəzifələr qoyulmuş, məhkəmə məsrəfi və qətimkan tədbiri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, ## ###### 2026-cı il tarixdə, saat 11:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69A ünvanında yerləşən köşkün arxa tərəfində, Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı mənzil istismar sahəsində xadiməçi işləyən Zərərçəkmiş şəxs onun barəsində qanunsuz elektrik enerjisindən istifadə etməsi ilə əlaqədar aidiyyəti dövlət qurumuna şikayət etməsini bəhanə edərək, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamış və ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ictimai qaydaya etinasızlıq ifadə edib yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurub ona burun nahiyəsinin qançırşişkinliyi, uc hissəsinin yarası kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirərək xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Daha sonra o, apellyasiya şikayətini dəqiqləşdirərək hökmün dəyişdirilməsini, cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Hökmdən, zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, törətdiyi əmələ görə səmimi peşmandır. Hadisədən dərhal sonra zərərçəkmişlə barışmış və bu barışıq notariat qaydasında təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və şahid onun qəsdən xəsarət yetirmədiyini bildirmişlər. O, ilk dəfə məhkum olunur. Törətdiyi əməli təkrar etməyəcəyinə söz verir və gələcəkdə qanunlara hörmətlə yanaşacağına əminlik ifadə edir. Həmçinin, nəzərinizə çatdırmaq istəyir ki, barəsində elektron nəzarət vasitəsinin tətbiq edilməsi iş fəaliyyətinə ciddi mənfi təsir göstərə bilər. Onun iş rejimi 24 saatlıq növbələr əsasında qurulub. Belə bir nəzarət tədbiri işləməyinə, dolanışığını təmin etməyinə və gəlir əldə etməyinə əhəmiyyətli dərəcədə mane ola bilər. Bu isə onun və ailəsiin maddi vəziyyətinə mənfi təsir göstərəcək. Bütün bunları nəzərə alaraq törətdiyi əmələ görə səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmağını, ilk dəfə məhkum olunmağını və elektron nəzarət qolbağının onun əmək fəaliyyətinə mənfi təsir göstərəcəyini nəzərə alıb barəsində mümkün olan daha yüngül qərarın qəbul edilməsini, cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, hökmün dəyişdirilməsini, cərimə cəzasının təyin edilməsini xahiş etdilər. Məhkəmənin ilkin baxış iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır Apellyasiya şikayətində təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmamasını mübahisələndirməmişdir. O, təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəmiş şəxsin və şahidin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirli bilmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 221.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia etmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 221.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan şikayət və tələbinin olmamasını, əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını cəzanı yüngülləşdirən hallar kimi, ağırlaşdıran halların olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 221.1-ci maddəsi ilə sanksiya daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni onun şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, cəzanın ailəsinin həyat şəraitinə təsirini və diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamış, törətdiyi əməlini etiraf etmiş, səmimi peşmanlıq keçirmişdir. Təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas olmuşdur. Həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, onunla barışıq əldə edilmiş, bununla bağlı məhkəməyə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməmiş, cərimə cəzası təyin ediləcəyi təqdirdə nəyə görə cəzanın məqsədlərinin təmin edilməməsini əsaslandırmamışdır. Digər tərəfdən, yuxarıda sadalanan normalardan görünür ki, cəza təyin edilərkən digər hallarla yanaşı cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməli, cəza təyin edilərkən onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs satıcıdır, növbəli iş rejimi ilə çalışır. Bu səbəbdən ona təyin edilmiş cəzanın və üzərinə qoyulmuş vəzifələrin işləməyinə və gəlir əldə etməyinə mənfi təsiri gözləniləndir. Məhkəmə kollegiyası, işin hallarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almaqla ona daha yüngül cəza – cərimə cəzasının təyin edilməsi məsələsini müzakirə etmiş, daha ağır cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını, törətdiyi əməlini etiraf etməklə səmimi peşman olmasını, vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını, o cümlədən, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, cəzanın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edərək onun cərimə cəzası ilə islah olunmasını mümkün hesab edir. CPM-in 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməklə təyin edilmiş cəza yüngülləşdirilməli, CM-in 69.4-cü maddəsinin tələbləri nəzərə alınmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.5 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 1300 (bir min üç yüz) manat cərimə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs VəIiyev Fəxrəddin Həsən oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1189/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1189/2026
07.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver